Tərcümə Mərkəzindən cavab: “N.Qocabəylinin ittihamlarının əsası yoxdur”
Bizi izləyin

Yazarlar

Tərcümə Mərkəzindən cavab: “N.Qocabəylinin ittihamlarının əsası yoxdur”

Tərcüməçi Nadir Qocabəyli Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinə və onun rəhbəri Afaq Məsuda qarşı bir sıra ittihamlar ünvanlayıb. "Facebook" sosial şəbəkəsində və mətbuata verdiyi açıqlamalarda N. Qocabəyli Tərcümə Mərkəzinin keçirdiyi müsabiqədən kənarlaşdırılmasına etiraz edib.

Nadir Qocabəyli AzNews.az-a açıqlamasında bildirib ki, o, Azərbaycanda ən yaxşı tərcümə nümunələrinin müəllifi kimi tanınır: “Mənə ən çox toxunan odur ki, yəni mən bu ölkədə 20 tərcüməçidən biri deyiləm? Tərcümə etdiyim kitablar ölkədə ən yaxşı tərcümə nümunələri hesab olunur. Bunu oxucular deyir. Mən “Qanun” nəşriyyatı ilə işləyirəm. Nəşriyyatda hamı mənim ən yaxşı iki tərcüməçidən biri olduğumu söyləyir. Məndən daha zəif, ortabab tərcüməçilərin adı siyahıda var, amma mən yoxam. Bu müsabiqə necə aparılıb? Onu hansı münsiflər oxuyub və qiymətləndirib? Necə ola bilər ki, Tərcümə Mərkəzi çapına razılıq verdiyi romanı 20-liyə layiq görmür. Bu paradoksdur. Bu, absurd şeydir. Necə ola bilər ki, məni 20 tərcüməçidən biri hesab etmədikləri halda, “Fəlsəfi mətnlərin tərcüməsi problemi” kimi ağır bir mövzuda məndən məruzə hazırlamağımı xahiş edirlər? Burada məntiq yoxdur axı! Mən bunu özümə təhqir sayıram. Ona görə də onların tədbirində iştirakdan da imtina etdim”.

Publika.az-ın məsələ ilə bağlı suallarını isə Tərcümə Mərkəzinin Mətbuat və Nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn cavablandırıb. F.Hüseyn bildirib ki, N.Qocabəylinin ittihamlarının heç bir əsası yoxdur: “Bir neçə gündür ki, Nadir Qocabəyli bizim və konkret mərkəzin rəhbəri Afaq Məsudun ünvanına ittihamlar yağdırır. Amma bu ittihamların heç biri həqiqətə uyğun deyil. Çünki Afaq xanım müsabiqənin ekspertlərindən biri deyil. Yəni göndərilən əsərlərə bal vermir. Nadir Qocabəylinin və eləcə də digər iştirakçıların tərcümələrinin orijinalla adekvatlığını dil mütəxəssisləri qiymətləndiriblər. Bundan sonra mətnlər ekspertlərə göndərilib. Ekspertlərə əsərlər imzasız təqdim olunub, yəni anonimlik gözlənilir”.

F.Hüseyn bildirib ki, Qocabəyli, sadəcə olaraq, müsabiqədə tələb olunan balı toplaya bilməyib: “Hələlik, iyirmiliyə düşən və düşməyən iştirakçıların topladığı ballar açıqlanmayıb. Hələlik yalnız “iyirmiliyə” düşən mətnlər bəllidir. Yaxın vaxtlarda digər nəticələr də ictimaiyyətə açıqlanacaq. Müsabiqənin ekspertləri bütün iştirakçıların əsərlərini dəqiq qiymətləndirməyə çalışıblar. Biz Mərkəz olaraq müsabiqəyə qatılan hər kəsə gələcək fəaliyyətlərində uğurlar diləyirik”.

Xatırladaq ki, tərcümə ilə bağlı mərkəzin təşkil etdiyi müsabiqənin şərtlərinə görə, ekspertlərin və dil mütəxəssislərinin adları açıqlanmır.


Növbəti mərhələdə - fevralın sonlarında növbəti mərhələyə keçən 10 əsər seçiləcək. Mart ayında isə qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm