"BeynəlXART qadınlar günü"
Bizi izləyin

Yazarlar

"BeynəlXART qadınlar günü"

Gəncliyi Sovet hökümətinin quruculuq illərində keçmişdi.

Savada, yazıya, kitaba meylli qadın idi.

Qəzetləri höccələyib oxuyur, gözlərinin yaxşı gördüyü vaxtlarda “əsgəri” kitabını hananın taxtasına söykəyib çıraq işığında oxumasından danışırdı. Dastanları əzbər bilirdi. Onun həmyaşlarından fərqi bu idi.

Həm də insanları sevməyi vardı. Adamları sevinclə, göz yaşlarıyla yada salırdı. “Kövrəkdi, qocalıqdandı”- deyirdik. Amma elə o qədər də zəhmli, ötkəm, soyuqqanlı və özgür ola bilirdi.

Bir dəfə ayın tarixini xəbər aldı. “8 martdı, təbrik edirəm” dedim. Kövrəldi. Mən də sən deyən keyfiyyətli nəvə deyildim, diqqətsizdim bəlkə ona qarşı, indiki kimi anlayışım da yox idi. Nə bilim. Elə bildim öz həyatına, təbrik sözünə kövrəlir.

Kipriklərini sıxıb “Allah sənə rəhmət eləsin, ay Humayın arvad, qulağın torpağunda olsun”- deyəndə diksindim. “Bir dəfə, biz hektarda işləyirdik onda… Axşamlar da qursa yazılmışıq. Kimdi e, bizi qursa buraxan. Hükümət də zornan oxudur qadınnarı. Dedilər, rayondan adam gələcək sabah, səkkiz martdı qadınlar günüdü. Gərək hazırlaşasız.
Bizə də eləcə bu kəlməni əzbərlədirlər- “8 Mart beynəlxalq qadınlar günü”. Bu Humayun arvad hər soruşanda deyir: “8 mart Beynəlxart qadınlar günü”… Bir kərə düz deyə bilmədi rəhmətliy bir sözü…”

…Səsvermə günü idi, seçki idi. Dəqiq xatırlamıram hansı. Kluba yol alan qadınlar bir-birindən kimə səs verəcəklərini soruşur, çox vaxt da eyni cavabları alırdılar. “Filankəsə səs verəcəm. Niyaz dedi ki, ona səs ver”. Nənə qoca idi. Amma səs haqqı vardı. Qutunu evə gətirməliydilər. Biz seçki nümayəndəsilə birgə kağız-kuğazı qabağına töküb, bildiyimiz namizədlərin adını göstərirdik. «Bax bunu qarala, deyəndə, “Əlüvi Geri çək” deyə qarı kağızı kiçilib sulanan gözünün qabağına tutdu. “Özüm bilərəm”-dedi.

Hamını sözlə itələyib, kağızlarla təkbətək qaldı. Bu tanımadığı namizədlərlə, əlindəki kağızlarla, səsi ilə nə edəcəkdi ki.. Kağızı açıb bağlayıb mənə verdi: “Səsimi nəvəmə verirəm. Sən seç.” Nənəmə bəyəndiyim namizədi təriflədim. O da qol çəkdi…


Haqq və qiymət

Bir çiçək, bir ətir, hədiyyə, bir xoş söz kişilər tərəfindən qiymətləndirilmədir, dəyərli, sevilən varlıq olduğunu bilməyin romantikasını yaşadır. Gözəldir, əlbəttə. Hərçənd, 8 Mart tarixini təqvimə qırmızı rənglə salanlar qiymətləndirilmə-zad düşünmürdülər təbii, öz haqqlarını tələb etmişdilər. Qiymət, dəyər bir şeydir, haqq bir başqa şey… Elə ona görə də dostlarımdan birinin FB statusunu yarıciddi qəbul edin: “qadın həmişə haqlıdır, ən çox da haqlı olmayanda haqlıdır”…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm