Qədirlə getdiyimiz yol
Bizi izləyin

Yazarlar

Qədirlə getdiyimiz yol

Bu gün Azərbaycan jurnalistikasının “fil”ləri sayılan Zamin Hacı, Azər Qaraçənli, Lalə Cəfərova, Afaq Əfəndiyeva, Şahnaz Bəylərqızı və Mahir Mehdi ilə “qəzet içində bir qəzet” qurmuşduq.

Özüm “Çay süfrəsi” rubrikasını aparırdım. Həmsöhbətlərim adətən ölkənin sayılıb-seçilən musiqiçiləri, aktyorları, kino xadimləri, həkimləri, elm adamları olurdu - Rasim Balayev, Akif İslamzadə, Məmməd Araz, Kamil Cəlilov, Paşa Qəlbinur, Alim Qasımov və s. Rubrikanın konkret öz oxucuları formalaşmışdı və hər yazidan sonra mütləq zəng vurub münasibətlərini bildirir, təkliflərini verirdilər.

... Qədir Rüstəmovu axtarırdım. Elə güman eləyirdim ki, onunla görüşümüz baş tutsa, bütün yaralarım sağalacaq. Musiqini, muğamı az-çox duyandan Qədirin heyranı olmuşdum. Onun ecazkar, adamın ən xırda, toxunulmaz hüceyrələrinə qədər gedib çatan, sığal çəkən, məlhəm qoyan SƏSinin dəlisi idim. Allaha acıq getməsin-mənə elə gəlirdi ki, O, Qədiri yer üzünə yalnız məni oxumaq, daim sizlayan, nigaran ruhumu yerbəyer eləmək üçün göndərib. Qədirin ilahi səsinə sevgim, rəğbətim o qədər böyük idi ki, təsadüfən görüşsəydik və təsadüfən ona ürəyim lazım olsaydı, “uf” demədən çıxarıb ayaqlarının altına atardım.

... Ağdamlı “böyük qardaşım” Adil Məmmədov Ələtdə yaşayır. Indi olmasın, Qədirlə istiqanlı münasibətlərinin əvəzi, qiyməti yox idi. Ona görə tapşırmışdı ki, haçansa Qədirin Bakıda olduğunu eşitsən, heç nə demə, dərhal mənə zəng vur, sizi özüm görüşdürəcəm.

... Xəbər gəldi ki, Qədir Bakıdadı. Adilin nömrəsini yığıb xəbəri çatdırdım. Dedi otağından heç yana çıxma, mən onunla danışıb nəticəsini sənə deyəcəm. Aradan təxminən iki saat keçəndən sonra zəng vurdu ki, Qədir səni “Spartak” stadionunun yanında gözləyir – filan nömrəli yaşıl “06”da. Oturub gəlin Ələtə, amma maşında yazı söhbəti olmasın, yoxsa yarı yoldan qayıdar. Gələrsiz o söhbəti burda sahmana salarıq.

... Qadasını aldığım Qulu Ağsəsə zəng elədim ki, hazırlaş, Ələtə yeyib-içməyə gedirik. Əslində Qulu mənə “ildırımötürən” kimi lazım idi. Fikirləşdim ki, ikisi də ağdamlıdı, yəqin bir-birinin “dilini” daha yaxşı anlayarlar. Necə olmasa, şamaxılı kimi mən “yad oğlu” idim axı...

... Qədir qabaqda əyləşmişdi. Heç düşüb bizimlə salamlaşmadı da. Sükan arxasındakı bazburutlu kişi də bizi laqeyd qarşıladı, yəni ya bizə gəl, ya düzə... Keçib arxada əyləşdik. Yetmiş kilometrlik yol boyu Qədir danışdıqca, hansısa məsələyə münasibət bildirdikcə hiss eləyirdim ki, içim qırılır, çilik-çilik olub tökülür.

Çaşıb qalmışdım: “Sona bülbüllər”i oxuyan Qədir hara, bu cür yersiz, etik çərçivədən xeyli kənara çıxan Qədir hara?! Arada bizdən soruşdu ki, kimsiz, nəçisiz, nə iş görürsüz? Qayıtdım ki, jurnalistik – Qulu “Avropa”da, mən isə “Azadlıq”da işləyirik. Sükan tutan “sənətkar” “Azadlıq” adını eşitcək arxaya boylanıb məni uzun-uzadı, mənalı-mənalı süzdü. Sonra isə az qala Qədirə təpindi:

- Həə... Mən indi başa düşdüm, Qədir. Bunlar səndən yazmaq istəyirlər. Adil, Adilin açdığı süfrə də bəhanədi. “Avropa”nı bilmirəm, ancaq “Azadlıq” düşmən qəzetidi. Ona görə bunların yanında hər sözü danışma, ağzını təmiz saxla. Ağsaqqal (rəhmətlik Heydər Əliyevi nəzərdə tuturdu – Z.Ə) sənə “Şöhrət” ordenini təzəcə verib. Birdən qulağına çatar, yaxşı düşməz. Eşitdin?

Qədir bir az götür-qoy eləyəndən sonra qayıtdı ki, elə söhbət yoxdu, yazı yazacaqlarsa, maşını geri döndər.

İşimiz şuluq idi. Yalandan and-aman elədik ki, ay Qədir, tooba, elə fikrimiz yoxdu, sadəcə, Adil müəllim bizi də qonaq çağırıb.

... “06” Adilgilin darvazası ağzında dayananda üçümüz də maşından düşdük – Qədirdən başqa. Ev sahibi nə illah elədisə, “Sona bülbüllər”in yiyəsi maşının qapısını açmadı. Şüşəni aşağı salıb Adildən soruşdu:

- Evdə “Quran”ın var?

- Hə, noolub ki?

- Onu gətir, əl bassınlar ki, yazı yazmayacaqlar.

Vəziyyət “rusca” idi. Güvəndiyimiz Adilin düşdüyü halı seyr eləmək isə daha bizlik deyildi. Çıxış yolu tapmaq lazım idi. Qabağa keçib dedim ki, Qədir, and olsun bizi Yaradana, yazı söhbətinin üstündən xətt çəkmişik. Düş aşağı. Handan-hana Qədir qapını açdı.

... Adilin süfrəsi bütün təmtərağı ilə ortadaydı – bircə quş südü çatmırdı. Kaş siz süfrə başına yığılan torpaq, yurd nisgilli o adamları görəydiz. Qədirlə təmasdan, müxtəlif çalarlı söhbətlərdən sonra sanki üzlərinə gün doğmuşdu. Məclisin qəhrəmanı isə təbii ki, Qədir idi. Mən o görüşdə həm də sənətkarın hafizəsinə, yaddaşına heyran qaldım. Qədir qonaqlarla birgə iki-üç saat ərzində Ağdamı evbəev, tinbətin, küçəbəküçə gəzdi, yaraları təzədən qövr elədi...

... Geri qayıdanda turş alça yemişlər kimi sifətim qırışmışdı, qaşqabağım yerlə gedirdi - əlhəmim zay olmuş, yazı alınmamışdı.

... Azneftdə maşından düşəndə Qədir, yalnız Qədir Rüstəmova məxsus tərzdə dediklərini bir də təkrarladı:

- Məndən yazı olmasın haa... Seyid Lazım ağanın cəddi haqqı ikinizi də məhkəməyə verərəm...

Dənizkənarı bulvarla iş yerinə piyada gəldik. Ayrılanda Qulu dedi ki, Qədir məni güllələttsə də, bu təəssüratı yazacam. Və üç həftə sonra Qulunun əcilafcasına yazdığı bal kimi şirin Qədirli təəssüratı “Avropa”da bütöv bir səhifə getdi.

Üstündən neçə illər keçib. Qədir indi haqq dünyasındadı. Amma yenə həmin fikrimdə qalıram ki, o ilahi, bənzərsiz səsin, ilanı yuvasından çıxaran nalənin, hıçqırtının yiyəsi yalnız məni – qanadı sınmış quşu oxuyur.

Ruhu şad olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm