Ucuzlaşan qızıl, Dünya Bankına alternativ, keyfiyyətsiz 1 milyon 400 min avtomobil və “ucuzlaşan” aviabiletlər - HESABAT
Bizi izləyin

Digər

Ucuzlaşan qızıl, Dünya Bankına alternativ, keyfiyyətsiz 1 milyon 400 min avtomobil və “ucuzlaşan” aviabiletlər - HESABAT

Yola saldığımız həftə xüsusilə birjalar üçün gərgin keçdi. Neft 50 dollardan aşağı düşdü, qızılın dəyəri isə son beş ilin maksimumuna endi. Həftənin əvvəlindən başlayaraq “qiymətli metal” 16 dollara qədər ucuzlaşaraq unsiyası 1085 dollarda qərarlaşdı. Bu da ən böyük qızıl idxalçısı olan Hindistanda satışların artmasına gətirib çıxardı. 86 milyard dollar yardım alan Yunanıstan isə borclarını qaytarmağa başladı. Çində sənaye diqqətə çarpacaq nisbətdə daraldı. Braziliya, Rusiya, Hindistan, Çin və Cənub Afrika Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ bank yaratdılar.

Başlayaq Yunanıstandan. İqtisadi böhranla üz-üzə qalan Yunanıstan avropalı borc verənlərə 6,25 milyard avro borc qaytarıb. Rəsmi Afina bu ödəməni Avropa Maliyyə Sabitlik Mexanizmindən (EFSM) Yunanıstana köçürülən 7,16 milyard avro "körpü krediti" sayəsində reallaşdırıb. O ki qaldı ödənilən 6,25 milyard avroya, bunun 4,2 milyard avrosu Avropa Mərkəz Bankına (ECB), 2,05 milyard avrosu Beynəlxalq Valyuta Fonduna (IMF) köçürülüb. Onu da bildirək ki, Yunanıstanla Avropa Birliyi arasında 86 milyard avro həcmində qurtarma paketi təsdiqlənib. Bu razılaşma sayəsində ölkədə həyat normal vəziyyətə qayıtmaqdadır.

Dünyanın ikinci ən böyük iqtisadiyyatı Çində tələbat aşağı düşüb. Ölkə sənayesindəki daralma son 15 ayın maksimumuna enib. Ən pisi də odur ki, əhalinin alıcılıq qabiliyyəti düşüb.

İspaniyada isə işsizlik azalmaqda davam edir. İlin ikinci rübündə işsizlərin sayı 295.600 nəfər azalıb. Bu da təxminən 1.4 faiz eniş deməkdir. Azalmaya baxmayaraq, ölkədə hələ də 5 milyon 150 min nəfər rəsmi işsiz var. Bu arada qeyd edək ki, İspaniya işsizlərin sayına görə, Yunanıstandan (işsizlik nisbəti 25.6 faizdir) sonra Avropada ikinci yerdə gəlir.

Həftənin daha bir önəmli hadisəsi inkişaf etməkdə olan ölkələrin - Braziliya, Rusiya, Hindistan, Çin və Cənub Afrikanın ortaq bank yaratmaq qərarlarını reallaşdırması oldu. Yeni İnkişaf Bankı (NPD) adlandırılan maliyyə qurumu Çinin Şanxay şəhərində fəaliyyətə başladı. Bankın əsas fəaliyyəti isə BRICS ölkələrinin nağd dollar problem yaşadığı halda onları maliyyə dəstəyi ilə təmin etmək olacaq. Çinin maliyyə naziri Lou Jiuei bankın mövcud beynəlxalq maliyyə sisteminə alternativ qurum olduğunu bildirib. Onun sözlərinə görə, NPD qlobal iqtisadiyyatın canlanmasına töhfə verəcək. Yeni İnkişaf Bankının sərmayəsi başlanğıcda 50 milyard dollar nəzərdə tutulub. Növbəti illərdə bu rəqəmin 100 milyard dollara çatacağı proqnozlaşdırılır.

Analitiklər isə NPD-nin Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ olduğunu irəli sürürlər.

İş dünyası

İngiltərənin GSM operatoru “Vodafone” ilin ikinci rübündə yüksək satış rəqəmləri açıqlayıb. Şirkətin satışının artmasında ana faktor kimi Almaniyanın kabel televiziyasının alınması göstərilir. Onu da qeyd edək ki, “Vodafone” son üç ildə ilk dəfədir artım açıqlayır. Belə ki, şirkət Avropadakı durğunluq və Hindistanda rəqabətin güclənməsi səbəbindən qaz-vurub qazan doldura bilmirdi.

İş dünyasında daha bir önəmli hadisə “Fiat Chrysler” avtomobil qrupu tərəfindən təxminən 1 milyon 400 min avtomobilin geri çağırılması oldu. Buna səbəb isə həmin avtomobillərin təhlükəsizliyi ilə bağlı şübhələrin yaranmasıdır. Belə ki, bir müddət əvvəl Amerika jurnalında “Fiat Chrysler” modellərinin internet vasitəsiylə idarə edildiyi yazılmışdı. Hazırda şirkət avtomobilləri geri çağırıb proqramlarını gücləndirmək istəyir. “Fiat Chrysler”dən verilən açıqlamaya görə, söhbət 2013-2015 illəri arasında istehsal edilən “Dodge”, “Chrysler” və “Cip” markalı avtomobillərdən gedir.

İngiltərənin məşhur qəzetlərindən olan “Financial Times” 60 il sonra rəhbərliyi dəyişdirir. Belə ki,171 yaşındakı qəzetin daxil olduğu “Pearson” media qrupu nəşri 1 milyard 200 milyon avroya Yaponiyanın “Nikke” şirkətinə satıb. Bəziləri qəzetin siyasi-iqtisadi xəttinin dəyişəcəyini iddia edirlər. Lakin yeni rəhbərlik bunu istisna edir. Məlumat üçün bildirək ki, qəzetin güdəlik satışı 225 min ədəddir. Elektron versiyasının oxucularının sayı 430 min nəfərdir.

“Microsoft” isə ilin ikinci rübü üzrə tarixinin ən böyük zərərini açıqlayıb. Şirkətin aprel-iyun ayları üzrə zərəri 3.2 milyard dollar olub. Zərərdəki ən böyük faktorlar “Nokia” ilə yeni “Windows” əməliyyat sisteminin gözlənilən maraqla qarşılanmaması göstərilir. “Microsoft”un gəliri də 5 faiz geriləməklə 22,18 milyard dollara düşüb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə bəzi ölkələr üzrə aviabiletlərin qiymətləri aşağı salındı, Dövlət Neft Fondunun yarımillik gəlir və xərcləri açıqlandı, “Beynəxlaq Bank”a yeni sədr seçildi, eləcə də Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi təsdiqləndi, SOCAR rəhbərliyi "Petkim"dəki payının bir qisminin satılmasının səbəblərindən danışdı.

Başlayaq Dövlət Neft Fondundan. Fondun bu ilin yanvar-iyun aylarına olan hesabatına əsasən büdcə gəlirləri 4,054 mlrd. manat, büdcə xərcləri isə 4 mlrd. 42,1 mln. manat təşkil edib. İlin ilk 6 ayı ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 mln. manat, akrhesabı ödənişlər 2,2 mln. manat, bonus ödənişləri 2,1 mln. manat və tranzit gəlirləri 5,7 mln. manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 8 013,4 mln. manat təşkil edib. Hesabat dövrü ərzində Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 mln. manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 mln. manat vəsait ayrılıb. 5,9 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə "Petkim" şirkətinə məxsus olan səhm paketinin bir qisminin satışa çıxarılmasının səbəblərini açıqladı. R.Abdullayev bildirdi ki, SOCAR adıçəkilən şirkətdəki payını aldığı müddətdən sonra səhmlərin dəyəri artıb: "SOCAR şirkətdəki səhmlərinin 10%-i dövlətdən, bir qismini də bazardan alıb. Son 2 ildə "Petkim"in səhmlərinin nominal dəyəri 1,8 türk lirəsindən 4,35 lirəyədək artıb. Buna görə, biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu, normal prosesdir".

Maliyyə Nazirliyi 2015-ci ilin 6 ayı üzrə dövlət büdcəsinin icrasına dair əhalini məlumatlandırdı. Məlum oldu ki, 2015-ci ilin I yarısında dövlət büdcəsi 700,7 mln. manat kəsirlə icra olunub. Lakin kəsir cari ilin yanvarın 1-ə olan dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və özəlləşdirmədən daxilolmalar hesabına örtülüb. 2015-ci ilin I yarısında dövlət büdcəsinin mədaxili 7 mlrd. 807,2 mln. manat, xərcləri 8 mlrd. 577,9 mln. manat olub, 700,7 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

Həftənin daha bir önəmli hadisəsi Norveçin "Statoil" şirkətinin Trans-Adriatik Boru Xətti (TAP) layihəsindəki 20%-lik payını satması ilə bağlı Dövlət Neft Şirkətinə (SOCAR) müraciət etməsi oldu. Düzdür, SOCAR da öz növbəsində "Statoil"in payını almaq üçün artıq bir neçə şirkətin müraciət etdiyini açıqladı. Amma Norveç şirkətinin bu addımı gündəmə bomba kimi düşdü.

Aviabiletlərin qiymətlərinə gəlincə, iyulun 21-də "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin kollegiyasının qapalı iclasında qiymətlərlə bağlı qərar verildi. Xüsusilə, "Azərbaycan Hava Yolları" aşağıda göstərilən istiqamətlər üzrə özünün aşağı büdcəli sərnişindaşıma xəttini (lou-kost istiqamətlər) yaratması nəzərdə tutuldu:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

Bildirək ki, uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq. Bundan əlavə, “Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.

Beləliklə, bu ilin avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanılacaq.

Yeri gəlmişkən, AZAL rəhbərliyi qiymətlərin aşağı salınmasının bəzi reyslərin bağlanmasına səbəb olacağını istisna etmir: “Ola bilsin ki, bəzi aviareyslərin biletləri 20%-dən aşağı salınsın. Bu, həmin reyslərin bağlanmasına səbəb olacaq. Əgər bir təyyarə 2 saatdan artıq uçursa və onun biletinin qiyməti 99 avrodan aşağıdırsa, bu, onun xərclərini ödəmir".

Məndən bu qədər. Hər birinizə uğurlu həftə sonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm