Dərsə gedən bir uşaq ... – 5 yaşlı uşaqların imtahanından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Dərsə gedən bir uşaq ... – 5 yaşlı uşaqların imtahanından FOTOREPORTAJ

“İlimizdə neçə fəsil var?”, “10-a qədər say”, “ 5-in üstünə 2 gələndə neçə edir?” “Azərbaycan” şeirini de görüm”, “Yüz dəfə demişəm, 5-dən sonra 6 gəlir, yenə çaşdın”, “Bax orda çaşma, sualların hamısına düz cavab ver, neçə aydı hazırlığa getmisən”.

42 nömrəli məktəbin həyətində hərə uşağını bir kənara çəkib şəhadət barmağını silkələyərək sadaladığımız bu suallara cavab vermələrini tələb edirdi. İmtahanı 6 yaşı tamam olmamış uşaqlar verəcək, amma valideynlər onlardan daha həyəcanlı görünür. Üstəlik, həyəcanlı olmaları bəs deyil, bunu uşaqlarına da ötürürlər. Bəlkə də, bu səbəbdəndir ki, həyətdə dil-dil ötənlər imtahan zalında ağızlarına su alıb otururdular.

Məktəbin giriş qapısında toplaşan valideyn və uşaqlar əvvəldən müəyyən olunmuş imtahan saatlarının çatmasını gözləyir. Kimi uşağının neçə aydır xüsusi hazırlığa getdiyini, kimi bağçada müəllimənin hazırlaşdırdığını, kimi də uşağı ilə özünün məşğul olduğunu deyir.

6 yaşı dekabrda tamam olacaq Gülşəni anasının suallarından xilas etmək üçün ona yaxınlaşırıq. Bayaqdan qaşqabaqlı olan balaca müsahibimizin əhvalı bir anda dəyişir.

- Adın nədir?

- Gülşən.

- Neçə yaşın var?

- Beş, dekabrda 6 olacaq.

- Bağçaya gedirsən?

- Yox.

- Niyə ?

- Çünki anamın pulu yoxdur.

Artıq çox şeyin pulla həll olunduğunu bu yaşda başa düşən balaca müsahibim tez böyüyüb pul qazanmaq üçün məktəbə getmək istəyir. Böyüyüb müəllimə olacaq. 5 yaşlı Gülşən Məmmədli imtahandan əvvəl bizimlə söhbətdə aktiv görünürdü. Onunla baxdığı verilişlərdən tutmuş, ailədəki münasibətlərə, kompüterin zərərinə qədər hər şeydən danışırıq. Amma imtahan vaxtı çatır. Artıq imtahana girməlidir.

Məktəbdə iki mərtəbədə 8 sinif otağında təşkil olunan imtahan prosesinə həm idarə əməkdaşları, həm də kameralar vasitəsilə nəzarət edilir. Kameralar həm də imtahanın nəticələrindən narazı qalan valideynlərin iddialarına son qoymaq məqsədilə yerləşdirilib. Uşaqların verdikləri cavablar nitq inkişafı, hesablama, məntiq və dünyagörüş baxımdan 3 müəllim tərəfindən qiymətləndirilir. Bu istiqamət üzrə 15-dən yüksək bal toplayan uşaq birinci sinfə qəbul edilir. İmtahanın nəticəsi iki gün ərzində telefona və ya e-mail ünvanına göndərilir.

Hər sinifdə 3 müəllim imtahan keçirir, yalnız bir valideynin imtahanı izləməsinə icazə verilir. Lakin o, prosesə müdaxilə edə bilməz. Biz də imtahana mane olmamaq üçün kənarda oturub müşahidə aparırıq.

Həyətdə bizimlə söhbət zamanı dil qəfəsə qoymayan, atasını nə üçün çox istədiyini, anasını və qardaşını niyə sevmədiyini deyən Gülşənin də imtahan prosesini izlədik. Müəllimlər suallara doğru cavab verməsi üçün çox çalışsalar da, Gülşən suallara cavab verməkdə çətinlik çəkdi. Şeir deyib, rəqəmləri tanısa da, ev və çöl heyvanlarının fərqi, şəkillər arasındakı fərqləri tapa bilmədi.

Müəllimlər bunun səbəbini onun cəmiyyət içərisində sərbəst ola bilməməsi və dünyagörüşünün zəif olması ilə əlaqələndirdi.

Baş çəkdiyimiz digər otaqda Kərimzadə Fatimə imtahan verirdi. Onun da cavabları ürəkaçan deyildi.

Peyğəmbər səbirli müəllim

İmtahan otaqlarında həm müəllimlərin davranışında, həm də uşaqların cavablarında hər iki tərəfin imtahana hazırlıqsız olduğunu müşahidə etdik.

Bəzi siniflərdə müəllimlər qarşısındakının 5 yaşlı uşaq olduğunu unudurdular. Məsələn, uşağa “adın nədir?” kimi bəsit formada sual verməkdənsə, “özünü təqdim elə” deyə müraciət edirdilər. Bəlkə də, ömründə ilk dəfədir bu sözü eşidən uşaqlar donub qalırdılar. Müəllimlərin uşaqların ilin fəsillərini sayarkən müdaxilə edib, ardıcıllığa riayət etmələri istəmələri onsuz da həyəcanlı olan uşaqların çaşmasına səbəb olurdu. Düzdür, bunu bütün siniflərə aid etmək olmaz. Bəzi müəllimlərdə sanki peyğəmbər səbri var idi. Uşaqların ağzından bir kəlimə alana qədər bütün pedaqoji təcrübələrindən istifadə edirdilər.

Siniflərdə apardığımız müşahidələr göstərdi ki, uşaqların əksəriyyəti imtahana xüsusi istedadına yox, “valideynlərinin qonşudan qalma dala” prinsipinə görə gəlmişdilər. Məsələn, vətənlə paytaxtın fərqindən, qoyunun insanlar üçün faydasından xəbərsiz, iki şəkil arasındakı fərqi və oxşar cəhətləri tapmaqda çətinlik çəkən uşaqlar çox idi. Onlar sanki proqramlaşdırılıb gəlmişdilər. Saymağı, şeir deməyi bilsələr də, adi məntiqi suallara cavab verməkdə çətinlik çəkirdilər.

Cavablardan məntiq və diqqət baxımdan problemlərinin olduğu aydın görünürdü. Diqqət çəkən məqamlardan biri uşaqların bəzi sözləri ana dilində deyil, rus və türk dilində ifadə etmələri idi.

İmtahan götürən müəllimlərdən Rəhman Baxşəliyev deyir ki, builki uşaqların səviyyəsi ötənilkilərdən yüksək olsa da, narazı qaldıqları məqamlar da var. O, uşaqların şərh vermək, məntiqi əlaqə qurmaq bacarığının zəif olduğunu düşünür. Bunun səbəbini isə valideynlərdə görür:

“Bu yaşda uşaqlar ən çox valideynlə ünsiyyətdə olur, onların dünyagörüşünü məhz valideynlər formalaşdırır. Amma bizim valideynlər uşaqlarla işləmir. Uşaq bağçaya getsə də, bəzən məntiq və dünyagörüşü baxımdan istənilən səviyyədə olmur. Bu da onu göstərir ki, uşağın məktəbəqədər inkişafı birbaşa valideyndən asılıdır. Uşaqlarımızda ən çox çatışmazlıq məntiqlə bağlıdır. Bəzi uşaqlar cümlə qurmaqda belə çətinlik çəkirlər”.

Bu məsələdə həmkarı ilə razılaşan Məhsəti Atakişiyeva valideynlərə bəzi tövsiyələr də etdi:

“Valideynlər yanlış olaraq məktəbəqədər uşağa ancaq saymaq və hərfləri öyrədir. Lakin onlar bilməlidirlər ki, bu yaşda uşağa saymaqdan daha çox dünyagörüşünün formalaşması lazımdır. Həyətdə, küçədə gördüklərini ona izah etmək, səbəb və nəticələri əlaqələndirmək, suallarına cavab vermək lazımdır. Kim ki, uşağın verdiyi sualları cavablandırır, onun övladı imtahandan uğurla çıxır. Uşağı hazırlığa qoymaqla iş bitmir. Bu gün yüzlərlə uşaq hazırlıq mərkəzi var, lakin valideynlərin də hazırlanmasına ehtiyac var”.

Müəllimlərin daha bir narahatlığı uşaqların xarici dilə olan marağı ilə bağlıdır. Bunun da səbəbi uşaqların xarici kanallara olan marağından irəli gəlir.

Uşaqların həyətdə aktiv, imtahanda passiv olmasına müəllim Tural Mirzəyev belə aydınlıq gətirdi. O, bunu uşaqların imtahana psixoloji baxımdan hazır olmaması ilə əlaqələndirdi.

“Uşaqların necə cavab verməsi, sıxılması valideyndən asılıdır. Hansı valideyn uşağını sıxırsa, onlar adi suallara cavab verə bilmir. Bəzi valideynlər problemi özündə görməkdənsə, yaxşı cavab vermədiyinə görə uşaqlarını danlayır, bəzən vururlar da. Bu, qəbulolunmaz haldır. Son üç gün ərzində imtahan verən 85 uşaqdan yalnız ikisinin nəticəsini xüsusi istedad kimi dəyərləndirmişik. Düzdür, təxminən 50%-nə müsbət rəy verib, birinci sinfə qəbul olunmasına razılıq vermişik. Lakin onlardan yalnız ikisi hərtərəfli hazır idi. Hər müəllim sinfində elə şagird olmasını istəyər”.

Utancaq uşaqlar

Müəllimlərlə ayaqüstü söhbətimizi bitirib səbəbkarların yanına gedirik. Məktəbin həyətindəki azyaşlılar valideynlərinin irad və danlaqlarından sıxılıb növbələrini gözləyirdilər.

6 yaşı dekabrda tamam olacaq Fuad Abdullazadə imtahandan təzə çıxmışdı. Bəzi suallara cavab verməsə də, məktəbə qəbul olunacağına əmin görünür.

Bağçada hərfləri, rəqəmləri öyrənsə də, polis olmaq üçün məktəbə getməyin şərt olduğunu deyir. Deyir ki, polis olub, pis insanları tutacaq.

Ülvi Nuri isə anasının suallarından canını qurtarmaq üçün məktəbin həyətindən qaçmaq istəyirdi. Bayaqdan uşaqlarla söhbət etməyimiz diqqətini çəkir və özü bizə yaxınlaşır. Lakin suallarımıza cavab vermək istəmir. Anası Mehriban xanım Ülvi Nurinin aktiv olduğunu, bağçaya, əlavə hazırlığa getdiyini, məntiq üzrə hazırlaşdığını deyir. Anası onun imtahana tam hazır olduğunu, bu gün isə danışmaqdan utanıb sıxıldığını deyir. Biz də ona imtahanda uğurlar arzulayıb sağollaşırıq.

Arzu Veysovanı isə imtahana anası hazırlaşdırıb. Anası qızının riyaziyyat və şeir demək qabiliyyətinin yüksək olduğunu, lakin məntiqi suallarda çətinlik çəkdiyini etiraf edir.

Həmyaşıdları arasında ən aktiv uşaq Davud Gəncəliyev deyir ki məktəb onu ən böyük istəyinə çatdıracaq. Böyüyəndə polis rəisi olub, pis insanları tutacaq. Davudu digər uşaqlarından fərqləndirən əsas cəhət isə özünə inam hissinin yüksək olmasıdır. O, imtahandan yüksək qiymət alıb məktəbə qəbul olacağına inanır.

İmtahan davam edir. Balacalar növbə ilə sorğu-suala çəkilir...

Biz isə həyatlarının ilk imtahanını verən bu balacalara uğurlar arzulayıb işə qayıdırq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm