Miri Yusif möhtəşəm konsert verdi – REPORTAJ/ FOTOLAR/VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusif möhtəşəm konsert verdi – REPORTAJ/ FOTOLAR/VİDEO

Nəhayət ki, Miri Yusifin iyulun 25-də Yaşıl Teatr səhnəsində aylardır gözlənilən konserti baş tutdu. Miri Yusif sevənlərinə söz verdiyi kimi unudulmaz konsert anları yaşatdı.

Konsert saat 20:00-da başlanmalı olsa da, səbirsiz Miri Yusif fanatları konsert zalına erkən saatlarında axın etməyə başlamışdılar. Miri Yusif isə onu deyib gələn heyranlarına gözəl gecə yaşatmaq üçün fasiləsiz məşq edirdi. Konsertin həyəcanlı dəqiqələri yaxınlaşdıqca zal yavaş-yavaş dolmağa başladı. Ruh əkizləri üçün darıxan Miri Yusif də fanatlarını çox intizarda saxlamadı. Konsert zalı dolan kimi gecənin qəhrəmanı səhnədə göründü.

Yaşıl Teatrda toplaşan qonaqlar Miri Yusifin ilk oxuduğu “Oyan” mahnısını alqışlarla qarşıladı. Daha sonra Miri Yusif bütün hitlərini və yeni mahnılarını musiqiçilərin müşayiəti ilə ifa etdi. Müğənninin və musiqiçilərin möhtəşəm ifası ilk saniyələrdən hamını öz təsiri altına aldı. Konsertin sonrakı gedişatında müğənni “Dön geriyə”, “Yola verdi”, “Bağışla” kimi minlərlə insanın qəlbinə yol tapan mahnılarını səsləndirdi. Konsertin ən yaddaqalan məqamlarından biri isə ifaçının səhnədən öz xanımına “Sən mənimsən” mahnısını həsr etməsi oldu.

Digər konsertlərdən fərqli olaraq, bu dəfə səhnədə Miri Yusifin duet ortaqları görünmədi. İfaçı özü də hamının qarşısında etiraf etdi ki, bu konsertdə ruh əkizləri ilə baş-başa qalmaq üçün səhnəni heç kimlə bölüşmək istəməyib. Miri Yisifin “Mənim ən gözəl duetim konsertə gələn ruh əkizlərimlə oxuduğum duetdir. Bu gün bütün mahnıları birlikdə oxuyacağıq. Nə yaxşı ki, varsınız!” söyləməsi tamaşaçılar bir az da coşdurdu.

Tamaşaçılar əvvəlcə bir qədər utancaq idi, heç kəs emosiyalarını göstərməyə, rəqs etməyə cəsarət etmirdi, sonra isə hər şey dəyişdi. Qonaqların çoxu öz yerlərində otura bilmirdi, ona görə də, cərgələrdən əksəriyyəti ayağa qalxdılar. Mahnıların ifası zamanı Miri Yusifin zalla dialoqları, zarafatları, səmimi etirafları da hər kəsi pozitivliyiə kökləyirdi.

Konsertin sonlarına doğru ifaçı “Bir siqaret”, “İki doğma insan”, “Məktub” kimi köhnə mahnılarını oxudu. Lakin ruh əkizləri bu mahnıları da acgözlüklə sanki ilk dəfədir eşidirmiş kimi dinləyirdi. Miri Yusifin yerində dura bilməyən, zalda çoxluq təşkil edən ruh əkizləri bu mahnıları onunla birgə oxudu və oynadı.

“Səndən olmaz” mahnısının melodiya və ritminin sehrli harmoniyası isə hər kəsi o qədər təsirləndirdi ki, gecəyə gələn tamaşaçılar bu təkrarolunmaz ifaya və mahnıya görə, təbii minnətdarlıq hisslərini gurultulu alqışlarla çatdırdılar.

Miri Yisifin konsertinə gələnlər yaxşı bilir ki, “Səndən olmaz” mahnısı adətən sonlara yaxın səslənir. Miri Yusifin tamaşaçısı da təbii olaraq bu görüşün bitmək üzrə olduğunu hiss edirdi. Ona görə də, müğənni son mahnılarını oturmaq istəməyən tamaşaçıları ilə birlikdə oxudu.

Konsertin finalını isə Miri Yusif ruh əkizlərinin bir ağızdan tələb etdiyi və əzbər bildiyi “Ağ təyyarə” mahnısı ilə bağladı. Bir-birinin ardınca hit mahnılarını səsləndirən Miri Yusifin bu konserti görünür, onun fanatlarının yadında uzun müddət qalacaq.

Bir çox konsert qurtardıqdan sonra tamaşaçılar adətən öz sevimli ifaçılarını görmək üçün səhnə arxasına getmək istəyirlər, amma təəssüf ki, bu, heç kimə nəsib olmadı. Onlar çox yorğun idilər, çünki 3 saata yaxın fasilə vermədən səhnədə çıxış etmək o qədər də asan deyil. Ümid edək ki, Miri Yusif növbəti aylarda ruh əkizlərini sevindirməkdə davam edəcək!

Publika.az möhtəşəm gecədən ilk görüntüləri təqdim edir:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm