Nəriman Həsənzadə: “Heydər Əliyev səngərdə onunla görüşdü, toyuna xalça bağışladı“
Bizi izləyin

Yazarlar

Nəriman Həsənzadə: “Heydər Əliyev səngərdə onunla görüşdü, toyuna xalça bağışladı“

Xalq şairi Nəriman Həsənzadənin Publika.az-a müsahibəsi

- Nəriman müəllim, yaradıcılıqda nə var, yox?

- Dekabrın 13-də “525-ci qəzet”də “Şeyx Nigari türbəsi” adlı poemam çap olundu. Rəşad Məcid sağ olsun, poemamı geniş şəkildə dərc etdirdi. Şeyx Nigari 1805-1866-cı illərdə yaşamış böyük şairlərimizdən və din xadimlərimizdəndir. Onu ruslar qadağan etmişdi. Şeyx Nigari Türkiyədə çox məşhurdur.

- Yeni kitabınız varmı?

- Bu yaxınlarda yeddicildliyim çıxıb. Ondan sonra Türkiyədə “Nabat xalanın çörəyi” çap olundu.

- Son vaxtlar az-az müsahibə verirsiniz.

- Televiziyalarda müsahibəm olub, amma mətbuata müsahibə verməmişəm. Bu günlər AZTV-də İlqar Fəhmi və Əsəd Cahangirlə teatr barədə olan söhbətimiz təqdim olunacaq.

- Səhhətiniz necədir?

- Şükür, yaxşıdır, Allah sizə dəyməsin.

- Bu günlərdə keçmiş döyüşçü İbad Hüseynovla görüşmüşünüz. Nə ilə bağlı idi?

-Bu görüş Milli Aviasiya Akademiyasında işləyən bir müəllim yoldaşımın vasitəçiliyi ilə baş tutdu. Çox maraqlıdır ki, ona milli qəhrəman adı verilməyib. Bu adam Monte Melkomyan kimi terrorçunu məhv edib. O vaxt Heydər Əliyev gedib səngərdə onunla görüşüb, toyuna xalça bağışlayıb, zəng vurub təbrik edib. Türkiyədə ona “Qızıl ulduz” mükafatı veriblər. Bu günlərdə başqa bir türk dövlətinə dəvət ediblər. O, çox böyük qəhrəmandır. Nağıllarda suyun qabağını kəsən əjdahanı öldürən qəhrəmanlar olur e, bax, İbad o cür qəhrəmandır. Heyran qalmışam ki, bu cür adam necə də sadə, alicənab və mədənidir, ilahi şəxsiyyətdir. Mənə ayıb olsun ki, indiyə kimi belə bir qəhrəmandan xəbərim olmayıb.

- Bəlkə, ona bir poema həsr edəsiniz?

- Bu, məni çox düşündürür. Əsər yazmaq fikrim də var. Amma bundan sonra harada olsam, onun haqqında danışacağam. Aqil Abbas sağ olsun, bir neçə deputatın imzasıyla müraciət hazırlayıb ki, ona Milli Qəhrəman adı verilsin. Hamı elə bilir ki, o, Milli Qəhrəmandır. Akademik Ramiz Mehdiyev öz kitabında onun barəsində on səhifə yazıb.

- Amma bilirsinizmi ki, bir çoxları onu qəhrəman hesab etmir? Düşünürlər ki, həmin hadisələr çox şişirdilir.

- Bu zalım oğlu həyatını bada verib. Onu deyənlər vicdansızdırlar. İbad mənə bir söz dedi, çox heyran qaldım. Dedi ki, Nəriman müəllim, torpaqlarımızı ordumuz yox, siyasətçilər verdi, biz axıra qədər vuruşduq. Düz deyir, mən onunla tam şərikəm. Əsgərləri ittiham etmək doğru deyil. Rəhmətlik Mübariz İbrahimov, Ramil Səfərov, İbad Hüseynli yeni əxlaqdır, yeni eradır. Sizə qurban olum, kim bu adamlar haqqında kim pis nəsə danışırsa, icazə verməyin. Əgər vəzifəli adam olsa, yaxud gücünüz çatmasa, çıxın gedin ki, cəhənnəm olsun. İnanın ki, mən bu adama mat qalmışam. O danışır, mən ağlayıram. Bütün türk dünyası onunla fəxr edir. Türklər İbad barədə nələr yazırlar. Ərdoğan, Əhməd Davudoğlu ona hədiyyələr ediblər. Türk dünyası deyir ki, bizim qəhrəmandır.

- Yəqin ki, Melkomyan barədə də məlumatlısınız...

- Melkomyan azərbaycanlılara qan uddururmuş, boğazlarını kəsirmiş. O, Andronik-zad yalan imiş bunun yanında. Bu İbadı ismin hər halında hallandırmalıyıq. O araqları yox, “Kamaz”ları yox, belə oğulları reklam etmək lazımdır.

- Söhbət qəhrəmanlıqdan və qəhrəmanlardan düşmüşkən, Ramil Səfərovla görüşmüsünüz?

- Mən Ramil Səfərova şeir həsr etmişəm, çap olunub. Ramillə telefon danışığımız oldu, dedi ki, sizinlə mütləq görüşəcəyəm. Görünür, onu nəzarət altında saxlayırlar. Çünki ermənilər həm Ramilin, həm də İbadın başına 12 milyon pul qoyublar. İbad da deyir ki, yəni mənim başım bu qədərmi ucuzdur? (gülür) Rus bu milləti nə qədər ayırmışdısa, ondan iki dəfə artıq doğmalaşıb bu millət.

- Bəlkə, adını çəkdiyiniz hər üç qəhrəman haqda bir poema yazasınız?

- Ramil haqda şeir yazmışam, arabir zəngləşirik. O, mənim nəzərimdə dünya gözəl insanıdır. O getdi, həbsxanada yazıçı-tərcüməçi oldu. Bu millətlə zarafat etmək olmaz. Çox istedadlı millətdir. Bizi rus, fars, ərəb gözdən salmışdı. Orta məktəblərimizi gözdən salmışdılar, deyirdilər ki, uşağınızı məktəbə göndərməyin, rus məktəbi yaxşıdır. Ona görə də bəzi ailələr uşaqlarını rusca oxutdu, övladlarını rusla evləndirdilər.

- Amma bəzən özümüz-özümüzü elə gözdən salırıq ki, heç rusa ehtiyac qalmır.

- Əlbəttə, elədir. Mən də onu deyirəm. Amma bizim belə oğullarımız da var. İbadla görüşümüz mənə elə təsir edib ki...Təsəvvür edin, erməni tərəfə keçib, boğazlanan anaların, ataların, qızların hayıfını çıxıb. Deyir, güllə ilə vurdum, bıçağı çıxaranda Melkomyan dedi ki, boğazımı kəsmə. Dedim ki, kəsəcəm. Boğazını kəsib, başını qoparıb əlində gətirib. Bu, nağıllarda olur. Həyatda belə şeylər çox nadir hallarda baş verir. Deyir, indi danışıram, inanmıram ki, bunu mən eləmişəm. O, millətin gözümdə Milli Qəhrəmandır. İbad millətin qisasını alıb. Özü də necə lazımdır. İndi də onun yanında işləyənlər öz batalyonundakı döyüş yoldaşlarıdır. Nə qəribə insandır bu. Rəmiş xalq artisti fəxri adı alanda məni də yığıncağa dəvət etmişdi. Orada gördüm. İbad necə gözəl gitara ifa edirmiş. Özü də həmin gitaranı ona Rəmiş bağışlayıb. Bəzən qəhrəmanları kənarda axtarırıq. Amma özümüz böyük xalqıq, neçə-neçə qəhrəmanlarımız var...

- Yazıçılar Birliyinə gedib-gəlirsiniz?

- Milli Aviasiya Akademiyasında dərs deyirəm. Ona görə vaxt olmur, Yazıçılar Birliyinə az-az gedirəm. Birliyin “Natəvan” klubunda hər gün az qala təqdimat var. Amma çatdıra bilmirəm.

- Son vaxtlar gənc yazarlarla təcrübəli həmkarlarının münasibətləri çox gərgindir. Xəbəriniz varmı?

-Yox, xəbərim yoxdur. Gənc yazarların hamısı mənimlə çox mehribandırlar.

- Gənc yazıçılar Yazıçılar Birliyində müxtəlif postlara iddalıdırlar. Hər halda, belə görünür...

- Çox təəssüf ki, xəbərim yoxdur. Amma gəncliyin bu meyli təbiidir. Amma inanın ki, yaradıcılıq vəzifədən daha vacibdir. Vəzifəyə gedən şair, yazıçı dostlarım uduzdular. Ancaq mənim qazancım daha çox oldu. Düzdür, mən də sonra vəzifəyə keçdim. Amma ona qədər xeyli əsərlər yazmışdım.

- Yəni heç vaxt intriqalara getməmisiniz?

- Heç vaxt getməmişəm. Nə həvəsim olurdu, nə də vaxtım.

- Amma bildiyimə görə həmkarınız Sabir Rüstəmxanlı ilə aranızda soyuqluq olub...

- Sabir Rüstəmxanlı ilə aramda heç bir narazılıq olmayıb. O, mətbuat və informasiya naziri təyin olundu, mən də nazir müavini idim. Sabir məndən incimişdi. Guya o gedəndən sonra prokurorluğa şikayət yazıblar. Şikayətdə göstərilirdi ki, Sabir Rüstəmxanlı nazirliyi talayıb. Guya mənim də imzam orada olub. Amma inanın ki, bu barədə Sabir deyəndən sonra xəbər tutmuşam. Dedim ki, Sabir, o imza hardadırsa, gətir, ekspertə göndərək. Sabir Rüstəmxanlı gedəndən sonra nazir səlahiyyətlərini mən icra etdim. Təxminən bir ay xidməti maşını verdim ki, Sabirə xidmət etsin. Bunu yoldaşı Tənzilə xanım da bilir. Tapşırıq verirdim ki, Sabir Rüstəmxanlının kitablarının çıxmasına kömək edin. Hətta ona şeirlər ithaf etmişəm. Sən demə, ürəyində məndən küsübmüş. Onu da kimsə yalandan deyibmiş.

- İndi münasibətləriniz necədir?

- Çox da yaxşı deyil. Çünki hələ də məndən incikdir.

- Sonra bildiniz aranı kim qarışdırırmış?

- Yox, xəbərim olmadı.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm