Velosiped oğruları
Bizi izləyin

Yazarlar

Velosiped oğruları

Uşaqlıq xatirələrimiz yaddaşımızın silinməyən anları, unudulmaz günləridir. Hər uşaq kimi mənim də uşaqlığım rəngli, məsuliyyətsiz, həm də kədərli keçib. Bəlkə də çox uşağın velosipedi olub. Ancaq mən uşaqlığımda velosipedin “v”sini belə görməmişəm. Uşaqların onu necə sürməsini, əylənməsini məyusluqla izləmişəm. Atama da bu haqda heç bir kəlmə deməmişəm. Marağım futbola olub. Topum olanda özümü dünyanın ən xoşbəxt uşağı hiss edirdim.

Velosipeddən söz düşmükən, yadıma bir italyan filmi düşdü. Dostlar məsləhət görmüşdü. Bu yaxınlarda vaxt tapıb baxa bildim...

Yoxsul ailə. İşsiz ata. Baş rolda Antonio obrazının canladıran həvəskar aktyor elə bil 40 ilin peşəkar aktyorları kimi vəzifəsinin öhdəsindən layiqincə gəlir. İşsiz olan ata nəhayət ki, bir iş tapır. Amma bu işdə ona velosiped lazımdı. Arvadının satdığı mələfələrin pulu ilə velosiped alır. Ancaq elə birinci iş günü velosipedi oğurlanır. Oğlu Bruno ilə axtarışlara başlayan ata insanların, kilsənin laqeydliyi ilə qarşılaşır....

“Velosiped oğruları” dünya kino tarixində ən yaxşı dram filmi hesab olunur. Film kiçik bir detalla həmin dövrün kasıblığını, sosial durumunu, müharibənin arxasında qalmış boynu-bükük, ümidsiz, işsiz insanların çəkdikləri əzabları göstərir.

Tarkovskinin dediyi kimi, rejissor da filmdə bir Allahdır. Heç yerdə görünmür, heç bir müdaxiləsi sezilmir, amma hər şey onun iradəsindən asılıdır. Deyərdim ki, bu filmin rejissoru da əsl allahlıq edib. Film qədər realdır ki, özünü proseslərin içərisində hiss edirsən. Sanki sənin də velosipedin oğurlanıb. İşə yenicə düzəldiyin bir vaxtda düşdüyün bu çətin vəziyyət əsəblərini tarıma çəkir, əlin çatdığı, ünün yetdiyi adamlara kömək üçün imdad diləməyə hazırsan, oğlunu, arvadını xoşbəxt etmək, üzünü güldürmək üçün hər şeyə razısan, təki velosiped tapılsın.

Amma çox ümidsizsən, hara əl atırsan əlin boşa çıxır. Kimə ağız açırsan, kimin yaxasından tutursan alınmır, falçıya gedirsən, alınmır, oğruya bənzətdiyin adamı tutursan, günahsız olduğunu görüb kor-peşiman qayıdırsan. Və... özün velosiped oğurlayırsan, bir az sürürsən, adamlar səni dörd tərəfdən qamarlayır, ağ bayraq qaldırırsan, uşağının yanında üzünə sillə dəyir, təhqir olunursan, adına oğru deyirlər, dözürsən, qəhərini boğub susursan, hər şeyə boyun əyirsən... Birdən adamlar səni buraxır, polisə vermir. Bu sənə daha ağır gəlir...

İkinci dünya müharibəsindən sonra İtalyanın mənəvi, iqtisadi, sosial çöküntüsü rejisor Vittorio de Sican tərəfindən bütün çılpaqlığı ilə göstərilir. İnsanların çarəsizliyi, yoxsulluğu inanılmaz dərəcədə orijinal görünür...

Yazımı Al Caponenin uşaqlıq xatirəsi ilə bitirirəm: Uşaq idim. Hər gün Tanrıya yalvarırdım ki, mənə bir velosiped yollasın. Gecələr usanmadan dua edirdim, ancaq bir şey olmurdu. O gün anladım ki, dua etməklə bir şey alınmayacaq. Cəsarətimi topladım və gedib bir velosiped oğurladım. Ondan sonra gecələr Tanrıya məni bağışlaması üçün dua edir və yalvarırdım...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm