Fransada “Azərbaycan – Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı olub
Bizi izləyin

Yazarlar

Fransada “Azərbaycan – Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı olub

Fransada “AzərbaycanCənubi Qafqazın lider dövləti” adlı kitabın təqdimat mərasimi keçirilib.

“A2Cmedia” nəşriyyatı tərəfindən çap olunan kitabın tərtibçiləri Paris-1 Panteon Sorbon Universitetinin fəxri sədri, Beynəlxalq Geosiyasət Akademiyasının prezidenti, Parisin V rayonu merinin müavini professor Jak Soppelsa və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovdur. Jak Soppelsanın rəhbərliyi ilə nəşr olunan 190 səhifəlik məqalələr toplusundan ibarət kitabın ön sözünün müəllifi Fransanın ölkəmizdəki sabiq səfiri Bernar Dorəndir. V rayonunun meriyasında keçirilən təqdimat mərasimini açan Jak Soppelsa Cənubi Qafqazın lider dövləti Azərbaycana Fransada böyük marağın olduğu nəzərə alınaraq belə bir kitabın nəşrinə zərurət yarandığını söyləyib. O, qədim və zəngin tarixə malik Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb.

J.Soppelsa Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın bir çox beynəlxlaq təşkilatlara üzv olmasından və iqtisadiyyatının sürətlə inkişaf etməsindən də söhbət açıb. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov demokratik və dünyəvi ölkəmizin qədim sivilizasiyanın beşiyi kimi Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu qeyd edib.

O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik quruluşlu dövlət olduğunu, qadınlara seçib-seçilmək hüququnun verildiyini, lakin bu dövlətin cəmi 23 ay yaşadığını diqqətə çatdırıb. Azərbaycanın yalnız 70 ildən sonra öz müstəqilliyini bərpa etdiyini, ilk illərdə iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini bildirib. Səfir 70 illik totalitar rejimdən xilas olan Azərbaycanda ötən əsrin 90-cı illərinin ortalarından sabitliyin bərqərar olunduğunu, ölkənin iqtisadi inkişaf yoluna qədəm qoyduğunu, qısa vaxtda dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artdığını bildirib. Azərbaycanın BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara tamhüquqlu üzv olduğu, yeraltı sərvətlərinin dünya bazarına çıxarılması sayəsində iqtisadi imkanlarının artdığı, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatında xeyli irəliləyişlər əldə edildiyi, bu inkişafın ölkə iqtisadiyyatının modernləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb. Fransanın regionda Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan E.Əmirbəyov orbitə çıxarılan Azərbaycan peykinin bu əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Səfir Fransa Prezidenti Fransua Ollandın Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfərlərinin iki ölkə arasında mövcud əlaqələrin inkişafı istiqamətində mühüm addımlar olduğunu söyləyib.

O, Fransanın Azərbaycanla ticarət dövriyyəsində mühüm tərəfdaş olduğunu vurğulayıb. Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat uzun illər davam edən münaqişənin danışıqlar yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirib. Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığından bəhs edən Fransanın İqtisadi, Sosial və Ətraf Mühit Şurasının sabiq üzvü, Paris Beynəlxlaq və Siyasi Elmlər İnstitutunun professoru xanım Patrisya Mamet Azərbaycanın Avropa təsisatları ilə əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Avropa İttifaqı ilə əməkdaşlığından söhbət açıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanov kitabda toplanmış məqalələrdə bəhs edilən məsələlər barədə məlumat verib. Kitabda J.Soppelsanın “Cənubi Qafqazın geosiyasəti – Azərbaycan güc münasibətlərinin mərkəzində”, “Azərbaycan və “yumşaq güc”: idmandan humanitar Davosa”, T. Qurbanovun “Ermənistan - Azərbaycan münaqişəsinin hüquqi aspekti tərəflərin nöqteyi-nəzərində”, BMT-nin İnformasiya İdarəsinin sabiq direktoru səfir Hassen Fodhanın “Azərbaycan-BMT münasibətləri: beynəlxalq sülh və əməkdaşlıq naminə əməkdaşlıq”, Beynəlxalq Geosiyasət Akademiyasının üzvü, siyasi elmlər doktoru Karol Blijsverdin “Azərbaycan və enerji çağrışları: neft zənginliklərindən alternativ enerjiyə”, Paris Şərqi Kretey Universitetinin idarəetmə və beynəlxalq mübadilələr fakültəsinin dekanı professor Jan-David Avenelin “Azərbaycanın iqtisadiyyatı: müasir vəziyyət və perspektivlər”, Patrisya Mametin “Azərbaycan və Avropa institutları: gələcək inteqrasiya naminə hüquqi və təşkilatı islahatlar” və Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “Azərbaycan: İpək yolu üzərində dövlətçilik ənənəsinin zəngin tarixi” məqalələri toplanıb. Qeyd edək ki, qondarma erməni soyqırımının “100 illiyi” ərəfəsində daha çox təxribat törətməklə fəallaşan ermənilər bu tədbirdə də belə əməllərindən çəkinməyiblər.

Fransadakı erməni diasporunun təqdimatda iştirak edən nümayəndələrindən biri ölkəmizin tarixinə kölgə salmaq məqsədilə təxribat xarakterli sual verib. Səfir E.Emirbəyov bu suala faktlar əsasında tutarlı cavab verib və erməni tərəfin əsassız iddialarını ifşa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm