“Quş buraxan” Mətanət, yaxud şpaqatdan tüpürcəyə!
Bizi izləyin

Yazarlar

“Quş buraxan” Mətanət, yaxud şpaqatdan tüpürcəyə!

“Taxılımı apardılar, dinmədim, evimi tar-mar etdilər, dinmədim, indi də…”

“Axırıncı aşırım” filmindəki Kərbəlayi İsmayılın sözü olmasın, əvvəlcə efirə çıxıb Fərdanın ayaqqabısını ayağından çəkib çıxartdın, danışmağa ar elədik. Ondan sonra, üzr istəyirəm ifadəmə görə, 9 milyonluq xalqı gözün görmədi, ayaqlarını aralayıb şpaqat açdın, səsimizi içimizə saldıq. Bu yaxınlarda da Rəhim Rəhimlinin düz sifətinə tüpürüb, sonra da üzümüzə dayandın ki, tüpürməmişəm, yenə də susduq.

Amma, Mətanət, bu elə bir məsələdir ki, burda daha susa bilmərik. Boş yerə camaatı borclu çıxarma. Borclu çıxan özün olarsan. Necə ki, bir az əvvəl öz verilişində tüpürdüyün həmin tüpürcək, bumeranq kimi özünə qayıtdı... Dünən gecədən bəri üzünə tüpürməyən qalmadı!

Üzütüpürcəkli, başıaşağı oldun sən!

Düzdü, sənin kimi tüpürə bilmədik... Ancaq inan, elə tüpürdük ki, uzun illər tüpürcəklərin yapışqanı çətin ki üzündən təmizlənsin.

Yadından çıxıbsa, qoy bir də yadına salaq dediklərini: “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi, baxdıq, getdi…”

Sən bu münasibəti gör hansı hadisə haqqında, özü də nə vaxt deyirsən. Hadisənin odu hələ canımızdan çıxmadığı, tüstüsü başımızı dumanlandırmağa davam etdiyi bir vaxtda... Acıdan gözümüzdə yaş qalmadığı, dərdimizin hələ təzə, yaramızın qaysaqlamadığı günlərdə...

Ölkənin birinci şəxsi, dövlət başçısı bütün diqqətini bu faciəyə yönəldib! Sənsə, “bir film idi, baxdıq, getdi…” deyirsən? Bu, deyiləcək, qəbul ediləcək bir sözdümü?

Belə bir vaxtda ən azı insanların dərdinə şərik olmağı bacarmalıyıq. Bacarmayana da nə deyirlər, bilirsən?

Biz tərəflərdə ayıb işi olan adam haqqında deyirlər ki, gir evinə, yorğanı çək başına, səni görən olmasın. Amma sən neylədin? Oğru misalı, elə bağırdın ki, doğrunun bağrı yarıldı. Maşallah, heç tək də bağırmırdın. Səsi səndən də bərk çıxan züy tutanların da vardı: İlqar Mikayıloğlu ilə Zülfiyyə Bayramova. Günahkarı yanlarında qoyub, camaatı cinayətkar elan etdilər.

Ancaq unutdunuz ki, bu xalq sənin üçün Rəhim Rəhimli deyil, üzünə tüpürəsən, o da tüpürcəyi silib, səni qucağına ala, tərif yağdıra. Bu xalq sənin üçün Fərda da deyil ki, ayaqqabısını çıxarasan, abrına qısılıb içindən qırıla-qırıla qala. Get, şpaqatını aç, xalqın əsəbləri ilə rəqs eləyib, qəzəl oxuma. Necə yəni, mən belə deməmişəm!!! Sən kimə gəlirsən? Şükür Allaha, dəlil-sübut ortada. Bəs bu videoda səsləndirdiyin sözlərə nə deyirsən?

Deməyim budur ki, efirə çıxıb arsız-arsız camaatı qınamaqdansa, özünü artistliyə qoyub göz yaşı axıtmaqdansa, camaatdan üzr istəyəydin. Bu, sənin üçün “Qız atası” serialı deyil... Ağlayırsan ki, sənə “üzünə tüpürüm” deyirlər?! Bəs bilmirdin ki, bir gün sənə də tüpürəcəklər?

Belə bir vaxtda, sadəcə, insanların dərdinə şərik olmağı bacarmaq lazımdı. Bu əlindən gəlmirsə, heç olmasa, sus...

Danışanda nələr etdiyin göz qabağındadır, quş buraxırsan...

Onda da nə dediyini bilməyənin üzünə, bax, beləcə tüpürürlər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm