İtlər bizi parçalayacaqdı
Bizi izləyin

Yazarlar

İtlər bizi parçalayacaqdı

Yay girəndən dənizə heç cürə vaxt tapıb gedə bilmirdim. Bürkülü günlərdə kafelərin birində pivə içərək sərinləməyə çalışsam da, alınmırdı ki, alınmırdı. Nəhayət dotumun dəvətilə Şüvəlan çimərliyinə yollandıq. Açığı həyatımda ilk dəfə idi ki, Mərdəkan, Şüvəlan tərəflərə gedirdim. Mənə oralar maraqlı gəlirdi. Üstəlik dostum da görmədiyim yerləri əməlli-başlı tərifləmişdi.

Avtobusla gedirdik. İçəridə xeyli adam istidən birtəhər, mürgülü halda yerlərinə pərçim olmuşdular. Hamı dənizə gedirdi. Hamının ortaq düşüncəsi sərinləmək, istirahət etməkdir. Yollar arxada qaldıqca biz Mərdəkana çatırdıq. Artıq dənizin qoxusunu hiss etmək olurdu. Havada ətirşah çiçəyinin qoxusu hərlənirdi.

Uşaq vaxtı atamla Pirallahı adasına getmişdik. Vaqonun içindəki adamlardan qorxmuşdum. Hamısı qara paltarlı və bədbin görünürdülər. Atamın əlindən tutmuş, gözlərimi yummuşdum. Ada isə yadıma belə düşmür. Nəysə, qayıdaq mətləbə!

Avtobusun pəncərəsindən Mərdəkanın bağları, köhnə, qırmızı kirəmitli beşmərtəbə evləri, dar küçələri, qocaman küknar ağacları gözlərimdə kövrək notlar yaratsa belə zövq verici anlar idi. Bura mənə köhnə Bakını, Sovet dövrünü xatırladırdı. Qəsəbədə sovet markalı maşınların çoxluğu da diqqət çəkirdi. Elə bil sosializm dövrü cərəyan edirdi.

Şüvalana çatdıq. Avtobusdan düşən kimi havadan yosun qoxusu hiss olunurdu. Qırmızı kirəmitli, balaca evlərin səkiləri, küçələri adamsız görünürdü. Hətta buranı kurort yeri Yessentuki şəhərinə də bənzətdim. Dükandan qarpız, pivə, çörək alıb yollandıq dənizə. Şüvalan çimərliyi füsunkar görünürdü. Üfüqdə mavi dəniz capcanlı dalğalanırdı. Dostum çimərliyi ABŞ-ın Mayami ştatındakı çimərliyinə bənzətdi. İkimizdə qımışdıq. Doğurdan da dəniz, sahil, qum, günəş, qayalıqlar adamda həyat eşqi yaradırdı. Paltarlarımızı soyunub özümüzü dənizə atdıq. Dalğalar bizi öz ağuşuna alırdı. Adamlar az görünürdü. Ətrafda köhnə evlər, tərkedilmiş yerlər nəzərə çarpırdı.

Axşam düşmüşdü. Üfüqdə günün batmağını seyr etmək də zövq verici və yadda qalan olmuşdu. Paltarlarımızı qaydasına salıb yola düşmüşdük ki, qumluq ərazidə 10-15 itin əhatəsinə düşdük. Dostumla qorxsaq belə sanki heç nədən xəbərimiz yoxmuş kimi addımlamağa davam etdik. Söhbət edirdik. Bir yandan da gözlərim itlərdə qalmışdı. Onlar bizi mühasirəyə almışdılar. Hətta kürən rəngli, cüssəli it bizə yaxınlaşırdı. Mırıldana-mırıldana, arabir bir ağız hürə-hürə az qala dostumun ayağından yapışacaqdı ki... Bu yer də, bir ağsaqqal qarşımızda peyda oldu. Heç cürə anlaya bilmədik ki, bu kişi bura necə gəlib çıxdı. Sanki yerin içindən pırtlayıb qabağımızda durmuşdu. Qorxumuzdan elə bil dünyadan təcrid olunmuşduq. Qocanın gəlişi ilə itlər nədənsə geri çəkilməyə başladılar. Qocaya təşəkkürümüzü bildirdik. Məhəllərin arası ilə gözdən itdik. Zövq aldığımız, istirahət etdiyimiz günün sonu qorxu və panika ilə başa çatmışdı. Mən isə hələ də itlərin nəyə görə o qoca gələndən sonra aradan çıxdıqlarını bir yerə yoza bilmirdim.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm