Şalvarın balağı uzandı…
Bizi izləyin

Yazarlar

Şalvarın balağı uzandı…

Qiyas Quliyev

… Ev telefonunun uzun zəngi eşidildi. Dəstəyi qulağıma yaxınlaşdırdım. Danışan Bakı şəhərində yaşayan bacım qızı idi

-Dayı məni eşidirsən?
- Eşidirəm bala, çox aydın eşidirəm. Səsində qəmginlik duyulur, nə olub?, xeyir olsun!

- Dayı, sənin məsləhətinə ehtiyacımız var,-ərinin adını çəkdi- o istəyir ki, əgər mümkünsə, bizə Bakıya gələsən. Bilirəm, sənə uzaq yol getmək çətindir, ancaq bizə çox lazımsan.
- Çətinlikdən keçibdir daha, gələrəm, mənim balam, gələrəm, narahat olma.

- Qadan ürəyimə, ay dayı, böyüyümüzsən, başımızın tacısan. …

Qarı ilə sağollaşıb yola düşdüm. Son zamanlar yaman kövrəkləşmişdim. Uşaq anasından ayrı dura bilmədiyi kimi, mən də onun yanından kənara dura bilmirdim. Zarafat deyil ha, əlli ildir bir damın altındayıq.

Yolda xəyalım məni gah keçmişə, gah da gələcəyə aparırdı. Keçmiş çox uzaqda, gələcək isə lap yaxında idi. Keçdiyim ömür yolu dünyanın hər üzünü göstərmişdi mənə. Hər şeyin sonuna az qalmışdı. Bir anlıq kövrək xəyallar içərisində duyğulanmışdım;- Ay mehriban anam, ey müqəddəs atam, yanınıza gəlməyə tələsirəm. Yenə də hər şey yalnız uca Yaradanın təqdiri ilə olur. Zaman ən böyük hakimdir, uğur çözümü səbrdədir deyib müdriklər. Tələm-tələsik, düşünmədən, fikirləşmədən iş görmək, çox vaxt fəlakətlə nəticələnir.

Artıq bacım qızının mənzilində idim. Onlar iyirmi mərtəbəli evin on altıncı mərtəbəsində yaşayırdılar. Mənzilləri dördotaqlı idi. Geniş otaqları vardı. Mənzildə iki ayrıca hamam və iki tualet vardı. Belə ki, bu hamam və tulaten biri ancaq qonaqlar üçün nəzərdə tutulmuşdu. Bacımqızıgilin ailəsi cəmi üç nəfərdən ibarət idi-əri, özü və bir də Neft Akademiyasının sonuncu kursunda oxuyan oğlu.

Bacım qızının təkidiylə duşa girməyə razılaşdım. Vanna otağına yaxınlaşdım. Qapı avtomatik açıldı. Duşu işə saldım, ingilis dilində səs eşidildi, mətbəxdə çay hazırlayan bacıqızı izahat verdi ki, duş səni salamlayır, sərbəstlik arzulayır. Duş əməliyyatı başa çatdıqdan, suyu dayandırdıqdan sonra, dəsmalla qurulanarkən yenə də ingiliscə səs eşitdim:- “həmişə təmizlikdə, gümrah olun!”.
Qapının zəngi eşidildi. Bacım qızı ekranlı dəstəyi qaldırdı, ərinin əksi ekranda göründü. Qapı açıldı, o içəri daxil olub mənimlə görüşdü, əlimdən öpdü. Bir xeyli hal-əhvaldan sonra dəvət edilməyimin səbəbini soruşdum.

Bacım qızının əri suala sualla cavab verdi:

-Heç soruşmursan nəvəm hardadır? Baş götürüb gedib Pakistana.
-Pakistanda onun nə iti azıbdır?

Kişi yazıq bir görkəm alıb dedi:

- Dayı, onun iti azmayıb ey, onu Pakistana iy bilən tula kimi azdırıblar.

Danışıq uzun çəkdi. Mənə tam aydın oldu ki, uşaq vəhhabilərə qoşulub, vəhhabilik ideyasının təsiri altına düşüb. Nəticədə Pakistana gedib, oradan da Əfqanıstana-taliban mücahidlərinə köməyə yollanacaqdı. Düşərgələri Pakistanın ən böyük əyalətlərindən olan Bəlucistanda yerləşirdi. Tarixən çox qədim olan Bəlucistan ərazisi Pakistanın cənub qərbi, Əfqanıstanın cənubu və İranın (burada Sistan-Bəlucistan ostandarlığı inzibati ərazisi adlanır) cənub şərq ərazilərini əhatə edir və əhalisinin əksəriyyəti də bəluclardan ibarətdir. Pakistanda 7 milyon, İranda və Əfqanıstanda (Nimruz vilayəti) isə hərəsində 1 milyon bəluc yaşayır. Axırıncı müstəqil dövlətləri 1758-1795 ci illərdə mövcud olmuş Bəlucistan xanlığı olmuşdur.

Taliban döyüşçülərinin təlim düşərgələri məhz Pakistanın bu əyalətində cəmləşməklə bir çox terror təşkilatlarının əsas məskəninə çevrilmişdir. Belə terror təşkilatlarından biri də sünni hərəkatı sayılan “Cund Allah” -yəni Allahın ordusu, əsgəri təşkilatı Əfqanıstanda yerləşən ABŞ və NATO hərbi kontingentinə qarşı vuruşurlar.

- Əzizim, sizin nəzarətdən qaçırdığınız oğlunuz da çox ehtimal ki, həmin bu “Cund Allah”da xidmət etməyə göndərilmişdir. Oğlunuzun durub-oturduğu yoldaşları haqda məlumatınız varmı?

- Onun ən yaxın dostu həmkəndlimiz Allahyarın oğul nəvəsi Alimdir. Neçə illərdi ki, Moskvada yaşayırdı. Üç il bundan əvvəl Bakıya gəlib. Şirkətlərin birində kompüter mütəxəssisi kimi çalışır. Elə oğlumuzdan məktubu da bizə o çatdırıb.

Məktub qısa və aydın idi;

-“Mən Pakistandayam, narahat olmayın, tək olan Allaha qulluq edirəm. Allah məni öz himayəsində saxlayır. Əziz atam, mehriban anam haqqınızı halal edin, əllərinizdən öpürəm!”.

Oğlunuzun xəttidirmi?- deyə soruşdum. Onlar başları ilə təsdiq etdilər, lakin, məndə bir şübhə yarandı. İndiki texnika və kompüter aləmində nəinki xətti, hətta səsi də eyni adamın səsi kimi canlandırmaq olur. Beynimdə qaynaşan bu fikirləri onlara bildirmədim. Allahyarın nəvəsi Alimlə görüşməyi qərara aldım. Amma qohumlarım mənim bu qərarımın tam mənada müsbət nəticə verəcəyinə inanmadıqlarını bildirdilər.

- Görüşünüz heç bir nəticə verməyəcəkdir. Ondan söz çəkmək iynə ilə qranit yonmaq kimi bir işdir.

Alimin iş yerinə getdim. Təmtəraqla bəzədilmiş, hər cür müasir texniki təchizata malik otaqdan şərq ətriyyatının xəfif iyisi duyulurdu. Elə bil, Leninin mavzoleyindəydim.

Alim məni ayaq üstə qarşılayıb səmimi qəbul etdi. Onun qeyri- adi qəribə görkəmi vardı. Boz şalvarı topuğundan üç barmaq yuxarı idi. Əynindəki yaxalığı düz olan köynəyi yay hərbi düşərgə kitelinə bənzəyirdi. Onun köynəyi də, başındakı furajkası da şalvarı ilə eyni rəngdə idi. Qolunda və boynunda qızıldan zəncir var idi. Bu əşyaların diqqətimi çəkdiyini sezən həmsöhbətim özünü təvazökar göstərmək məqsədilə dedi;

-Müasir həkimlər məsləhət bilirlər ki,qola və boyuna qızıl zəncir taxmağın tibbi nöqteyi- nəzərdən müalicəvi xeyri vardır. Əsəbləri sakitləşdirir, qan təzyiqini sabit saxlayır və sairə. O, danışdıqca qəribə görkəmli saqqalı cındırlanmış əski parçası kimi titrəyirdi. Çənəsinin altı, yanaqlarının tüklü hissəsi tərtəmiz qırxılmişdı. Qapqara saqqalı isə az qalırdı qurşağına çatsın. Bığı o qədər yonulmuşdu ki, həddi buluğa təzəcə çatmış yeniyetmə oğlan uşağının bığına bənzəyirdi. O ki qaldı Alimin daxili aləminə, əlbəttə ki, ona nüfuz etmək mənim üçün xeyli çətin idi.

Alim yavaş addımlarla otaqdakı soyuducuya yaxınlaşaraq onun qapısını açdı və oradan üstündə müqəddəs Kəbənin əksi olan xüsusi yarlıqlı şüşəni stolun üstünə qoydu, sonra sürmədən iki gümüş piyalə çıxarıb su süzdü.

-Babacan, “Zəm-Zəm” suyudur, nuş edin-deyib dümağ dişlərini göstərdi.
-Allah səndən razı olsun!- deyib piyaləni dodağıma yaxınlaşdırdım.

-Baba, yəqin birinci dəfədir ki, “Zəm-Zəm” suyu içirsiniz- deyib gözlərini zillədi üzümə.
-Xeyr, Sovet hakimiyyəti dövründə Məkkədə bir ay yaşamışam. Müstəqillik dövründə isə üç dəfə ziyarətdə olmuşam. Mənə göndərilən su qablarının bəzilərinin üstündə Kəbənin, bəzilərində isə Ərəfat dağının şəkilləri vardı.

Alim mənə yaxınlaşdı, əyilib əlimdən öpdü və dedi:

- Siz çox xoşbəxt və müqəddəs adamsınız!

Artıq Alimin daxilinə nüfuz edə bilmişdim. Onunla söhbəti daha da gücləndirmək üçün Moskva həyatından soruşdum. O, qurduğu iş əlaqələrindən və dini liderindən həvəslə, ağızdolusu danışırdı. Bu rəhbərin təlimatı ilə bir çox azərbaycanlı gəncləri “mücahid təlimləri”nə hazırlayırmış. O, bu işin heç də asan olmamağından, çətinliklərindən danışmaqla öz aləmində sanki “nəhəng bir layihə” həyata keçirdiklərini izah etməyə çalışırdı. İki saatdan artıq idi ki, söhbət edirdik. O anlamağa başlamışdı ki, “vəhhabilik” barədə mənim məlumat bazam genişdir. Bu dini təriqətin tarixi keçmişi ilə yanaşı müasir “vəhhabiliyin” fəaliyyət dairəsi, haradan maliyyələşməsi barədə danışanda həmsöhbətimin sifət cizgiləri təəccübdən səyriyirdi. Allahyarın nəvəsi mənim cazibəmdən uzaqlaşa bilmirdi. O, söhbətimizin istiqamətini dəyişmək üçün mənə çay içməyi təklif etdi. Etiraz etmədim. Az keçmədi ki, otağa ağ geyimli, başında ağ örpəyi olan şax qamətli, sarıbəniz bir qız daxil oldu. Alim soruşdu:


-Baba, Hindistan, Seylon, Pakistan çaylarından hansını içmək istərdiniz?
-Bizim öz Lənkəran çayımız olsa, lap yaxşı içərəm.

Qız Alimə işarə etdi ki, Lənkəran çayı yoxdur. Mən Alimi qabaqladım, qoymadım ki, Lənkəran çayı yoxdur desin və ya xoşagəlməz ifadə işlətsin.

-Narahat olma, Allahın izni ilə gələn dəfə səninlə Lənkəran çayı içərik. Bizim Azərbaycanın hər bir çiçəyi can dərmanıdır- deyib qaşıma sığal çəkdim.

Gözləmədiyi məqamda ona sual verdim:
-Faiq indi haradadır, xəbərin varmı?
-Hansı Faiq?- dedi və yanaqlarında qızartı əmələ gəldi.

-Həmkəndlini deyirəm, Neft Akademiyasında oxuyan, istəkli dostun, həmfikrin, adı dilindən düşməyən, sınaqdan keçirdiyin, iradəsi möhkəm, fiziki dözümlülüyü yüksək olan Faiqi deyirəm. Yadına düşdü, mənim balam?

O, çaşbaş düşmüşdü, lakin tez özünü ələ aldı:
-Həə, Faiq bir aylığa Pakistana turist kimi gedibdir.
-Əlaqəniz hazırda necədir , telefonla danışa bilirsinizmi? Kompüterdə onun elektron poçt ünvanı varmı?

-Üç gündür əlaqəmiz yoxdur, bu gün onunla danışmalı idim. – o, saatına baxdı – saat 5 tamamda telefon əlaqəmiz olmalıdır.
-Mənimlə də danışdırsan sənin kimi dostdan çox məmnun qalardım.

Alim telefon əlaqəsi yaratdı. Mən ondan xahiş etdim ki, danışığı mikrofona qoşsun. Faiqin səsi çox aydın eşidilirdi. Elə bil minlərlə kilometr uzaqda deyildi. Yadıma sovet dövründə bir rayondan o biri qonşu rayona zəng edərkən adamların güclə danışdıqları düşdü. Faiq danışırdı;

-Məşqlərimiz yüksək səviyyədə keçir. Məni tərifləyirlər. Məşqlərimizin gedişini youtuba yerləşdirmişəm, baxa bilərsən, amma, burda təlimlərimiz masxalatda, üzü bağlı görkəmdə keçirilib ki, heç kəs tanınmasın. Telefon əlaqəsi kəsildi. Alim dilləndi:

-Əlaqə kəsildi ay baba, səsini eşitdinmi?, şükürlər olsun!
-Oğul bala, onun dediyi o internet səhifəsini aç görək necədir.

Alim duruxdu, kompüterə yaxınlaşmaq istəmədi. İstəyirsən mən açım, kompüterdən az-çox anlayışım var-dedim. Alim tərəddüd içərisində, qeyri ixtiyari olaraq ayağa qalxıb soyuducuya tərəf getdi, qapını açıb su götürdü, stəkana süzüb mənə təklif etmədən başına çəkdi. Dərindən nəfəs aldı, sonra üzünü mənə tutub dedi:

- Baba, mən özüm də bilmədən sizin polad torunuza düşmüşəm.
-Yox, mənim dindar balam, “Allahın əsgərləri”ni bölgələrdə fəal təlimatlandıran ağıllı oğlan.

Mən Faiqin babası kimi həyəcanlanıram. Sən axı əsl Allah adamısan! Saytı aç!
O, kompüterə yaxınlaşdı, düyməni basdı. Ekranda lazımi kilid yazıları yazdıqdan sonra Faiqin bayaq dediyi video görüntüləri izləməyə başladıq. Silahlı və maskalanmış, başları çalmalı dəstə üzvləri döyüş-sınaq təlimləri keçir, terror əməliyyatlarında istifadə edilən hərbi sursatla davranış qaydalarını öyrənirdilər. Uzaqdan ətrafı ağ buludlarla həlqələnmiş başı qarlı dağların silueti canlanırdı.

-Bu, Bəlucistan dağlarıdı, elə deyilmi?
-Siz oralarda da olmusunuz? –deyə gözləri təəccübdən bərələn Alim üzümə baxdı.

Dillənmədim, aramıza dərin sükut çökdü. Bu sakitlik bir neçə dəqiqə çəkdi və nəhayət sükutu mən pozmalı oldum:

- Deməli, onlar “Cund Allah”da təlim keçirlər, eləmi?. O, başını sinəsinə doğru endirdi, uzun qara saqqalı az qalırdı ayaqqabısının üstünə toxuna. Ona sərbəstlik verdim. Az keçmədi ki, oturduğu yumşaq kresloya yayxandı. Yenə növbəti sualımla sükutu pozdum:

- Faiq nə vaxt təlimini başa vuracaqdır? Valideynlərinin yanına tezliklə dönəcəkmi?.
-Bu haqda dəqiq söz demək mənim üçün çox çətindir, baba!
-Mənə bir çox mətləblər aydınlaşır, bəlkə telefonda eşitdiyim o səs, saytda baxdığım o görüntülər özü də qondarmadı?

Alim dinmədi. Artıq onun danışmağa sözü yox idi. Heç özü də bilmədən o, hər işi aşkarlamışdı. Mən söhbətimə uzaqdan başlamaq istəyirdim. Kəşfiyyatda başlıca cəhət həm özünü , həm də sənə tapşırılan əməliyyatı qorumaqdır.
-Bilirsən, Alim, mənim balam, ola bilər ki, hər hansı səbəbdən kəşfiyyatın və ya əks kəşfiyyatın “tələsinə” düşərsən. Bu “tələnin” içində vətən haqqında düşünməlisən, vətənin mənafeyini hər şeydən üstün tutmalısan. Gənclərimizin “Vəhabiliyə”, “Nurçuluğa” cəlb edilməsi axı vətənimizə nə xeyir verə bilər? Bizim ölkə tolerantlığın təşəkkül tapdığı, azad fikrin üstün olduğu dünyəvi, demokratik bir dövlətdir. Burada müxtəlif dini etiqadlara qanunlarımızın müəyyən etdiyi həddə sərbəst fəaliyyət azadlığı verilmişdir. Lakin, bu o demək deyildir ki, kimlərsə bu imkandan sui-istifadə edərək təhlükəli meyllərə istiqamətlənsin. Buna qarşı dövlətimizin gücü-qüvvəsi, imkanları yetərincədir və belə hallara vaxtında, layiqli cavab verilir. Heç nə hədəqəsindən çıxmamalıdır, bu fikrimlə razısanmı?

-Bəli, lakin bizim təşkilatın amalı ilə uyğun gəlmyənlər də var.
-Bu təbiidir, belə də olmalıdır. Hətta sizin təşkilatın daxilində də fikir ayrılığı olur. Bir hissəniz radikal şiddəti, terroru dəstəkləyir, digər bir hissəniz isə terrorun əleyhinədir. Əleyhinə olanlar “İslam qan tökməyin tərəfdarı deyil” müddəasını əsas tutur, az bir hissəniz də neytral qalib. Belə desək, maddi mənfəət naminə təşkilat üzvlüyündə qalıblar.

-Yox, baba, bel deyil, bizləri bir əqidə, amal birləşdirir – Allahın vahidliyi, dini qanun-qaydaların hər bir ölkədə hakim olması!
-Bəri bax, a bala, bu sizin təşkilatı, “Allahin əsgərləri”ni bizim ölkədə qəsbkar erməni quldurlarına qarşı hazırlamaq olmazmı? Əslində, haqq ədalət və vətən torpağı uğrunda savaş da elə Allah yolunda mübarizə sayılır. Torpaqlarımızı erməni tapdağından xilas etmək haqda heç sizin təşkilat düşünür, ya yox?

-Bizim məramnaməmizə görə, biz Qarabağda vuruşa bilmərik, çünki Azərbaycan Respublikası dini qanunlarla idarə edilmir. Təşkilatımız ancaq dini qanunlarla idarə edilən dövlətlərə kömək edə bilər.
-Anladım, deməli sizin təşkilatda “Vətən” anlayışı yoxdur, eləmi? Vətəni sevməyən insan heç nə anasını, nə ailəsini, nə də Allahını sevə bilməz.
-Yox, elə deyil, baba, biz Allaha olan ülvi eşq sahibləriyik! Ailəmizi də yüksək amalla sevirik, ata-anamızı da müqəddəs bilirik!
-Çox yaxşı, çox pakizə, Faiq də ata-anasını sevirdimi?
-Əlbəttə, heç şübhəsiz sevir, necə məyər?
-Bəs onda, Faiq sevdiyi valideynlərinə niyə bu qədər iztirab çəkdirib, onları intizarda qoyur, onlara heç bir söz demədən ailəsini, evini, vətənini tərk edir? Tərki dünyalıq fanatiklikdir, fanatikliksə normal insani xüsusiyyət deyildir, onların Allaha sevgisi də real ola bilməz!
-Baba!- deyib qeyzlə yerindən sıçrayan həmsöhbətim otaqda dəli kimi bir neçə dəfə o baş -bu başa getdi, sonra xüsusi intonasiya ilə dedi:
-Bizim təşkilat tək olan Allahı və İslam dinini qəbul edir. Yerdə qalanlar puç və əfsanədir!

Alim əsəbilik həddini aşmaq üzrəydi. O, civə kimi qovrulurdu.
-Bir yaxşı çay olsa, içərdik- deyə gülümsəyərək ortalığı yumşaltmağa çalışdım. Az keçmədi ki, ağ geyimli qız otağa daxil oldu.
-Buyurun, eşidirəm sizi.
-Çay gətir!- deyib, Alim saqqalına üç dəfə tumar çəkdi.

Masanın üstünə, hər birimizin qarşısına ağ dəsmal sərildi. Qızıl suyu ilə haşiyələnmiş fincanlarda çay gəldi. Qənd qabında müxtəlif şirniyyatla yanaşı ayrıca qutuda nabat da gətirildi. Alim əlini nabat qabına tuşlayıb dedi: - baba, bir o şirninin də tamına bax. Əlimi uzadıb bir nabat götürdüm və onu gözümün önünə tutub dedim; - Bu nabatdır, lakin harada istehsal olunduğunu yeməmiş deyə bilmərəm. Alim diqqətlə üzümə baxdı. Nabatı dodaqlarımın arasına qoyub, tamsındım.

-Bu nabat Özbəkistanda, yox, səhv etmirəmsə ya Tacikistanda, ya da Əfqanıstanın şimalında istehsal edilib.

Bu dəfə Alim məni başdan ayağa süzdü.
-Mən nabatla çay içməyi lap uşaq vaxtlarımdan xoşlayıram. Bu, XX əsrin 40-ci illərinə təsadüf edirdi. Nənəmin sandığında ağzına kimi nabatla dolu torba olurdu. Bu payı ona Orta Asiyada böyük vəzifə tutan qardaşı göndərirdi.

Saat on ikiyə bir-iki dəqiqə qalırdı. Alimdən xahiş etdim ki, “…” tv kanalı tutsun. Kanalın adını eşidəndə o, öz təəccübünü gizlədə bilmədi…
Diktorun səsi eşidildi;

- “Əfqanıstanın cənubunda dəhşətli terror hadisəsi olmuşdur. Bu terror əməliyyatında xaricdən göndərilmiş mücahidlər də iştirak etmişlər. Onların hansı ölkədən olduqları araşdırılır…”
-Sizin göndərdiyiniz mücahidlərdən o dəstədə olmaz ki? –soruşdum.

Alim cavab vermədi. Son xəbərlər artıq yekunlaşmışdı. Alim isə hələ də fikirdə idi. O, əsnədi, bu zaman saqqalı sinəsinə dəyib xışıldadı. Hiss olunurdu ki, özünü sakit göstərməyə çalışsa da çox narahatdır. Yorğunluğunu çıxarmaq bəhanəsilə hər iki qollarını geniş açaraq oturduğu kresloda gərnəşdi. Bu gərnəşmə isə mənə bordağa bağlanmış dananı xatırlatdı.

-Baba, üzr istəyirəm, fikirlər məni həm keçmişə, həm də gələcəyə apardı, mən, deyəsən özümdə deyildim. Lakin, mən nədən başladığımı, ömrümü necə başa vuracağımı, gələcəkdə keçmişimlə bağlı ən azından vicdanım qarşısında necə hesabat verəcəyimi aydınlaşdıra bilmirəm.
-Ay oğul, Allah böyükdür, rəhmlidir, “yolunu azmışları” doğru yola yönləndirən, tövbələrini qəbul edəndir, yetər ki, insan düz yola qayıtsın. Ziyanın yarısından qayıtmaq da həmişə xeyirliyə yozulub. Müqəddəs Qurani-Kərimdə buyurulur ki, yolunu azmışları cəhənnəm əzabı gözləyir. Amma, tövbə edib düz yola qayıdanlar qalan ömrünü xoşbəxt yaşayır, xalqına, millətinə və ailəsinə ləyaqətlə xidmət edir. Bir insan üçün bundan böyük xoşbəxtlik olarmı? İndi sənə ən vacib olan özünə inam və tövbə edib düz yola qayıtmağındır. Təşkilatınız Sibir bataqlığına bənzəyir, tərpəndikcə daha dərinliyə batırsan. Qurşağadək bataqlığa batdığın halda, yalnız daxili iradən və səni qurtarmağa uzanan xeyirxah əl, kənar kömək xilas edə bilər.

-Bəzən qərar qəbul etməyə təkcə iradə yetmir axı, ay baba! Şəraitdən irəli gələn asılılıqlar özün də bilmədən əl-ayağına dolaşır, sonra səni qul kimi arxasınca sürükləyir.
-Həə, elə narkomaniyaya alüdəçilik də bir çox gənclərdə, əlbəttə belələrinə gənc deməyə heç adamın dili də gəlmir, iradəsizlik mərəzi yaradır. Fanatiklik də elə narkomaniyaya bənzəyir, bu, əslində diri ikən ölülər cərgəsinə qoşulmaq deməkdir.

Alim diqqətlə mənə qulaq asırdı. O, gah alnını ovuşdurur, gah da gözlərini qıyırdı. Nə isə demək istəyirdi, lakin səhv edəcəyindən ehtiyat edirdi.

-Hə, bizim bir mükaliməmiz də yarımçıq qalmışdı, axı, ay oğul, səhv etmirəmsə, “Azərbaycan Respublikası dini qanunlarla idarə edilmədiyinə görə biz Qarabağa cihad elan edə bilmərik!” söyləmişdin, düzmü deyirəm?
-Bəli, mən, ümumiyyətlə bizim təşkilat belə düşünür və əslində burada qanunlar belə qoyulub.
-İran dövlətində dini şəriət qaydaları hökmrandı, eləmi? bəs, onda, nə səbəbə “Cund Allah” təşkilatı İranda, cümə namazında terror aktı törədərək yüzlərlə günahsız müsəlmanı qanına qəltan edir?
-Terroru törədənlərin kimliyi məlum deyil, axı. Bəlkə bu terroru elə ABŞ kəşfiyyatı törədib “Cund Allah”ı günahlandırır.
-Etiraz etmirəm, amma terror aktını “Cund Allah” öz üzərinə götürür. Bəlkə də bir çox terror hadisələrində bu və ya digər formada ABŞ və ingilis kəşfiyyatının barmağı vardır. Həm də “İslam terroristləri” adı altında dini ayrıseçkiliyi qızışdırmağa maraqlı qüvvələr bundan bəhrələnirlər. ABŞ da “11 Sentyabr “terror aktını kim törətdi? ABŞ-ın müsəlman şərqinə, İraqa hücumu ərəfəsində hazırlanan mübhəm bir planda ittihama məruz qalanlar da müsəlmanlar oldu, həlak olanlar da. Nə qədər günahsız müsəlman “Quantanama” həbsxanasında məhkəməsiz-filansız, haqsız yerə işgəncələrə məruz qaldı, vəhşiliklə öldürüldülər. Yenə də belə məkrli planlara rəvac verən, düşünmədən tora düşən müsəlmanlar olur ki, elə bu cür üzdə olan faktlardan yapışıb “İslam terroru” deyə car çəkirlər. İndi özün fikirləş, sizin cihad edənləriniz özləri də bilmədən“hara” xidmət etdiklərinin fərqindədirlərmi? Buna nə münasibət göstərirsən?

Alim çiyinlərini elə çəkdi ki, az qaldı onun çiyinləri başından yuxarı qalxsın.
-Mənim balam, bir məsələni dərk etmək lazımdır, xrisianlar və yəhudilər, eləcə də ortada yeyib qiraqda gəzən qriqoryan ermənilər müsəlmanlar arasında ziddiyyət salıb onları bir-birinə qırdırırlar. Ən çox terror hadisələri harda baş verir? Əlbəttə, müsəlman ölkələrində, məscidlərdə, məgər sizin “vəhabilər”, sizin “nurçular” bunu dərk etmirlərmi? , kürd “PKK” terrorunda xrisianların əli yoxdurmu?, axı qüdrətli türk ordusu PKK-ni iki saata məhv edə bilər, amma bu oyunu quranlar buna imkan vermirlər!

Telefonda “Allah, Allah, Allahım” səsi eşidildi.
Alim düyməni basdı:-“Eşidirəm…, başa düşdüm…, anladım…, baş üstə…,” deyir, gah da sakitcə qulaq asırdı.Onun rəngi avazımışdı. Telefonu söndürüb dedi:
-Baba, icazənizlə bir neçə dəqiqəliyə məni üzrlü hesab edin, deyib qapını cəld açıb harasa getdi…
Ağ geyimli qız mən oturan otağa daxil olub təzim etdi:
- Sizə içməyə ayran gətirimmi?
-İçərəm, mənim balam, içərəm. – deyib onun təklifi ilə razılaşdım. Ağ geyimli qızın otağı tərk etməsi ilə qayıtması bir oldu. Gətirdiyi ayranla dolu stəkanı qarşıma qoyub yüngülcə təzim etdi və otaqdan çıxdı. Xoş ətir qoxusu otaqdan xeyli vaxt çəkilmədi.

Alim pərt halda içəri girdi, soyuducudan götürdüyü meyvə şirəsindən bir stəkan içib yerinə əyləşdi. Artıq xudahafizləşmək məqamı idi. Odur ki, dedim:
-Mənim balam, mənə göstərdiyin diqqətə görə çox sağ ol, mən getməliyəm. Getməliyəm sözünü eşidən kimi Alimin qırışığı açıldı. Elə bil, ağır yükdən qurtarırdı.
-Amma, ay oğul, söhbətimizdə bir balaca natamamlıq qaldı, sonra ürəyimi deşməsin deyə bildirim ki, bizim respublika dini qanunlarla idarə edilməsə də, dövlətimiz dinsiz, ateist dövlət də deyildir. Dinimizə xoş və düzgün münasibət var. Bizdə sərbəst inanca, din xadimlərinin hüquqlarına dövlət təminatı vardır. Kəndlərdə, şəhərlərdə dağıdılmış məscidlər bərpa edilir, yeniləri inşa edilir. Vaxtilə istifadəyə yararsız hala düşmüş “Bibi Heybət”, “Təzə Pir” məscidləri dövlət vəsaiti ilə yüksək səviyyədə, hətta ərəb ölkələrindəkindən də yaxşı təmir edilərək dindarların istifadəsinə verilib. Qafqaz İslam Universitetinə müasir üslubda tədris binası inşa edildi. Bütün bunlar dövlətimizin dinimizə qayğısı deyilmi?, özü də təmənnasız! Özünüz də şahid olursunuz ki, dini mərasimlərin, Orucluq, Məhərrəmlik, Qurban bayramlarının keçirilməsi üçün hər cür şərait yaradılır. Müqəddəs ziyarətahlara, xüsusilə də Həccə, Məşhədə getməyə sovet dövründəki kimi heç bir maneə qoyulmur. Sən bu dediklərimlə razısanmı?

-Bəli, baba, qəbul edirəm, dediklərin düzdür!
-Onda deyə bilərsənmi, bizim respublikamız dindardır, yoxsa dinsiz? Belə olan halda sizin “cəmiyyət”in Qarabağ savaşında iştirak etməməsi Allaha xidmətdir, yoxsa şeytana? Alimin mənə cavab verməyə sözü qalmamışdı, etiraz etməyə əsaslanacaq tutalqası yoxdu. Mən söhbətimi davam etdirdim:
-Qarabağ döyüşlərində dini etiqadından asılı olmayaraq ölkəmizdə yaşayan, ermənilərdən savayı bütün millətlərin nümayəndələri vətənin müdafiəsində iştirak ediblər. Şəhidlər xiyabanında olmusanmı?
-Bəli, baba, olmuşam, onların məzarları üstünə tər qərənfillər də düzmüşəm!
-Görürsənmi, şəhidlər arasında neçə ukraynalı, neçə eston, rus, udin, cuhud, ləzgi var. Şəhidlər arasında İslam dininə etiqad edənlərlə yanaşı katoliklərə, pravoslavlara, musəvilərə rast gələrsən. Vətənin müdafiəsində dindar yox, əsl vətəndaş iştirak edir! Deməli, Azərbaycan “vəhabiləri” də, “nurçuları” da Qarabağa səfərbərlik elan edilərsə, havasını udduğu, çörəyini yediyi, suyunu içdiyi Azərbaycanın vətəndaşı kimi səfərbər olmalıdır!, elə deyilmi?.

Alim dərin fikrə getdi, o, elə bil, bu dünyadan köçmüşdü.
-Mənim balam, yaxşı fikirləş. Bizim üçün bir müqəddəs yer var, o da vətəndir, Azərbaycandır! Azərbaycan dövləti olmasa biz də yoxuq. Vətən bizi yaşadır, biz də vətəni yaşatmalıyıq. Sənə bir əhvalat danışmaq istəyirəm. Bu əhvalat Osmanlı imperiyasının dağıldığı vaxta təsadüf edir. Türk dövlətinin xəritədən silinmək təhlükəsi vardı. Mustafa Kamal paşanın rəhbərliyi altında “Kamalçılar” hərəkatı başlandı. Atatürkün sərkərdəlik bacarığı və türk xalqının vətənsevərliyi sayəsində onlardan qat-qat üstün hərbi gücə malik birləşmiş Atlanta dövlətlərinin orduları darmadağın edildi. Dünya tarixinə ən qanlı və həm də qürur və şərəf mücəssəməsi kimi düşmüş “Çanaqqala” döyüşündə türk əsgərləri ilə yanaşı bizim azəri türkləri də vuruşmuşlar. Osmanlı imperiyasında din hakim mövqedə dururdu. Mustafa Kamal Atatürk hakimiyyəti ələ alanda dindarlar vahiməyə düşmüşdülər. Onların nüfuzu hakimiyyətləri kimi artıq sarsılmışdı. Xalq din xadimlərinə deyil, Atatürkə inanırdı. O zaman dindarlardan bəziləri dini liderə müraciət edərək Atatürkə qarşı addımlar atmaq üçün icazə istədilər. Dini lider sabaha onlara cavab verəcəyini bildirdi. Dindarlar sübh tezdən dini liderin qapısının ağzını kəsdirirlər. Dini lider onların qarşısına çıxır və deyir:
-Mən fikirləşdim, məmləkətimiz olmazsa, biz də olmayacağıq! Türkiyəni yaşatmaq üçün dini idarəetmə dövrü artıq bitmişdir. Türkiyəni dünyəvi dövlət kimi tanıtmaq üçün “Kamalçılar” lazımdır. Vətənimiz naminə fərdi iddialardan əl çəkməliyiz! Mən millətim, xalqım, türk dövlətinin yaşaması naminə, elə bu gündən Ali İmam görəvindən istefa edirəm! Bu əhvalatı eşitmisənmi?

-Xeyr, eşitməmişəm.
-İndi məndən eşitdin, eləmi? Bizə “vəhhabiliyin”, yaxud “nurçuluğun” tarixi lazım deyil, önəmli olan öz tariximiz, türk tarixi, Azərbaycan xalqının tarixidir. Yəqin ki, Heydər Əliyevin Azərbaycanı parçalanma təhlükəsindən azad etməsi barədə məlumatın var. Azərbaycan Respublikasının parçalanmasının qarşısını din xadimləri deyil, Heydər Əliyevin rəhbərliyi altında xalqımız aldı. İndi, şükürlər olsun ki, bütün dünyada öz sözü ilə tanınan müstəqil dövlətimiz var! Bu dövləti qorumaq hamımızın müqəddəs borcumuzdur!

Həmsöhbətim fakt qarşısında qalmışdı, inkar edəcək arqumenti yox idi axı. Hiss etdim ki, o, dediklərimi dübarə düşünmək və həzm etmək üçün vaxt istəyir. Yenə dilləndim:
-Son sözümü, bir baba vəsiyyətimi edirəm. Bütün canlıların, hətta bitkilərin belə öz döğma vətən torpağı var. Xurma ağacı bizim torpaqda yetişmir, bar vermir. Mənim, sənin, hamımızın, azərbaycanlıların bir vətəni var, o da aranlı-dağlı, dənizli-çaylı, sərinli-istili, dünyadakı on bir iqlimin sahibi olan Azərbaycandır. Onu sevməliyik, onu göz bəbəyimiz kimi yadellilərdən, xüsusilə də vətəni olmayan ermənilərdən qorumalıyıq! Ta qədimdən indiyədək yaşadığımız bu diyarda neçə-neçə hakimiyyətlər dəyişib, müxtəlif əqidə, məslək, amal və dinlər mövcud olub. Nəhayət, tək olan Allaha, İslama biət etmişik! Allah kimi bu torpağı da müqəddəs bilmişik! Bizim xalqın inam yeri, həmişə Allah, Vətən və Ana olmuşdur! Allahını sevməyən Vətəni, Vətənini sevməyən Anasını, Anasını sevməyən isə heç nəyi, hətta İnsanlığı sevməz! İndi, ay oğul, sənə də, nəvəm Faiqə də, eləcə də bütün Azərbaycan xalqına Allah, Vətən, Ana sevgisi arzulayıram! Di sağ ol, Allah bizim xalqın vətənini, analarımızı, balalarımızı, valideynlərimizi bütün şər qüvvələrin məkrindən qorusun! Amin!

Yerimdən durdum, Alim də cəld ayağa durdu, məni öz maşınının yanınadək müşaiyət edib sürücüsünə dedi:

- Babanı mənzil başına çatdırıb qayıdarsan. Sonra sağ əlimi əlləri arasına alıb dedi: - Baba, çox təşəkkür edirəm, mənə çox mətləbləri anlatdın…

SONDA;
…Telefonun səsi məni gəncik illərindən qaytardı indiki məqama, qocalığa. Dəstəyi götürdüm, bacım qızının səsində hədsiz sevinc duyulurdu:

-Dayı, qurban olum, necəsən? Dayı, sənə fəda olum, Faiq evimizə qayıtdı! Alim də bizdədir. Faiqin üzü tərtəmiz qırxılıbdır, Alimin də saqqalı güclə sezilir, şalvarının balağı da düz ayaqqabısının üstünə düşür…

Şükürlər olsun, demək haqq söz təmiz toxum mayası kimidir, yetər ki, onu əkəsən, sonunda şirin barını biçəcəksən. Kaş bütün vətəndaşlarımız, gənclərimiz Vətən sevgisini yad təsirlərə qurban verməsinlər! Allah Azərbaycanı qorusun! Amin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm