Məşhur müğənni: “Həyatım 3 qadınla möhtəşəmdir” – FOTOLAR
Bizi izləyin

Layihə

Məşhur müğənni: “Həyatım 3 qadınla möhtəşəmdir” – FOTOLAR

İkinci dəfə ata olan və bu yaxınlarda "Maska" adlı albom çıxaran Türkiyənin ən yaraşıqlı müğənnilərindən Gökhan Özən "HT Magazin"ə müsahibə verib. Həm karyerası, həm də şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən yaraşıqlı müğənni həyatındakı 3 qadından danışıb.

Publika.az bu maraqlı müsahibəni "Şirin söhbət" layihəsi çərçivəsində diqqətinizə çatdırır:

-"Maska" adlı albomunuzu uzun müddətdir ki, gözləyirdik. Neçə aydır ki, təxirə salırdınız.

-Səkkiz ay təxirə salmışam. Düz üç dəfə çıxacağı tarixi dəyişmişəm. Amma bu, həmişə belə olur. İşlədiyim insanlar artıq buna öyrəşiblər.

-Bəs bu, nədən qaynaqlanır?

- Mövzu musiqidirsə, hər şeyin mükəmməl olmasını istəyirəm. Ən kiçik detallara belə çox əhəmiyyət verirəm. Bu mənə çətinlik yaratsa da, illər keçdikcə bu xüsusiyyətimlə yaşamağı öyrəndim. Söz yazıram, bəstələyirəm, aranjemanını edirəm, musiqiçiləri çağırıb studiyada oxuyuram. 4 gün fasilə verirəm. 4 gündən sonra həmin musiqini təkrar dinləyirəm. Nə isə xoşuma gəlmir və mahnını dəyişdirməyə başlayıram.

-Bu işlərin hamısını niyə özünüz görürsünüz? Aranjemançılarla işləyə bilərsiniz.

-Mahnılarımı heç kimə əmanət edə bilmirəm. Çünki mahnının ürəyimə yatması çox önəmlidir. 15 ildir ki, aranjemançılıq edirəm. Bu, mənim üçün çətin deyil. Həm də bilirəm ki, heç bir aranjemançı mahnının üzərində mənim qədər işləməyəcək. Onlar bir mahnını 10 gündə işləyib hazırlayır, mən isə bəzən 8 ay işləməli oluram.

-Bəzi söz yazarları və bəstəkarlar hit mahnılar yaratmaq üçün xüsusi formul tətbiq etdiklərini deyirlər. Siz bu məsələyə necə baxırsınız?

-Təbii ki, elə riyazi formullar var. Amma mənim üçün az sözlə çox şey deyə bilmək önəmlidir. Ona görə də, hər sözü diqqətli şəkildə seçirəm. Bu, vaxtımı çox alır. Yəni, ağlıma gələni yazmıram, üzərində fikirləşirəm.

-Son vaxtlar qadın popçular zirvədədirlər. Sizcə, kişilər niyə arxa planda qalıblar?

-Mən musiqimlə maraqlanıram. Qadın müharibələri məni maraqlandırmır. Həqiqətən, bu sualın cavabını bilmirəm. Əslində, digər kişi müğənnilərdən soruşmalısan. Qadın popçular işlərini çox yaxşı görürlər. 3-5 qadın müğənni var ki, daim gündəmdədirlər. Mən isə illərlə yaddaşlarda qalacaq mahnılar bəstələmək istəyirəm. Musiqimi arxa planda qoyacaq qalmaqallardan uzaq dururam. Bu günə qədər heç kimlə qalmaqal yaşamamışam. Bundan sonra da heç kimlə münasibətimi korlamaq istəmirəm. Onsuz da müğənnilərin hamısına bəstələrimdən vermişəm. Hamısı ilə dostam.

- Bəs rəqabət?

- Bəzən fikir verirəm və görürəm ki, rəqabətin həcmi o qədər artır ki, musiqi arxa planda qalır. Çünki bu rəqabət musiqi ilə bağlı olmur. Sadəcə, biri-birilərinə söz atmaqla məşğuldurlar. Məncə, rəqiblərimizə çıxardığımız albomlarla, mahnılarımızla, konsertlərimizlə meydan oxumalıyıq, boş-boş sözlərlə yox.

-Albomda 13 mahnı var və hər biri bəyənildi. Sizcə, bu uğuru nəyə borclusunuz?

-Son vaxtlar bütün mahnılar bir-birinə oxşayır. Mən demək olar ki, yeni çıxan mahnıların heç birini dinləməmişəm. Ona görə də, mahnılarım onlara oxşamır. Bəlkə də dinləsəydim, istər-istəməz mahnılarıma sirayət edəcəkdi. Bir var bilərək plagiat edəsən, bir də var şüuraltında qalan bir şeyin təsiri ilə oxşar mahnılar yaradasan. Bunun qarşısını almaq üçün türkcə mahnı dinləmirəm.

- İlk klipi "Mis" adlı mahnıya çəkdiniz. İkinci klip hansı mahnıya çəkiləcək?

- Bunu müəyyənləşdirmək üçün musiqi saytlarındakı siyahılara diqqət edirəm. Orada ən çox hansı mahnımın dinlənildiyinə diqqət yetirirəm. Hazırda siyahılarda ilk yer "Rastlantı" mahnısınındır. Yəqin ki, klipi o mahnıya çəkəcəyəm.

-Mahnılarınızı heç tanınmamış birinə verərsinizmi?

-Belə biri var. Adını açıqlamıram, sürpriz olsun. Türkiyənin ən gözəl səsinə malik qadınlarından biri mahnımı səsləndirəcək. Ümid edirəm ki, mahnı ona şöhrət gətirəcək.

- Eşitdiyimə görə, gecə klublarında səhnəyə çıxmırsınız. Nə isə xüsusi bir səbəbi var?

-Bir neçə dəfə xətrinə dəyə bilmədiyim, sözünü yerə sala bilmədiyim insanların dəvətilə elə məkanlarda səhnəyə çıxmışam. Xaricdə böyük məkanlarda konsert vermədiyim və xalqla görüşmək istədiyim üçün klublarda da səhnəyə çıxıram. Türkiyədə isə böyük konsertlərə üstünlük verirəm.

-Axırıncı dəfə nə vaxt albom almısınız?

-Yaxşı sualdı. Heç xatırlamıram. Yəqin ki, 10 il öncə idi.

-Yaxşı albomlar çıxmır? Ona görə almırsınız?

-Yaxşı albom yoxdur, deyə bilmərəm. Buna haqqım yoxdur. Ancaq bir dinləyici kimi məni təsirləndirən mahnı, albom yoxdur. Mən bu işin içində olduğum üçün asan bəyənmirəm.

-Bildiyimə görə, həyat yoldaşınız Selen Özən yeni albomdakı iki mahnıda vokal kimi çıxış edib.

-Bəli. "Mis" və "Dəliyəm" mahnılarında vokal oxuyub. Səsi çox gözəldir.

- Evlilik həyatınızı dəyişdirdi?

- Əslində, subay olanda da çox sadə həyat yaşayırdım. Gecə həyatım yox idi. Evləndikdən sonra dinclik tapdım, indi daha pozitivəm.

-İkinci dəfə qız atası oldunuz. Çətinlikləri varmı?

-Hələ heç bir çətinliklə qarşılaşmamışam. Yəqin ki, çətinliklər sonra üzə çıxacaq. Görək nə olacaq. (Qəhqəhə atır).

-Artıq evdə 3 qadın var.

- 3 qadınla həyatım möhtəşəmdir (Gülür).

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm