“Səs oyunu”, yoxsa Suriya bataqlığı: Türkiyə müharibəyə niyə qoşuldu? – ŞƏRH
Bizi izləyin

Dünya

“Səs oyunu”, yoxsa Suriya bataqlığı: Türkiyə müharibəyə niyə qoşuldu? – ŞƏRH

İŞİD və PKK-ya qarşı əməliyyatlara başlayan Türkiyə Suriyaya girməyəcək. Ölkənin Baş naziri Əhməd Davudoğlu da bildirib ki, əməliyyatlar əsasən havadan aparılacaq. Rəsmi Ankara onu da diqqətə çatdırıb ki, Suriya kürdləri Türkiyə üçün təhlükə törətməyəcəyi təqdirdə, onlara toxunulmayacaq.

Publika.az Türkiyənin keçirdiyi əməliyyatlarla bağlı ekspertlərin fikirlərini təqdim edir.

“Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin olacaq”

Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə analitik Toğrul İsmayıl hesab edir ki, Türkiyə əməliyyatları müttəfiqləri ilə razılaşdıqdan sonra həyata keçirir: “Suruçdakı terror aktı ilə Türkiyə İŞİD-in birbaşa hədəfinə çevrildi və keçirilən əməliyyatlar da buna adekvat cavabdır. Xatırlayırsınızsa, Türkiyənin hərbi təyyarəsi Suriya ordusu tərəfindən salınanda, müdafiə olunma addımı seçildi. İndi isə müdafiə ilə yanaşı, hücumlar da reallaşır. Lakin burada beynəlxalq situasiyanı da nəzərə almaq lazımdır. Ehtimal ki, Ankara müttəfiqləri ilə razılaşdıqdan sonra bütün region üçün təhlükə olan İŞİD-i vurmaq qərarını verib. Buna paralel olaraq, PKK-ya qarşı da ölkə daxilində və xaricdə əməliyyatlar aparılır. Ankarada anlayırlar ki, problemə qarşı təkbaşına getmək çətin olacaq. Ona görə də kənardan dəstək axtarılır. Xüsusilə regionda maraqları olan ABŞ, Rusiya, İran kimi ölkələr dəstək verə bilər”.

Politoloq hesab edir ki, Suriya məsələsində ümumi dilə tapılsa, terrora da son qoymaq mümkündür.

“Fikrimcə, Türkiyə bu cür əməliyyatlarda zəngin təcrübəyə malikdir. Amma terrorun kökünü bununla kəsmək mümkün deyil”, - deyə o bildirib.

Hərbi əməliyyatlar: AKP-nin “səs oyunu”, yoxsa Türkiyə Suriya bataqlığına doğru?

Türkiyəli politoloq Hakan Aksay isə baş verənləri ölkə daxilindəki vəziyyətlə bağlayır. Onun fikrincə, 7 iyun seçkilərində səs itirən Ərdoğan xüsusilə HDP-ni sıradan çıxarmaq üçün bu addımı atır: “Suriya və İraqda bombalamalar da bu planın tərkib hissəsidir. Bir tərəfdən Türkiyə islam radikallarına qarşı ABŞ-la birgə hərəkət edir, digər tərəfdən, ölkə daxilində kürdlərin partiyasına qarşı təbliğat aparılır. Fikrimcə, bu əməliyyatlarla HDP seçicilərin gözündən düşəcək və AKP erkən seçkilərdə səslərin 50 faizindən çoxunu qazanaraq təkhakimiyyətliliyini qur biləcək”.

Qeyd edək ki, hərbi əməliyyatlardan sonra Türkiyədə bəzi ekspertlər “AKP seçkidə 50 faizlik baryeri aşmaq üçün bu addımı atır” iddialarını səsləndirilər. Suruç terroru və PKK-ya qarşı əməliyyatlardan sonra keçirilən rəy sorğularında HDP-nin səslərinin azalması da bu ehtimalı artırır. Belə ki, əhalinin 85 faizi hərbi əməliyyatları dəstəklədiyini, HDP-yə səs verənlərin yarıdan çoxu isə peşman olduqlarını açıqlayıblar.

Lakin Türkiyəni 2013-cü ildən bəri Suriya müharibəsində soxmaq cəhdləri də burda diqqət çəkir. Hazırda buna nail olunduğunu demək mümkündür. Doğrudur, Türkiyə Suriya sərhədini keçmədən addımlar atacağını bildirir. Lakin xüsusi təyinatlıların sərhədi keçərək əməliyyatlar keçirməsi, İncirlik hərbi bazasının müəyyən qədər koalisiya qüvvələrinə açılması və baş verən digər proseslər artıq bu ölkənin müharibə apardığını deməyə əsas verir. Bu baxımdan, bu qədər genişçaplı əməliyyatların məhz AKP-nin “səs oyunu” olduğunu demək məsələyə birtərəfli yanaşma olardı. Amma o da faktdır ki, erkən seçkilər keçiriləcəyi təqdirdə HDP əvvəlki səsi ala bilməyəcək.

Politoloq Hakan Aksay hesab edir ki, Türkiyə indi üçüncü təhlükə ilə də üz-üzədir: “Buna qədər ölkə daxilində sollar problemi, PKK təhlükəsi var idisə, indi bu sıraya İŞİD də əlavə olunub”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm