• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı yazıçı ölkəni niyə tərk etdi?

  • Yazarlar
  • 7 İyun 2012 16:36
  • 254 Baxış
Azərbaycanlı yazıçı ölkəni niyə tərk etdi?

Yazıçı, Azad Yazarlar Ocağının üzvü Əli Əkbər öz şəxsi facebook səhifəsində oxucularına və dostlarına mühacirətə getməsi ilə bağlı açıqlama verib:

“Əziz dostlar, 2009-cu ildən bəri hər dəfə, yəni 4 il boyunca müxtəlif bəhanələrlə ertələdiyim, lakin bu yaxınlarda qəbul etdiyim bir təklif haqqında əhalini məlumatlandırmaq istəyirəm. Bir yazıçı kimi peşəkarlığımı artırmaq, yeni əsərlər yazmaq, dil öyrənmək, ümumiyyətlə isə bir müddət dincəlmək üçün Avropanın bir sıra yaradıcılıq akademiyalarında təhsil almaq, master klasslarda iştirak etmək qərarına gəlmişəm. Almaniya, İsveç, İsveçrə, Fransa kimi ölkələrdə yaşayıb, oxuyacağam. Bir-iki romanımı bu ölkələrdə qələmə alacağam. Hollandiyada gələn həftə (holland dilində) işıq üzü görəcək olan "Artuş və Zaur" romanının təqdimatında da iştirak etməyi planlaşdırıram. Yeri gəlmişkən "Sarı gəlin" romanının Avropa dillərinə tərcüməsi, nəşri və növbəti romanların hüquqularının Avropa nəşriyyatlarına satılması kimi işlər də görüləcək. Sadaladığım səbəblər üzündən bir müddət sizlərdən ayrı qalacağam. Dostlarım üçün çox darıxacağam. Mənim üçün darıxacaq olanlara isə demək isrəyirəm ki, illər sonrasını düşünün. Buralarda çürüməyəcək qədər önəmli və dəyərli olduğuma inanıram. Siz də inanırsınızsa, məni başa düşərsiniz. Hamınıza xoş günlər, aylar, illər arzulayıram. Bağrıma basıram.

Öpürəm”.

Əli Əkbərin açıqlamasına müxtəlif formalarda münasibət bildirənlər olsa da, biz daha çox qələm adamlarının məsələyə münasibətini öyrənmək qərarına gəldik. Məsələnin aktuallığını nəzərə alaraq yazıçının yaxın dostları və qələm adamları ilə əlaqə saxlayıb, münasibət öyrəndik.

AYO sədri, şair Aqşin Yenisey Əli Əkbərin mühacirətə getməsinə inanmadığını deyir:

“Hərdən bizim gənc dostlarımızla belə zarafatımız olur. Amma Əli Əkbər İrandan başqa hara gedibsə, onu dəstəkləyirəm. Yəqin ki, ölkədən getmək üçün onun özünəməxsus səbəbləri var. Əli Əkbərə qarşı hansısa basqının və ya hədə-qorxunun olduğunu eşitməmişəm. Bizim hamımıza cəmiyyətin və dövlətin münasibəti necədirsə, Əli Əkbər də eyni münasibəti görüb. Yalnız bir neçə il əvvəl mətbuata açıqlama verib, “Artuş və Zaur” romanının çapına qadağa qoyulduğunu, kitab mağazalarından yığışdırıldığını demişdi. Amma ona qarşı hansı fiziki təzyiq, hədə-qorxu olmayıb. Mərhum Rafiq Tağıya ölüm hökmü çıxarmışdılar, ancaq Əli Əkbərə heç kəs bu cür təzyiq etməyib. Görünür, Əli Əkbərin başqa düşüncələri, şəxsi planları var. Həm də, ona məişət müstəvisində hansı təzyiqlərin olduğunu da bilmirik. Ola bilsin, hansısa şəxsi problemlərindən qaynaqlana bilər. Bu addımda siyasi motivin olması inandırıcı deyil. Çünki Əli Əkbərin siyasətçi kimi adının hallandırılması mənə gülməli görünüb həmişə. O yazıçıdır, siyasətçi yox. Ola bilsin ki, onun “Müsavat” başqanı İsa Qəmbərə simpatiyası olduğu üçün Müsavat Partiyasını seçib. Ancaq yenə deyirəm ki, Əli Əkbər siyasi fəaliyyətlə məşğul olmurdu. İstənilən halda onun mühacirətə getməsi bizi narahat etməlidir”.

“Azadlıq” qəzetinin köşə yazarı, yazıçı Pərviz Cəbrayıl hesab edir ki, mühacirətə getmək üçün siyasi səbəblər olmalıdır:

“Əli Əkbərin gedişi daha çox “yaradıcı ezamiyyət” hesab oluna bilər. Mən düşünürəm ki, o açıqlama verdiyi kimi oxumağa gedib. Çünki ona heç bir siyasi basqı və təhdid yox idi. Əli Əkbərin “Müsavat” üzvü olmasının məsələyə heç bir dəxli yoxdur. Siyasi səbəbi olsaydı, mühacirətə “Müsavat” başqanı İsa Qəmbər və ya digər partiya funksionerləri gedərdi. Ola bilsin ki, Əli Əkbər xalqdan mühacirət edib. Çünki, xalq haqqında yazdığı açıqlamalardan bu ovqat hiss olunur. Digər tərəfdən əksər yazıçılarımız kimi Əli Əkbər də ədəbiyyatdan pul qazanmırdı. Ola bilsin ki, maddi vəziyyətin ağırlığına görə ölkəni tərk edib”.

Pərviz Cəbrayıl özünün mühacirətə gedib-getməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Mən yalnız bir halda mühacirətə gedə bilərəm. Azərbaycanda teokratik hakimiyyət qurulsa, o zaman ölkəni tərk edib gedərəm. Hazırki şərtlər altında nə qədər çətin olsa da, ölkədən getmərəm.”

Əli Əkbərin mühacirətə getməsinə münasibət bildirən yazıçı Seymur Baycan dostunun mühacirətə getməsinə sevinənləri başa düşmədiyini bildirib:

“İki gündür ki, mətbuatda və sosial şəbəkələrdə Əli Əkbərin mühacirətə getməsinə sevinənlərin yazdıqları fikirlər məni dəhşətə gətirir. Bəziləri sevincini o qədər çılpaq şəkildə biruzə verir ki, bu cür münasibətə heyrətlənməyə bilmirəm. Bəziləri sosial şəbəkələrdə yazır ki, “Əli Əkbər, getmisən arxanca qara daş”, “Bileti birtərəfli al”, “Çalış qayıtma”, “Yaxşı ki getdin” və s. Bütün bu münasibətlərdən aydın olur ki, Əli Əkbər yazıları ilə, düşüncə tərzi ilə bu insanlara od qoyub. Bir yazıçının ölkədən getməsinə sevinən insanları başa düşməkdə çətinlik çəkirəm. İllər sonra bu dövrün ədəbiyyatını dəyərləndirmək lazım gələndə bu gediş təəssüf doğuracaq. Hamı üçün maraqlı olacaq ki, bu ölkədə yazara münasibət necə olub. Hər halda Əli Əkbər kimi dəyərli qələm adamının ölkədən getməsi təəssüf doğurur”.

Bu gedişin siyasi addım olub-olmamasına gəlincə Seymur Baycan bildirdi ki, Əli Əkbərin gedişi gözlənilməz olsa da, burda siyasi motiv olub-olmamasını dəqiq deyə bilməyəcək:

“Ancaq ilk mərhələdə Əli Əkbər Avropada 6 aylıq təhsil alacağını bildirib. Yəqin ki, bir müddət sonra Əli Əkbər özü bu barədə daha geniş açıqlama verib, səbəbləri də açıqlayacaq”.

“Sizin də ölkədən getmək məsələniz gündəmdədirmi” - sualına isə Seymur gülə-gülə cavab verdi:

“Son vaxtlar bu sualı mənə tez-tez verirlər. Ancaq mənim ölkədən getmək fikrim yoxdur. Özümü burda yaxşı hiss edirəm, formadayam. Yaradıcılığımı davam etdirirəm. Qoy oxucular da bu məsələdən narahat olmasın. Seymur Baycan heç yana getməyəcək”.

Cəlil Cavanşir

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR