Tanrının sevgisi
Bizi izləyin

Yazarlar

Tanrının sevgisi

Eşq və sevgi ayrı-ayrı hisslərdi. Əvvəlcə sevgidən başlayaq. Yəqin ki, hər kəs bu hisslə tanışdır, lakin bəzən bunun izahını verməkdə hamımız çətinlik çəkirik. Mənə görə, sevgi içində hər şey olan, ancaq heç yerdən görünməyən hisslərin çələngidir.

Paulo Koelyonun sevgi haqqında bir romanı var: “Ryo-Pyedronun sahilində oturdum və ağladım”. Sevgililər üçün məsləhət görüləcək bir əsərdir. Söhbət ondan gedir ki, sevgi bəzən bizə ətrafımızda olan ən yaxın insanlardan belə uzaqlaşdırır. Bu yazarın sevgi haqda bir tərifi də var: “Sevgi əbədidir, sevgililər müvəqqəti”.

Eşq isə tamam ayrı bir şeydir. Belə ki, bu zaman insan hər şeyi fikirləşir, götür-qoy edir, ancaq təəssüf ki, nədənsə, bunların heç birini reallaşdırmağa cəsarəti çatmır. Bax, bu isə eşqdir.

Daima məni sevməyən qızlara daha çox aşiq olmuşam. İlk sevdiyim an heç vaxt yadımdan çıxmaz. O zaman mən sevgi ilə eşqin müqayisəsindən bixəbər idim və necə gəldi hərəkət edirdim. Eynən hər sevən insan ilk dəfə necə vəziyyətdə olursa mənim də halım o cür idi. Aldığım “yox” məni yıxmadı, daha da sevginin qalın pərdəsini qarşımdan araladı, onun bütün varlığını gözümün önünə gətirdi. Sevgi bəzən itirməklə başlayır. Çox vaxt ona əlin çatmayanda anlayırsan ki, o həqiqətən sevgidir.

“Biri sevər, o birisi sevməzsə eşq olur, ikisi də sevərsə o zaman əfsanəyə dönər...”

İkinci sevdiyim qıza olan hisslərim hələ də mənim içimdədir. Əslində bu dəfə tamam başqa bir şey yaşadığımın fərqinə vardım. Bu eşqdən daha ötə bir şeydi. Anladım ki, mən onsuz da, onunla da yaşaya bilərəm – amma sevgim yaxamı buraxmır ki, buraxmır.

Özgürlüyüm, dəliliyim, insanlardan, ailəmdən, dostlarımdan, sevdiyim digər insanlardan qaçışım məhz keçirdiyim o eşqdən sonrakı halla bağlıdır. Təbii, bunu anlamaq üçün çox vaxta ehtiyacım oldu.

Onu itirdim, ilk dəfə məğlub olduğumu boynuma aldım, ancaq bu yoldan dönmədim. Sanki gizli bir əl məni təzədən bu yola döndərir, hara gedirəmsə, yenə özümlə qarşı-qarşıya qalıram. Bilirəm ki, içimdə olan hisslərin səbəbkarı Tanrıdır. Onun məndə yaratdığı hiss Tanrının sevgisi, Tanrının eşqidir və yaxud ondan da ötə bir duyğudur. Tanrı istərsə məni başqa birinə də sevdirə bilər. Ancaq mənim o qızda bütövləşəcəyimi bildiyi üçün Böyük Yaradan önümdə bu çığırı açıb. Mən gözüm qapalı, heç bir işarət olmadan bu yolu sona qədər getməyə borcluyam. Çünki taleyimdə yalnız o qızla yola gedəcəyimi, başqasına tərəf dönəcəyimi bilir və anlayıram. Bu sevgini mənə təlqin edənin adı Tanrıdır. O isə heç vaxt yanılmaz. Mənə eşqi də, sevgini də, ondan ötə hissi də yaşadan odursa bu yolun sonunu da Tanrıdan yaxşı bilən yoxdur.

Sevgi yolçuluğu bitməz, sonu görünməz. Belə olmasa, bu yolda mübarizə aparmasan o zaman eşq deyilən hiss nəyə yarayar ki?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm