Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR
Bizi izləyin

Yazarlar

Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib - FOTOLAR

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında tanınmış türkoloq, dilçi və fililoq-alim kimi ün qazanmış professor-doktor Qəzənfər Paşayevin yeni işıq üzü görmüş kitablarının (“İraq türkman nağılları”, 7 cildlik “Seçilmiş Əsərlər”, o cümlədən onun elmi fəaliyyətinə həsr olunmuş kitabların (“Mənalı ömrün dastanı”) təqdimat-müzakirəsi keçirilib.

Respublikamızın tanınmış aydınları, QHT və KİV təmsilçilərinin iştirak və çıxış etdiyi təqdimatda, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, Xalq şairi Zəlimxan Yaqub, millət vəkili Qənirə Paşayeva, Milli Kitabxananın müdiri Kərim Tahirov və aparıcı əməkdaşları, habelə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə ölkəmizdə səfərdə qardaş Türkiyənin GAP Qəzetçilər Birliyinin başçısı Zeynel Abidin Kıymaz, GAP Qəzetçilər Birliyinin üzvü, “Radyo-Tempo”nun sahibi Hamit Özpolat, GAP Qəzetçilər Birliyinin baş katibi Fəxrəddin Çelik, GAP Qəzetçilər Birliyi İH-nin üzvü Mustafa Saim Ayxan, İsmayıl Türk, “Kanal 35” TV-nin Yayın Yönətməni Xalid Tunc, “Bəyaz” TV-nin "Dinamit" proqramının aparıcısı və müəllifi Lətif Şimşək və b. iştirak etmiş, öz qiymətli fikirləri ilə təqdimat-müzakirəyə rəng qatmışlar.

Millət vəkili Qənirə Paşayevanın, Xalq şairləri Zəlimxan Yaqub və Sabir rüstəmxanlının çıxışlarında, bundan bir qədər öncə 7 cildlik “Seçilmiş Əsərlər”lə öz sadiq oxucuları ilə məsuliyyətli və miqyaslı görüşə gəlmiş prof.dr. Qəzənfər Paşayevin hər yeni kitabının oxucu diqqətini cəlb etdiyi, professorun dillər əzbəri olan – zamanında onminlərlə say və təkrar nəşrlərlə ən yüksək tiraja sahib olan “6 il Dəclə-Fərat sahillərində” kitabının doğurduğu enegetikanın bugün də öz təsirini saxladığı vurğulanıb. Natiqlər Q.Paşayevin özəlliklə İraq-Türkman Ədəbiyyatı üzərinə əsərlərinə diqqətçəkərək, ümumən kitabın, elmi-populyar əsərlərin tanıdılması, yeni ideyaların üzə çıxması, gənc nəslin düzgün ideya-siyasi, mədəni istiqamətdə yönləndirilməsi, elmi, pedoqoji, ədəbi çalışmalara həvəsləndirilməsi məsələlərinə də toxunublar.

Bütün iştirakçılara, fikir bildirən aydınlara öz təşəkkürlərini yetirən prof.dr. Q.Paşayev, təqdimat-müzakirənin respublikanın əsas kitabxanasında, tanınmış aydınların, eləcə də qardaş Türkiyədən olan media mənsublarının, aydınların iştirakı ilə keçirilməsindən məmnunluğunu qeyd edib. O, belə qaynar təqdimat-müzakirənin bir qələm adamı, bir alim olaraq ona yalnız məmnunluq deyil, yaradıcılıq stimulu bəxş etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm