Qarabağ azad olunur: Bakının bir ay vaxtı var – Təhlil
Bizi izləyin

Nida.az

Qarabağ azad olunur: Bakının bir ay vaxtı var – Təhlil

Vaşinqton Dağlıq Qarabağı qaytarır? ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Moskva səfərindən sonra “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” deyə konkret mövqe nümayiş etdirməsi bir sıra suallara yol açdı.

Ötən həftə baş verən proseslər də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni proseslərin baş verdiyini göstərir. Xüsusilə iki səfər diqqət çəkdi.

Azərbaycan müdafiə naziri Zakir Həsənov Moskvaya səfər etdi. Bakı ilə Moskva arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu cür səfərlər normal hal hesab olunur. Lakin Rusiyanın forpostu olan Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın eyni ərəfədə Vaşinqtona getməsi diqqətlərdən yayınmadı.

İlkin versiya belədir: Qarabağ münaqişəsi ilə bağlı yeni situasiya yaranıb və Azərbaycan rəhbərliyi ölkənin çıxarları baxımından manevrlərini genişləndirir. Ermənistan ordusunun ikinci şəxsinin Vaşinqtona səfəri isə ilk baxışdan mərkəzdənqaçma olaraq dəyərləndirilə bilər. Bu fonda Bakının daha ağıllı manevr etdiyini deyə bilərik.

Lakin Ceyms Uorlikin məlum sözlərindən sonra Vaşinqtonun münaqişəyə yanaşmalarının dəyişməsi haqda ehtimallar da unudulmamalıdır. Görünür...

a) Vaşinqton münaqişənin həllində maraqlıdır. Ukrayna böhranından sonra post-sovet məkanında dondurulmuş münaqişələrin “açılması” istiqamətində prosesə hələ ötən ildən start verilmişdi.

b) İşğal olunmuş 7 rayon Azərbaycana qaytarılır və Dağlıq Qarabağın statusu məsələsi gündəmə gəlir. Erməni ordusunun ikinci şəxsinin Vaşinqtona çağırılması da nələrinsə hazırlanması və razılaşdırılması ilə bağlıdır.

Hazırlanan nələrsə məhz sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qədər razılaşdırılmalıdır. Məhz həmin görüşdə təkliflər prezidentlərin önünə qoyulmalıdır. Rusiya prezidenti Vladimir Putinin də həmin sessiyada iştirakını nəzərə alsaq, deməli, proses birtərəfli yox, Ağ Ev və Kreml tərəfindən ssenariləşdirilir.

Amma nə? Erməni mediası iddia edir ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlı qüvvələrin yaradılması haqda BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Tonoyanın ABŞ-a səfəri də bununla bağlıdır. Onun Nyu-Yorkda BMT-nin sülhməramlılar üzrə xüsusi nümayəndəsi ilə görüşməsi də ehtimalları artırır.

Sülhməramlıların Qarabağa yerləşdirilməsi Bakıya sərf edirmi?

Bu məsələ artıq uzun müddətdir ki, gündəmdədir. Xüsusilə Rusiya öz qoşunlarını burada yerləşdirmək niyyətindən heç vaxt əl çəkməyib. Lakin Bakı buna heç vaxt icazə verməyib. Çünki bu, üzdəki düşmənin geri çəkilməsi və pərdəarxası qüvvənin ortaya çıxması, beləliklə, müharibəin daha böyük güclə aparılması deməkdir.

Lakin indiki situasiyada sülhməramlılar Azərbaycana o vaxt sərf edər ki, işğal olunmuş ərazilər geri qaytarılır, öz evlərindən qovulmuş qaçqın və məcburi köçkünlər geri qaytarılır, Dağlıq Qarabağın statusu Azərbaycanın tərkibində həll olunur və yalnız BMT səviyyəsində olan sülhməramlılar müvəqqəti olaraq regionda təhlükəsizliyin qorunmasını həyata keçirirlər. Amma bu məsələ gündəmə gələndə rəsmi Bakı haqlı olaraq BMT-nin dörd qətnaməsini əsas gətirəcək ki, belə olanda da İrəvan öz qeyri-konstruktiv mövqeyindən əl çəkmək istəməyəcək. Hər-halda situasiya hazırda mürəkkəb olaraq qalır və sentyabrda məsələyə aydınlıq gələ bilər.

Burada Vaşinqton və Kremlin hansı maraqlardan çıxış etməsi də diqqət çəkir.

Birləşmiş Ştatların işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq mövqeyində olduğu görünür. İndiyə qədər bu tipli çıxışlar daha çox söz oyunu idisə, hazırda bunun real olduğunu düşünə bilərik. Xüsusilə, Vaşinqtonun enerji savaşında qurduğu ssenarilərin gerçəkləşməsində Bakıya ehtiyacı böyükdür və güman ki, Azərbaycan rəhbərliyi ərazi bütövlüyü məsələsini Ağ Ev təmsilçilərinin qarşısında irəli sürüblər. Vaşinqton münaqişəni həll etməyə həm də ona görə maraqlıdır ki, Ermənistan blokadadan çıxacaq, uzaq perspektivdə olsa belə Rusiyanın boyunduruğundan qurtulacaq və Gürcüstanı ələ alan Birləşmiş Ştatlar Cənubi Qafqazın iki ölkəsi arasındakı problemi həll etməklə regionda hakim qüvvəyə çevriləcək.

Rusiyanın buna razı olması hələ də sual altındadır. Hesab etsək ki, Moskva ərazilərin qaytarılması və BMT sülhməramlılarının Qarabağa yeridilməsinə razıdır, o zaman sual yaranır: Rusiya öz xoşu ilə regiondakı gücündən niyə imtina edir, yaxud burada onların hansı maraqları var? Bu sualın cavabı hələ ki açıq olaraq qalır. Yalnız onu ehtimal edə bilərik ki, Rusiya hazırda düşdüyü çətin vəziyyətdən çıxış yolları axtarır və Şərqi Avropa, həmçinin, Şərqdə mövcud gücünü saxlamaq üçün Cənubi Qafqazdan imtina edir. Yəni “Əli xilas etmək üçün barmağı qurban vermək” prinsipi.

Bizə düşənsə Nyu-York görüşündən sonra açıq qalan suallara cavab tapmaq imkanının yaranacağına ümid etməkdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm