Yazıçı Rəsul Quliyev: “Uğursuzluğumu başa düşüb qəbul edirəm...“
Bizi izləyin

Yazarlar

Yazıçı Rəsul Quliyev: “Uğursuzluğumu başa düşüb qəbul edirəm...“

- Rəsul bəy, ədəbiyyata sizi hansı qüvvə gətirdi? Söhbət "Axına qarşı" adlı roman yazmağınızdan gedir. Necə oldu ki, Rəsul Quliyev Rəsul Bayrama çevrildi?

- Bu, tamamilə təbii bir prosesdir. Mən bildiyiniz kimi Rəsul Bayram oğlu Quliyevəm. Familyanın slavyan "yev"lə qurtarması o qədər də xoşuma gəlmir. Ancaq bu yaşda özümü Rəsul Bayram oğlu adlandırmağım da düzgün olmazdı. Bədii əsərdə belə bir ad və familyanın işlədilməsi isə təbii və fikrimcə yaxşıdır...

- Siyasətçinin birdən-birə roman yazmaq arzusu necə yarandı? Ümumiyyətlə, siyasətçinin ədəbi yaradıcılıqla məşğul olmağına ehtiyac varmı?

- Mən siyasi-təhlili bir neçə kitab yazmışdım: "Neft və Politika" , "Demokratiyaya gedən yol", "Diktatorla üz-üzə", "Mübarizəmizin məqsədi". Təəssüf ki, bu tip kitabların oxucularının sayı kifayət qədər deyil. Maksimum 1000 nəfər.

Düşündüm ki, siyasi düşüncələrimi bədii formada yazmaqla daha çox oxucu cəlb edə bilərəm. Sözsüz bu, belə də oldu. Əsəri ingilis variantında oxuyanların sayı kifayət qədərdir. Təəssüf ki, azərbaycanlıların ciddi yazıları oxumağa həvəsləri çatmır.

- Hərdən deyirlər ki, Rəsul Quliyev siyasətdəki uğursuzluğunu ədəbiyyatda kompensasiya eləməyə çalışır. Buna münasibətiniz necədir?

- İnsan həyatı boyu uğursuzluqlarla rastlaşır. Bəziləri özlərini arsızlığa vurub onu görmək istəmir, mənim o insanlara yazığım gəlir. Bəziləri də bu uğursuzluqları nəinki başqalarından, hətta özündən də gizlətməyə çalışır. O tip insanları da əbləh hesab edirəm.

Mən üçüncü tipdənəm. Uğursuzlarımı başa düşüb qəbul edirəm, gizlətmirəm, ancaq onunla razılaşmayıb daha qətiyyətlə məqsədimə çatmaq istəyirəm. Mənim üçün uğursuzluq növbəti mübarizəyə stimul rolunu oynayır.

-"Axına qarşı" romanında dünyəvi, qlobal bir mövzuya toxunmağa çalışmısınız. Bu mövzuya toxunmağa ehtiyac var idimi?

- O mövzulara hələ 100 illər keçsə də təkrar-təkrar toxunulacaq. Bu dövr yeni ictimai əlaqələr formalaşması periodudur. Bu, intibah dövrü kimi bir dövrdür.

- Azərbaycan həqiqətlərini bədi dillə, ədəbiyyat vasitəsi ilə yazmağı düşünürsünüzmü? Məsələn, Qarabağ haqqında, Güney Azərbaycan haqqında roman yaza bilərsinizmi?

– Qarabağ haqqında əsərim var. Adı "Qarabağ: müqavimətsizlikdən doğan faciə" dir. Azərbaycanda çap olunmuşdu, ancaq satışa imkan vermədilər. Baş verənlər 18 əsrdən başlayaraq 1980-cı ilə qədər tarixi hadisələri əhatə edir. Vaxtım olanda 1980-cı ildən bu günə qədər baş verənləri də yazacağam.

Güney Azərbaycanı məfhumu 1828-ci ildən sonra Rus imperiyası tərəfindən ortaya atılıb, sovet dövründə daha da inkişaf etdirilib, guya müstəqil Azərbaycan olub. "İran Güney Azərbaycanı bizdən zorla alıb" kimi mif yaradılıb. Əslində bu, ağ yalandır. Azərbaycanlılar Midiya zamanından başlayaraq dünyada ilk imperiya yaradıcılarından biridir, ən azı 2600 illik imperiya tarixi var.

-Romanınızda ədəbi-bədii üslübdansa siyasi-publisistik üslub üstünlük təşkil edir. Bunu qəsdən eləmisiniz yoxsa, siyasətçi olmağınızla bağlıdır?

– Sadəcə olaraq bu, mənim yazı tərzimdir. Mən professional yazıçı olmadığımdan maraqlı yazmaq üslubu müəyyənləşdirə bilmirəm.

- Müasir dünya ədəbiyyatı ilə maraqlanırsınızmı? Əgər maraqlanırsınızsa kimləri oxuyursunuz?

- Siz kimləri müasir ədəbiyyat yazarları hesab edirsinizsə, mən o yazarları oxuyuram. Məsələn, Markes, Fitscerald, Kolinz və başqalarını, o cümlədən Pasternak, Bulqakov, Zinovyev. Bilirsiniz, oxuduğum kitablar və onların müəlliflərini sadalamaqla qurtaran deyil. Ən çox tarixi kitabları, məsələn, xristianlığın, buddizmin və islamın tarixinə aid onlarla kitablar oxumuşam.

Fironlardan tutmuş Persiya şahları, Qureyiş, Dəryalar, Makedonski, Roma imperatorları, Karl, Napaleon, Fransa inqilabı, Almaniya dövlətinin yaranması, Bismark, Vilhelm, VIII Henrix, I Yelizaveta, Kromvel, Viktoriya, Çörçill, De Qoll, Marks, Adam Smitt, Lenin, Stalin haqda bəlkə də 500 kitab oxumuşam. Mən 14 yaşımdan bu günə qədər gündə nəsə oxumalıyam və bu günə qədərdə o adət davam edir.

-Azərbaycan ədəbiyyatında gedən proseslərlə maraqlanırsınız? Müasir yazıçılarımızdan kimləri tanıyırsınız?

- Adlarını çəkmək niyyətində deyiləm, bir neçə əsəri oxumağa cəhd etmişəm. Daha çox klassik Azərbaycan ədəbiyyatını bəyənirəm. Orta nəsildən Rüstəm İbrahimbəyov, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlunu məmnuniyyətlə qeyd edə bilərəm.

-Ədəbiyyatımızın dünyada tanınması üçün hansısa addım atmaq barədə düşünürsünüzmü?

-Bəli, belə bir fikrim var. Həm Azərbaycan ədəbiyyatını, həm musiqisini, həm də kinosunu mənəvi və maddi stimullaşdırmaqla qısa bir zamanda məşhurlaşdırmaq proqramım var.

Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm