"27 ildən sonra" - bu, bir tarixdir
Bizi izləyin

Yazarlar

"27 ildən sonra" - bu, bir tarixdir

"27 ildən sonra" - bu, bir tarixdir

Yazıçı Cəlaləddinin “27 ildən sonra” kitabını oxuyarkən

(Eyni adlı kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” uluslararası kompaniyasına ithaf olunur.)

XX yüzilin ən dəhşətli qətliamlarından olan Xocalı faciəsi ilə bağlı son illər aparılan məqsədyönlü və geniş çalışmalar sonucunda bütün dünyada bu soyqırımı barədə obyektiv fikir, dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe isə Azərbaycan dövlətinin, xüsusilə də ölkə Prezidenti İlham Əliyev cənablarının titanik fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir. Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun, həmçinin Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü böyük işlər isə ildən-ilə genişlənməkdədir. Soyqırımı ilə bağlı son illər bir neçə bədii əsər yazılıb, kitablar nəşr olunub.

Bu kitablardan biri də istedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, CƏLALƏDDİNin “27 ildən sonra” kitabıdır. Yazıçının bildirdiyinə görə bu kitabı yazmaqda məqsədi havadarlarının köməyi ilə zaman-zaman xalqımıza qarşı soyqırım aktları, deportasiyalar həyata keçirmiş mənfur qonşularımız olan hayların (erməni millətçilərinin) təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə yönəlik əməllərini bütün dünyaya bəyan etmək, baş vermiş dəhşətli faciənin miqyasını və detallarını göstərmək, gənc nəslə tariximizi dərindən öyrətmək, onları başımıza açılan oyunlardan agah etmək və bir daha düşmən hiyləsinə inanmamağa çağırmaqdır.

“27 ildən sonra” kitabında müəllifin iki əsəri “Silinməyən ləkə” və “24 ilin ölüsü” adlı romanları yer alıb. Hər iki əsərdə məmləkətimizin, sadə insanlarımızın başına açılan dəhşətli hadisələrdən bəhs olunur. Əslində həm də bir-birinin davamı olan hər iki əsərdə ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasətin mahiyyəti gerçək həyat həqiqətləri ilə qələmə alınıb.

Onu qeyd etmək lazımdır ki, hər iki romanda müəllif öz iş təcrübəsi ərzində, topladığı, o cümlədən ermənilərin özündən əldə edə bildiyi məxfi məlumatlardan da ustalıqla istifadə edib. Yazıçı CƏLALƏDDİN hər iki romanda öz maraqlı ədəbi təhkiyyəsi ilə dolğun obrazlar yaratmaqla yanaşı həm də oxucunu arxası ilə apararaq, az qala hadisələrin canlı şahidinə çevirməyi bacarıb... 1992-ci ildəki anarxiya, qarşıdurma, vətəndaş müharibəsi ilə üz-üzə dayanan Azərbaycanın parçalanma təhlükəsi, mili ordunun olmaması, könüllü özünü mü¬dafiə dəstələrinin bir bir-biriylə konfliktdə olması da göstərilib. Bu konfliktdən ermənilərin istifadə etməsi, 20 faiz torpaqların alınması hərtərəfli surətdə əsərdə əks olunub.

Xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı, nizami ordu quruculuğu, Azərbaycanı parçalamaq istəyən qüvvələrin darmadağın edilməsi də əsərdə dolğun həyat həqiqətləri və gerçək mənzərələrlə öz ifadəsini tapıb. Əsərdə eyni zamanda ermənilərin təxribatı nəticəsində 1992-ci ildə “Talış-Muğan Respublikası ” yaradılması təhlükəsi, “sadvalçı” çevriliş etmək cəhdi və bütün bunların erməni lobbisi tərəfindən maliyyələşdirildiyi bədii-tarixi lövhələrlə aşkara çıxarılıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti aydın dillə qələmə alınıb. Əsərdə o da göstərilib ki, Azərbaycan bu gün dünya dövlətləri tərəfindən düzgün, layiqli mövqedən tanınır və söz sahibidir.

Bu gün dünya ictimaiyyəti ermənilərin, Ermənistan dövlətinin necə terrorist olduğunu görür. Bununla belə, 2015-ci ildə dünya erməniləri (erməni diaspor və lobbi gücləri) qondarma “erməni soyqırımı”nın saxta 100 illiyinə hazırlaşır. Ermənilər qondarma “erməni soyqırımı” haqqında yüzlərlə film çəkmişlər. Son illər ermənilər Sumqayıt hadisələri ilə bağlı 6, Qarabağ müharibəsi ilə bağlı 30 film çəkmişlər..! Ermənilər dünya ictimaiyyətinə özlərini soyqırıma, terrora, blokadaya, diskriminasiyaya məruz qalmış (habelə... qədim mədəniyyətə sahib) yazıq xalq kimi gostərməkdədirlər.

Bu baxımdan, “27 ildən sonra” kitabı ermənilərin özlərindən də alınmış məlumatlar əsasında yazılmış, erməni terrorunun bütün detallarını, açıqlamış əsər olaraq, xüsusi diqqət cəlb edir... “27 ildən sonra” kitabının qəhrəmanı Səlim 1967-ci ildə Xocalıda anadan olub. O hərbi xidmətə çağrılır və sovet ordusu sıralarında Əfqanıstana göndərilir. Səlim yüksəklikdə minalanmış bir ərazini gözləyərkən BQXC-nin maşınının həmin əraziyə yaxınlaşdığını görüb, onları həmin təhlükəli ərazidən uzaqlaşdırır. Lakin BQXC-nın işçisi Covanninin həyatını xilas edə bilmir. Mina partlayarkən BQXC-nın işçiləri və Səlim sifət nahiyəsindən yaralanır. Və Səlimi Covanni bilərək onu ağır yaralı halda Almaniyaya müalicəyə göndərirlər. Əvəzində BQXC-nin işçisi Covanninin tikə-tikə olmuş meyidini Səlim bilərək dəfn üçün Xocalıya göndərirlər... Səlimin uzun sürən müalicəsindən sonra yaddaşı pozulur.O, 27 il BQXC-da Covanni adı ilə çalışır. 27 ildən sonra BQXC-nın xətti ilə Qarabağa – oradan da Xocalıya yardım aparır. Anadan olduğu yerdə bulaqdan su içərkən yaddaşı özünə qayıdır. Nəhayət, ...dağıdılmış Xocalı qəbiristanlığında rus əsgəri paltarında öz başdaşını, qəbrini görür.Sonra Xocalıda öz evlərinə gələrək uşaqlıq illərini xatırlayır. - Qardaşlarının, ata-anasının necə ölməsini, Xocalının necə işğal olunmasını öyrənir... hadisələr bu süjet üzrə - daha da dramatikləşərək, gərəkdikcə “açılma”, gərəkdikcə “düyünlənmə” məqamlarına çataraq, finala gedir...

Oktay Hacımusalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm