Əsədin taleyi ilə bağlı son qərar: ABŞ donanması Türkiyəyə gəlir - DETALLAR
Bizi izləyin

Dünya

Əsədin taleyi ilə bağlı son qərar: ABŞ donanması Türkiyəyə gəlir - DETALLAR

“PKK hazırda əsas təhdiddir. İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlar ABŞ təyyarələrinin İncirlik hərbi bazasına gətirilməsindən sonra başlayacaq”.

Publika.az Türkiyənin “Radikal” nəşrinə istinadən xəbər verir ki, bu sözləri İŞİD-ə qarşı əməliyyatların dayandırılmasını şərh edən yüksək səviyyəli hərbi mənbə bildirib.

“Radikal” nəşri xatırladır ki, Türkiyə Silahlı Qüvvələri iyulun 23-də Kilisdə bir əsgərin İŞİD tərəfindən şəhid edilməsindən sonra - 24 iyulda terror qruplaşmasının Suriyadakı mövqelərini vurub. Lakin həmin tarixdən sonra İŞİD-ə qarşı əməliyyatlar keçirilməyib. Amma PKK terror təşkilatına qarşı görünməmiş səviyyədə əməliyyatlar təşkil olundu. Türkiyə Baş qərargahı əməliyyatların gedişatında 190 PKK-çının öldürüldüyünü açıqladı.

Nəşrə danışan hərbi mənbənin sözlərinə görə, ABŞ yaxın günlərdə 30 ədəd F-15 və F-16, həmçinin “Reaper” tipli ən azı iki pilotsuz təyyarəni İngiltərənin “Suffolk” və Almaniyanın “Spangdahlem” bazalarından İncirlik bazasına gətirəcək.

“Times" qəzetinin yazdığına görə, Türkiyənin İŞİD-lə mübarizə çərçivəsində hava bazalarını açması barədə qərarından sonra, ABŞ-ın Almaniyadakı 480-ci Hərbi Hava Donanması Adanadakı İncirlik bazasında yerləşdiriləcək. İngilis nəşri Almaniyadakı “Spangdahlem” Hərbi Hava Bazasında olan 480-ci Hava Donanması ilə birlikdə, təxminən 200 nəfərlik şəxsi heyətin də İncirlik bazasına göndəriləcəyini yazıb. Bildirilir ki, bütün bunlar, həmçinin Türkiyənin PKK və İŞİD-ə qarşı əməliyyatları Suriyanın və bölgənin siyasi xəritəsini dəyişdirəcək.

“Türkiyənin Suriyada İŞİD-in mövqelərini bombalayaraq təhlükəsiz bölgəni yaratmağa çalışması və ABŞ-ın da buna icazə verməsi bölgənin siyasi xəritəsini dəyişdirəcək. Türkiyənin İŞİD-in əlindəki ərazilərdə yaratmaq istədiyi təhlükəsiz bölgə Suriyanın bölünməsini sürətləndirəcək. İncirlik bazasında yerləşdiriləcək 480-ci Hava Donanmasının uzunmüddətli İncirlik təcrübəsi var. Baza 1991-ci ildəki Körfəz müharibəsində də əməliyyatlarda iştirak edib. Təyyarələr İŞİD-in Suriyadakı hədəflərinə bir saatdan da qısa müddətdə çata biləcək. Bu gedişat Suriyadakı vətəndaş müharibəsinin istiqamətini də dəyişə biləcək. Təbii ki, bütün bunlar Bəşər Əsəd rejiminin gələcəyinə də təsirsiz ötüşməyəcək”, - “Times” yazıb.

Nəşr diqqətə çatdırır ki, ABŞ qırıcıları Suriyadakı İŞİD hədəflərini vurmaq üçün körfəz ölkələrindəki müxtəlif bazalardan təxminən 1000 mil (1609 km) uçur. Bu məsafə İncirlik bazası sayəsində 250 milə (təxminən 400 kilometr) endiriləcək.

Məlumata görə, ABŞ və Türkiyə arasındakı İncirlik razılaşması yalnız Suriyadakı İŞİD hədəflərinin vurulması ilə kifayətlənməyəcək. Suriyanın Azez və Cerablus şəhərləri arasında yerləşən və təxminən 100 kilometr enində olan bölgə İŞİD-dən təmizlənəcək. Bölgənin İŞİD-dən təmizlənməsi ilə terror qruplaşması Türkiyə sərhədindən ən azı 40 kilometr uzaqlaşdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm