SOCAR: "Partlayış Azərbaycana zərər vurmayıb"
Bizi izləyin

Ekopublika.az

SOCAR: "Partlayış Azərbaycana zərər vurmayıb"

Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyədən keçən hissəsində baş verən partlayışın səbəbləri araşdırılır.

Bunu ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. “Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, Botaş şirkəti həyata keçirir. Botaş şirkəti ilə daimi əlaqələrimiz var.

Qeyd edim ki, xoşbəxtlikdən, qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı xəbər veriləcək”, - deyə N.Quliyev vurğulayıb.

Xatırladaq ki, Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.(APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm