Eldar Namazov: “Diqqəti Krımdan çəkmək üçün eyni proseslər Qarabağda başladıla bilər”
Bizi izləyin

Nida.az

Eldar Namazov: “Diqqəti Krımdan çəkmək üçün eyni proseslər Qarabağda başladıla bilər”

Eldar Namazov: “Diqqəti Krımdan çəkmək üçün eyni proseslər Qarabağda başladıla bilər”


“EL” Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, politoloq Eldar Namazov Publika.Az -a müsahibəsində Krımda baş verənlər və bunun Qarabağa təsirlərini şərh edir.

“Yaxın zamanlarda bu proses bütün dünyaya, o cümlədən, Qarabağ probleminin həllinə də mənfi təsir göstərəcək”

- Krımda baş verənlərin, xüsusilə “Krım referendumunun” gələcəkdə Azərbaycana qarşı, xüsusilə Dağlıq Qarabağ fonunda tətbiq edilə biləcəyi ehtimalları var. Siz necə hesab edirsiniz, bu mümkündürmü?

- Krımda baş verənlər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ona görə ki, Krım ətrafında baş verənlər beynəlxalq təhlükəsizlik sistemlərinin, BMT və ATƏT-in təməl prinsiplərinin, ərazi bütövlüyü, suverenlik prinsiplərinin, konfliktlərin həlli prinsiplərinin hamısını darmadağın edən prosesdir. Burda BMT, ATƏT nizamnamələri, ərazi bütövlüyü, suverenlik prinsipləri kənara atılır. Burda ən təhlükəli məqamlar nədən ibarətdir: Rusiya açıq şəkildə göstərir ki, o xalqların öz müqəddəratını təyin etmək prinsipini ərazi bütövlüyü və suverenlikdən üstün tutur. Bu artıq Qarabağla bağlı yaranmış duruma da təsirini göstərəcək. Çünki Rusiya Minsk qrupunu həmsədrlərindən biridir. Ordakı referendum məsələsi artır dünya təcrübəsində bir neçə dəfə baş verib. Adətən, belə ərazilər özlərini müstəqil dövlət elan edirlər. Misal üçün Abxaziya, Osetiya, Kosova kimi ərazilər. Hətta bu gün qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil görünməyə çalışır.

Rusiya bütün bunları da ötüb keçir. Rusiya qonşu ölkənin ərazisini həmin ölkənin razılığı olmadan özünə birləşdirir. Ona görə bu məsələ təkcə bizim bölgəyə, Azərbaycana deyil, ümumən dünyaya təsir edir. Baş verənlər II Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq təhlükəsizlik sistemini, beynəlxalq qurumları alt-üst edir. Təbii ki, dünyanın aparıcı dövlətləri ABŞ, Avropa İttifaqı, beynəlxalq təşkilatları olan BMT, ATƏT “Rusiya buna görə cavab verməli olacaq” mövqeyini ortaya qoyub. Buna görə Rusiyaya qarşı iqtisadi, siyasi sahədə ciddi sanksiyalar tətbiq olunacaq. Rusiya rəhbərliyi isə təəssüflər olsun ki, qırmızı xətti keçir, bütün körpüləri yandırır. Dövlət Duması, Federasiya Şurası, elə prezidentin özü də verdikləri bəyanatları geri götürə bilməyəcəklər. Dünyanın da bu məsələdə geri çəkilmək imkanı yoxdur. Əgər geri çəkilsələr o zamanda gərək BMT də, ATƏT də buraxılsın, təhlükəsizlik sistemi darmadağın olsun. Güman edirəm ki, yaxın zamanlarda bu proses bütün dünyaya, o cümlədən, Qarabağ probleminin həllinə də mənfi təsir göstərəcək.

“Həm Şimaldan, həm Cənubdan separatçlıq təhlükələri bu gün də mövcuddur”

- Rusiyanın xalqların öz müqəddəratını təyin etmə prinsipindən çıxış etməsi gələcəkdə Azərbaycana qarşı nəinki Qarabağ, həmçinin digər məsələlərdə də hansı təhlükələri yarada bilər?

- Bunun Azərbaycan üçün kifayət qədər ciddi təhlükələri var. Hesab edirəm ki, duruma yenidən baxmalıyıq. Bu məsələdə iqtidar-müxalifət məsələsi yoxdur. Hamımız, iqtidarlı müxalifətli bütün cəmiyyət ölkənin təhlükəsizlik və Qarabağ məsələsində eyni mövqedən çıxış edək. Bu mənada biz yaranmış duruma Krım hadisələri fonunda bir daha baxmalıyıq. Misal üçün, neçə ildir dövlət təbliğatı belə qurulub ki, Azərbaycanın maliyyə resursları daha çoxdur, ordumuz sürətlə inkişaf edir, hərbi üstünlüyümüz var və bunu daha da gücləndirəcəyik.

Buna paralel olaraq da Rusiyanın beynəlxalq hüquq normalarına, ATƏT və BMT prinsiplərinə görə, Ermənistana hərbi dəstək verməsi mümkün deyil. Amma Krım ətrafında gedən proseslərdən görürük ki, Rusiyanın BMT-nin də, ATƏT-in də prinsiplərinə münasibəti necədir. Nəzərə almalıyıq ki, Krımın Rusiya ilə heç bir hərbi müqaviləsi yox idi, amma Ermənistanın var. Azərbaycan hətta neftdən əldə etdiyi gəlirlərin 90 faizini də orduya yönəltsə, Rusiya pulsuz olaraq Ermənistanı həm silahlandırmağa, həm də oradakı öz hərbi bazalarını gücləndirməyə çalışacaq ki, regionda güc balansının Azərbaycanın xeyrinə dəyişməyə imkan verməsin. Rusiya bunu gizlətmir. Həmçinin, bununla bağlı əvvəldən də ciddi faktlar var idi. Bir neçə dəfə milyardlarla dollar həcmində silahların Ermənistana ötürülməsini ortaya çıxartmışıq, faktlarla sübut etmişdik. Ancaq Krım hadisəsindən sonra artıq bir daha aydın olur ki, beynəlxalq hüquq normalarına istinad o qədər də etibarlı deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda bir neçə dəfə separatçı hərəkatlar yaratmağa cəhdlər olub. Düzdür, dövlət bu məsələdə müəyyən işlər görür. Ancaq həm Şimaldan, həm Cənubdan separat təhlükələri bu gün də mövcuddur.

“Rusiya diqqəti Krımdan yayındırmaq üçün analoji prosesi Qarabağda başlada bilər”

Nəhayət, bir məqamı da nəzərə almaq lazımdır: Ukraynaya, Krıma görə həm Avropa, həm ABŞ-la üz-üzə qaldığı dövrdə Rusiyanın müxtəlif dairələri diqqəti Krımdan, Ukraynadan yayındırmaq üçün başqa bir bölgədə analoji prosesin başlanmasında maraqlı ola bilərlər. Burda əsas təhlükə Moldovada Dnestryanı və Qarabağa konfliktidir. Mən bu günlərdə Rusiya kanallarının birində rusiyalı icmalçının “əgər Krım belə həll olunursa, o zaman Qarabağ məsələsi necə həll olunmalıdır” sualını dinlədim. Yəni bu təhlükələrin hamısını qiymətləndirmək lazımdır. Burda Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə açıq-aşkar ciddi təhlükələr meydana çıxıb. Bunların hamısını obyektiv qiymətləndirməliyik. Dövlətimiz də, cəmiyyətimiz də bu təhlükələri dəf etməyə hazır olmalıdır.

“İndidən cəmiyyətin özünü iqtidarlı müxalifətli səfərbər etmək lazımdır”

- Hesab etmək olar ki, Krımdan diqqət yayındırmaq üçün Rusiya Qarabağda lokal müharibə başlatsın?

- Diqqəti yayındırmaq üçün addımlar dediyim kimi Moldovada da atıla bilər, Qarabağda da. Dövlətin təhlükəsizlik məsələsi elmi məsələ deyil, sırf praktiki məsələdir. Əgər təhlükə heç olmasa 10 faizdirsə, bu haqda danışmaq, müzakirə etmək lazımdır. Qarşısını necə almaq barədə düşünməliyik. Biz təhlükə 90 faizə qalxanda danışmalı deyilik. İndidən cəmiyyətdə xof yaranmasını istəmirəm, ancaq bu təhlükələr var və günü-gündən artır. Hesab edirəm ki, indidən həm diplomatik, həm siyasi yolla, həm də cəmiyyətin özünü iqtidarlı-müxalifət səfərbər etmək, ideoloji işi qurmaq lazımdır.

Hadisələr göstərir ki, hətta 40 milyondan çox əhalisi olan, Avropanın ən böyük dövlətlərindən biri, NATO ölkələri ilə həmsərhəd olan Ukraynaya qarşı belə hərəkətlərə yol verilirsə, Cənubi Qafqazda hansı hadisələr baş verə bilər?

- Bu gün Krımda həm də Qarabağın taleyinin həll edildiyini demək olarmı?

- Qısa müddətli proqnoza uyğun deyil, uzun müddətli proqnoza uyğun olaraq siz haqlısınız. Avropada və Amerikada siyasi dairələr, ekspertlər açıq deyirlər ki, Krımda dünyanın təhlükəsizlik sisteminin taleyi həll olunur. Həmçinin II Dünya müharibəsindən sonra qurulmuş bütün beynəlxalq təhlükəsizlik sistemi, beynəlxalq qurumlar daxil olmaqla çox şey orda var. Təbii ki, bunun içində həm Cənubi Qafqaz, həm Qarabağ məsələsi var. Məlum deyil ki, bundan sonra beynəlxalq hüquq normaları işləyəcək, ya yox, beynəlxalq təhlükəsizlik uğurlu olacaq, ya yox. Bunun bizə də təsiri kifayət qədərdir.

“Lokal hərbi-siyasi blok yaradaraq oranın üzvü olmalıyıq”

- Rusiya Azərbaycana əsas hansı məsələlərdə təzyiq edə bilər?

- Biz tez-tez deyirik ki, Azərbaycan müstəqil xətt yürüdür, xaricdən heç bir təzyiq nəticə verməyəcək. Kaş ki belə olsun. Amma ölkənin təhlükəsizlik, ərazi bütövlüyü məsələlərində kifayət qədər ehtiyatlı olmaq lazımdır. Hansısa bir təhlükəni bir az şişirtmək ola bilsin ki, o qədər də səhv deyil, nəinki, hansısa bir təhlükənin ciddiliyini nəzərə almamaq. Təəssüflər olsun ki, Azərbaycana xarici təzyiq mexanizmləri hələ də mövcuddur.
Bunu yalnız ölkənin hesabatına olan valyuta ehtiyatları ilə ölçmək mümkün deyil. Hüsni Mübarək ABŞ-ın ən yaxın müttəfiqi idi. Amma ABŞ onu müdafiə etmədi, heç buna görə ciddi cəhdlər də göstərmədi. Bu mənada hesab edirəm ki, ölkənin xarici təzyiqlərdən müdafiə olunması üçün təkcə böyük valyuta ehtiyatları yox, eyni zamanda etibarlı beynəlxalq partnyorlar olmalıdır. Azərbaycana olan təhlükələrin bir qismini Azərbaycan özü dəf edə bilər. Amma elə təhlükələr var ki, bizim potensialımızdan daha böyükdür.

Hesab edirəm ki, beynəlxalq etibarlı partnyorluq əlaqələri qurub lokal hərbi-siyasi blok yaradaraq oranın üzvü olmalıyıq. Azərbaycan kimi ölkələr üçün bu vacibdir. Mən BMT və ATƏT-i demirəm.

“Xarici təhlükənin qarşısını öz gücümüzlə alacağıq prinsipi burda işləmir”

Nəhayət, ən vacib məqamlardan biri ölkənin daxilində sabitliyin qorunması, iqtidarlı-müxalifət bütün cəmiyyətin xarici təzyiqlərə tab gətirməsi, müqavimət göstərməsi imkanlarına malik olması üçün ciddi islahatlar aparılmalıdır. İqtidar-müxalifət münasibətləri, mövcud sosial durum, narazılıqların olması, korrupsiyanın mövcudluğu bizim xarici təzyiqlərə rahatlılıqla tab gətirəcəyimizə zəmanət vermir.

Görürsünüz, insanlar meydanlara çıxıb öz hüquqlarını istəyir, sosial narazılıqlarını dilə gətirir, amma birdə görürsən ki, xarici müdaxilələr oldu və ölkə alt-üst edildi. Ona görə də xaricdən gələn təhlükələrin dəf edilməsi üçün ölkənin daxilində iş aparılmalıdır. Bütün Azərbaycan cəmiyyətinin birliyi və müqavimət potensialı güclənməlidir.

Eyni zamanda, beynəlxalq partnyorlarımızın bizə yaxın olan, siyasi, ideoloji və digər dəyərlər üzərində qurulmuş bir təhlükəsizlik sisteminə daxil olmalıyıq. Təhlükələrin bir qismi öz potensialımıza dəf edə bilmərik.

Azərbaycanın ərazi və əhalisinin, hərbi potensialını Rusiya, İranla müqayisə edin. Açıq görəcəksiniz ki, xarici təhlükənin qarşısını öz gücümüzlə alacağıq prinsipi burda işləmir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm