• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sevgi romanı

  • Yazarlar
  • 16 May 2015 23:16
  • 1 456 Baxış
Sevgi romanı

“Biri vardı, biri yoxdu, bir gənc oğlan və qız vardı. Onlar biri-birini sevdilər. Və evlənmək qərarına gəldilər. Bəy və gəlinsə həmişə bir-birinə hədiyyə verir. Oğlan kasıb idi: yeganə sərvəti babasından ona miras qalmış saat idi. O saatı sataraq çox gözəl saçları olan sevgilisinə gümüş daraq almaq qərarına gəldi. Qızın da nişanlısına hədiyyə almaq üçün pulu yox idi. Onda o, şəhərdəki ən varlı tacirin dükanına getdi və öz saçlarını satdı. Qazandığı pulla saata qızıl zəncir aldı. Və onlar toy günü görüşəndə gəlin bəyə satdığı saatı üçün qızıl zəncir bağışladı, bəysə gəlinə – kəsdirdiyi saçları üçün daraq”.

Bu parça Brazilya yazıçısı Paulo Koelionun “Ryo Pyedronun sahilində oturdum və ağladım” romanındandır. Bilmirəm, niyə yazıma bu parça ilə başladım, ancaq belə hesab edirəm ki, romanın əsas məğzi elə bu kiçik nağılda öz əksini tapıb.

Allah Eşq sözünün sinonimidir, ya da belə desək Allahın bir adı da Eşqdir. Dini kitablarda dəfələrlə deyilib ki, Tanrının iki siması var: qadın və kişi siması. Sevgi qadın və kişinin qarşılıqlı sevgisində yox, onların bu yolda apardıqları mübarizədə öz əksini tapır. Bəzən insanlar elə fikirləşir ki, bir nəfər bir qadını sevərsə və qadın onun sevgisini rədd edərsə, demək sevgi deyilən şey yoxdur. Ancaq nəzərə alınmalıdır ki, sevgi Allaha itaət etmək kimi bir şeydir. Biz Allahı sevərkən onun bizi sevib-sevmədiyini bilmirik, demək bir kişinin qadına olan məhəbbəti də elə Allaha olan sevgi qədər qutsaldır. Həqiqi sevmək, bunun uğrunda mübarizə etmək elə Allaha itaət etməkdir.

“Ryo Pyedronun sahilində oturdum və ağladım” romanı məhz bu fikirləri təlqin edən bir romandır. Pilar adlı obraz sevginin nə olduğunu anlamırdı. Həmişə belə deyilib ki, özünü anlamayan, özünü tapmayan insan Allahı da, sevgini də anlamır və hər ikisinin olmadığını iddia edir. Ateistlərin hamısı zəif insandırlar, çünki onlar Allah kimi böyük bir varlığın olmasına şübhə ilə yanaşırlar. Romanda Pilar sevgiyə gedən yolu tapmışdı və görmüşdü ki, insanlar nəyəsə inanmaq üçün möcüzənin baş verməyini gözləməməlidir, möcüzəni özü öz içində yaratmalıdır.

Paulo Koelio bu əsərdə sevgi ilə bağlı maraqlı fikirlər irəli sürür. Hətta romanın başlanğıcında o sevginin narkotik olduğunu və hər insanın bu narkotikdən daddığını bildirir. Şübhəsiz ki, hər bir insan müəyyən yaş dövründə sevib və ya sevilib. Psixoloqlar deyir ki, əslində sevgi cinsi azlıqdan, seksual təlabatdan yaranır. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Amma romanı oxuyarkən bu fikir məni yaman narahat etdi. “Leyli və Məcnun”u xatırlayaq. Orda Leyli axırıncı dəfə Məcnunun yanına gələndə o, sevdiyini rədd edir və deyir: “Mən səni özümdən də qısqanıram”. Qısqanmaq sevginin qığılcımıdı, gör Məcnun necə sevib ki, onu hər şeyə, hətta özünə belə qısqanır. Amma məni maraqlandıran başqa bir məsələ var. Biz Məcnun sevgisini ilahi məhəbbət adlandırır və onun altından xətt çəkirik. Ancaq elmi izahla yanaşsaq, Məcnunun məhəbbəti ağılla hissin qarşılaşmasıdır və sonda belə bir nəticə ortaya çıxır ki, hiss ağıla qalib gəlir. Demək, Məcnun doğurdan bir dəli imiş? Məcnun sözünün farsca mənası isə “aşiq və dəli deməkdir”. Aha, sevməklə dəlilik bir nöqtədə uzlaşır. Belə çıxır ki, Məcnun son dəfə onun yanına gələn Leylini ona görə rədd etmişdi ki, artıq o öz Leylisini qəlbində yaratmış və onu dəlicəsinə sevmişdir. Artıq realdakı Leyli ona cəmiyyət qədər ziyanlı görünürdü. Məcnun cəmiyyətə məğlub oldu, amma sevgiyə qalib gəldi.

“Sevgi yalnız sevib dərk olunur” – romandakı bu fikirlə razılaşmamaq qeyri-mümkündür. Allahı görmək mümkün deyil, ancaq ona inananlar Tanrının varlığından xəbərdardırlar. Sevgi də eynən bu cürdür, yanlız onun varlığını anlamaq lazımdır. Vəssalam, möcüzə isə öz-özünə baş verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR