İki dəfə həbsxanadan qaçdı, 4 dəfə evləndi: viaqraya ən çox pul xərcləyən MİLYONÇU - FOTOLAR
Bizi izləyin

Milyonçu

İki dəfə həbsxanadan qaçdı, 4 dəfə evləndi: viaqraya ən çox pul xərcləyən MİLYONÇU - FOTOLAR

O, Meksikanın ən varlı sakinlərindən biri sayılır. Hazırda Amerika və Meksikanın hüquq mühafizə orqanlarının axtarışında olan bu şəxs sərvətini narkotik alverindən əldə edib. Əbəs deyil ki, ölkəsində narkobaron kimi tanınır. Söhbət Xoakin Qusman Loeradan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində məşhur narkobaronu təqdim edir.

Kəndli ailəsində anadan olub

Xoakin Qusman Loera 1957-ci ildə Meksikada kasıb kəndli ailəsində anadan olub. Kiçik yaşlarından işləməyə başlayıb. Bu səbəbdən orta məktəbi atır. Əsas işi isə ailəsinə tarlada çətənə, tiryək əkməkdə kömək etmək olur. Təhsil almamasına baxmayaraq, tezliklə Meksikanın əsas narkobaronlarından biri olan “xaç ata”sı ləqəbli Migel Anxel Feliks Qallardonun yanında işləyir. Yazılanlara görə, Qusman onun tələbəsi olur. Məhz “xaç ata”sından öyrəndikləri sayəsində o, 1990-cı ildə Meksikanın əsas narkotik karteli “Sinaloa”ya rəhbərlik edir. Son 15 ildə onun rəhbərliyi ilə qurum Amerikaya 200 ton kokain göndərir. Nəticədə Qusman ABŞ hakimiyyəti tərəfindən “dünyanın ən qüdrətli narkobaronu” elan olunur. Analitiklərin rəyinə görə, onun uğurlarında əsas rolu təsadüflər oynayır.

Narkotik tranzitinə yeni innovasiyalar gətirir

X.Qusman tranzit üçün yeni nəqliyyat yolu kəşf edir. Belə ki, narkotikin sərhəddən yeraltı tunel vasitəsiylə ötürülməsini təmin edir. Söhbət illik 20 milyard dollarlıq dövriyyəsi olan tranzitdən gedir. Tunel onun şəxsi zooparkından başlayaraq Amerika şəhəri Duqlasa qədər uzanır. Bu arada tuneldə narkotik vasitələrin, pulların saxlanması üçün xüsusi otaq da tikdirir. Ən maraqlısı da odur ki, Qusmanın “tunel kəşfi” sonradan narkotik ticarətində geniş yayılır. Ölkə ərazisində 90-a yaxın belə tunel tikilir. Biznesdə oturuşan Qusman bazardakı rəqiblərinə qarşı hücuma keçir. Onlara qarşı amansız davranır.

Qadınlara qarşı həssasdır

Qusmanın boyu 168 sm olduğundan ona "El Çapo" – “qısaboy” ləqəbi veriblər. Bununla belə Qusman ölkəsinin ən gözəl qadınlarını belə yoldan çıxarmaq kimi qabiliyyətə sahibdir. Narkobaron rəsmi şəkildə dörd dəfə evlənib. Birinci evliliyi 1977-ci ildə reallaşıb. Bu nikahdan onun 3 övladı var. İkinci dəfə ailə quran Qusmanını Qriselda Lopes Peresdən isə dörd uşağı dünyaya gəlib. Amma bu evlilik də uzun çəkməyib. Narkobaron daha 2 dəfə evlənib. Sonuncu nikaha qədər isə Xoakin Qusman Loera onlarla qızla görüşüb, mütəmadi fahişəxanaların xidmətindən istifadə edib. Əbəs deyil ki. Qusman kainatın “Viaqra” həblərinə ən çox pul xərcləyən sakinlərindən biri sayılır. Qeyd etdiyimiz kimi onun bu eyş-işrət məcaraları 2007-ci ildə dördüncü həyat yoldaşı - yerli gözəllik müsabiqəsinin qalibi, vəfat etmiş narkobaronlardan birinin qızı 18 yaşlı Emme Koroneliylə tanışlığına qədər çəkib. Həmin ildə Qusman Koroneli ilə evlənib. Bundan sonra o, mühafizəçilərinin sayını azaldıb, şəhərlərdə çox vaxt keçiriməklə bərabər tez-tez əyləncələrə qatılmağa başlayıb. Amma ehtiyatı da əldən verməyib. Deyilənlərə görə, Qusmanın getdiyi restoranlarda nahar edən digər bütün müştərilərdən mobil telefonları məcburi qaydada alınırmış. Narkobaron naharını bitirdikdən sonra hər kəsin hesabını ödəyərək, narahatçılığa görə üzr istəyib restoranı tərk edirmiş.

Tamamilə yox oldu

2001-ci ildən qaçaq həyatı yaşayan narkobaron 2004-cü ildə tamamilə yoxa çıxır. Təhlükəsizliyini təmin etmək üçün dağlara sığınır. Onun huquq mühafizə orqanlarından qaçmaq tədbirləri bununla bitmir. Narkobaron illərlər Amerika istehsallı smartfon işlətmir. Kanada şirkətinə məxsus “BlackBerry”mobil telefonlarından istifadə edir.

2012-ci ildə qaçır

Qusman nə qədər ehtiyatlı davransa da, 2012-ci ilin əvvəlində Amerikanın narkotiklərlə mübarizə idarəsi onun telefonunu dinləməyi bacarır. Fevralda Qusman adalardan birində dincəldiyi zaman onu tutmağa çalışırlar. Lakin narkobaron bunu hiss edir və telefonunu işçilərindən birinə verib qaçır.

Amma 2014-cü ildə Amerika və Meksikanın polis orqanları onu yaxalamağı bacarırlar. Mətbuatın iddialarına görə, narkobaronu polis tərəfindən saxlanılan iki nəfər işçisi satır. Bu informasiyanı almaq üçün isə onlara işgəncə verildiyi deyilir. Maraqlıdır ki, müttəhim kürsüsündə əyləşən Xoakin Qusman bütün itihhamları rədd edərək adi fermer olduğunu söyləyir.

Birinci və ikinci qaçış

Xatırladaq ki, Xoakin Qusman bundan əvvəl də həbs edilmişdi. Amma həbsxanadan qaçmağı bacarmışdı. Tarix yenə də təkrarlanır. Belə ki, 1993-cü ildə həbs edilərək 20 il azadlıqdan məhrum edilən Xoakin Qusman Meksikanın ən ciddi rejimli həbsxanalarından biri sayılan ”Puente-Qrande”də saxlanılırmış. Ancaq 8 il sonra oradan qaçmağı bacarır. Araşdırmalar nəticəsində bəlli olur ki, onun qaçışında 71 nəfər həbsxana əməkdaşı iştirak edib. Kriminal boss türmənin nəzarətçisinə qədər hər kəsi satın alıb. Ümumiyyətlə, onun 1993-cü ildə həbsxanaya düşdüyü gündən şad-xürrəm həyat keçirdiyi ortaya çıxır. Sən demə, Qusman mobil telefon vasitəsilə həbsxanadan biznesini idarə edir, əxlaqsız qadınlar sifariş verirmiş.

2014-cü ilin əvvəlində həbs edilən narkobaron bu dəfə də Meksikanın “Altiplano” həbsxanasından qaçır. Medianın yazdığına görə, qaçışı ona 50 milyon dollara başa gəlib. Bura həbsxana rəhbərliyinə və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxildir . "El Çapo"nun axtarışına onun vanna otağından görüntüsü yox olandan dərhal sonra başlanıb. Meksika hökuməti caninin ələ keçirilməsi üçün 3,8 milyon dollar mükafat təyin edib. "El Çapo"nun necə qaçmasına gəlincə, bu, tunel vasitəsilə reallaşıb. Dərinliyi 60 fut olan tunel müasir texnologiya vasitəsilə hazırlanıb. Bu da ona imkan verib ki, həmin ərazini təhlükəsizlik qüvvələri onun arxasınca düşənədək daha tez tərk etsin.Narkobaron havalandırma sistemi olan tuneli motosikllə keçib. Tunel elektrik lampaları vasitəsilə işıqlandırılıb, amma o, buranı keçərkən arxasında qalan lampaları sındırıb, bu da axtarış imkanlarını bir qədər çəkinləşdirib. "El Çapo"nun qolunda elektron bazubənd də olub və o, həbsxanada kameralar vasitəsilə daim nəzarətdə olub. İnsan haqlarının tələbinə görə 2 yerdə kameralar vasitəsilə müşayiət dondurulurmuş. Bunun da biri duş kabinetidir. Narkobaron tunelə girməmişdən əvvəl qolundakı bazubəndi qırıb atıb.

Məşhur narkobaronun azadlığa qovuşması ölkədə diqqəti həm də bir daha korrupsiya üzərinə çəkir. Şərhçilər sual edirlər ki, heç bir səs-səmir olmadan bu tunel necə qazılıb və tunelin tikintisini aparan kəslər onun duş kabineti ilə dəqiq kəsişməni necə tapa biliblər.

Milyardları

Xoakin Qusmán dünyanın ən zəngin vətəndaşlarından biri sayılır. 2009-cu ildə onun sərvəti 1 milyard dollar həcmində qiymətləndirilib. “Forbes”ə görə, 2011-ci ildə o, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm