Xalq yazıçısı Anar: “Mən niyə Rəsul Rzadan yazmamalıyam?!”
Bizi izləyin

Yazarlar

Xalq yazıçısı Anar: “Mən niyə Rəsul Rzadan yazmamalıyam?!”

Kult.az Xalq yazıçısı Anarla müsahibəni təqdim edir.

II HİSSƏ

Əvvəli bu linkdə:

http://publika.az/p/61340

– Anar müəllim, yəni əsər kütləvi olmalıdır? Tutalım, bir əsər öz-özünə, yəni təbii şəkildə ölkədən aşıb-daşıb dünyaya tökülür. Belə?

– Xarici ölkələrdə çap olunmaq azdı. Gərək nəşr edilən kitaba bir reaksiya da ola axı.. Hardasa çıxan kitab o ölkənin oxucuları üçün nə qədər maraqlı olub? Mətbuat bunu necə işıqlandırıb, ədəbiyyatçılar, tənqidçilər necə qiymətləndirib.

– Anar müəllim, Azərbaycanda kitab bazarı pis ola bilər, kitab təbliğatı pis ola bilər, ola bilsin, çox gözəl bir yazıçı dünyaya çıxmaya da bilər. Və bunun müxtəlif səbəbləri ola bilər. Amma yenə də tarixdə qalmaq məsələsi də var axı. Bu, istər-istəməz yazıçıları düşündürən məsələdir. Tutalım, bəlkə, Markesin vətənində çox maraqlı bir yazıçı var, amma biz onu tanımırıq. Bəs siz necə düşünürsünüz, buna görə yazıçı özünü narahat hiss eləyə bilərmi?

– Yeri gəlmişkən, mən Meksikada olanda oranın yazıçıları ilə söhbət edirdik. Bir məşhur yazıçıdı, adı yadımda qalmayıb, onunla söhbət edəndə Markesdən söz düşdü. Dedi ki, Markes o əsərinə görə Nobel mükafatı alanda mən çox təəccübləndim. Sonra o əsəri götürüb bir də oxudum. Daha da çox təəccübləndim. Bilirsən, görünür, bəxt məsələsi də var burda. Söz yox, Markesin əsərləri gözəldir, amma Kortasar Nobel almasa da, ondan əskik yazıçı deyil ki...

– Maraqlıdır ki, həmin istiqaməti başlayanlar mükafat almadı, amma davamçıları aldı. Məsələn, Eko da mükafat almayıb, Murakami də almayıb.

– Umberto Eko böyük medaivistdi. Yəni,Orta əsrlər üzrə görkəmli mütəxəsssidir, bu sahədə zəngin və geniş bilgilərini bir az da detektiv süjetə qataraq oxucuya təqdim edir. Maraqla oxuyursan, çünki müəyyən ovqatda detektivi həvəslə mütaliə edirsən. O ki qaldı orta əsrlərə aid məlumatlar qatına, bu sayaq əsərlər (M.Paviçin “Xəzər lüğətini” də yada salaq) realizmin yeni bir növüdür. Filoloji realizm, yaxud Y.Lotmanın müəyyənləşdirdiyi kimi semiotika üslub xüsusiyyətlərini daşıyan realizm. Heç Patrik Züskindin “Parfümer”i də mənə çatmadı. Oxuyursan, görürsən ki, o bilgiləri internetə girib ordan da götürmək olar. Bəs bu əsər əlavə nə verir mənə? Bir şey vermir. Bəlkə də, bu mənim subyektiv fikrimdir, amma dəbdədir deyə hər şeyi kor-koranə qəbul etmək zövqümə uyğun deyil.

– Paviç necə?

– Hə, o, maraqlıdır.

– Yenə qayıdaq əvvəlki söhbətə. Sizi tənqid eləyirlər ki, Anar niyə atası Rəsul Rzadan çox yazır, Anar niyə anası Nigar Rəfibəylidən çox yazır? Niyə həmişə atasını, anasını müdafiə mövqeyində dayanır? Təbii ki, söhbət ədəbi konteksdə gedir. Məsələn, eyni şeyləri Elçin Əfəndiyev haqqında da yazırlar ki, niyə İlyas Əfəndiyevin müdafiəsində bu qədər möhkəm dayanıb? Guya Anar olmasa, Rəsul Rza, Nigar Rəfibəyli Azərbaycan ədəbiyyatı tarixində qalmayacaqmı? Siz bu cür tənqidlərə necə cavab verərdiniz, münasibətiniz necədir?

– Mən bunu cahil irad hesab eləyirəm.

– Niyə?

– Çünki niyə mən yazmamalıyam? Onları hamıdan yaxşı mən tanıyıram. Özü də mən nə yazmışam ki? Atam haqqında bir kitab yazmışam cəmi. Anam haqqında da geniş məqalə. Onları ən yaxından tanıyan adam mənəm, mənim onlar haqqında bildiyim şeyləri başqaları bilmir. Və mən bildiklərimi yazıb saxlamaq istəyirəm gələcək nəsillər üçün. Özü də Rəsul Rza haqqında o qədər ədalətsiz şeylər yazılıb ki, indi onları oxuyursan, görürsən ki, bu, cahillikdən başqa bir şey deyil. Amma cahillər də unudulmamalıdır, oxucu bilməlidir ki, Rəsul Rza hansı çətinliklərdən keçib. Və bu gün də keçir. Bir sözlə «Mubarizə bu gün də var, yarın da». Avamlıqla, cəhalətlə, nadanlıqla, paxıllıqla, həsədlə, kin-küdurətlə, böhtanla, yalanla mübarizə bitməyib və uzun zaman bitməyəcək.

– Anar müəllim, bir şey deyim. Bəs Rəsul Rza... ?

– Düzdü, sərbəst şeiri Mikayıl Rəfili də yazıb, Nazim Hikmətin də sərbəst şeirlərdən ibarət ilk kitabı Bakıda nəşr olunub və Nazim Hikmətlə başlayıb sərbəst şeir Azərbaycanda. Yəni onun təsiri ilə başlayıb. Halbuki 20-ci illərdə atam onunla tanış olmamışdı hələ. Nazimin təsiri ilə o vaxt Səməd Vurğun da sərbəst şeirlər yazıb, Süleyman Rüstəm də, Müşfiq də, Rəfili də. Bir az sonra Rəsul Rza da yazdı. Amma, gəlin onların hamsının sonrakı yaradıcılığına nəzər salaq. Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq şah əsərlərini hecayla, bəzən də əruzla (xüsusiylə S.Rüstəm) yaratmağa başladılar. Nazim Hikmətin şeirlərindən iyirmi il xəbərimiz olmadı, Rəfilini şeirdən didərgin saldılar. İllər boyu, Azərbaycanda sərbəst şeiri tək Rəsul Rza davam etdirdi. Yeni ədəbi nəsl şairləri sərbəst vəzndə yazmağa başlayana qədər Rəsul Rza bu vəzni tək başına yaşatdı. Bu şairlər nəslinin yetişməsində də Rəsul Rzanın getdiyi yolun əhəmiyyətini danmaq insafsızlıq olardı. Bunu atam olduğu üçün demirəm. Həqiqətdi, ona görə deyirəm. Qəribə bir paradoksdu, atam həyatda olanda onunla pis münasibəti olanlar mənə də qənim kəsilirdilər, indi də, nəyə görəsə məndən narazı qalanlar hayıflarını atamdan çıxırlar. O da qəribədir ki, sağlığında rəsmi dairələrin narazılığana səbəb olan şeirlər, indi də «azad» düşüncəlilərin hədəfinə çevrilir. Sero Xanzadyan və başqa erməni yaşıçıları Rəsul Rzadan Moskvaya, Mərkəzi Komitəyə danos verəndə, onu millətçilikdə ittiham edəndə Rəsul Rza proqram şeirlərindən birini, Nəsimiyə, Füzuliyə, Sabirə müraciətlə ən güclü şeirlərindən birini yazdı, bütün iclaslarda çıxışlar yalnız rus dilində aparılanda , Azərbaycanlı stenoqraçıları işsiz görüb «İti yazan qızlar» adlı cəsarətli şeirini yazdı. İndi bu şeirləri zəif sayanlara Allah insaf versin və təbləri qayıtsın ki, bunlardan daha güclü şeirlər yazsınlar. Ayrı sözüm yoxdur.

– Siz yaradıcılığa şeirlə başlamısınız, yoxsa ancaq axır vaxtlar şeir yazırsınız?

– Yox, məndə əksinə oldu. Mən qocalanda şeir yazmağa başladım. (gülür)

– Borxes də şeirlər yazıb.

– Bunin də yazıb. Bunin ilk növbədə, böyük nasirdi. Amma onun gözəl şeirləri də var.

– Bəs şeir yazmaq hansı ehtiyacdan yarandı sizdə? Özü də ömrün bu çağında.

– Mənim pyeslərimə, tamaşalarıma Emin musiqi yazırdı. Bir dəfə mənə dedi ki, niyə özgələri yazır şeiri, özün yaz da. Mən də başladım bir neçə mətn yazdım. Sonra da həvəslənib davam elədim. Mən özümü şair hesab eləmirəm. Amma olur, hərdənbir şairliyim tutur. Ramiz Rövşən də mənimlə razılaşır ki, «şairlik bir azardı, hərdən birdən tutandı».

– Özünüz demişkən, haqqınızda hər cür fikir deyilib. Bu fikri ən çox atası şair, yazıçı olanlar haqqında deyirlər.

– Hə, sənin atan da şairdi. Nə deyirlər?

– Heç deyən olub ki, Anarın əsərlərini Rəsul Rza yazır? Təbii ki, söhbət cavanlığınızdan gedir.

– Vallah, mən eşitməmişəm, amma ola bilsin, desinlər, nə demirlər ki? Elçin haqqında da deyirdilər ki, onun dissertasiyasını atası yazıb. O rəhmətlik də deyirdi ki, yazsaydım, özüm üçün yazardım da (gülür). Belə cahil şeylər çox olur, cahillərin müasiri olmaq da bir taledir, qismətdir.

– İlk hekayələrinizdən “Bayram həsrətində” çox gözəl hekayədir. Onu bir neçə dəfə oxumuşam. Ləzzət eləyib.

– O hekayəni lap cavan yaşımda yazmışam.

– Maraqlıdır, “Dədə Qorqud” filmini təzədən çəksəydiniz, ora nələr əlavə edərdiniz və nələr çıxardardınız?

– “Dədə Qorqud”a dizi filmləri üçün on iki seriyadan ibarət ssenari yazmışam. Əvvəlki ssenarimlə bunun fərqi nədir, deyim. Mən əvvəlki ssenarimdə “Dədə Qorqud” motivlərini götürüb bir süjet ətrafında birləşdirmişdim, təzə obrazlar əlavə etmişəm, dastandakı bəzi obrazlarısa ixtisar etmişəm. Filmi görmüsünüz. Yeni ssenarimdə isə çalışmışam hər şey dastanın mətnindəki kimi olsun. Düzdür, süjetlər bütün boyları yox, bir neçəsini əhatə edir. Çünki bəzi boyların süjeti qısadı, bəzilərini də bir neçə yerə bölmək lazım gəldi. 12 seriyadan ibarət bir film çəkiləcək. “Dədə Qorqud” tükənməz bir əsərdir, nə qədər ondan yazsan, nə qədər təhlil eləsən, qurtaran deyil. Bu dastan çox böyük bir hadisədir bizim ədəbiyyatımızda.

– Sizin “Göz muncuğu” əsərinizi Kult.az saytında Cavanşir Yusifli ilə müzakirə elədik. Maraqlıdır, ikinci bir əsər kimi, hansı əsərinizin müzakirə olunmağını istərdiniz? Yəni hesab eləyirsiniz ki, hansı əsəriniz müzakirə olunsa, yaxşı olar?

– Bunu özünüz seçsəniz, daha yaxşı olar. Bilirsən, qəribə bir şey oldu. Bu yazı – “Göz muncuğu” deyirəm, mənim əvvəlki əsərlərimə də işıq saldı. Bununla bağlı əvvəlki əsərlər yada düşdü, ya assosasiya yarandı. Düzü, mənim fikrimi bilmək istəyirsinizə, müzakirə eləmək istəsəniz, “Yaşamaq haqqın”ı istərdim müzakirə edəsiniz. Düzdü, o əsər rusca yazılıb, amma Azərbaycan dilində də çıxacaq. Ya çıxandan sonra, ya da ruscasına baxarsınız, istəsəniz. Mənim üçün çox vacib əsərdir.

– Yusif Səmədoğlunun bir hekayəsini müzakirə etmək istəyirik yaxınlarda.

– Yusif çox gözəl yazıçıdır. Onun “Qətl günü” romanı kimi heç birimiz əsər yazmamışıq. Mən bunu həmişə deyirəm. Yusif Səmədoğlunun iki cəhəti vardı. Birincisi, o, çox istedadlıydı, bəlkə də, hamımızdan istedadlıydı. İkincisi, Yusif bizim hamımızdan tənbəl idi.

– Nə mənada?

– O mənada ki, Yusifin yazmaqla arası yoxdu. O, “Qətl günü”n yazanda mən inanmırdım. Hər dəfə gəlirdi ki, vallah, yazıram. Deyirdim, Yusif, bəsdi də, nə qədər belə deyəcəksən? Bir gün gətirdi romanı – “Qətl günü”n, dedi, yazmışam. Götürdüm o boyda romanı bir gecəyə oxudum. Səhər duran kimi Yusifə zəng vurdum ki, təbrik eləyim. Bildim ki, üstünə düşəcəklər, o əsər haqqında birinci mən yazdım. Bu biri əsərini də deyirdi ki, yazıram, yazıram, yazıram... Yazıb qurtarmadı. Təəssüf... Yusifin hekayələri də çox gözəldir.

– Yeddi hekayəsini oxumuşam Yusif Səmədoğlunun, əla hekayələrdir.

– Yox, çoxdu onun hekayələri. Düzdü, onların arasında Yusifin cavanlıq hekayələri də var. Ümumiyyətlə, Yusifin yaradıcılığına diqqət çəkmək lazımdır. Məsələn, onun əsərlərini müzakirə eləsəniz, çox yaxşı olar.

– Anar müəllim, internetdən istifadə eləyirsiniz?

– Yox, eləmirəm. Sizin saytda mənim haqqımda nə yazırlar, xəbərim olmur.

– Kult.az açıq saytdır. Burda tənqid gedir, təqdir də. Məsələn, bizim saytda bir gündə sizin “Göz muncuğu” əsəriniz haqqında üç yazı gedib. Həmid Herisçi yazıb, Sayman Aruz yazıb və Cavanşir Yusifli ilə mənim müzakirəmiz. Yəni təqdir olunası yazılar. Ola bilər, kimsə sizi tənqid eləsin. Yaxşı, biz geri qaytarmalıyıq ki, Anar müəllimi tənqid eləmək olmaz? Ola bilsin, bizim saytda haqqınızda gedən tənqidləri sizə çatdırırlar, tərifləri yox. Siz də buna görə bu fikirdəsiniz bizim haqqımızda.

– Mən heç vaxt tənqidin əleyinə olmamışam, məni nə qədər kəskin tənqid edirlər etsinlər. Amma axı yazanda ki, Yazıçılar Birliyinə ayrılmış Prezident təqaüdlərini Anar öz övladlarına verir, bu tənqid yox, ağ yalandır.Tənqidlə yalanın ayrı-ayrı şey olduğuyla razısanmı?!

– Maraqlıdır, müqayisədə “Göz muncuğu”na ən yaxın hansı əsərinizi hesab eləyirsiniz?

– Mənə elə gəlir ki, “Göz muncuğu"na ən yaxını “Əlaqə” povestimdi. Çünki “Əlaqə"də də bu fikir var ki, dünyanı yalnız adi, alışdığımız məntiqlə izah eləmək mümkün deyil. Ayrı bir məntiq də olmalıdır. Bu fikrin bir rüşeymi də “Göz muncuğu”nda var. Amma janr etibarilə, məsələn, mən təyin eləyə bilmərəm, nədir onun janrı? Fantaziya deyil, elmi fantastika deyil, sırf sürrealist əsər deyil... Mən həmişə yazanda özüm janrını təyin eləməkdə çətinlik çəkmişəm. "Əlaqə"dən» başqa "Qırmızı limuzin" və "Vahimə" hekayələri də ənənəvi, alışdığımız məntiq çərçivələrinə sığmır.

– Anar müəllim, “525-ci qəzetdə” gənc tənqidçi Lalə Həsənovanın sizin əsəriniz haqqında bir yazısı getmişdi. Oxudunuz o yazını? Necəydi?

– Hə, oxudum o yazını, sağ olsun. Amma "Göz muncuğu"nu postmodernizmlə bağlamasını düzgün hesab etmirəm. Ümumiyyətlə, postmodernizm estetikası mənə yabançıdı. Mən o estetikanı qəbul eləmirəm. Əgər postmodernizm bütün əvvəlki dəyərləri aşağılamaqdırsa, onda birinci postmodernist bizdə Mirzə Ələkbər Sabir olub.

– Yəni...

– Yəni Sabir Füzulinin ilahi qəzəllərini götürüb, parodiya edərək satirik şeirlər yazıb. Mayakovski də Puşkinin "Yevgeni Onegin" əsərindən Tatyananın kövrək məktubunu satirik üslübda ələ salıb. Bu tendensiya əvvəllərdə də olub ədəbiyyatda. Amma bu tendensiya nə qədər davam eləyə bilər? Yaxşı, indiyə qədər nə təsdiq və təqdir olunubsa, hamısını aşağılayaq, damğalayaq, dolayıb gülək, bütün mənəvi dəyərləri alt üst edək, nə tarixdə, nə ədəbiyyatda heç bir müqəddəs ad qoymayaq… Sonra? Bəs sonra nə edəcəyik, boşluqda, susuz səhrada ömür sürəcəyik? Qız qalasını söküb yerində toyuq hini tikmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm