Arif Hacılı nurçuların İsa Qəmbərə gizli dəstəyindən danışdı - Müsahibə
Bizi izləyin

Nida.az

Arif Hacılı nurçuların İsa Qəmbərə gizli dəstəyindən danışdı - Müsahibə

Arif Hacılı nurçuların İsa Qəmbərə gizli dəstəyindən danışdı - Müsahibə


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı nurçuların İsa Qəmbərə gizli dəstək verməsi haqqında deyilənlər, Krım səfəri və bundan sonra atacaqları addımlarla bağlı Publika.Az -a müsahibəsində danışıb.

-Türkiyədə camaat lideri Fətullah Gülənin İsa Qəmbərə gizli siyasi dəstək verməsi haqqında informasiyalar yayıldı. Bununla bağlı nə deyə bilərsiniz?

-Bu barədə danışmağın mənası yoxdur. Çünki bu ümumiyyətlə bu qeyri-ciddi məsələdir.

-Axı bununla bağlı məktub da yayılıb.

-Bu məktubda hansısa əlaqələrdən söhbət getmir. Sadəcə olaraq, Bakıda olan bir nurçunun Azərbaycandakı siyasi vəziyyət haqqında düşüncələrindən söhbət gedir. Burda Müsavatın nəyəsə aydınlıq gətirəcəyi bir şey yoxdur.

- Arif bəy, Krıma getmək istədiniz, Rusiya polisi sizi geri qaytardı. Krıma, yaxud Ukraynaya getməklə bağlı növbəti cəhdləriniz olacaqmı?

- Ukraynada gedən prosesləri diqqət mərkəzində saxlayırıq. Hesab edirik ki, hazırda demokratiya ilə avtoritarizm arasında gedən mübarizənin səddi Ukraynadan, xüsusilə son həftələr Krım yarımadasından keçir. Ona görə də demokratiya uğrunda mübarizə aparan partiya olaraq Müsavatın bu məsələləri diqqətdə saxlaması təbiidir. Müsavat başqanı İsa Qəmbər, müavini Gülağa Aslanlı Kiyevdə olmuşdular və avromeydanda iştirak edərək orda çıxış etmişdilər. Ukraynanın indiki rəhbərliyində təmsil olunan şəxslərlə də görüşmüşdülər. Bizim Krımda getmək, ordakı demokratik qüvvələrə, eyni zamanda Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparan Krım tatarlarına dəstək vermək cəhdimiz bu prosesin tərkib hissəsidir. İstər Kiyevdə, istər Ukraynanın digər yerlərində, o cümlədən Krımda gedən proseslərlə bağlı Müsavat Partiyası sistemli şəkildə açıqlamalar verir, Azərbaycan və beynəlxalq ictimaiyyətin diqqətinə bu məsələlər çatdırılır. Biz çalışacağıq ki, Ukraynada fəaliyyət göstərən demokratik qüvvələrə, avtointeqrasiya tərəfdarlarına dəstək verək. Bu baxımdan bizim Kiyevə və Ukraynanın digər şəhərlərinə səfərlərimiz yenə də ola bilər.

- Krıma əyani dəstək verməyin qarşısı müəyyən mənada alınır, sizin də təcrübənizdə bu yaşandı. Bəs Azərbaycanda necə dəstək vermək olar?

- Azərbaycan hakimiyyətinin bu məsələyə münasibəti tamamilə qeyri-adekvatdır. Çünki istər Qarabağ problemi ilə əlaqədar, istər Azərbaycanın Qərbdə olan tərəfdaşları ilə əməkdaşlıq perspektivləri baxımından, istərsə də Krım tatarlarının bizimlə eyni millət olması baxımından bütövlükdə Azərbaycan cəmiyyəti, ilk növbədə də Azərbaycan hakimiyyəti reaksiya verməlidir. Krım tatarlarının liderləri açıq şəkildə Azərbaycan hökumətinə müraciət etsələr də, hələlik nə dövlət başçısı, nə Azərbaycan xarici işlər nazirliyi tərəfindən baş verənlərə birmənalı reaksiya verilmir. Təəssüf ki, Krım tatarlarına dəstəklə bağlı hansısa hərəkət, hətta açıqlama ortada yoxdur. Amma Azərbaycan cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai –siyasi təşkilatlar hakimiyyətinin belə mövqeyinə görə baş verənlərə biganə qalmamalıdır. Ukraynada yaşanan proseslər yaxın zamanlarda Azərbaycanda da yaşana bilər. Çünki hazırda demokratik Avropa ilə avtoritar Rusiya arasında Avroasiya məkanına təsir imkanları uğrunda mübarizənin sonuncu həlledici mərhələsi gedir. Yəqin ki, Azərbaycan hakimiyyətinin apardığı balans siyasətinin, əslində bu qeyri-müəyyən siyasətdir, sonu yaxınlaşıb. Yaxın gələcəkdə istər Avropa İttifaqı-Qərb, istərsə də Rusiya Azərbaycan hakimiyyətindən aydın xarici siyasət kursunun müəyyənləşdirilməsini tələb edəcək. Ona görə də düşünürəm ki, Azərbaycan cəmiyyəti öz iradəsini göstərməlidir. Bu iradənin nümayişi həm Azərbaycan hakimiyyətinə, həm də dünya ictimaiyyətinə olmalıdır. Çünki hakimiyyət cəmiyyətin avrointeqrasiya meyllərinin güclü olduğunu görəcəksə, təbii ki, buna uyğun addımlar atmağa məcbur olacaq.

- Yəni müxalifət də qarışıq bütün cəmiyyət bu prosesə eyni rakursdan baxmalıdır?

- Azərbaycanın geopolitik inkişaf perspektivləri baxımından bir daha deyirəm ki, həlledici məqama qədəm qoymuşuq. Bu məqamda Azərbaycan cəmiyyətinin, hakimiyyətinin, hər bir vətənsevər şəxsin Ukrayna demokratlarının yanında olması, orda demokratiya uğrunda gedən mübarizəyə dəstək verməsi zəruridir.

- Son olaraq İctimai Palatanın bir növ bazasında yaradılan “Düşüncə Mərkəzi” haqqında sualım var. Belə iddialar səsləndirilir ki, bu mərkəzi Müsavat Partiyası Milli Şuraya adekvat olaraq yaradıb. Bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Bu istiqamətdə müəyyən müzakirələr gedir. Amma mərkəzin hətta adının necə olacağı, hansı funksiyalar daşıyacağı tam müəyyənləşməyib. Bu qurum qarşısında hansı məqsədlərin qoyulacağı da məlum deyil. Bu baxımdan güman edirəm ki, bu qurumun Milli Şuraya alternativ olması, yaxud hansısa şəkildə formalaşaraq necə fəaliyyət göstərəcəyi barədə indidən fikirlər səsləndirmək yanlış olardı. Çünki bu hələ məlum deyil. Ümumiyyətlə, bu qurumun konkret hədəflərinin nədən ibarət olacağı, strukturun necə olacağı, adının belə nədən ibarət olacağı məlum deyil.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm