• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dost olmağı öyrədən yazılar

  • Yazarlar
  • 13 Fevral 2014 13:34
  • 1 539 Baxış
Dost olmağı öyrədən yazılar

(Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlunun millət vəkili Qənirə Paşayevanın "Səndən sonra…" və "O" kitabları haqqında yazısı)

“Həyatın mənşəyində duyğular dayanır və bu duyğulanmanın təməli eşqdir”.

İşığa, aydınlığa çıxaran, Yerə, Göyə, Tanrıya aparan yolçuluğun gerçək adı olan eşq!”

Bütün bunlar haqqında millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın “Səndən sonra…” və “O” adlı kitablarında son dərəcə səmimiyyətlə yazılıb. Ulu Yaradanın böyük dərgahına aparan Yolun könül xoşluğunu bütün qapsamı ilə özündə ehtiva edən bu kitablarda yazılanlar hökm yox, sadəcə, “öyrən, dərk et, yadda saxla” mesajları kimi oxunur, ağır sınaqların, çətin imtahanların asan yolunu tapmağa kömək edir. “Bu yazılanlar həyatın qorxaqları sevmədiyini erkən yaşından gör və cəsarətli ol” - deyir, “ən böyük sərvətin yaxşılıq olduğunu gör və insan olmağı öyrən” dərsi verir. Təlqin edir ki, dostların böyük zənginlik olduğunu gör və dost olmağı öyrən, nə olursa-olsun, heç vaxt həyatdan küsmə…

“Özünü nə qədər tanıyırsan?” sualının cavabı “həyatım alt-üst oldu” deyə üzülənlərin təsəlli payı ilə bir arada bu kitablardadı. Behiştlik Şəms Təbriziyə, Mevlana Cəlaləddin Rumiyə, Əhməd Yasəviyə istinad edə-edə “Mən sevgiyəm”, “Mən bilgiyəm”, “Mən sülhəm” - deyib və aləmi işıqlandıran şamlara aşiqlik duyğusu yaşadan bir könül adamının həyatı boyu əxz etdiyi fəzilətlərin ümumi mənzərəsi sərgilənib sətirlər boyu.

“O” müəllifin “İraq gündəliyim” adlı xatirələrdən seçmələrlə başlayır… Daha çox anasının söylədiyi “biri vardı, biri yoxdu” nağıllarının qan qardaşı kimi bəhs edir heç də iraq olmayan Bağdaddan, Nəcəfdən, Kərbəladan, Kufədən, Samirə və Kərkükdən. Bir də o adamdan ki, Kufədə gözlənilmədən ona yaxınlaşıb “Allahı dərk etmək üçün mütləq ilahiyyatı oxumaq lazım deyil, çalış həyatı oxu – söyləmişdi. - Sən hələ buraya çox gələcəksən və inşallah, axtardığını tapa biləcəksən” - demişdi.

Bu kitabda “milliyyətimizi borclu olduğumuz insanlar” haqqında minnətdarlıq duyğusu, dərin ehtiram hissi ilə söhbət açılır, niyyətə, kama çatmağın gerçək yolları haqqında bilgilər verilir: “Böyük yaradılışı, Yaradanı dərk etmək yalnız az sayda seçilmişlərə deyil, hər kəsə nəsib ola bilər. Yetər ki, bunun üçün güclü bir istək, daxili inam, ürəyi dinləməyi bacarmaq və niyyət olsun. Onu dərk etmək bir könül işidir – sevgi ilə dolu bir könül…”

Q.Paşayevanın bu kitabı oxucuya “hardan gəldiyini unutma” - deyir; ən azından insan ola bilmək insan kimi yaşaya bilmək və insan kimi ölə bilmək üçün…

“Səndən sonra” kitabına isə Q.Paşayevanın əsasən vətən, torpaq və sevgi haqqında olan könül meyvələri daxil edilib. Bu, bir millət vəkili, bir siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, “özünə yolçuluğa” çıxan bir insanın, bir yolçunun ilk şeirlər kitabıdır; siyasi karyerasının, ictimai tanınmışlığının hücrəsində donub qalmış bir tanınmış şəxsin yox, daha çox oluşmaqda olan istedadlı bir söz adamının kitabı…

Tanımaq istəsən bir qadını –

Gözlərindəki kədərə bax,

Dodaqlarındakı təbəssümə… - deyə poetik müşahidəsini son dərəcə dəqiqlik və yığcamlıqla təqdim edir Q.Paşayeva. Onun şeirləri saf və təmiz qəlbin əbədi sevgi pıçıltılarıdı.

Deyir ki:

Sənə şeir yazdım illər boyunca,

Rüzgara söyləyib göndərdim sənə…

Söylə, dinlədinmi könül səsimi?

Yuxusuz gecənin masallarını

Dənizə söyləyib göndərdim sənə…

Söylə, dinlədinmi xəyallarımı?

Qənirənin şeirlərində qəribə bir həsrət, nisgil var və bu həsrət bədbinlikdən, kədərli əhval-ruhiyyədən daha çox inamlı, imanlı bir dünyanın səssizliyinə buraxıb gedir oxucu düşüncəsini:

Elə hey düşünür, düşünürsən ki, doğrudan da belədi. Bu şeirlərdə ehtiva olunan dünya hər bir oxucunun öz yaşantıları kimi doğma və tanış görünür:

Mən insanlardan deyil,

Ağaclardan daha çox öyrəndim;

Onlar olduğu kimi görünə bilir.

Ağaclardan kökləri üstündə durmağı,

Ömürdən ayrılan illər kimi

Qopub düşən hər yarpağı

Müdrikliklə qarşılamağı öyrəndim.

Mən ağaclardan

Kök üstündə yaşamağı öyrəndim.

Çinardan əzəməti,

Palıddan dözümü,

Söyüddən kədərli anlarda belə

zərif olmağı,

Bir də

Qızılgüldən tikanları öyrəndim.

Bu şeirdə müasir ədəbi gəncliyin öyrənməli olduğu çox şey var və indiki halda bir qələm adamı olaraq o “çox şeyin” nələrdən ibarət olmasını yazmağın çətinliyini çəkirəm.

Poeziya həm də sənət faktıdı, o faktı görməmək, görüb və dəyərləndirməmək insafsızlıqdır.

Qənirə xanımın şeirləri yeni poeziya texnologiya və üslubunu kifayət qədər dolğunluqla özündə əks etdirən sənət nümunələridi. Onun poetik yaşantıları klassik və çağdaş şeir ənənələrimizin ən səmimi, kövrək dili ilə nəql olunur; kövrəldir, duyğulandırır və oyadır:

Səni gözlərimə səpib,

Göz yaşımla böyütdüm.

Səni könlümə sarıb,

Savaşımla böyütdüm.

Səni illərə verib

Umutla böyütdüm –

İndi kiçildə bilmirəm.

Sərvaz Hüseynoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR