Milli buterbord qanunu
Bizi izləyin

Yazarlar

Milli buterbord qanunu

Metromuzun “Nizami” stansiyası. Girişdə polis iki tələbəni saxlayıb hansısa qanundan danışır. Tələbələrdən biri gülə-gülə deyir:

– Azərbaycanda qanun var ki?

Polis əsəbiləşir:

– Bu dəyqə göstərrəm ha sənə qanunu.

Tələbələrdən digəri yoldaşının qolundan tutub aralayır:

– Gəl gedək, göstərmək istəyirsə, deməli, var.

Söz ki getdi qanundan... Məsələn, maşında arxada oturub sürücüyə “sür, qorxma, mənnikdi” deyə onu qanunu pozmağa ruhlandıran azmı əməkdar artist, deputat, lap elə qəzet redaktoru görmüşük?!

Məsələ bu ki, Azərbaycanda qanunlar təkcə maddi ehtiyaca görə yox, həm də mənəvi ehtiyaca görə pozulur. Buralarda qanunları pozmaq həm də həzz mənbəyi. Metroda bir jetonla üç nəfəri keçirən tələbə bunu jetonun olmadığından yox, qanunu poza bilmək bacarığını göstərmək istədiyindən eləyir.

Söz yox, buralarda hamı qanunun yanından keçir. Ancaq çoxları ona görə deputat, məşhur artist olmağa can atır ki, qanunların yanından sıravilər kimi əyilə-əyilə yox, başlarını dik tutub keçə bilsinlər.

Beş il qabaq çıxan kitabımda dəqiq proqnoz vermişdim. Ki, həmvətənlərimiz əvvəl-axır, məsələn, Nyuton, Faradey, Avaqadro, Arximed qanunlarını da pozmağa girişəcəklər.

Vay dədəə, artıq girişiblər. Xəzər ətrafında villa tikən bəzi keçəllərimiz artıq təbiətin qanunlarına da tüpürməkdə.

Özüldəki suyu hansısa formada qurudurlar, vəssalam. Adam bu milli kəşfdən dəhşətə gəlir: ay qardaş, birləşmiş qablar qanunu var axı, qrunt sularını qurutmaqmı mümkün? Axı o sular süxurların arasından süzülüb o tikililərin altına yenə gələcək.

Vurma cədvəlinə dahiyanə düzəliş eləmiş (iki vur ikinin dörd eləməməsi) həmvətənlərim öz ekspermentlərində yorulmaz. Nə çətin iş ki?.. Bütün məntiqlərin anasının ağlar qoyulduğu buralarda bəşərin fundamental qanunlarına da əl gəzdirimək nə çətin iş ki?..

Məsələn, vətənimizdə təkcə “Buterbord qanunu”nu (“Buterbrord yerə düşərkən yağ çəkilmiş üzü mütləq altda qalır”) alt-üst eləməyin əlliyə qədər üsulu icad olunmuş. Beş-altısını mən deyirəm, qalanlarını özün taparsan;

Birincisi bu: yerə düşmüş buterbordda yağın adı çörək, çörəyin adı yağ kimi protokollaşdırılır ki, nəticədə yağ yuxarıda qalmış olur.

İkincisi bu: yağ çörəyin üzərinə o, yerə düşəndən sonra yaxılır – təbii ki, üstdə qalmış üzünə. Həm şərləmələrdə, həm də malalamalarda tətbiq olunan çoxişlək metoddur.

Üçüncüsü bu: buterbord hazırlanarkən çörəyin üzərinə əsl yağ əvəzinə marqarin yaxılır, vəssalam. Qoy indi bu Allah bərəkətini kəsmiş nə təhər düşürsə düşsün. Bu heç, bu, bütün sahələrdəki saxtakarlıqlarda istifadə olunan klassik bir üsul.

Dördüncüsü bu: yağlı buterbord vətəndaşların menyüsündən ümumiyyətlə çıxarılır.

Beşincisi bu: buterbord hazırlanərkən çörəyin hər iki üzü yağlanır. Yerə düşəndən sonra altda qalmış yağlı üzə sadəcə göz yumulur. Fakt olaraq isə üstdə qalan yağlı üz təqdim edilir. İqtidar və müxalifət mətbuatının daima yararlandığı prinsip.

Altıncısı bu: polis, ümumiyyətlə, buterbordu yerə düşməyə qoymur.

NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Binamızın mənfi birinci mərtəbəsində – zirzəmdə su-kanalizasiya xəttləri beş ildi ki, sıradan çıxmış. Rəsmi qurumlara müraciətlərin xeyri olmadı, otuz manatdan yığıb özümüz düzəltdirdik...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm