Qırmızı.az
Elşad Miri: “İnsanlar var ki, ona ”Hacı filankəs” desinlər deyə Həccə gedir” - MÜSAHİBƏ
Media Təqib Mərkəzinin Azərbaycan üzrə baş direktoru, ilahiyyatçı Elşad Miri "Brifinq"in qonağıdır. Media ilə daim əməkdaşlıq edən ilahiyyatçı mərkəz açmasının səbəblərinə aydınlıq gətirdi. O, mediada dini maarifçiliyin zəifliyindən söhbət açdı, İslamdakı mübahisəli məqamlar haqda fikirlərini bildirdi. Elşad Miri Qurani-Kərimin tərcüməsindəki xətalar barədə də danışdı.
Aqil Lətifov: Elşad bəy, Media
Təqib Mərkəzinin özəlliyi nədir?
- Televiziya və ya başqa mətbu orqanlarda çıxış edirdim, dostlar
zəng edirdi ki, filan qəzetdə haqqında məlumat var. Bir xəbəri bir
neçə sayt yayırdı. Təbii ki, mənim bunları izləmək, ardınca qaçmaq,
bütün qəzetlərə baxmaq imkanım olmurdu. Ağlıma gəldi ki, dünyada
belə bir şey olmamış olmaz. Maraqlandım, dedilər, Azərbaycanda var,
amma məni qane etmədi. Dedim, bəlkə, bunu biznes olaraq fikirləşim.
Qəribə gəlirdi ki, Azərbaycanda bu qədər as jurnalistlər var,
texnologiyaya malik insanlarımız, inkişaf etmiş qurumlarımız var,
nə əcəb belə şey yoxdur. Bir sözlə, özüm cəhd göstərdim. ABŞ-da,
Avropada, Rusiyada, Türkiyədə olan dostlarımızla əlaqə saxladım.
Qərara gəldik ki, hər nə qədər kənardan dəstək olsa da, bu sistem
Azərbaycanın özündə qurulmalıdır. Nəticə etibarilə sistemi qurmağa
qərar verdik. Türkiyədə bir şirkətlə münasibət yaratdıq, protokol
imzalandı, beləliklə, işə başladıq. Bəzən soruşurlar rəqib varmı?
Rəqibin olmasını çox istərdik, çünki rəqabət inkişafa aparan bir
səbəbdir, amma bu sistemin qarşısında hələlik başqa sistem görə
bilmirik. Qiymət strategiyamız standartdır, əsas meyarımız şəffaf
çalışmaqdır.
A.Lətifov: Rəhbərlik etdiyiniz
mərkəz konkret olaraq mediada nəyi təqib edir?
- Azərbaycanda nə qədər qəzet çap olunursa, jurnal çıxırsa, bütün
bunlar bizim sistemdə avtomatlaşdırılır. 24 saatlıq iş rejimində
çalışırıq, 3 növbəli qrafikimiz var. Gecə mətbəələrdən bütün qəzet
və jurnallar alınır. Yaponiyadan gətirdiyimiz aparatlar vasitəsilə
qəzetlərin hamısı sistemə yüklənir. 100 qəzet olsa belə, aparat onu
1 saat ərzində sistemə daxil edir. PDF versiya deyil, bütün sözlər
mətnə çevrilir, hamısını tapır, müştərilərə göndərir. Hətta yeni
sayt fəaliyyətə başlasa da, dərhal sistemimizə düşür. Televiziyalar
və radiolar da həmçinin 24 saat sistemin yaddaşına köçürülür. Hər
ehtimala qarşı bizdə problem olar deyə, Türkiyədə də yaddaşa
köçürülür. İtkiyə gedən informasiya olmur. Hətta televiziyada
kiminsə adı çəkilməyib, amma həmin şəxs kadrda görünübsə, o da
sistemə daxil edilir. İstənilən adam haqda informasiya tapa
bilirik. Mediada çıxan xəbərləri sistemə daxil edirik. Bundan
başqa, analiz şöbəmiz var. Məsələn, bir qurum təklif edir ki,
haqlarında çıxan mənfi, müsbət və neytral nə xəbər varsa
hesablansın. Yaxud başqa qurumla müqayisəli şəkildə təhlil apara
bilirik. Sosial şəbəkələrdə çıxan məlumatların da təhlilini
aparırıq. Müştəri bilən kimi dərhal reaksiya verir. Sosial mediada
axtarış mümkün olmayan bir şeydir.
Nərgiz Ehlamqızı: Müştəriləriniz
kimlərdir? Daha çox məmurlardır, yoxsa sıravi vətəndaşlar da
var?
- Əslində, buna dövlət qurumlarının özünün marağı olmalıdır. Bu,
elə bir sahədir ki, elədiyimiz işi görməkdən ötrü ən azı 50-60
nəfərə ehtiyac var. Bir insan səhər saat 9-da qəzetləri alıb işə
gəlir, məlumatı tapana qədər 3 saat keçir. Rapor hazırlayıb təqdim
etmək uzun çəkən prosesdir. Gözdən qaçan informasiyalar da ola
bilər. Biz onların işini asanlaşdırırıq. 50 yox, 1 nəfərə ödəyəcəyi
maaşı bizə ödəməklə ona böyük ordunun edəcəyi xidmət təklif edirik.
Ona görə də birinci növbədə şirkətlərdən yox, dövlət qurumlarından
başladım. Müştərilərimiz sırasında nazirliklər, dövlət komitələri,
millət vəkilləri, böyük şirkətlər var.
Ruslan Xəlil: Universitetlər
əməkdaşlıq edirmi? Səhv etmirəmsə, Qafqaz Universiteti ilə
müqaviləniz vardı.
- Yox, Qafqaz Universiteti ilə qiymətdə razılaşmadıq.
N.Ehlamqızı: Qiymətləriniz çox
bahadır?
- Xeyr. Şəxs təkcə özü ilə bağlı informasiya istəyirsə, aylıq
standart ödəyəcəyi vəsait 300 manatdır. Amma şirkət sadəcə özü və
rəhbərliyi haqda məlumatlar istəyirsə, 600 manat ödəməlidir.
Rəqibləri haqda informasiyalar üçün isə bu məbləğ 650 manatdan
başlayır, 5 min manatadək qalxır. Məsələn, bir dövlət qurumu ABŞ-da
onunla və ya Azərbaycanla bağlı xəbərləri istəyirsə, onu dərhal
tapırıq. Amerikada çıxan qəzet 1 saat sonra bazamıza
yüklənir.
Aqil Lətifov: Özünüz
ilahiyyatçısınız, bu sahəyə marağınız haradan
qaynaqlanır?
- İlahiyyatçı olmağım məni bu sahəyə gətirdi. Özüm haqda dərc
olunan məlumatlardan xəbərdar olmaq istəyirdim, ancaq bu, mümkün
olmurdu. Vaxtım da yox idi ki, bütün işimi atım, haqqımda
yazılanları araşdırım. Bəzən yazılanlara fikir vermirdim. Ancaq
görəndə ki, haqqımda kampaniya başladılırsa, məcbur olub buna cavab
verməyə çalışırdım. Ona görə belə bir şey yarandı, biznesə
çevirdik. Media və ilahiyyat məsələlərinin sintezi arzularımdan
biri idi. Tələbə ikən mediada dindən yazmağa
başlamışdım.
Bəxtiyar Məmmədli: Mərkəzlə müştəri
arasında konfedensiallıqla bağlı razılaşma olurmu?
- Təbii ki. Elə bir qurum olur ki, araşdırma aparanda görməyimizi
istəmirlər. 5 min manat dəyərində təklif irəli sürürük. Biz öz
bazamızı onların xüsusi serverinə yükləyirik, o serverdən öz
bazalarına yükləyirlər. Beləcə, biz onları görmürük.
Naibə Qurbanova: Mediada
yetişdiniz. Dini yazılarınızı xatırlayıram. Bir neçə gün öncə milli
mətbuatımızın 140 illiyi qeyd olundu. Siz medianın vəziyyəti barədə
nə deyə bilərsiniz? Mediada dini məqalələr ürəkaçan
səviyyədədir?
- Dünya mediası fonunda bizim mətbuatda da ixtisaslaşma, peşəkarlıq
tərəfdarıyam. Fəxri adlarla bağlı 800 nəfərin müraciət etməsinə
təəccübləndim. Bizim xəbər saytımız da var, insanları işə götürəndə
onları yoxlayırıq və çox əziyyət çəkirik. Hər klaviaturada yazmaq
istəyən şəxs jurnalist olmaq istəyir. Bu, təəssüfverici haldır.
Dinlə bağlı yazan jurnalistin aldığı müsahibədə terminləri təkrar
düzəltmək məcburiyyətində qalıram. Ona görə də peşəkarlığın
artmasının tərəfdarıyam. Bu gün yazılı mətbuatın yerinin internet
mediasına keçdiyini görürük. Bum yaşanır. Bir vaxtlar olan reket
qəzetləri internet mediasında müşahidə eləmək olur. Müsbət məqam
odur ki, gözəl saytlar var, gündəlik olaraq məlumatlara baxa
bilirik. Televiziyalarda vəziyyət ürəkaçan deyil. Məsələn, mənim
özümlə bağlı televiziyalarda qadağa var. Kiminsə xoşuna gəlmək üçün
nə isə danışmıram. Mənim üçün yeganə meyar Allahımızın bizə
bildirdiyini insanlara olduğu kimi çatdırmaqdır. Bu gün bizə elə
bir İslam uydurublar ki, olduqca biabırçılıqdır.
N.Qurbanova: Tok-şoulardakı
müzakirələrdə həmişə tək qalırsınız, dini sahədən yazan
yetirmənizin olmasını istəməzsiniz? İslamı bizə mükəmməl şəkildə
çatdıracaq ilahiyyatçıya ehtiyac var...
- İllərlə universitetlərdə dərs demişəm, 4 kitabımı BMT-nin Əhali
Fondu çap edib, pulsuz paylayıb. Peyğəmbərimiz də təkbaşına idi,
biz peyğəmbərimizin çəkdiyi əziyyətin mində birini
çəkmirik.
"Quranın tərcüməsini 3 dəfə oxuyan insan tanıyıram, ateist olub"
N.Qurbanova: Bu gün ən çox müzakirə
olunan geyim və aksesuarlardır. Müzakirələr adamı qıcıqlandırır.
Artıq XXI əsrdir, din də təkmilləşməlidir.
- Deputat Fazil Mustafanın bir fikri var, çox xoşuma gəlir.
Söyləyir ki, Allahın endirdiyi və insanların uydurduğu din var.
Ətrafımızda din adına gördüyümüz din insanların uydurduğu dindir.
Allahın endirdiyi kitabı bizə elə şəkildə təqdim ediblər ki...
Qurani-Kərimin tərcüməsini 3 dəfə oxuyan insan tanıyıram, ateist
olub. Mən bu dini bilməsəydim, əsaslarından xəbərdar olmasaydım,
daha qatı ateist olardım. Dindarlar içərisində mənə cavab verəcək
insan olmazdı. İlahiyyatla bağlı təhsilim 1980-ci illərin axırına
gedir. Mollaya gedib pul verirdim ki, məni öyrətsin. İmkanlı ailə
olduğumuzu bilirdi, 28 hərflik əlifbanı 500 hərfə qədər artırmışdı.
Dərslərin sayını artırırdı ki, çox pul ödəyim. Amma özüm əlifbanı
yaşlı bir insana cəmi 5 günə öyrətdim. 5 gündən sonra Quran oxumağa
başladı. Mədrəsə oxudum, sonra türklərin İlahiyyat kollecində
təhsil aldım. Azərbaycanda ən gənc elm adamı olmaq istəyirdim,
magistraturanı qurtarandan sonra bildim ki, buraya qədərmiş.
AMEA-da iki professoru elmi rəhbər təyin etmişdilər, biri dedi ki,
dindən heç nə bilmirəm, sənə necə elmi rəhbərlik edim, digəri isə
söylədi ki, XVII əsrdən o yana gedə bilmərəm. Dinlər tarixi ilə
bağlı çox ciddi araşdırma aparmaq istəyirdim, məsələni saxladım.
Bir neçə il əvvəl hansısa məscidin axundu kimi təqdim olunan
şəxsləri, mollaları bu gün ilahiyyatçı adı altından daha modern
formada insanlara sırıyırlar.
Ruslan Xəlil: İlahiyyatçı bütün
dinlərə eyni tərzdə yanaşmalıdır?
- Mən müsəlmanam, İslamın haqq olduğunu bilib onu qəbul etmişəm.
Tövratda deyilir ki, Lut peyğəmbərin qızı atasını içirib onunla
birlikdə olur, sonra ikinci qızı bunu edir və onlardan bir tayfa
doğulur. Bunu necə haqq olaraq qəbul edə bilərəm?
R.Xəlil: Bu yanaşma artıq
ilahiyyatçı yanaşması olmadı axı.
- Bir vətəndaş olaraq bunu necə qəbul edirsiniz?
R.Xəlil: Allahın kitabıdır, necə
şübhə edək?
- Allahın kitabı deyil. İncil kitabı İsa peyğəmbərə gəlib, o, ivrit
dilində danışıb. Məntiqi olaraq İncil onun danışdığı dildə olmalı
idi, amma əlimizdəki İncil yunan dilindədir.
Nihat Cəbrayıl: İncilin Quranın
tərkib hissəsi olduğunu iddia edənlər var. İslam fanatları hesab
edirlər ki, İslamdan başqa heç bir din, Qurani-Kərimdən başqa heç
bir kitab yoxdur. Sizin fikriniz necədir?
- Allah Quranda da bildirir ki, din olaraq yeganə din İslamdır. Bu
gün gördüyümüz xristianlıq İsa peyğəmbərin vaxtındakı xristianlıq
deyil. Yəhudi dinin adı deyil, millətin adıdır. Buddizm millətin və
ya dinin adı deyil. Siddhartha Qautamaya verilən "Budda"
adındandır. Daosizm Daonun adı ilə əlaqələndirilən dindir. Hinduizm
ingilislərin Hindu çayı ətrafında yaşayan insanların dinlərinə
verdikləri addır. Başqa bir din adı yoxdur. Amma Allah bütün
peyğəmbərlərə, elçilərinə kitab göndərib.
N.Cəbrayıl: O zaman göndərilən
kitablar, din adları uydurulan adlardır?
- Dinlər tarixində 3 cür din var: milli, ümumbəşəri və qəbilə
dinləri. Yaponiyada, Afrikada müxtəlif dinlər var.
N.Cəbrayıl: Ümumiləşdirmək
istərdim, İncil İslam dininin tərkib hissəsidir?
- Xeyr, universal dinlərdən biri xristianlıq, hinduizm, buddizm və
İslamdır.
"ABŞ-ın 36 ştatında ölüm hökmü var"
N.Cəbrayıl: Qan, ölümlə gündəmə
gələn, qadın azadlığını məhdudlaşdıran dinə din kimi baxmaq mümkün
deyil.
- Demokratiyanın beşiyi ABŞ-ın 36 ştatında ölüm hökmü var. Əgər
Xocalıda faciə törədən insanlara qarşı humanizm prinsipi ilə
yanaşırsınızsa, o humanizmi mən qəbul etmirəm. Əgər bir insan mənim
atamı durduğum yerdə öldürürsə, mənim yetim böyüməyimə səbəb
olursa, həmin şəxsin bu cəmiyyətdə əli-qolu rahat gəzməyinə necə
razı ola bilərəm? Ötən gün özünü ateist adlandıran insanlarla
birlikdə müzakirə aparırdıq, anladım ki, bu insanların din anlayışı
ətraflarında gördükləri insanlar nəticəsində formalaşır. Allah
Quranda ağlını işlətməyən insanları murdar kimi təqdim edir.
Avropada, ABŞ-da deistlər, aqnostiklərlə görüşlərdə çox müzakirələr
aparmışam. Gəldiyimiz nəticə o idi ki, bu insanların din
anlayışının formalaşması İŞİD, Əl-Qaidə, Suriya və ətraflarında
gördükləri din xadimləri ilə bağlıdır. Quranı açıb oxuya
bilmədiklərinə görə o insanlar buna cavab verə bilmir.
“Din adı altında din biznesi, iyrəncliklər var”
N.Qurbanova: Ramazan ərəfəsində
ateistlər, deistlər çox aktivləşmişdi. Belə məqamlarda reaksiyanız
necə olur?
- Bir professor vardı, ailə üzvləri dosentdir, onunla çox ciddi
söhbətimiz oldu. Dedim ki, siz söhbətimizdən sonra özünüzü yenə
ateist adlandırırsınız? Dedi, yox, sadəcə, din adı altında bildiyi
səhv idi. Dini araşdırmadan bu insanlara baxıb İslamla tanış
olsaydım, nəinki deist, ateist olardım. Din adı altında din
biznesi, dini iyrəncliklər var.
N.Ehlamqızı: Dostlar sırasında
ateistlər var?
- Ateistə dost deməmişəm, dostum azdır. Ailəvi gediş-gəlişimiz olan
insanlar az saydadır. Amma münasibətdə olduğum insanlar çoxdur. Bu
gün bir ateistin İslamı qəbul etmək şansı daha çoxdur. Çünki
İslamda ilk ifadə inkarla başlayır: Lə iləhə, Tanrı yoxdur. Sonra
isə qeyd edilir ki, illəllah yəni, Tanrı yoxdur, Allahdan başqa.
Peyğəmbərimiz dövründə heç kəs Allahı inkar etmirdi. İnsanlar
Allahla yanaşı, digər tanrılar qəbul etmişdilər. Deyirdilər ki, biz
günahkar insanlarıq, tanrıların vasitəsilə tək Allaha çatmağa
çalışırıq. Əslində, dinlərin hamısının gəliş məqsədi Allahla dinlər
arasında vasitələri aradan qaldırmaqdır. Quranı açan kimi ilk
surəsində deyilir ki, Allaha ibadət edirik və ancaq səndən
istəyirik. Yəni nə peyğəmbər, nə də hansısa seyiddən, ağadan,
pirdən istəyirik...
A.Lətifov: Sizin pirləri ziyarətin
doğru olmadığı barədə fikirləriniz birmənalı qarşılanmır. Belə
çıxır ki, Həcc ziyarətinə də getmək olmaz?
- Bu bir biznesdir, ona görə də fikirlərim qəbul olunmur. Həcc
ziyarətinə gəlincə, orada bəyəm pir var? Bütün pirlərdə ölən, orada
yatan insanlar var. Bəs, Kəbədə kim var? Biznes qurmaqdan ötrü bir
nəfərin məzarı üzərinə bəzək, düzək qoyurlar, nağılvari məsələlər
uydurulur. Ali məktəbə qəbul olmaq, qızını ərə vermək, maşınını
dəyişmək istəyənlər gətirib nəzir atır. Yığılan pulun mincə
manatını uşaqlar evinə aparırsan, reklam edib piarını qurursan,
insanları daha çox cəlb edirsən.
“İnsanlar var ki, ona ”Hacı filankəs" desinlər deyə həccə gedir"
Səxavət Həmid: Həcc ziyarətinə
gedəndə yol məsrəfi, qalmaq, otel xərcləri olur, qurban kəsilir.
Milyonlarla müsəlmanın Kəbə ziyarəti Səudiyyə Ərəbistanına
inkişafına xeyli kömək edir. Şeytan ancaq Əraf düzündədir
ki?
- Birincisi, Kəbənin Səudiyyə Ərəbistanında olmağı İslamın
gətirdiyi anlayış deyildi. Bu, ilk insanla bağlı məsələdir.
Azərbaycana xaricdən qohumum gəlirsə, burada oteldə qalır, nə isə
alıb xərcləyir. Onda Kəbə ziyarətinə gedənin də qarşısını alaq ki,
pul xərcləyirsən? Bu o demək deyil ki, Məkkəyə gedənin pasportuna
cənnət vizası vurulur, 6 min manat ödəyən kimi cənnətlik olursan.
İslamda belə bir anlayış yoxdur. Adamlar var Həccə gedir, həccin
“h” hərfini anlamır, sadəcə pulu var, deyir, başqa yerləri
gəzmişəm, buranı da görməyə gəlmişəm. Əlini açıb dua edənlər var
ki, bura gəlmişəm ki, qayıdanda “Hacı filankəs” desinlər. Mən ötən
ay Ümrəyə getmişdim, ziyarət üçün bizə təqdim olunan rəqəmlər küllü
miqdardadır. Amma elə deyil, adamlar var, heç oteldə qalmır,
mərmərin üstündə yatır, su və xurma ilə qidalanır, yeməyə pul
xərcləmir. Üstəlik, Səudiyyə Ərəbistanı dünyada ən böyük neft
ehtiyatı olan ölkədir. Peyğəmbərimiz orada yaşadığı halda ömründə
bircə dəfə Həccə gedib.
A.Lətifov: Peyğəmbərin xatirinə
ziyarət edib Allaha dua etmək, ondan nəsə istəmək
olmaz?
- Peyğəmbərin xatirinə nə istəyə bilərsən? Bu, dinə ziddir
axı.
“Özümü heç bir məzhəbin nümayəndəsi saymıram”
A.Lətifov: İnsan öldüsə, onu
basdırmaq kifayətdir və ziyarəti qəbul etməmək vəhhabi təriqətinə
daha yaxın deyilmi?
- Özümü heç bir məzhəbin nümayəndəsi saymıram, bir çox məzhəbin
içində olub görmüşəm. Allah Quranda bizi müsəlman adlandırır. Nə
şiəliyi, nə sünniliyi qəbul edirəm.
A.Lətifov: Axirətə
inanırsınız?
- Axirəti necə inkar etmək olar? Bir müsəlman axirətə inanmırsa,
kafir olur. İslamda müqəddəs insan, yer, kitab anlayışı yoxdur.
Müqəddəs ancaq Allahdır. Bill Klintonun dövründə DNT şifrəsinin
açılması ilə bağlı araşdırma vardı, professor deyir ki, araşdırmaya
ateist olaraq girdim, tanrını qəbul edərək çıxdım.
S.Həmid: Dinlər olmasaydı, nə
dəyişərdi? Oturduğumuz otaqdakı işıq, kondisionerdə dinin hansı
rolu var?
- Mən fəlsəfəni oxuyaraq dinə gəlmişəm. Filosoflar bir-birini
təkzib edir, amma peyğəmbərlər bir-birini təsdiq edir. İslam
texnologiyaya qarışmır, bu din insana qarışır.
S.Həmid: Humanist olmaq üçün mütləq
dindarmı olmalıyıq? Bir insana yaxşılıq etmək üçün dindar olmağa
ehtiyac yoxdur axı, o qədər qəddar olan dindarlar var
ki.
- Qəddar olan ateistlər də var. Pislik etmək və ya yaxşılıq etməyi
dinlə əlaqələndirmək doğru deyil. Dinsiz cəmiyyət misal göstərə
bilərsinizmi?
S.Həmid: Avropanın Skandinaviya
ölkələrində ateistlərin sayı 80 faizə qədər çatır. Yaponiyanı da
misal çəkərəm.
- Yaponlar sintoizm adlandırılan dinə mənsubdurlar. Onlar deyir ki,
biz yapon olaraq doğuluruq, sintoist kimi yaşayırıq və buddist
olaraq ölürük. Həmçinin bu gün Yaponiyada İslam dinini qəbul edən
yaponlar var. Müsəlman yaponlarla görüşmüşəm, onlar dinin
dinsizlikdən daha yaxşı olduğunu bildirirlər. Heç nəyə inanmamaq
insanı xilas eləmir. İnancsız cəmiyyət yoxdur.
S.Həmid: Necə əmin olmaq olaq ki,
Qurandakı ayələr Allahdan göndərilib? Fakt, sübut
varmı?
- Adı olub özü olmamaq mümkündür?
S.Həmid: Uydurmaq
mümkündür.
- Allahı necə uydurmaq olar? Adı varsa, özü mütləq var. Məni dinə
daha da bağlayan ailə həyatı qurandan sonra övladlarımın dünyaya
gəlməsi oldu. Bir insanın dünyaya gəlməsi, aciz olması, ağlaması,
qidalanması, oxuduğu kitablar vasitəsilə Allaha inana bilmədiyini
söyləməsinə təəccüblənirəm. İslam Allahı insana inandırmaq üçün
gəlməyib. Heç bir ayədə deyə bilməzsiniz ki, "Allah var" ifadəsi
işlənir. Həmişə deyilir ki, Allahdan başqa yaradan yoxdur. İnsanlar
heç bir zaman inancsız olmayıb. Kafir sözü insanın içində olan
haqqı örtənə deyirlər.
A.Lətifov: Azərbaycan cəmiyyətində
gerçək İslam barədə məlumatları haradan almalıyıq?
- Qurani-Kərimdən.
"Quran o qədər bağlı qalır ki, oksigen girmir və buna görə yanmır"
N.Ehlamqızı: Tərcümələr barədə də
fikirlər birmənalı deyil.
- Tərcümələrdə xətalar var. Bunun üzərində işləyirəm. Quranın
düzgün, izahlı tərcüməsini hazırlayıram. Quran tərcümələri elə
cılız şəkildə təqdim olunur ki... Adam tərcüməni oxuyur, anlamır
ki, bunun mənə nə aidiyyətə var? Qurani-Kərim hər dövrə uyğun
anlaşılır şəkildə izah edilməsə, bu kitabı VII əsrə məhkum etmiş
olacağıq. Quranın yanmamasını möcüzə hesab edirlər. Quran o qədər
bağlı qalır ki, oksigen girmir, yanmır da. Mən 13 milyon Quran
kitabının çap olunduğu yerdə idim, çap zamanı səhvlər olanda
yandırılır. Buddistin, xristianın istehsal etdiyi kağıza necə
müqəddəs deyə bilərsən? Həmin kağıza ərəb əlifbasını tökəndə bu,
müqəddəs olmur axı.
A.Lətifov: Sizi qəbul etməyən
insanlar çoxdur. Niyə qəbul etmirlər? Bu, Sizi narahat
etmir?
- Çıxışlarımın təsiri oldu. Ətrafımdan dağılışan insanlar oldu.
Bütün bunları nəzərə alaraq çıxış edirəm. Peyğəmbərimiz gələndə
ətrafına insan yığmaq üçün yox, haqqı çatdırmaq üçün gəlirdi.
Peyğəmbərin həyatı bizim üçün nümunədir, məni qəbul etməyən,
maneələr, qadağalar olacaq, amma nəticə olacaq. Axundlar məni necə
sevsin ki, deyirəm, axundlar mollaların üst səviyyəsidir, mollalar
daha ucuz yas məclis aparırlar, bunlar daha bahalı aparırlar.
Deyirəm ki, ölüyə Quran oxumaq doğru deyil, Qurani-Kərim ölülər
üçün yox, dirilər üçün gəlib. Quran eyni zamanda insanın həyat
kitabıdır, onlar pul qazanır, məni necə qəbul edərlər?
S.Həmid: Elşad bəy, çox
emosionalsınız, danışığınız, çıxışınızla dinin bizə təqdim etdiyi
münasibət üst-üstə düşmür. Danışığınız insanda bir qədər qıcıq
yaradır.
- Gəlib elə rahat danışaram ki, yaxşı insan obrazı yaradaram. İki
tip var, biri molla tipidir, gəlib oturur, pulunu alır, yaxşı insan
obrazı yaradır, fonda musiqi qoyub danışır. Din mənə bunu təqdim
eləmir, din deyir ki, kimsə sənə hücum etsə, cavabını verməlisən.
Elə danışa bilərəm ki, düşünərsiniz, nə təmiz, nə gözəl insandır.
Bu gün sakit tərzdə danışan dindarlardan qazancını soruşun. Mənim
biznesim rəsmidir, vergimi də ödəyirəm.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO