Diplom almaq yetmir, imtahandan da keçmək lazımdır - İmtahandan REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Diplom almaq yetmir, imtahandan da keçmək lazımdır - İmtahandan REPORTAJ

“Atanın 32 yaşı varsa, qızın neçə yaşı var?” bu sualı əzbərləmişik. Siz başqalarını deyin. “Düzbucaqlı ilə bağlı necə idi?”

İmtahanda iştirak etmək üçün getdiyim Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında günəşin şüalarından xilas olmaq üçün binaya daxil olanda bu sözlər diqqətimi çəkdi. Ayaq saxladım, çox keçmədən səbəbi öyrəndim. Sən demə, sorğunu edənlər, imtahana hazırlaşmadan müəllim olmaq istəyənlərdir. Onlar imtahan saatından əvvəl gəlib, sualları öyrənib imtahana daxil olmaq istəyirlər. Eşitdiklərim və gördüklərim obyektiv keçirildiyinə inandığım müəllimlərin işə qəbul imtahanı barədə fikirlərimi qarışdırdı. Sualları soruşanlar jurnalist olduğumu bilən kimi yanımdan bir göz qırpımında uzaqlaşdığından söhbətimiz yarımçıq qaldı.

“Sadəcə, sınamaq üçün gəlmişəm”

Ona görə də vaxt itirmədən binaya daxil oldum. Həyətdə əvvəlcə imtahan saatının çatmasını gözləyənlərlə ayaqüstü söhbət edə bildim. Düzdür, onların arasında sualların sayından, qəbul balından xəbərsiz olanlar da az deyildi. Onlar arasında regionlardan gələnlər daha çox idi.

2002-ci ilin məzunu İlahə Əhmədova ibtidai sinif müəllimi olmaq istəyir. Bakalavr, magistr təhsili alsa da, ailə qurduğuna görə, işləməyib. İlk dəfə bu il bəxtini sınamaq istəyir, qəbulun imtahanla keçirilməsinin müsbət hal olduğunu deyir.

“İmtahan keçirilməsi bəzi neqativ halların qarşısını alır. Kimin biliyi varsa, qəbul olacaq. İmtahan öyrəndiklərimizi bir daha təkrarlamağa imkan yaradır. Bu vaxta qədər imtahan verib işə qəbul olan tanışlarım çox olub. Onlardan təsirlənib, bu il imtahana gəldim. İmtahana gücüm çatdığı qədər hazırlaşmışam. Ümid edirəm, sualları cavablandıra biləcəm”.

Bu il Humanitar Kollecin ibtidai sinif ixtisasını bitirən Vəfa Məmmədova işləmək üçün Bakı məktəblərini seçməyib:

“Özüm şamaxılıyam, amma Sumqayıtda da işləyə bilərəm. Hər iki yerdə olan məktəbləri seçmişəm. Yaxşı ki, işə qəbul imtahanla, bu cür təşkil edilir”.

Ali məktəbi ötən il bitirən, Humay Məmmədova ikinci dəfədir imtahan verir.

“Özüm Oğuzdan, ailə qurduğum şəxs Qəbələdəndir. Amma ailəli olduğuma görə, Bakıda işləmək istəyirəm. Düzü, imtahana çox da yaxşı hazırlaşmamışam. Bacardığım qədər oxumuşam, işləməyə həvəsliyəm”.

Azərbaycan Pedoqoji Kollecinin məzunu Ehtiram Məmmədov Astaradan olsa da, seçdiyi məktəblər arasında digər rayonlardan olanlar da var:

“Atam müəllim olub, ona baxıb bu ixtisası seçmişəm. Müəllim olmaq arzum olub. İnşallah, işə qəbul olaram”.

Çox həyəcanlı və gərgin görünən digər müsahibim Sevinc Əsgərova 2007-ci ilin məzunudur.

“Artıq üçüncü dəfədir imtahanda iştirak edirəm. Hər dəfə yetərincə bal toplamışam, lakin müəyyən səbəblərdən işə qəbul olmamışam. Keçən il keçid balı 30 idi, mən 28 bal toplamışdım. Ali məktəbə qəbul üçün imtahan veririk, 5 il oxuyuruq, sonra işə qəbul üçün imtahan veririk. Amma bununla bitmir, daha sonra yüksək maaş almaq üçün bir daha imtahan verməliyik. Bir sözlə, deyəsən, həyatımızda imtahanlar bitməyəcək”.

2002-ci ilin məzunu olan Kəmalə Quliyeva ali təhsil alandan sonra bir müddət işləsə də, ailə qurması karyerasını yarımçıq qoymasına səbəb olub.

“Mənim iş təcrübəm var, amma yenə də imtahan verməliyəm. Məncə, belə düzgün deyil. Təhsilim, təcrübəm var, yəqin savadım olub ki, işləyə bilmişəm. Yenidən işə qəbul olunmaq üçün Bərdədən bura gəlməyimə nə ehtiyac var idi?”

Lənkəranda işləmək istəyən Günay Qurbanova bəxtini sınamaq üçün gəldiyini deyir.

“13 ildir təhsildən kənardayam, indi yolum Bakıya düşdüyünə görə, imtahana gəldim”.

İmtahan verəcək şəxslərlə söhbətimizi bitirib binaya daxil oluruq. İmtahan otaqlarında səssizlik müşahidə edilir. Hər iştirakçının qarşısında bir kompüter işə qəbul olmaq üçün biliklərini yoxlayır. Otaqlardakı prosesə yalnız nəzarətçi müəllimlər deyil, Təhsil Nazirliyinin əməkdaşları da ciddi nəzarət edir.

“Səhhətinə və ya toyu olduğuna görə imtahana gəlməyənlər var”

Prosesin yaxından iştirakçısı, nazirliyin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Publika.az-a açıqlamasında bu günə qədər keçirilən imtahanların nəticələrindən danışdı:

“Ümumilikdə 22 min nəfərin ərizəsi təsdiqlənib, bu günə qədər 17 mindən çox şəxs imtahanda iştirak edib. Sənəd verənlər arasında ibtidai sinif, Azərbaycan dili, riyaziyyat, ingilis dili və tarix fənləri üzrə sənəd verənlər ümumi sənəd verənlərin 60%-i təşkil edir. 3461 vakant yer elan edilib, Bakı, Lerik və Cəlilabad rayonları sayın çoxluğuna görə ilk sırada yer alır. İmtahanlar başa çatandan sonra iyulun 30-dan avqustun 5-nə qədər müsahibə mərhələsi olacaq. Yüksək bal toplayanlar bu mərhələdən keçəndən sonra, müəllim işləyə biləcək”.

İlham Nağıyev onu da bildirib ki, ərizəsi qəbul olanlar arasında imtahana gəlməyənlər də var. Nazirlik rəsmisi həmin şəxslərə yenidən imtahan üçün şans verilməsinə də aydınlıq gətirib.

“Bəziləri əvvəldən zəng vurub, səhhətinə və ya toyu olduğuna görə, imtahana gəlməyəcəyini deyir. Yalnız ibtidai sinif müəllimlərinə növbəti gün imtahan verməyə imkan yaradılıb. Bunun da səbəbi həmin ixtisas üzrə imtahanın 3 gün davam etməsidir. Digər fənlərin imtahanı bir gün olur və namizəd həmin gün imtahanda iştirak etməlidir. Fənn üzrə yerləşdirmə imtahan verilən gün aparılır. Azərbaycan dili üzrə 2500 nəfər sənəd vermişdi, cəmi 191 vakant yer var idi. Bu ixtisas üzrə yalnız 3 vakant yer boş qaldı. İngilis dilindən bütün vakansiyalar tutuldu. Ümumilikdə 3461 vakansiya ayrılmışdı, onların hamısının tutulması göstərilir. Bir neçə boş yer qalarsa, həmin ixtisaslar üzrə təkrar qəbul aparılacaq. Bu il ingilis dili, riyaziyyat və Azərbaycan dili üzrə nəticələr çox yüksək olub”.

Nazirlik rəsmisi imtahanlar bitəndən sonra bu ilin və əvvəlki illərin məzunları arasında səviyyə fərqinin müəyyən etmək üçün təhlillər aparılacağını bildirib:

“İmtahanda bu ilin məzunlarının sayı azdır, onlardan cəmi 4 minə yaxını sənəd verib. Qalanları əvvəlki illərin məzunlarıdır. Sənəd verənlərin 91%-i yaşı 35-dək olan gənc mütəxəssislərdir. 9%-i isə yaşı 60-a qədər olanlardır”.

İlham Nağıyev bildirib ki, imtahan prosesində qaydaların kobud pozulması halları qeydə alınmayıb. Çünki buna şərait də yoxdur. Onun sözlərinə görə, suallar hər şəxsə görə fərdi hazırlanır. Yanaşı otursalar belə, bir-birindən köçürə bilməzlər.

Analar, nənələr, xalalar

İmtahan verənlər yavaş-yavaş binanı tərk edir. Yaxınlarının yanına tələsənlərdən bəzilərinin imtahan prosesi ilə bağlı fikirlərini öyrənə bildim.

2006-cı ilin məzunu Gülər Əhmədova bu il ikinci dəfədir imtahan verir.

“Ötən il Şamaxıya düşmüşdüm, amma uşaqlarım kiçik olduğuna görə getmədim. İndi çox peşman olmuşam, kaş gedərdim. Bu il yaxşı yaza bilməmişəm, qəbul olacağıma inanmıram. Çünki imtahana bir ay hazırlaşmışam, çox oxusaydım, nəticə daha yaxşı olardı. Ümumiyyətlə, imtahan çox yaxşı təşkil olunub, hər şey obyektivdir”.

Sualların hamısına cavab verən Tükəzban Əsədova isə ən azı 30 sualı düzgün cavablandırdığına inanır.

“Suallar gözlənilməz dərəcədə asan idi. Ona görə də, sualların hamısına cavab verdim. İnşallah, qəbul olaram, həm Bakı, həm də Lerikdə məktəbləri seçmişəm”.

İmtahan verənlər binanı yavaş-yavaş tərk edirdi. Bu qələbəlikdə yaxınlarını tapmağa çalışanları növbəsini gözləyənlər dövrəyə alırdı. Girişdə qeyd etdiyimiz kimi, əziyyət çəkmədən işə qəbul olmaq istəyənlər “iş başında” idi. Hərə bir tərəfdən sual verib, sualların çətin və asanlığı ilə maraqlanırdı. Hətta onlar arasında sual və cavabları vərəqə yazanlar var idi. İmtahandan çıxanları o qədər sorğu-sual etmişdilər ki, sualların əksəriyyətini artıq əzbərləmişdilər. Onlar arasında imtahan verəcək qızı, oğlu üçün sualları öyrənən valideynlər də az deyildi.

Bu qələbəlik arasında çətinliklə də olsa, imtahan verənlərin yaxınlarını tapa bildik. Temperaturun kölgədə 40 dərəcəyə çatdığı bir saatda onlar günün altında imtahanın bitməsini gözləyirdilər. Yenə də nənələr, xalalar, bibilər və digər qohumlar iş başında idi, yaxınlarının yaxşı nəticə göstərməsi üçün dua edirdilər. Uşaqları, bütün ailə üzvləri ilə gələnlər də az deyildi.

Ağcabədi rayonundan qaynı qızına imtahanda dəstək üçün gələn Afət Nəcəfi imtahanla işə qəbulun bəzi neqativ halları aradan qaldıracağını deyir.

Bacısı imtahan verən Mahirə Mustafayeva da imtahanı yüksək dəyərləndirir.

“Bacım imtahana yaxşı hazırlaşıb, kurrikuliumla bağlı kitablar da oxuyub. İnanırıq ki, qəbul olacaq. Başqa bir yaxınımız imtahanla işə qəbul olub. O, bizi bir az da ürəkləndirdi, imtahanla işə qəbula inamımız çoxdur”.

Qızı ibtidai sinif müəlliməsi olmaq istəyən Gülarə Mahmudova imtahanla işə qəbulun savadlı şəxslər üçün fürsət olduğunu deyir.

“Özünə güvənən, savadlı insanlara bu imtahanda yer var. Qızım bu ilin məzunudur, Bakının qəsəbələrindən bəzi məktəbləri seçib. Qızım imtahan verənlərlə maraqlanıb, yaxınlarımız arasında da bu üsulla qəbul olanlar çoxdur”.

Qaynı qızını imtahana gətirən və özü də müəllimə işləyən Fazilə İmanova imtahanla işə qəbulun təhsilə müsbət təsir edəcəyini deyir:

“Əvvəl işə qəbul zamanı neqativ hallar olurdu. İmtahanla qəbul isə yalnız savadlı şəxslərin işləməsinə şərait yaradacaq. Bu da təhsilimizi daha da irəli aparacaq”.

İmtahan binasına daxil olanda prosesin obyektivliyi ilə bağlı şübhələrimiz alt-üst oldu. İmtahan suallarının fərdi hazırlandığı şəraitdə iki-üç sualın cavabını yarımçıq öyrənməklə müəllim olmaq istəyənlərin istəkləri real görünmür. Yaxşı ki, real deyil.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm