Rober Koptaşyan Ermənistanın Əkrəm Əylislisidir?
Bizi izləyin

Yazarlar

Rober Koptaşyan Ermənistanın Əkrəm Əylislisidir?

Rober Koptaşyan Ermənistanın Əkrəm Əylislisidir?

Türkiyədə çıxan ermənilərə məxsus “Agos” qəzetinin baş redaktoru Rober Koptaşyan Xocalı soyqırımı ilə bağlı məqalə yazıb və məqaləni Twitter səhifəsində “Xocalı qurbanlarının xatirəsinə ehtiramla” başlıgı altında paylaşıb.

Türkiyədə öldürülən Hrant Dinkin qızının həyat yoldaşı və ondan sonra qəzetə rəhbərlik edən R.Koptaşyan Xocalı soyqırımına həsr etdiyi yazısında bildirib ki, Türkiyədə ermənilər dedikdə 1915-ci il hadisələri ağla gəlirsə, artıq bunun yanına Xocalı qətliamı da əlavə olunub. R.Koptaşyan yazır:

“Xətaların üstünü örtmək toplumu kiçildir. Böyümək üçün əvvəlcə xətaları qəbul etmək lazımdır. 22 il əvvəl Xocalıda baş verənlər böyük bir qətliam, insanlıq faciəsi idi. Biz türkiyəli ermənilər son zamanlara qədər həqiqətdə orada nə baş verdiyini bilmirdik. Hələ də bilməyənimiz və bilmək istəməyənimiz çoxdur. Biz elə başa düşürdük ki, bu, Türkiyə dövlətinin təbliğatı və yalanıdır. Ona görə də qətliamın adını eşidən kimi ona “yalan” etiketi yapışdırıb qoyurduq kənara. Dogrudur, Azərbaycan Xocalı hadisəsindən təbliğat kimi istifadə edir. Amma bu, o gecə günahsız insanların qətl edilməsi gerçəyini dəyişdirmir”.

R.Koptaşyan: “22 il əvvəl Xocalıda baş verənlər böyük bir qətliam, insanlıq faciəsi idi"

Məsələ ilə bağlı fikirlərini öyrənmək istədiyimiz R.Koptaşyan deyir ki, düşüncələrini açıq-aydın məqaləsində yazıb və heç kimdən də çəkinmir, fikirlərini Türkiyədə və Ermənistanda yaşayan oxucu ilə bölüşür. “Agos”-un hazırkı baş redaktorunun yazısından daha bir sitat:

“Qarabağın önəmli nöqtəsi olan, 7 min insanın yaşadıgı Xocalını erməni qüvvələri işğal etdi. Bir cığır tapıb qaçıb canını qurtarmaq istəyən azərbaycanlılara atəş açıldı, bombalandı. Bu, hətta müharibə şəraitində belə, qəbul edilməyəcək sadə insanların hədəfə alındığı hücum idi. Hadisəni törədənlər indi özlərini haqlı çıxarmaga çalışsalar da etiraf etmək lazımdır ki, o gecə erməni qüvvəlləri günahsız insanların öləcəyini bilərək atəş açdı. Nöqtə!”

Erməni yazarın bu məqaləsi böyük əks-səda doğurub və Türkiyənin bir neçə xəbər saytında və qəzetində dərc olunub. Lakin bizim müracətə cavabında R.Koptaşyan Ermənistan və Azərbaycan münaqişəsi barədə danışmaq istəmədyini bildirdi. Bunun səbəblərindən biri məhz Xocalı soyqırımı yazısından sonra aldığı tənqid və hətta təhdid dolu məktublardır.

Məsələn, erməni yazar Sarkis Hatspanyan R.Kaptaşyanı məsuliyyətsiz adlandıraraq, bildirib ki, o, uydurma bir şeyi həqiqət kimi qələmə alıb. Bununla ürəyi soyumayan Sarkis jurnalist həmkarını “vicdanı olmayanlar” sırasına daxil edib. Onun fikrincə, Koptaşyan xalqını bazarda ucuz qiymətə satıb və onu Ermənistanın Əkrəm Əylislisi adlandırıb.

Bu bənzətmə ilə razılaşmaq olarmı? Sözsüz ki, yox. Çünki Əkrəm Əylislinin yazdıqları başdan-ayağa tarixi saxtalaşdırmaqdır və gerçəklikdən nəinki uzaqdır, ümumiyyətlə, reallıqla əlaqəsi yoxdur. Eyni zamanda, Azərbaycan xalqının əsrlərə, min illərə söykənən keçmişinə qarayaxmadır. Rober Koptaşyan isə böyük əksəriyyətin dəqiq xatırladığı, gözləri önündə baş vermiş, yüzlərlə foto və videogörüntünün danışdığı təkzibolunmaz Xocalı faciəsinə, Xocalı həqiqətlərinə münasibətdən danışır.

Tamam fərqli anlayışlardır və bu mənada, son dərəcə uğursuz paraleldir.

Sarkis Hatspanyan: “Koptaşyan xalqını ucuz qiymətə satıb, o, Ermənistanın Əkrəm Əylislisidir”

Bəziləri hesab edir ki, baş redaktor bu yazısı ilə İstanbulda çətin günlər yaşayan erməniləri pis vəziyyətdə qoyub. Ümumiyyətlə, “Agos”qəzetinin zaman-zaman bu cür məqalələr dərc etməsindən narahatlıq ifadə olunur, Ermnistan toplumunun R.Koptaşyana qarşı ciddi tədbir görməsinin vacibliyi vurğulanır.

“Agos”-un baş redaktoru Xocalı qətliamı ilə bağlı demək olar hər il yazılar paylaşır, sosial şəbəkələrdə statuslar yazmaqla müzakirələr aparır. Rober Koptaşyan deyir ki, ermənilər hər il 1915-ci il soyqırımı müzakirəsini açırsa, onu qınayırsa, Xocalı soyqırımından da danışılmalıdır: “Çünki Xocalı qətliamının acısını içində yaşayan ermənilər var”.

Rober Koptaşyan kimdir?

1977-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Qaragözyan məktəbində alıb, Surp Harç Tıbrevank liseyini bitirib, sonra isə Marmara Universitetinin iqtisadiyyat və sənaye bölümünə daxil olub, həmin sahə üzrə ixtisaslaşıb. Həmçinin Boğaziçi Universitetini tarix şöbəsini bitirib.

Jurnalistikaya maraq lap əvvəldən olub, mətbuatda çıxış edib. 1995-ci ildə Aras Yayıncılıkda fəaliyyətə başlayıb, redaktorluğa qədər yüksəlib. Tanınmış erməni yazarların onlarla kitabının redaktorudur.

Qəzet işinə “Agos”da başlayıb, 2006-cı ildən “Həyat olduğu kimi” başlıqlı köşə yazıları ilə çıxış edir. 2010-cu ilin sonundan “Agos” qəzetinin rəhbəridir. Türkiyədə öldürülən jurnalist Hrant Dinkin qızının həyat yoldaşıdır.

Məhsəti Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm