Moda ilə dini nə birləşdirir? - FOTOLAR
Bizi izləyin

Layihə

Moda ilə dini nə birləşdirir? - FOTOLAR

Bir neçə mövsümdür ki, xaç və ikonalar populyarlığın zirvəsindədir. "D&G" moda evinin bütün kolleksiyalarını dini motivlər bəzəyir. Publika.az-ın "Moda inqilabları" rubrikasının bu həftəki sayında "moda ilə dini nə birləşdirir?" - sualına cavab tapmağa çalışmışıq.

Xristian

İki il əvvəl "Givenchy", "Valentino" ilə "D&G" kimi məşhur brendlər ilhamını dini geyimlərdən almağa başladılar. Belə ki, onlar kolleksiyalarında rahibə geyim tərzindən, ikona və mozaikalar, o cümlədən freskalardan istifadə etdilər. Dizaynerlərin bu cəsarətini modapərəstlər yaxşı qarşıladı. Çox keçmədi ki, həmin geyimlər hətta dindar olmayan insanların da diqqətini cəlb etdi. Ona görə də stil ikonaları bu trendi həvəslə geyinməyə başladılar.

Bu fürsəti saxta mal istehsalçıları da əldən vermədi. Məsələn, onlar indiyədək ucuz dini aksessuarlar istehsal edirlər.

Fotoqraflar isə daha da qabağa gedərək jurnalların üz qabığı üçün modelləri soyunmuş rahibə obrazında təsvir edirdilər. Xatırladaq ki, "Vogue" jurnalının redaktoru Anna Dello Russonun bu addımı dindarların hiddətlənməsi ilə nəticələnmişdi.

İslam

Ekspertlərin fikrincə, yaxın bir neçə ildə müsəlman geyimi dünya bazarında hegemonluq qazanacaq və yeni dəb cərəyanlarının əsası qoyulacaq. Son illərdə örpək və şalların avropalı xanımların da qarderobuna daxil olması və sevilməsi bunun əyani təsdiqidir. Bundan başqa, Eli Saab və Zuahir Murad kimi livanlı dizaynerlər də geyim sənayesində çoxdan öz layiqli yerlərini tutublar. Onların yaradıcılığı şərq geyim ənənələrinə əsaslansa da, müasir dövrün tələblərinə cavab verir və özünəməxsusluğu ilə seçilir.

Xasidizm

İudaizmin bir qolu olan xasidizmdə kifayət qədər ciddi dress-kod qaydaları hökm sürür. İlk növbədə paltar sadə, enli və uzun olmalıdır. Bu dinə itaət edən xanımlar açıq paltar geyinə bilməzlər. Dekolte və yarıq birmənalı şəkildə yolverilməzdir. Onlardan bəziləri ailə qurduqdan sonra ya parik taxırlar, ya da baş geyimləri bağlayırlar. Xasidlərin hətta riayət etməli olduqları müəyyən parça, rəng, biçim və uzunluq da var. Onların geyimlə bağlı ağır şərtlərə əməl etməli olduqlarını düşünə bilərsiniz. Lakin heç də belə deyil. Məsələn, Mimi və Muşki bacıları uzun illərdir ki, Nyu-Yorkda yaşayırlar. Buna baxmayaraq, bu böyük şəhərin dəbi ilə ayaqlaşır, özünəməxsus tərzlərini yarada biliblər. Onlar hətta Nyu Yorkda dini geyim mağazası da açıblar. Bu mağaza tezliklə nəinki yəhudilərin, hətta müsəlman və hind xanımlarının da alış-veriş məkanına çevrilib. Zamanla kiçik mağaza öz fəaliyyətini genişləndirir. Mağaza internet versiyasını yaradaraq alıcı sayını xeyli artırıb. Bacılar göstərdi ki, hətta öz ənənələrinə və bütün qanunlara hörmət bəsləyərək dəbli geyinmək olar.

Sikxizm

Sikxizm - induizm və islam dininin təsiri altında yaranmış müstəqil dindir. Lakin onlardan fərqli olaraq ciddi dress-kod qaydaları yoxdur. Əvəzində sikxilərin K hərfi ilə başlayan 5 geyinməli olduğu əşya var.

Keş - əmmamə altında gizlədilmiş saçlar və ya sikxilərdə deyildiyi kimi dastar.

Kanqşa – saçları bərkitmək üçün taxta daraq

Kakşa - dizlərə qədər alt paltarı;

Kara - polad qolbaq;

Kirpan - qılınc və ya paltarı altında gizlədilmiş xəncər.

Müasir dövrdə yaşamağımıza baxmayaraq, sikxilər bu 5 qaydaya böyük məmnuniyyətlə riayət edirlər. Bundan əlavə, onlar bunu hətta dəbdə tətbiq edirlər.

Varisa Əxlüvaliya ən məşhur sikxilərdən biridir. O, sikxilərin ən dəbli kişi nümayəndəsidir. Varisa "Gap" brendinin siması kimi reklamlara çəkilib. Məhz onun sayəsində sikxilər müasir dəbi yaxından izləməyə başlayıblar.

Bu dinin digər nümayəndəsi Dubayda yaşayan Pardipe Baxredir. O, dəb bloqunda dastarla fotoları paylaşaraq dünyanın hər yerində populyarlaşıb. Bir müddət sonra bu dəbli gənc internetdə öz mağazasını açıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm