Məşhur aparıcı: “O, ölüm ayağında olanda Allaha yalvardım ki...”- MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Məşhur aparıcı: “O, ölüm ayağında olanda Allaha yalvardım ki...”- MÜSAHİBƏ/FOTOLAR

Həmsöhbətim illərin aparıcısı Zabir Əliyevdir. Amma nədənsə, son vaxtlar efirlərdən uzaq düşüb. Dediyinə görə, daha şou verilişlərə aparıcılıq etmək fikrində deyil, ciddi proqramlar arzusundadır.

Publika.az-a müsahibə verən Zabir son vaxtlar depressiya yaşadığını da gizlətmədi.

- Bu günə qədər ən çox sevdiyin, özünü gördüyün və yaddaşında iz buraxan hansı verilişinin xiffətini çəkirsən?

- "Xeyli xəbər" və "Mədəniyyət" proqramı. Bu gün də həmin proqramın yeni versiyasının olmasını arzulayardım. Həmin proqramda biz əsl mədəniyyətdən danışırdıq və mədəniyyətin kökünə qədər gedib çıxırdıq. Bir sənətkarın tamaşaçıya məlum olmayan gizlin tərəflərini üzə çıxarırdıq. Bax bu silsilədən olan proqramların aparıcısı olmaq istəyirəm. Elə bir proqram ki, tamaşaçı ailəvi şəkildə o verilişi izləyə bilsin, uşaqlarına qadağa qoymasın ki, yox, bu verilişə baxmaq olmaz.

- Keçmiş verilişlərinə yenidən baxanda özün-özünə deyirsənmi ki, kaş bu məqamda belə danışaydım, ya belə görünəydim…

- Lap əvvəldən belə xasiyyətim var ki, hər verilişin təkrarına baxanda özümdə qüsurlar görürdüm və istəmirdim ki, o qüsurlar olsun. Məncə, bu hər bir aparıcıda olur.

- Kompleksli insansan?

- Məncə, hər bir insanın kompleksləri olur. Məndə də var.

- Məsələn?

- Komplekslərimi söyləmək istəmirəm.

- Bax elə bunun özü də, məncə, bir kompleksdir. Komplekslərinlə mübarizə aparırsan?

- Mütləq. Mən özümdə hansısa bir qüsuru görürəmsə, o nöqsanları yığışdırmağa çalışıram, çünki bilirəm ki, mütləq gələcəkdə mənə mane olacaq.

- Adam var, özünü o qədər sevir ki, bir dəfə də özünü danlamır, hər məqamda özünü haqlı sayır. Bəs sən?

- Mən özümə qarşı çox tələbkaram və özümü tez-tez danlayıram. Üzərimə götürdüyüm hər hansı bir işin öhdəsindən mütləq gəlməliyəm, nəyin bahasına olursa-olsun. Hətta bacarmadığım sahə olsa da belə, öyrənirəm və cəhdlərim nəticəsində o işin öhdəsindən gəlirəm.

- Səncə, ən mənfi xüsusiyyətin hansıdır?

- İnsanlara çox tez inanıram.

- Nəticəsi yəqin ki, dalbadal zərbələr olur?

- Mütləq. Amma əvvəllər o zərbələri çalışırdım qulaqardına vurum. Çünki onda anam sağ idi və özümü güclü hiss edirdim. Anam dünyasını dəyişəndən sonra həssaslaşdım. Artıq hər şeyə real yanaşıram. Hətta yadlardan hansısa bir zərbə, biganəlik görəndə normal baxıram. İnsan bu dünyadan özüylə heç nə aparmır. Mən nə aparacağam ki? İnsana qalan yaxşılıqdır. Heyif ki, çox adam bunu qanmır.

- Həssassansa, deməli, depressiyalardan da yan keçmirsən?

- İndiki halımda ruh düşkünlüyüm çox olur. Çünki işsizəm, hansısa televiziyada və şirkətdə işləmək üçün ağız açmağı da xoşlamıram.

- Dəvət eləmirlər?

- İnanmıram elə bir dəvət olsun.

- Niyə ki?

- Çünki bu gün telekanallar reytinq xatirinə qalmaqallı, sensasiyalı verilişlər təqdim edirlər və belə verilişlər istəyirlər. Ona görə də inanmıram mənə desinlər ki, gəl ciddi bir verilişin aparıcısı ol.

- Bir vaxtlar "Ekstrasens" verilişi aparırdın. Maraqlıdır, heç qara qüvvələrə, sehrə, paralel dünyalara inanırsanmı?

- Daxilən belə şeylərə inanan adamlardan deyiləm, amma heç vaxt heç vaxt demə. İnsan həyatında möcüzələr ola bilər. Çünki yaradılış, yer, göy özü elə bir möcüzədir.

- Möcüzələrə inanırsan demək... Həyatında ən böyük möcüzə nə vaxt baş verib?

- On iki il bundan qabaq. Anam ölüm ayağında idi, dayanmadan Allaha yalvardım və bir möcüzə nəticəsində anam həyata qayıtdı. Allah bu möcüzədən sonra 12 il yenidən onunla baş-başa yaşamağı mənə qismət etdi. İnsanın içində Allahla əlaqə varsa, o, mütləq möcüzələrlə mükafatlandırılacaq.

- İndi bəs hansı möcüzəni gözləyirsən?

- Artıq mənim üçün heç nə qalmayıb, nəinki möcüzələr, hər şey gözümdə marağını itirib.

- Niyə bu qədər bədbinsən?

- Reallıqla barışmaq məcburiyyətindəyəm.

- Alın yazısına inanırsan, yoxsa, düşünürsən ki, hər kəsin taleyi öz əlindədir?

- Alın yazısı var, amma mən hesab edirəm ki, əlli-əlliyədir. Allah buyurur ki, səndən hərəkət, məndən bərəkət. Heç bir cəhd etmədən nəyəsə nail olmaq mümkün deyil. Öz əlinlə verdiyini və itirdiklərini alın yazısına bağlamaq düzgün deyil.

- Həyat çox qısadır və düşünürəm ki, ömrüboyu peşmançılıq hissi ilə yaşamağa dəyməz. Hansı illərini həyatından silib atmaq istərdin?

- Həyatımın indiki illərini. Üç il əvvəldən ta bu günə qədər yaşadıqlarımı həyatımdan silib atardım.

- Niyə?

- Çünki ondan əvvəlki illərimin hər günü, hər dəqiqəsi xoşbəxt idim.

- Xətrinə dəyməsin, hər dəqiqə xoşbəxt olan insanlar yalnız dəlilərdir…

- Mən belə düşünürəm ki, insan sevdiklərinin yanındadırsa, sevdiyi peşə ilə məşğuldursa, demək xoşbəxtdir. Mənim anlamımda belədir.

- Depressiyaya düşəndə necə çıxırsan?

- Axır vaxtlar təkliyə qapılıb ağlayıram, ürəyim boşalır. Əgər yaxın dostum varsa, ona sirrimi danışıb, rahatlıq tapıram.

- "Ağlamaq gözəl şeydir, göz yaşımı silən olsa…" Məşhur bir şeirdən sətir yadıma düşdü. Bildiyimə görə, sən də şeir yazırsan.

- Avropa Oyunlarına bir şeir yazdım, Roza Zərgərli o şeirə yazılmış mahnını oxudu və qalib idmançılarımızla klip də çəkdirdi.

- Bir şeirin vardı e, "Qayıtdın", o qayıtdı?

- Gözümü yoldan çəkmişəm artıq. Amma çox gözlədim. Bəzən deyirlər ki, sevgi yoxdur, nağıl kimidir. Amma kim nə deyirsə desin, ilk sevgi heç vaxt unudulmur.

- Bəlkə, o ilk sevginin xətrinə şeiri axıracan söyləyəsən…

- Gözlərim pəncərədə, qulağım gələn səsdə,

Dedim, bəlkə qayıtdın, amma sən qayıtmadın…

Sənsiz darıxdım yaman,

Elə bil boş qaldı bütün yer, göy, asiman,

Yaman uzandı hicran,

Dedim bəlkə qayıtdın, amma sən qayıtmadın…

Addımının səsləri istəsəm də nə qədər

Getmədi qulağımdan,

İlıq, isti nəfəsin, billür kimi şən səsin,

Nə qədər çalışsam da getmədi xəyalımdan,

Qəlbim küsdü, ağladı,

Bacarmadı, göz yaşım könlümü ovutmadı,

Dedim, bəlkə qayıtdın, amma sən qayıtmadın…

Söylə, vəfan budurmu, mənim etibarsızım,

Gözləirindən öpərdim, əgər sən qayıtsaydın,

Dedim bəlkə qayıtdın, amma sən qayıtmadın…

- Səncə, bu sevgidə daha çox yanan sən oldun, yoxsa o?

- Əlbəttə ki, mən. Yaşandı, oldu, bitdi.

- Cox duyğusalsan, dünyanı daha çox hansı rəngdə görürsən?

- Mən xoşbəxtəm ki, dünyanı rəngli görə bilmirəm, daltonikəm. Dünyanı ağ-qara rəngdə görürəm.

- Barı, hansı daha çoxdur, ağ, yoxsa qara?

- Əlli-əlliyədir.

Cəvahir Səlimqızı

Fotolar Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm