• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mən dəli olmuşam

  • Yazarlar
  • 16 İyun 2012 14:51
  • 253 Baxış
Mən dəli olmuşam

Yazılarımda nəzarətdən kənarda qalmış kəndlərimizdən, kənd camaatının həyatından, məişətindən yazmağa həmişə can atmışam.

Əlbəttə, Azərbaycan kəndinin problemləri bir yazının baqajına sığa bilməz, gərək belə yazıların kabinasının üstünə əlavə bir baqaj da qoyasan. Yox, yenə sığan deyil! Belə baqajlı yazının arxasına da “prisep” qoşsan, bəlkə bircə kəndin problemini yerləşdirə biləsən.

Belə kəndlərdə xüsusilə gənclərin vəziyyəti dözülməz olur. Yazıqlar səhər-səhər evdə tapdıqlarından yeyib təlim dovşanları kimi uçuq-sökük çayxanaya gəlir, domino oynayır, mübahisə eləyir, zəhərli araqdan içib evə qayıdırlar. Evdəkilərlə ziddiyyət yaradıb yenə çayxanaya qayıdırlar. Onlar üçün getməyə ayrı yerlər mövcud deyil.

Bir əyləncə klubu, kinoteatr, idman zalı... yoxdu ki, bu bədbəxt gedib başını qatsın. Adətən, gənclər romantik görünən şeylərə daha çox meyl edirlər.

Mən öz kəndimizdə olanda eşitdim ki, qonşu kənddə bir çayxana açılıb, orada sulu qəlyan verilir. Günlərin təkrarından və həyatın bozluğundan bezən gənclər xəbəri eşidən kimi gecələr ora axın elədilər. Pulu hardan alırlar? Məsələn, bu dəfə eşitdim ki, atası Rusiyada xırda kommersiya ilə məşğul olan kəndimizin bir gənci tay-tuşlarını öz maşınına yığıb sulu qəlyan çəkməyə aparıb.

Darıxırlar, hərəsinin bir dürlü problemi var. Anormal cəmiyyətdə yaşadıqlarına görə məcburən həyatlarını da anormal yaşamalı olurlar. Hər açılan səhəri, hər uzanan günü, hər qaralan axşamı başlarından eləyib vaxt ötürürlər. Günlər bulanıq su kimi onların üstünə gəldikcə boğulmamaq üçün axını birtəhər özlərindən rədd eləyirlər.

Hamısı yuxusuzluqdan danışır, “gecələr yata bilmirəm”, deyirlər. Gündüzlər də, gecələr də, cəmiyyət də, görünməz axmaq qüvvələr tərəfindən yaranmış yersiz qayda-qanunlar, adət-ənənə adına sırınmış dəbdəbələr də onları sıxmaqla məşğuldu. Sulu qəlyan olmur, lap elə quru qəlyan olsun, neçə ki, belə cəmiyyət formalaşıb, xilas yeri yoxdu.

Bundan ötəri məntiqli, millətsevər, vətənsevər insanların yeni kənd proqramları, şəhər proqramları işlənməlidi. İnsanlar öz vətəninə cənnət kimi baxmalıdı. İndi əksinədi, şəxsən mən, vətəndə deyil, cəhənnəmdə yaşadığımı dəqiq bilirəm.

Gənclərin baş qatıb vaxt keçirmək üsullarından birini açıb demək istəyirəm. Sözsüz, belə bir dözülməz həyatın sahibi olmaq insana, xüsusən də, gəncə böyük işgəncədi. Bəs neyləməli, özünü necə keyitməli, heç olmasa bir neçə saatlığına özündən necə bixəbər olmalı, ağlı, huşu başdan necə çıxarmalı?

Artıq araq o qədər də maraqlı deyil. Arağı, şərabı normal bir şəraitdə, tutaq ki, restoranda sevdiyi xanımla, yaxud xoş bir şəhərdə öz dostuyla içmədiyinə görə içki onlar üçün o qədər də maraqlı deyil. Bəs nə etməli? Demək, bir az da irəli getmək lazımdı - narkotika!

Əlbəttə, burda kokaindən, heroindən söhbət gedə bilməz, bu, pullu adamların işidi. Allah nəşə satanların da insafını kəssin, baş dumanlandırmaq üçün bir kibrit qutusu nəşəni 60-80 manata verirlər. Yazıq gənc bunu da davamlı ala bilmədiyinə görə kustar üsullu taksomaniyaya keçir.

Demək, çöllərdə yabanı bitən çətənə kolunun (nəşə kolu) budaqlarını qaynadandan sonra suyu süzüb duruldurlar. Alınan məhlul zəhər kimi acı olduğundan ona qatılaşdırılmış banka südü (“squşonka”) qatırlar ki, içilməsi mümkün olsun. Kəşf olunmuş bu məhluldan 25-30 qram içən bir gənc səhərdən axşamacan “kayfda” gəzir.

Bu “kayf altında” sən heç nə dərk eləmirsən, danışılanları başa düşmürsən, yaxud hər şeyi tərs başa düşürsən, heç nə vecinə olmur, ayağın sanki yerə dəymir, ruhun səni yuxarı dartır, göydə gəzirsən. Gözlərin qarşısında insanların görkəmi dəyişir, hərə öz daxili aləminə uyğun sifətə düşür.

Yəni dəyişmiş beynin səni əmin edir ki, gördüklərinin və eşitdiklərinin hamısı səhih və doğrudu. Onda sən dostunu düşmən, düşmənini dost kimi də görə bilərsən. Sənə tamaşa edən ayıq adamların gözündə artıq zır dəliyə çevrilirsən. İndiki gəncə də elə bu lazımdı, “mənimlə işiniz olmasın, mən dəliyəm!”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR