Dostoyevskinin öldüyü evdən REPORTAJ
Bizi izləyin

Yazarlar

Dostoyevskinin öldüyü evdən REPORTAJ

“Atam öldü” – Balaca qızın siqaret qutusunun üstünə yazdıqları...

“Annaya bahalı hədiyyələr, zinət əşyaları ala bilməyən Dostoyevski sonralar onlarla dilə tərcümə olunan, dünya ədəbiyyatının inciləri sırasında yer alan “Karamazov qardaşları”nı ona ithaf edir. Bu gün də kitabı açan oxucu elə ilk səhifədə xanım Dostoyevskayanın adını oxuyur. Həmcinsləri bu hədiyyəyə görə ona paxıllıq etməyə bilməz…”

“Anna Qriqoryevna Dostoyevskayaya ithaf olunur”. Peterburq. Metronun Vladimirskaya stansiyasının yaxınlığı. Kuzneçnıy döngəsindəki Dostoyevski muzeyinin bələdçisi Lidya Jemçuqova “Karamazov qardaşları”nın ilk nüsxələrindən birini nümayiş etdirir: “Dostoyevskini məhz Dostoyevski olduğu üçün sevən qadına bundan böyük hədiyyə ola bilməzdi...”.

Qadınlar qulaqları ilə sevir, yəni qadınlar sözləri sevir. Anna Qriqoryevna da Dostoyevskinin özündən əvvəl sözlərini sevmişdi.

Boz gözlər və mehriban gülüş

Onlar 1866-cı il oktyabrın 4-də tanış olmuşdular. Anna Qriqoryevna yazıçının ölümündən sonra nəşr etdirdiyi gündəliklərində ilk görüşlərini belə xatırlayırdı: “Qarşımda olduqca bədbəxt, miskin və əzabkeş bir insan dayanmışdı...”.

O, dahi yazıçı ilə ömrünün ən ağır günlərində tanış olmuşdu. Dostoyevski qardaşı Mixaili və birinci həyat yoldaşını torpağa tapşırmışdı. İyirmi beş min rubl borcu necə ödəyəcəyini bilmirdi. “Cinayət və cəza” romanını yarımçıq qoyan yazıçı naşir Stellovskinin sifarişini yerinə yetirməli idi. Bir ay ərzində Dostoyevski naşirə yeni bir roman təqdim etməsəydi, doqquz il boyunca bütün əsərlərinin müəllif hüququndan məhrum olacaqdı. Dostları yazıçıya stenoqraf tutmağı və onun köməkliyi ilə əsəri tamamlamağı məsləhət görür. Romanın bir cümləsi də yazılmamışdı, Dostoyevskinin cəmi 26 gün vaxtı var idi.

Günlərin bir günü Fyodor Mixayloviçin yanına stenoqrafiya kursunun ən istedadlı tələbəsi – 20 yaşlı Anna Qriqoryevna gəlir. Yazıçı atasını yenicə itirən Netoçkaya 30 rubl məvacib söz verir.

Gecələr Dostoyevski romanın eskizlərini hazırlayır, səhərlər Annaya diqtə edir, Anna gecələr qeydləri səliqəyə salır, növbəti gün yazıçı redaktə işlərini tamamlayırdı. İyirmi altı gün sonra “Qumarbaz” romanı yazılır və naşirə təqdim olunur.

Tezliklə 45 yaşlı yazıçı “boz gözləri və mehriban gülüşü”nə aşiq olduğu Anna ilə evlənir. Onlar 14 il bir yerdə yaşayırlar. Bu 14 il ərzində Dostoyevski “Cinayət və cəza”, “Yeniyetmə”, “Karamazov qardaşları”, “İdiot” və “Cinlər”i yazır.

Yağışlı Peterburq

Fyodor Mixayloviçin həyatı Peterburqla sıx bağlı idi. 1837-ci ildən peterburqlu olan yazıçı müxtəlif illərdə bu şəhərdə 20-dən çox ünvan dəyişmiş, Peterburq küçələri, evləri və insanları tez-tez onun qəhrəmanlarına çevrilmişdi. Dostoyevskinin Peterburq həyatında Kuzneçnıy döngəsindəki bu ev xüsusi əhəmiyyət daşıyır. Görkəmli yazıçının Rusiyanın ayrı-ayrı şəhərlərində ümumilikdə 6 muzeyi var. 1971-ci il 11 noyabrda Sankt-Peterburq şəhərində açılan ədəbi-memorial muzey mənzil isə məhz bu ünvanla bağlıdır. Bu bina həm də ona görə əhəmiyyətlidir ki, Dostoyevski bu evdə özünün sonuncu mənzilini kirayələyib. 1881-ci il 28 yanvarda elə bu mənzildə vəfat edib. Yazıçı sonuncu romanını, Anna Qriqoryevnaya həsr etdiyi “Karamazov qardaşları”nı məhz bu evdə qələmə alıb. Tədqiqatçılar da Peterburqda yaşadığı illəri yazıçının ən məhsuldar dövrü adlandırırlar.

Adi, ilk baxışda heç nə ilə fərqlənməyən bu ev Dostotyevski sayəsində Peterburqun ən məşhur və görməli məkanlarından birinə çevrilib.

Dostoyevski vəfat edəndə 35 yaşına yenicə qədəm basan Anna ailə qayğıları ilə yanaşı, Dostoyevskinin arxivini də toplayır. Bu gün dünyanın müxtəlif ölkələrindən gələn Dostoyevski tədqiqatçıları məhz bu arxivlərdə çalışır, araşdırmalar aparırlar. Onu da vurğulayaq ki, Dostoyevski dünyada ən çox çap olunan rus yazıçısıdır.

Malyariyadan əziyyət çəkən xanım Qriqoryevna 1918-ci ildə Yaltada vəfat edəndən sonra yazıçının şəxsi əşyalarının çoxu nəvəsi Andreyin köməkliyi ilə Peterburqa gətirilib və muzey yaradıldıqdan sonra binanın ən dəyərli eksponatlarına çevriliblər.

1968-ci ildə bina əsaslı təmir olunub. Dostoyevskinin mənzili arxiv planları və müasirlərinin xatirələrinə əsasən yenidən qurulub. 1971-ci ilin noyabrında – yazıçının doğum günü ərəfəsində bu ünvanda Dostoyevskinin ədəbi-memorial muzeyi açılıb.

Dostoyevskinin sabun sevgisi

Muzey iki mərtəbən ibarətdir. Dəhlizdən keçib pillələrlə yazıçının mənzilinə və əsas ekspozisiya zalına daxil olmaq üçün ikinci mərtəbəyə qalxıb “Fyodor Mixayloviç Dostoyevski” sözlərinin yazıldığı qapının köhnə zəngini basmaq kifayətdir. Muzey-mənzil dəhliz, yemək və qonaq otağı, yazıçının iki kabineti, həyat yoldaşının otağı və uşaq guşəsi olmaqla, ümumilikdə 6 otaqdan ibarətdir.

Birinci mərtəbədəki sərgi zalında müasir rəssamların sərgiləri keçirilir, ədəbi və musiqili gecələr təşkil olunur. Muzeyin teatrında demək olar ki, hər axşam tamaşalar oynanılır. Kinozalda Dostoyevskinin əsərləri əsasında çəkilən filmlər nümayiş olunur. Burada siz Dostoyevskini “görə”, “eşidə” və “dinləyə” bilərsiniz.

Mənzilin giriş qapısında yazıçının yağışlı Peterburq küçələrində addımlayarkən taxtıdığı şlyapa Dostoyevski qəhrəmanlarını xatırladır. Dəhlizdən uşaq otağına keçmək istəyəndə soldakı kiçik vanna dəsti diqqəti cəlb etməyə bilməz. Su əsəbləri zəif yazıçı üçün əsl xilas imiş. Dostoyevski hamamda bir saatdan az vaxt keçirməz və ətirli sabunları çox sevərmiş. Yazıçının hamam otağında uzun-uzadı vaxt keçirdiyini görən ailə üzvləri gecənin sakit keçəcəyinə əmin olurmuşlar.

Hələ gənclik illərindən gecələr işləməyə alışan yazıçının günü gecə saat 11-dən sonra başlayırmış. Səhər 5-6-ya qədər davam edən gərgin işdən sonra bir fincan çay onu özünə gətirirmiş. Axşam 6-da isə bütün ailə nahar süfrəsinə yığışırmış. Yağışlı və tutqun havalarda gəzməyi sevən yazıçı yeməkdən sonra gəzintiyə çıxırmış.

Övlad itkisi və sevgisi

“Uşaqlarsız həyatın heç bir mənası yoxdur” deyən yazıçı Kuzneçnıy döngəsindəki bu evə köçəndə qızı Lyubanın 9, oğlu Fedyanın 7 yaşı var idi. İki dəfə evli olan Dostoyevskinin birinci nikahdan övladı yox idi. Anna Qriqoryevna ilə izdivacdan isə dörd uşağı dünyaya gəlmişdi. Birinci qızı Sonya 1868-ci ildə Cenevrədə anadan olmuş, cəmi üç ay yaşamışdı. Lyuba və Fyodorun gəlişi ailə üçün əsl bayram idi. 1875-ci ildə dünyaya gələn sonbeşik Alyoşa üç il sonra atasının da əziyyət çəkdiyi epilepsiya xəstəliyindən ölür. Xanım Qriqoryevna o günləri belə xatırlayacaqdı: “Fyodor Mixayloviç bu ölümdən sarsılmışdı. O, Alyoşanı xüsusi məhəbbətlə sevirdi. Sanki onu tez itirəcəyini hiss edirdi. Alyoşanın ölümündən sonra biz körpənin xatirəsilə dolu mənzili tərk edib, Kuzneçnıy döngəsindəki mənzilə gəldik”.

Bu ailə faciəsi elə həmin il yazmağa başladığı “Karamazov qardaşları” romanında öz əksini tapır. Fyodor Karamazovun sonbeşiyi, mömin Alyoşa obrazı Dostoyevskinin idealı, özündən çox sevdiyi oğlu idi.

O, tez-tez uşaqlarına sevimli Avropa və rus müəlliflərinin – Qoqol, Karamzin, Puşkin, Şiller, Hüqo və Dikkensin əsərlərini, xüsusilə də “İncil”i ucadan oxumağı sevərdi. Dostoyevski işlərin və yaradıcılıq qayğılarının çoxluğundan övladlarına istədiyi qədər vaxt ayıra bilmirdi. Lyuba və Fyodor isə ataları ilə xüsusi ünsiyyət vasitəsi tapmışdılar; onlar balaca kağıza atalarını çox sevdiklərini, ondan sarı darıxdıqlarını yazıb, qapının altından içəri itələyərdilər. İndi bu qeydlərin bəziləri uşaq otağındakı balaca masanın üstündədir.

Sonralar Lyubov Fyodorovna da yazıçı olur, onlarla hekayə və povest qələmə alır. Onun “Dostoyevski qızının gözü ilə” kitabı xüsusi populyarlıq qazanır. 1913-cü ildən Avropada yaşayan Lyuba ailə qurmur. O, Şimali İtaliyada vəfat edir.

Hələ uşaqlıqdan idmana xüsusi marağı olan Fyodor Fyodoroviç hüquq fakültəsini bitirir və ölkənin qabaqcıl atçılıq mütəxəssislərindən biri olur. Fyodorun çox sevimli oyuncaq atı muzeyin ən maraqlı eksponatları arasındadır. İki dəfə evli olan Fyodorun oğlu Andrey muzeyin yaradıcılarından biridir. Məhz onun topladığı eksponatlar və əlyazmalar sayəsində muzey bu qədər canlı və maraqlıdır. Andrey Fyodroviçin övladları Tatyana və Dmitri də Peterburqda yaşayır. İndi Dostoyevski ailəsində daha bir Fyodor – yazıçının kötücəsi böyüyür.

“Atam öldü...”

Anna Qriqoryevnanın otağı əsl iş kabinetini xatırladır. Axı o, Dostoyevskinin stenoqrafı və katibi idi, onun əsərlərinin çapı, kitabların satışı və maliyyə məsələləri ilə məşğul olurdu. Dostoyevski onun stenoqrafiyaları, anlaşılmaz işarə və hərfləri ilə məzələnməyi sevərmiş. Yazıçının ölümündən sonra Anna ömrünün qalan 37 ilini arxiv materiallarının toplanmasına, çap olunmasına sərf edib.

Dostoyevskinin fotolar əsasında yenidən qurulan kabineti, istifadə etdiyi əşyalar – pero, dərman qabı, portmanatı və Rafaelin ecazkar “Sikstin Madonnası” tablosu insanı valeh edir. Avropa səfəri zamanı bu tabloya heyran qalan yazıçının ən böyük arzusu onun orijinal variantını almaq idi.

Yazıçının kitabxanasında saxlanılan kitablar Anna Qriqoryevnanın hazırladığı siyahı əsasında toplanıb.

Dostoyevskinin kabinetində təsadüfi qonaq tapmaq olmazdı, burada o, yalnız yaxın adamları qəbul edirdi. Yaxınları xatırlayır ki, yazıçını kabinetdə ən xırda dəyişikliyə – stulun və ya kitabların yerinin dəyişməsinə belə etiraz edirmiş. Bir anlıq təsəvvür edin, bu kabinetdə indi bütün dünyanın heyranlıqla oxuduğu “Karamazov qardaşları” yazılıb.

Yazıçı bu kabinetdə vəfat edib. Balaca qardaşı Andrey Mixayloviçin aldığı saatda Dostoyevskinin ölüm günü və dəqiqəsi əks olunub: pəncərənin qabağındakı saat 8:45-i göstərir.

Atası öləndə balaca qızı Lyuba onun sevimli siqaret qutusunun üstünə yazıb: “28 yanvar, 1881-ci il. Atam öldü...”.

Raskolnikov demişkən: “Ax, bu xırda detallar...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm