Erməni lobbisi öz işində: Vaşinqton-Bakı yaxınlığı kimləri narahat edir? – ŞƏRH
Bizi izləyin

Nida.az

Erməni lobbisi öz işində: Vaşinqton-Bakı yaxınlığı kimləri narahat edir? – ŞƏRH

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı yenə də ikili standart mövqe nümayiş etdirib. Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, ABŞ Dövlət Departamenti regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsləri kimi kobud insan hüquqları pozuntularını görməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.

Qeyd edək ki, Dövlət Departamenti Qənimət Zahid və Emin Millinin qohumlarının təqib edildiyini iddia edib.

İlk Avropa Oyunlarından sonra Bakı və Vaşinqton arasındakı buzların əriməsi fonunda bu diqqət çəkir. Belə ki, iki həftə öncə Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn Bakıya səfər etdi və Azərbaycan-ABŞ münasibətlərinin ən yüksək səviyyədə olduğu diqqətə çatdırıldı. Onun ardınca Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da Bakının qonağı oldu. Hər iki səfərdə Azərbaycanın regionda və dünyadakı əhəmiyyəti xüsusi vurğu ilə qeyd olundu. Qısa zamanda fərqli yanaşma ortaya qoyan Dövlət Departamentinin mövqeyi suallar yaradır.

Publika.az xəbər verir ki, Milli Məclisin deputatı Asim Mollazadə bunu ABŞ-dakı erməni lobbisi ilə əlaqələndirib: “Bu, erməni lobbisinin anti-Azərbaycan kampaniyasından irəli gəlir. Diqqət edin, İrəvanın mərkəzində etiraz aksiyası keçirənlər döyülür, jurnalistlər həbs olunur, amma ABŞ-da praktiki olaraq heç bir reaksiya verilmir. Öz torpaqlarına səfər edən azərbaycanlılar Ermənistan tərəfindən girov saxlanılır. Buna da heç nə deyilmir. Amma Azərbaycanda milçəyin uçması kifayət edir ki, Vaşinqtondan qınaq gəlsin. Bu cür yanaşma demokratiya və insan hüquqları anlayışını etibardan salır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir: “Təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə, həmçinin energetika sahəsində əməkdaşlıqlar davam edir. Amma erməni lobbisi ABŞ-ın siyasətinə neqativ təsir etməklə bu dövlətin milli maraqlarına qarşı çıxır”.

Milli Məclisi üzvü, politoloq Rasim Musabəyov isə ABŞ-ın bu cür ittihamları istənilən ölkəyə qarşı yönəltdiyinə diqqət çəkib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar başqa dövlətin daxili işlərinə qarışmağı özünün hüququ hesab edir: “Hesab etmirəm ki, Dövlət Departamentinin bu fikirləri ikitərəfli münasibətlərə xələl gətirəcək. Lakin bu, yaxşı hal deyil. Azərbaycan bu gün müstəqil dövlətdir. ABŞ-dan nə maliyyə, nə də hansısa kömək almır. Həmçinin, bizim Amerikadan hərbi sahədə asılılığımız yoxdur. Sadəcə olaraq, biz Vaşinqtonda tez-tez fərqli fikirlər səsləndirildiyini unutmamalıyıq. ABŞ-da bəzi şəxslər, yaxud tənqidçilər hansısa ölkəni ittiham edirlər. Amma bu nə Amerikanın həmin dövlətlə münasibətlərinə mane olur, nə də Pentaqon, yaxud MKİ-nin əməkdaşlığına”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm