Nifrət elədiyim üç Jülyen…
Bizi izləyin

Yazarlar

Nifrət elədiyim üç Jülyen…

Adımız nə qədər kosmopolitə, qeyri-milliyə, nə bilim, daha nələrə çıxsa da, mətbəx məsələsində mən bir xeyli milliyəm. Bəlkə bir az da ifrat proletarlığın əlamətidir ki, insanların dükandan smetan, kəsmik, krem-şanti, sufle, marmelad və s. kimi ilkin mahiyyətindən xeyli uzaqlaşmış məmulatları almasını hələ də başa düşə bilmirəm. Mənə elə gəlir ki, insanların da burjuası-fəhləsi, sadəsi-qlamuru, ağası-nökəri olduğu kimi, mətbəxdə, kulinariyada da belə sinfi ayrı-seçkilik var. Məsələn, şor kulinariyanın ayağı patavalı kəndçisi, kəsmik isə döşüsilikonlu müğənnisidir.

Mənim qəribə, nazlı-duzlu adları olan əcnəbi yeməklərdən də zəhləm gedir. Məncə, yeməyin adı hansısa heyvanla bilavasitə bağlı olmalıdır. Məsələn, dana basdırması, qaban kababı, toyuq çıcırtması, qaşqaldaq ləvəngisi və s. Ya da yeməyin mahiyyətini qısaca izah edən bir ad olmalıdır: kələm dolması, səbziqovurma, kartof qızartması. Belə adları eşidəndə bilirsən ki, yaxın perspektivdə səni nə gözləyir.

Yoxsa, bəzi mədəni xalqlar öz yeməklərinə ad qondarır. Adətən, o adların da yeməyin mahiyyətinə, tərkibinə, hazırlanma şəklinə heç bir dəxli olmur. Məsələn, mən nə bilim ki, menyuda adı “Musamma” kimi qeyd olunmuş yeməyin dərdi, suludu, qurudu, ət yeməyidi, qurbağa tabakasıdı, yoxsa nə zəhrimardı?

Bunları niyə yazıram? Şəhərə gələndən bəri ən müxtəlif dostlarım mənə “Jülyen” yeməyi təklif eləyirlər. Hətta bəziləri bu kişi adlı yeməyi yeməyim üçün israr da eləyir. Mənimsə bununla bağlı xüsusi dərdim var…

Jülyen adı gələndə ağlıma mütləq oğraş, pulgir, xəyanətkar, arvad hesabına fırlanan, başqasının arvadına göz dikən, arvadının “padruqa”sından “kəsən”, arvadını başqasına satan, murdar bir kişi gəlir. Assosiasiya elə-belə deyil haaaa, mən gözümü açıb fransız ədəbiyyatı oxuynadan bəri bütün romanlarda Jülyen adlı oğlanlar adətən yuxarıda sadaladığım keyfiyyətlərə sahib olur.

Məsələn, Balzakın “Parıltılı və səfil kurtizankalar” romanında Jülyen adlı oğlan katorqadan qaçmış qoca fırıldaqçının hesabına avara-avara gəzir, sonra onu dəlicəsinə sevən Ester adlı qızı bir barona satır. Axırda qız dözməyib özünü asır. Gül kimi qız dərisi beş qəpiyə dəyməyən o gədənin güdazına gedir.

Mopassanın “Həyat” romanında Jülyen adlı şərəfsizin biri varlı ailənin Janna adlı qızını alır və qayınata hesabına kef eləyir. Bir müddətdən sonra məlum olur ki, oğlan təkcə arvadı ilə deyil, onun uşaqlıq rəfiqəsi, fağır və başıaşağı qız olan qulluqçu Roza ilə də yatır. Roza ondan hətta uşaq da doğur. Janna Jülyeni bağışlayır, amma o əclaf bir müddətdən sonra özünə başqa bir zənən tapır və elə o qadınla bir yerdə bədbəxt hadisənin qurbanı olur - ölüb, cəhənnəmə vasil olur. Amma Jülyenin özündən sonra qalan oğlu da atasından beşbetər əclaf çıxır və anasının bütün varidatını havaya sovurur.
Stendalın “Qara və qırmızı” romanının qəhrəmanı Jülyen də ikiüzlünün, saxtakarın, yekəxananın, şərəfsizin biri olur. Bir ailəyə uşaqların mürəbbsi (kişi dayə) düzələn oğlan ona çörək verən adamın arvadını yoldan çıxarır və yazıq qadına itin əzabını verir. Özü də oğlan rahibliklə hərbçilik arasında girinc qalır ki, bunun hansı daha çox pul və nüfuz gətirə bilər: hakimiyyət yoxsa din?

Bütün bu sadaladıqlarımdan sonra bu qərara gəldim ki, adlarından və hazırlanmasından, tərkibindən asılı olaraq, yeməklərin də xasiyyəti var. Məsələn, ağappaq, üstü qaralı aş yeməklərin ağayanası, dolma yeməklərin saxtakarı (üzü bir şey, içi başqa şey olduğuna görə), kartof soyutması yeməklərin şairi, (kasıb və hər şeyə faydalı) salatlar isə yeməklərin boşbocazıdır.

“Jylyen”in tərkibini, hazırlanmasını hələ də bilmirəm, amma mən qəti əminəm ki, o da yeməklərin əclafıdır…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm