Şiəliyi təbliğ etdi, Türkiyədə ən çox oxunan müəllifə çevrildi – FOTO - VİDEO
Bizi izləyin

Yazarlar

Şiəliyi təbliğ etdi, Türkiyədə ən çox oxunan müəllifə çevrildi – FOTO - VİDEO

Ona "Mövlana ulduzu" adı veriblər. O, özü də deyir ki, kitablarımın uğur qazanmasının səbəbkarı mən deyiləm-“Bunun hikməti Şəmsdədir”.Türkiyənin haqqında ən çox danışılan ədəbiyyat fiquruna çevrilib o.

Ona "Mövlana ulduzu" adı veriblər. O, özü də deyir ki, kitablarımın uğur qazanmasının səbəbkarı mən deyiləm-“Bunun hikməti Şəmsdədir”.Türkiyənin haqqında ən çox danışılan ədəbiyyat fiquruna çevrilib o.

Türkiyədə bu gün kiminləsə ədəbiyyat və uğurlu romançılıq haqqında danışmaq istəsəniz, qarşınızdakılar birinci növbədə ondan söz açacaq- Sinan Yağmurdan.

Bu gün yüz minlərlə türk oxucusu Sinan Yağmurun qələmindən tökülən Eşq yağmuru ilə islanıb. 1965-ci ildə Xoylu Əxi Evrənin şəhəri sayılan Kırşəhərdə dünyaya göz açıb. Konyada yaşayır. Onun tənəffüs orqanları Mövlananın ruhu dolaşan şəhərin mədəniyyət və əxlaqi dəyərlərlə dolu havasını udur.

Yazmış olduğu “Eşqin göz yaşları, Təbrizli Şəms” romanı 2010-cu ilin ən çox satılan kitabı oldu Türkiyədə.

2011-ci ildə yazdığı “Eşqin göz yaşları, Həzrəti Mövlana” əsəri çapa getməzdən qabaq yüz minlərlə sifariş aldı.

Yalnız bu iki kitab yeddi milyon tirajla çap olunub Türkiyədə. Sinan Yağmurun uğurlarından həvəslə söz açanlar beş milyon tirajdan artıq pirat nəşrlərin çap olunduğunu da qeyd edirlər.

Vergidən yayınaraq gizli yolla çap edilən bu tipli kitablara Türkiyədə “korsan ədəbiyyatı” deyirlər. Türkiyənin məşhur detektiv yazıçısı Əhməd Ümid Balıkəsirdə oxucularla görüş keçirərərkən bir oxucu onun müəllifi olduğu kitaba avtoqraf istəmişdi. Kitabın pirat nəşri yolu ilə çap edilməsi aşkar edildi. Yazıçı oxucunun qəlbini qırmadı və pirat kitabı da imzaladı.

Sinan Yağmurun, qeyd etdiyimiz kimi, beş milyondan artıq pirat nəşri yoluyla kitabları çap edilib. O deyir ki, mənim dərdim pul dərdi deyil. İstərdim ki, oxucularım daha çox olsun.

Konyada din mədəniyyəti dərsləri verən adi bir müəllim deyir ki, ilk dəfə 1984 –cü ildə Mövlananı yuxuda görüb -“O zamana qədər, mən Mövlananın adını belə eşitməmişdim. O, yuxuda “Məni yaz dedi” . Bu ilk müjdəydi. Yazmaq üçün yaşamaq və yanmaq lazımıydı. O zaman ilahiyyat fakültəsinin tələbəsiydim. Konyaya gəldim və dua edərkən “Ya rəbb, sən mənə Mövlana şəhəri olan Konyada yaşamağı və son nəfəsimi də bu müqəddəs şəhərdə verməyi nəsib et!! dedim. Duam qəbul olundu. Beləcə, Mövlananın və Şəmsin dərgahına getdim. Kitabxana və arxivlərdə təsəvvüfə aid nə vardısa, hamısını oxudum. “Eşqin göz yaşları”nı yazmaq üçün yavaş-yavaş xeyli mənbələr topladım.

Sinan Yağmur bəzi alimlərin, köşə yazarlarının, özünü təsəvvüf bilicisi kimi təqdim edənlərin Mövlanadan yeri gəldi-gəlmədi söz açmalarından, Mövlana mövzusunun, Mövlana deyimlərinin şoulaşmasından narahatlığını da gizlətmir. O, Türkiyə qəzet və jurnallarında, televiziya proqramlarında Mövlananın az qala melanxolik və buddist bir şair kimi təqdim edilməsini görüncə “Eşqin gözyaşları”nı yazmağa qərar verdiyini söyləyir. O deyir;

-Mən Qurani-Kərimin köləsiyəm, Həzrət Məhəmmədin ayağının tozuyam. Bundan savayı Mövlanadan kim söz nəql edərsə, mən ondan şikayətçiyəm. Mən Həzrəti Mövlanadan bəhs edən “Tənnurə və atəş”i 2004 –cü ildə yazdım.

Daha sonralar 2010 və 2011 –ci illərdə isə “Eşqin göz yaşları”nı, bu nəhəng islam aşiqlərinin həyatından bəhs edən kitabların çapına, ilk vaxtlarda heç bir nəşriyyat yaxın durmaq istəmirdi. Lakin öz şəxsi vəsaiti hesabına “Eşqin göz yaşları, Şəms Təbrizi” kitabını çap etdirdikdən sonra kiçik zaman kəsiyində kitab görünməmiş sürətlə satılmağa başlandı.

Bir il ərzində 390 dəfə təkrar çap ediən əsərin satış tirajı iki milyonu keçdi. Türkiyədə nəşriyyatların çap etmək istəmədiyi “Eşqin göz yaşları, Şəms Təbrizi” Türkiyə və Avropada ən çox satılan kitab oldu. Bu kitabın sayəsində “Tənnurə və atəş”in də 2011-ci ildə satış rəqəmi 300 min tirajı haqladı. 2004-cü ildə yazılan “Tənnurə və Atəş”, çap edildiyi ildə cəmi üç min nüsxə satılmışdı.

Türkiyə mediası Sinan Yağmurdan sehrli satış uğurlarının sirrini soruşduqda, cavabı belə olmuşdu;“Kitablarımın belə sürətlə və böyük tirajla satılmasının sirri və hikməti Sinan Yağmurda deyil, Şəmsin bərəkətində, Mövlananın himmətində və Allahın hidayətindədir“.

Onun heç bir kitabının indiyəcən reklam kampaniyası aparılmayıb. Amma Türkiyədə insanlar bu kitabları su kimi içirlər. ”Eşqin göz yaşları“ kitabının motivləri əsasında çəkiləcək filmin hazırlıqlarına da başlanıb.

Sinan Yağmur deyir ki, filmdən əldə edəcəyi qazanca atasının şəhərində, Kırşəhərdə yaratmaq istədiyi Mövlana Məktəbinin tikintisinə bağışlayacaq.

Təsəvvüf yazıçısı danışır ki, onun məqsədi bir yazıçı kimi heç də gəlirlərini və populyarlığını artırmaq deyil. “Ona qalsa, indiyədək 600 konfrans vermişəm. Hər konfransdan min lirə alsaydım, indi xəzinəmdə 600 min lirə vard. Şəxsi borclarımdan altı aydır qurtarmışam. Bəzən elə olurdu ki, işıq pulunu vaxtında keçirə bilmədiyimdən elektrik xəttimi kəsirdilər. Dəvət edilən bölgələrdə, tələbə yataqxanalarında qalırdım. Bu mənə daha xoşdur.”

Bu günədək bu təvazökar və imanlı türk yazıçısının 26 kitabı çıxıb. Kitablarını sadə karandaşla yazır. Deyir ki, ”Kimya xatun”romanını iki yarım sadə karandaşla yazıbmış. Yarımçıq qalmış karandaşını isə adıçəkilən kitabın imza günündə bir oxucusuna bağışlamışdı.

Sinan Yağmuru bəyənməyənlər də az deyil Türkiyədə. Onlar Şəms Təbrizi mövzusunun və Şəms Təbrizi düşüncəsinin Türkiyə mədəniyyətində belə şövqlə işıqlandırılmasıyla barışmır və Sinan Yağmuru təsəvvüf adı altında şiəliyi təbliğ etməkdə günahlandırırlar. “İsmailağa camaatı” deyilən dini icma kəskin və ittihamedici çıxışlarla onu Müaviyəni düşmən kimi təqdim etməsini həzm edə bilmir.

Onların düşüncəsinə görə, Sinan Yağmur yazmış olduğu “Eşqə yolçuluq, Veysəl Qarani” kitabında Əbu Süfyan ibn Müaviyə elə aşağılanır və elə pis qələmə alınır ki, kitabı oxuyan Müaviyəni “din düşməni” adlandırmaqdan özünü saxlaya bilmir.

Sinan Yağmura şöhrət yağmuru yağan bu illər ərzində verilən suallardan biri də bu olub ki, Mövlana çəkisində Əhmədi Gülşəhri, Aşıkpaşa, Seyid Bürhanəddin, Əxi Evrən və Şeyx Qalib kimi təsəvvüf böyükləri də olub. Amma səbəb nə olub ki, onlar Mövlana qədər təbliğ olunmurlar?

O, öz düşüncəsinə görə belə hesab edir ki, Mövlana insanları xoş münasibətə və sevgiyə dəvət etdiyi üçün sağlığında da insanlar axın-axın ona tərəf gediblər, o öz dövründə qapısını hər kəsə açıq tutduğu üçün ən çox dərvişi olan mürşid sayılırdı.

Mövlana və Şəms Təbrizi haqqında yazdığı kitablara başlamaq üçün, öz təbiri ilə desək, quyuya su doldurmaq üçün bütün dini camaatların toplantılarına qatıldı, Məzari-Şərifə gedib Talibanla burun –buruna dayandı.

İndi Sinan Yağmur Türkiyənin bütün kitab satışı siyahılarına liderlik edir. Bu Türkiyə də çox qəribə ölkədir vallah, bir qisim insanlar var onu tanımırlar, bir qisim insanlar isə onun kitabları ilə yatıb dururlar.

Özü isə “Habertürk” televiziya kanalında efirə çıxan “Müqəddəs yolçuluq ” proqramında çıxış edərək belə deyir; ”Mayamız, yaradılışımız eşqdir. Eşqi olmayanın imanı olmaz, imanı olmayanın ibadəti olmaz, ibadəti olmayanın da ehsanı olmaz.”

Deyirəm də Mövlana sevgisinin ən yüksək eşq həddinə çatdığı bu Türkiyə şirin və maraqlı bir ölkədir. Adam ehtiyat edir ki, birdən bu sevgi də mövsümi olar.

Bir ehsanı da buyurun, baş nazir Rəcəb Tayyib Ərdoğan məşhur ilahiyyatçı alim Yaşar Nuri Öztürkə verdi. Onun “Shou TV”- də- iştirak etdiyi verilişi bağlatdırmaqla. Anlamaq olmur, bu zehniyyətlə Türkiyəni Avropa Birliyinə qəbul etdirmək mümkün olacaqmı?

Məqamlar üst-üstə düşdü. Bu xəbəri oxumazdan əvvəl, hazırlaşırdım Yaşar Nuri Öztürkdən yazmağa...

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm