Qarşıma çıxan ilan
Bizi izləyin

Yazarlar

Qarşıma çıxan ilan

Qarşıma çıxan ilan

Bakının qorabişirən istisindən canımı qurtarmaq üçün girəvə axtarırdım. Masallıda yaşayan qocaman şair Məmməd Kazım neçə dəfə zəng vurub məni kəndə dəvət etmişdi. Günlərin bir günü isti nəfəsimi kəsəndə axır ki, şeytanın qıçını qırıb Masallıya gedən avtobusa əyləşdim və Məmməd əmiyə zəng vurdum ki, gəlirəm. Ağsaqqal mən gəlib çıxınca döşəməplov bişirtdirmişdi.

Məmməd əminin – Güllütəpənin döşündə yerləşən evi bir ayrı aləmdir. Burda təbiətin genişliyi adamın ruhuna sanki sığal çəkir, bütün qayğılar duman kimi başından dağılır, özünü yaşıl səltənətin ağuşuna atırsan və bu duruluq, təmiz dağ havası içinə dolduqca dünyaya yenicə gəldiyini zənn edirsən. Burda dünyanın itmiş rəngləri sanki özünə qayıdır.

Geniş həyətdə palıd, yalanqoz, alma, fındıq ağacları o qədər sıxdır ki, həyətin ətəyi meşəni xatırladır. Üst eyvanda pürrəngi samovar çayından içib yolun yorğunluğunu canımdan çıxarandan sonra Məmməd əmi dedi ki, düşək bir az həyəti gəzək, həm də təmiz hava alaq. Meşəliyə çatanda Məmməd əmi əlinə uzun bir çubuq götürdü və mənə də məsləhət gördü ki, çubuq götür, ətrafda ilan ola bilər. Bu meşəliyi dəfələrlə gəzmişdim və heç vaxt qarşıma ilan çıxmamışdı. Ona görə Məmməd əminin xəbərdarlığını ciddiyə almadım. Həm də özümü elə göstərirdim ki, guya ilan-çayandan qorxmuram.

Günəbaxan zəmisi arxada qaldı və biz meşəliyə çatdıq. Məmməd əmi əlindəki çubuğu yerə vura-vura ağır addımlarla irəliləyirdi, mən də ağacların hündür çətirinə boylana-boylana ayağımı hara atmağımın fərqində deyildim. Başımı aşağı endirəndə Məmməd əmi artıq ağacların sıxlığında gözdən itmişdi. Onun gedəcəyi səmti təxmini müəyyənləşdirib addımlarımı yeyinlətdim, qəfildən xəzəllərin arasından uzun bir ilan çıxdı və qıvrılıb açıldı, üstümə atılmaq üçün yastı başını geriyə çəkdi. Tez geri sıçradım, ətrafda daş və ya ağac parçası da yox idi ki, özümü müdafiə edim. Geriyə dönüb qayıtmaq istəyəndə Məmməd əmiylə toqquşdum.

-Noolub, a bala? – dedi, - niyə rəngin qaçdı?

-İndicə qarşıma ilan çıxdı, - dedim.

Məmməd əmi başını bulayıb məni tənbeh elədi:

-Sənə dedim axı, əlinə bir ağac parçası götür. Burda ilan nadir hallarda adamın rastına çıxır. Amma işini ehtiyatlı tutmalısan.

O həndəvərdə xeyli dolaşdıq, amma ilan gözə görünmədi. Məmməd əmi gülüb dedi ki, yəqin ilan gözünə görünüb. And-aman elədim ki, əməlli-başlı ilan idi, fısıldayıb başını dikəltmişdi. Azca diqqətsizlik etsəydim, məni sanca bilərdi.

Məmməd əminin ləngərli gülüşü həyəcanıma su səpdi:

-Sənin qorxuluğunu ancaq tut arağıyla çıxarmaq olar.

Eyvana qalxanda artıq döşəməplov süfrədə buğlanırdı.Yüz qram tut arağından sonra ilanın vahiməsi canımdan çıxdı...

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm