“Rus mafiyası”nı bu bakılı yaratdı - VİDEO - FOTO
Bizi izləyin

Yazarlar

“Rus mafiyası”nı bu bakılı yaratdı - VİDEO - FOTO

Bakının anadan olmuş və həyatının şirin gənclik illərini bizim cənub şəhərində keçirmiş Eduard Topol jurnalistlərlə söhbətlərində həyatının yeniyetmə dövrlərinə baş vurmağı çox xoşlayır.

Bakıda anadan olmuş və həyatının şirin gənclik illərini bizim cənub şəhərində keçirmiş Eduard Topol jurnalistlərlə söhbətlərində həyatının yeniyetmə dövrlərinə baş vurmağı çox xoşlayır. O deyir ki, uşaqlıq illərimin bir qismini Ukraynada keçirsəm də, axırıncı orta məktəb illərini Bakıda başa vurmuşam.

Onun atası ixtisasca tikinti mühəndisi olub. Onlar şəhərin mərkəzində yaşayırdılar. "Lakin Bakı həyatı mənimçün daha yaddaqalan idi"- deyir. İndi ömrünün ahıl çağlarında əliylə saçlarını arxaya çəkən peşəkar yazıçı şəhərin Ketsxoveli küçəsində yerləşən 171 saylı orta məktəbini bitirib. Bu məktəb "xuliqan uşaqların məktəbi" adını almışdı.

Eduard Topol şövqlə danışır ki, bizim məktəbdə müxtəlif millətlərin nümayəndələri təhsil alırdı. Rüstəm və Maqsud İbrahimbəyov qardaşları da Topolla eyni məktəbdə təhsil alırdılar.

Yazıçı danışır ki, hər bazar ertəsi günü birinci dərsdən qaçar və Nizami kinoteatrına filmlərə baxmağa gedərdik. Kinodan çıxdıqdan sonra isə Dənizkənarı bulvarda gəzişərdik . Topolun yazdığı detektiv trillerlərə qiymət verən tənqidçilər onun "bulvar yazıçısı" olmasını da xüsusi qeyd edirlər.

1938-ci ildə Bakıda anadan olan yəhudi yazıçısı Bakı Dövlət Universitetini və Moskva Kinomatoqrafiya İnstitutunu bitirib. Ötən əsrin 60-cı illərində “Sosialist Sumqayıtı ”, “Bakinski raboçiy” qəzetlərində müxbir qismində çalışıb ,daha sonralar isə “Komsomolskaya pravda ”və “Literaturnaya qazeta” ilə əməkdaşlıq edib.

60-cı illərdə Sibirdə neft kəşf edən azərbaycanlı Fərman Salmanov haqqında “Komsomolskaya pravda” qəzetində yazdığı 3 böyük oçerk bütün Sovetlər İttifaqında həvəslə oxunurdu. O deyir ki,1978-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirətə yollanması arzularının puç olması ilə bağlı olub.

Onun ssenarisi əsasında çəkilmiş iki filmin nümayişinə qadağa qoyurlar. Onu Moskva qeydiyyatına götürmürdülər. Topol Bakı qeydiyyatı ilə 12 il Sovetlər İttifaqının paytaxtında “bomjlar” kimi yaşayır. Bu isə bir cənub şəhərindən olan yazıçının mənzil almasına problem yaradırdı.

Viza almasına baxmayaraq, yolüstü 3 ay İtaliyada qalan ( hərçənd 3 ay müddətini yolüstü saymaq mümkünsə ) Topol əlində saxladığı maddi vəsaitini xərcləyib qurtarır. Xeyirxahlar tapılır və onlar çətin duruma düşmüş bakılı yəhudiyə əl tuturlar.

Bu müddətdə İtaliyada boş durmayan Eduard Topol İtaliyada yaşayan rus mafiyası haqqında xeyli material toplayır. Amerikada beş il yaşadıqdan sonra ona vətəndaşlıq verilir. Topol ilk illərdə burada “Rus mafiyası ovu” sənədli romanını bitirir. Bu əsəri yazmaq üçün ona mövzunu FTB əməkdaşları olan Qrinenko və Moşşelo vermişdi. Bu iki agent daha çox mühacirətdə yaşayan rus kriminalları ilə məşğul olurdular.

Qrinenko hər şeylə diqqətlə maraqlanan detektiv yazıçıya rus mafiyasının italyan mafiyasından daha təhlükəli olmasını belə izah edirmiş;

- Sən başa düşürsənmi Topol, italyan mafiyası Amerikaya rus mafiyasından əvvəl axışsa da, italyanlar primitiv və savadsız quldurlardan ibarət olublar. Sizinkilər isə ( yəni rus mafiyası) əksər hallarda ali təhsil almış adamlardır. Bu mafiya nə etdiyini gözəl bilir. Məsələn, siz Amerikaya gələnə qədər kimsə , benzinə su əlavə etməyi ağlına belə gətirmirdi.

90-cı illərin sonlarına yaxın pul və şöhrətin bəxş elədiyi sakit və məmnun bir həyat yaşayan Eduard Topola Amerika həbsxanasından telefon zəngi gəlir. Danışan , rus mafiyasının xaç atası “Yaponçik ” ləqəbli Vyaçeslav İvankov idi. İvankov 1992-ci ildən Amerika Birləşmiş Ştatlarında yaşayır və 1995-ci ildə Amerikada həbsə atılmışdı.

“Yaponçik” Eduard Topoldan onun haqqında kitab yazmasını və bu kitabda onun siyasi dissident kimi təsvir edilməsini istəyirdi. Amma o ,yazıçıdan imtina cavabı alır. Topol “Amerikanın səsi” radiosuna müsahibəsində imtinanın səbəbini Yaponçikin taleyini bilməməsi və onun heç bir siyasi dissident portretinə uyğun gəlməməsiylə əsaslandırır.

ABŞ-da yaşadığı ilk illərdə yazmış olduğu “Qızıl Meydan” əsərini çap elətdirmək üçün pay-piyada Nyu-Yorkun 28 nəşriyyatını gəzir. Hamısından da imtina cavabı alır. Heç bir nəşriyyat bu kitabın nəşrinə razılıq vermək istəmirdi. Yalnız Londonda kitab çap edilib cəmi iki həftə ərzində bestsellerə çevrildikdən sonra Amerika nəşriyyatları “Qızıl meydan” romanının nəşr olunma hüququnu yazıçıdan almaq üçün dəridən-qabıqdan çıxmağa başladılar.

“ Brejnev üçün jurnalist”, “Rusiya yataqda”, ”Aşiq olmuş Dostoyevski ” və başqa romanları kommersiya xarakterli ədəbiyyat nümunələri olsa da, Topol bu əsərlərin satışından yaxşıca varlanır ,həm də əməlli-başlı şöhrət sahibinə çevrilir.

ABŞ-ın insanın öz imkanlarını reallaşdırması baxımından əlverişli bir ölkə olduğunu dönə-dönə vurğulayan Eduard Topol bu böyük və demokratik dövlətdə yaşamağın özünə xas cəhətləri haqqında da hər zaman söz açır;“30 il əvvəl Kvinsdə bir amerikalı mənə izah etdi ki, Amerikanı bir ölkə kimi anlamaq istəyirsənsə , diqqət et, gör,buraya yaşamağa kimlər üz tutur. Quldurlar,avanturistlər,həbsxanadan qaçanlar və uğursuz adamlar. Onlar bu ölkəyə özlərini sübut etmək üçün gəlirdilər. İndi gələnlər isə Amerika dolları qazanmağa gəlirlər. Hindistandan gələnlər,özlərinə mebel almırlar,doyunca yemirlər,əlavə heç nəyə pul xərcləmək istəmirlər. Onların bir şüarı var. Mümkün qədər çox qazanmaq, az xərcləmək və vaxt yetişəndə vətənlərinə dönmək”.

Eduard Topolun kitabları milyonlarla tirajla dünyanın bir çox dillərinə çap edilib. Lakin o, əsas yaradıcılıq uğurlarını Amerikada qazanıb.O deyir ki, mən amerikalı oxucuya əsərlərimdə Rusiya haqqında geniş məlumat verirəm. Mən öz oxucu auditoriyam üçün maraqlı bir bələdçiyəm.

Buna görə,Qərb oxucusu Rusiyanı tanımaq üçün Topolun kitablarına üz tutur.Hazırda Eduard Topolun Nyu-Cersi ştatında və Moskvada mənzili var. O, Moskvadakı mənzilində də çox işləyir. Topol belə düşünür ki, dünyada yaradıcılq ilhamı deyilən bir anlayış yoxdur. Çalışmaq və yaratmaq insanın özünün qarşısında qoyduğu məsuliyyət deməkdir. Bakılı Topolun sözlərinə görə ,o əgər yazmasa və çalışmasa, özünə qarşı hörmət hissini də itirə bilər.

Eduard Topol kitablarını daha çox səhərlər işləyir. O deyir ki,səhərlər insanda saf enerji olur ,bu isə adamı yaradıcılığa səsləyir.Nyu-York yaxınlığında Lonq-Aylend deyilən yerdə “Alenuşka”adlı kempinq var. Bu yer Topola rus təbiətini xatırladır. O, əksər romanlarını bu yerdə qələmə alıb. Burada nə televizor ,nə də telefon var. Deməli, Topola mane olan heç nə yoxdur. O dayanmadan və məhsuldar işləyir. Hərdən qonaqları da gəlir-bunlar marallar ,dovşanlar və dələlərdir.

Eduard Topol ikinci arvadı Yuliya ilə tanış olmasını sirr deyil, “yazılmamış roman” adlandırır. İkinci dünya müharibəsində sonra ABŞ-da qalan babasını görməyə gələn Yuliya burada Eduardla rastlaşır. Bundan sonra onların arasında məhəbbət əlaqəsi qurulur.

Bakılı yazıçının 60 yaşı olarkən bir oğlu dünyaya gəlir. O, ailəsini çox sevir. Amma bununla yanaşı yaradıcılığına daha çox zaman ayırır. Özünün dediyinə görə, qadınlar üçün yazıçı ilə yaşamaq heç də ürəkaçan məşğuliyyət deyil.

2011-ci ildə Bakıya gələn Eduard Topol burada sinaqoqa getmiş və doğmalarının məzarlarını ziyarət etmişdi. O deyir ki, babam yəhudilərin dini etiqadlarına ciddi əməl edirdi və mən də istəyirəm ki, oğlum da öz dininə hörmət eləsin .O, bütün bunları ona görə edir ki, uşaqlıq zamanı Ukraynada yaşadığı illərdə yəhudi mənşəyinə görə qonşu uşaqlar tərəfindən təhqir olunmasının, döyülməsinin acısını çox çəkib.

Bir dəfə jurnalistlər bizim bakılı Topola belə bir sual vermişdilər ki, axı, siz nə üçün siyasi detektiv yazmağa başladınız. Və bir sual da vermişdilər ki,sizin yaradıcılığınızın uğurlu olmasının sirri nədədir? Yəhudi yazıçı yarızarafat ,yarıgerçək demişdi:

-Siz istəyirsiniz ki, mən bütün yaradıcılıq uğurlarımın sirlərini sizə danışım. Axı, niyə danışmalıyam? Bir milyon dollar verin deyim sirlərimi. O ki qaldı siyasi detektiv yazmağımın səbəblərinə-həyat məcbur elədi. Dolanmaq lazım idi.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm