Möhtəşəm qadın
Bizi izləyin

Nida.az

Möhtəşəm qadın

Güclü qadın cəmiyyətin gözdəsidir...

Bu, istisnasız olaraq, bütün qitələrdə, bütün dövlətlərdə belədir.

Biz belə qadınları tanımaq, daha yaxından tanımaq istəyirik. Özəl həyatlarındakı ən xırda detallar belə bizimçün maraqlıdır...

Yəqin ki, mütləq əksəriyyət bu fikirlə razılaşar: Azərbaycanda yeganə qadındır ki, şəkillərinin önündən laqeydliklə keçmək mümkün deyil! Və əminliklə onu da demək lazımdır ki, insanları cazibəsində saxlayan yalnız zahiri gözəlliyi deyil. Bu gözəl üzdə daxili gözəlliklə mənəvi yüksəkliyin harmoniyası, Allah tərəfindən seçilmişliyin təvazökarlığı, şəcərədən, nəsil-kökdən gələn nəcabət var. Bu gözlərdəki işıq qəlbdən süzülüb gələn aydınlığın, saflığın işarəsidir. Əsillik, kübarlıq, məhəbbət, mərhəmət, sadəlik, səmimiyyət... dolu bir sima. Bu, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevadır.

Onun şəkillərinə baxarkən başqa bir xanımı da xatırlamamaq mümkün deyil. O xanım Aida İmanquliyevadır. Mehriban xanımın anası. Azərbaycanın tanınmış ərəbşünas alimi, ərəb-məhcər ədəbiyyatının dünyada əvəzsiz bilicisi, ilk qadın tədqiqatçısı. Mən onu həyatda görməmişəm. Yalnız ictimaiyyətə bəlli fotolarından tanıyıram və görürəm ki, Mehriban Əliyeva gözəlliyi, kübarlığı, alicənablığı anasından alıb!

İnsan əgər dünyaya sağlam və gözəl doğularaq gəlirsə, bu, onun Allah tərəfindən bəxş edilən ilk xoşbəxtliyidi. Qalanını o, özü əldə etməlidir. Təhsil, mütaliə, mənəvi zənginləşmə, şəxsi həyatda və karyerada uğurlar, uğurların yardımçısı olan Şans, ondan düzgün bəhrələnmək...

Həyat göstərir ki, Tanrının lütfü ilə valideynlərindən bütün gözəllikləri əxz eləyən Mehriban xanım bu gün xalqın sevimlisi, əziz-xələf övladı olmaq üçün çox çalışıb. Xalqına və ölkəsinə layiq olmaq, üzərinə düşən missiyanı ləyaqətlə daşımaq üçün onu böyüdüb boya-başa çatdıran ailəsindən aldığı pozitiv energetikanın gücü ilə üstün keyfiyyətlərə yiyələnib...

İlk öncə özünün, daha sonra mənsub olduğu toplumun, ölkənin xoşbəxt olacağına inanıb!!!

Bəlkə, elə bu səbəbdən bu gün o, azərbaycanlılar üçün sadəcə, Prezident İlham Əliyevin həyat yoldaşı olduğuna görə Birinci Xanım deyil. O, sözün əsl mənasında Birinci Xanımdır!!! Xalqının dərdləri ilə yaşadığı üçün, yardıma-köməyə ehtiyacı olanların dadına çatdığı üçün Birincidir. Mehriban xanımda adı tarixdən tanış olan onlarla mesenat, lider qadına xas təqdirəlayiq oxşarlıq var. Eyni zamanda, Mehriban xanım öz çoxşaxəli fəaliyyət sferası ilə bənzərsizdir!

Biz onu ilk öncə Prezident Heydər Əliyevin gəlini, sonra Prezident İlham Əliyevin xanımı kimi tanıdıq. Sonra isə... Azərbaycan dövləti üçün tamamilə yeni olan Birinci Xanım institutu... Mehriban Əliyeva gözəl bir örnəyin təməlini qoydu: Birinci Xanım yalnız həyat yoldaşı və ana deyil, o, həm də vətəndaşdır. Özü də təəssübkeş, vətənpərvər, humanist bir vətəndaşdır. Və möhtəşəm bir tərcümeyi-hal yazılmağa başladı:

1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu təsis olundu və zəngin Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması yönündə nəhəng iş başladıldı. Bu layihənin müəllifi və rəhbəri Mehriban Əliyevaydı və bu günədək həmin proses uğurla davam etdirilir. "Azərbaycan - İrs" jurnalı Azərbaycan, rus və ingilis dillərində bu xoşməramlı missiyanı həyata keçirir...

Daha sonra bu ilin mayında 10 ilini başa vuran Heydər Əliyev Fondu yaradıldı. Heydər Əliyev Fondu - Azərbaycan və bütövlükdə zəngin dünya mədəniyyəti incilərinin qorunmasına, təbliğ olunmasına dəstək verən, təhsil, səhiyyə, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək bu yöndə dövlətin apardığı ciddi islahatlara öz sanballı töhfəsini əlavə edən, çoxşaxəli səmərəli fəaliyyəti ilə bir çox hallarda müvafiq dövlət qurumlarını belə kölgədə qoymağı bacaran güclü bir təşkilatdır. Başqa cür mümkün də deyildi. Xalqımızın ümummilli lideri, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adını ləyaqətlə daşıyan fond Mehriban Əliyevanın rəhbərliyi ilə yalnız xeyirxahlığın və mərhəmətin ünvanı ola bilərdi!

Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda böyük ənənələri olan xeyriyyəçilik missiyasının davam etdirilməsinə başladı. Yüzlərlə, minlərlə insan fondun dəstəyindən yararlandı. Mehriban Əliyeva fəaliyyətinin elə ilk dövrlərində sübut etdi ki, əlçatmaz xəyalların, arzuların reallaşması yalnız insan fenomeninin, şəxsiyyətin gücü ilə mümkündür. Onun fəaliyyəti insanlara sevgi, vətənpərvərlik, qlobal düşüncə və sarsılmaz iradə üzərində quruldu.

Azərbaycan dövlətinin cəmiyyətə yönəlik ali məqsədlərinin reallaşdırılması prosesində yaxından iştirak etmək... Heydər Əliyev Fondu qarşısına qoyduğu bu məqsədə çatdı desək, yanılmarıq. Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə önəm verir. Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban Əliyeva artıq Azərbaycanda yardıma ehtiyac duyan hər bir kəsin ümid yeridir, pasibanıdır.

Fondun beş ölkədə - Rumıniya, Rusiya, Türkiyə, ABŞ və Gürcüstandakı nümayəndəlikləri də aktiv fəaliyyət göstərir. Fondun nümayəndəliklərinin məqsəd və vəzifələri düzgün müəyyənləşdirilib: Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə müştərək layihələr icra etmək, dünyanın tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, elmi-tədqiqatların aparılmasına yardım göstərmək.

***

"Təhsil millətin gələcəyidir". Ulu öndər Heydər Əliyevin bu sözlərini xatırlamayan tapılmaz. Milli lider həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamızda təhsilə xüsusi diqqət və qayğı göstərib. Görünür, məhz bu həssaslığın məntiqi davamı olaraq Heydər Əliyev Fondunun fəaliyyətində də təhsilin inkişafı məsələsi prioritetdir. Mehriban Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ötən 10 il ərzində 500-dən artıq orta məktəb binası inşa olunub. "Təhsilə dəstək" layihəsi yüksək səviyyədə həyata keçirilib. Məhz Heydər Əliyev Fondu Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirib, Həştərxanda mərhum Heydər Əliyevin adını daşıyan məktəb, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulub. Tarixən tolerantlıq məkanı kimi tanınan ölkəmizin paytaxtında yəhudi uşaqlar üçün 450 şagird yerlik "Xabad-Or-Avner" təhsil mərkəzi, həmçinin fransız liseyi yaradılıb.

Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələri ilə bağlı atdığı mühüm addımlar "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı", "Uşaq evləri və internat məktəblərinin inkişafı" kimi proqramlarda öz əksini tapıb. Bu proqramlar çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş qızlar üçün Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə paytaxtın Nizami rayonunda 50 mənzillik bina inşa edilib. Bir neçə il sonra 68 mənzilli daha bir yaşayış binasının tikilməsi də, şübhəsiz ki, təqdirəlayiqdir.

***

Heydər Əliyev Fondunun Prezidentinin səhiyyənin inkişafı ilə bağlı göstərdiyi fəaliyyət də son dərəcə mühümdür. Mehriban xanım bir həkim kimi Tibbin simvolu olan ağ xalatda ölkənin tibb ocaqlarının durumu ilə vaxtaşırı olaraq bilavasitə maraqlanır, vətəndaşlarımızın, xüsusən sabahımız olan körpələrin sağlamlığı naminə əhəmiyyətli layihələr həyata keçirir. Mehriban Əliyevanın təşəbbüsü ilə paytaxtımızda və bölgələrimizdə tikilən çoxsaylı səhiyyə ocaqları ilə yanaşı, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihələrini xüsusi qeyd etmək lazımdır. Bir neçə il öncə Bakıda müasir Talassemiya Mərkəzi tikilib. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi inşa olunub.

Heydər Əliyev Fondunun fəaliyyətinin daha bir mühüm istiqaməti isə tarixi keçmişimiz, Qarabağ konflikti və bu yöndə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Bu mənada, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə 2008-ci il mayın 8-də başladılmış "Xocalıya ədalət!" kampaniyasının önəmi xüsusi vurğulanmalıdır. Azərbaycanın üzləşdiyi tarixi ədalətsizliklər, Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə bir milyondan artıq insanın öz ölkəsində qaçqın və məcburi köçkün aqibəti yaşaması, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı və s. həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondunun başlatdığı nəhəng kampaniya bir sıra ölkələrin Xocalı soyqırımını rəsmən tanıması ilə nəticələnib...

Bundan əlavə, Heydər Əliyev Fondu Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında və 1918-ci ildə erməni daşnaklarının Şamaxıda törətdikləri mart qırğınları zamanı yandırılan Şamaxı Cümə məscidinin əsaslı bərpasında da yaxından iştirak edib.

Ətraf mühitin, ekologiyanın qorunması sahəsində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr artıq ölkəmizdə yeni bir gənclər hərəkatına çevrilməkdədir. "Hərəyə bir ağac əkək!" aksiyası, Azərbaycanda və dünyada ekoloji məsələlərlə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi bu yöndə aparılan mühüm işlərdəndir. 2011-ci ilin iyulun 12-də fəaliyyətə başlayan Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq - IDEA kampaniyası çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkilib. Kampaniya çərçivəsində, həmçinin "Ağacların kəsilməsinə yox!" layihəsi həyata keçirilir. IDEA ((International Dialogue for Environmental Action) kampaniyası planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib.

***

Heydər Əliyev Fondu ötən 10 il ərzində maddi və qeyri-maddi mədəniyyət abidələrinin təbliği, tanıdılması, qorunub-saxlanılması istiqamətində yorulmadan saysız-hesabsız uğurlu layihələr həyata keçirib. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində muğam sənəti YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilib. Bu siyahıya daha sonra İçərişəhər Tarixi-Memarlıq Kompleksi, Qız Qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı, Azərbaycan xalçaları, milli aşıq sənəti, tar ifaçılığı və hazırlanması, qədim çövkən oyunu, həmçinin Novruz bayramı da daxildir. Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzi, Xalça Muzeyi inşa olunub, "Qarabağ xanəndələri" musiqi albomu nəşr edilib, muğam televiziya müsabiqələri keçirilib.

"Muğam ensiklopediyası" layihəsi, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileylərinin YUNESKO səviyyəsində qeyd olunması, xalq artisti, bəstəkar Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomlarının hazırlanması, dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun Parisdə fərdi sərgisinin təşkil edilməsi də Heydər Əliyev Fondunun beynəlxalq əlaqələrinin uğurlarıdır. Bu illər ərzində Fransanın sənət nümunələrinin toplandığı "Fransız inciləri" kolleksiyası Bakıda nümayiş olunub. Paytaxtımızda Müasir İncəsənət Muzeyi açılıb, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyətə başlayıb, Ulu Öndərin 90 illik yubileyi ərəfəsində Heydər Əliyev Mərkəzində Heydər Əliyev Muzeyinin açılışı gerçəkləşdirilib.

Mehriban Əliyeva həm də Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə xaricdə həyata keçirilən bir çox layihələrin müəllifidir. Bu münasibətlə fondun Parisdə, Moskvada, Berlində, Romada və Vatikanda təşkil etdiyi tədbirlər milli dövlətçilik ənənələrimizin təbliğində mühüm rol oynayıb, Azərbaycan Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb.

Heydər Əliyev Fondu, həmçinin Fransanın 20-dən çox regionunda xüsusi mərasimlər keçirib. 2013-cü ildə fondun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycan mədəniyyəti günləri baş tutub. Fond xaricdə Azərbaycan mədəniyyət evlərinin və mərkəzlərinin yaradılması ideyasına dəstək verib. Əvvəlcə Fransanın paytaxtı Parisdə, daha sonra Vyanada Azərbaycan Mədəniyyəti Mərkəzləri fəaliyyətə başlayıb. Mehriban Əliyeva Luvr Muzeyində aparılan bərpa işlərinə qoşulub, həmçinin İkinci Dünya müharibəsində dağıdılmış Berlin qəsrinin, Versal Sarayının önündəki abidələrin, Vatikan arxivlərində saxlanılan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasında yaxından iştirak edib. Parisdəki tarixi Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsinin açılmasına nail olub.

İtaliyanın paytaxtı Romanın "Villa Borghese" parkında Nizami Gəncəvinin abidəsi inşa edilib. Ötən il isə Romanın Kapitolini Muzeyinin "Filosoflar zalı"nın bərpasına dəstək göstərilib.

Mehriban Əliyeva mahir təşkilatçılıq qabiliyyəti ilə də ölkə və beynəlxalq ictimaiyyət arasında yüksək nüfuza malikdir. Onun rəhbərlik etdiyi fond bir çox beynəlxalq musiqi festivallarının təşkilatçısıdır. Bu sırada Qəbələ Beynəlxalq musiqi festivalı öz möhtəşəmliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan Heydər Əliyev Fondunun gərgin zəhməti sayəsində 2012-ci ildə Bakıda keçirilən müsabiqəni uğurla reallaşdırıb.

***

Heydər Əliyev Fondu ölkədə idmanın inkişafına da xüsusi diqqət göstərir. Fondun təşəbbüsü ilə ölkə üzrə xeyli sayda idman qurğuları inşa olunub. Mehriban xanım 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədridir. Avropa tarixində ilk dəfə təşkil olunacaq bu idman bayramında Avropa Olimpiya hərəkatının 49 üzv dövlətindən 19 idman növü üzrə 6000-dən çox idmançının iştirak etməsi gözlənilir. Şübhəsiz ki, Mehriban Əliyevanın əzmi, prinsipiallığı və məqsədyönlü fəaliyyəti sayəsində bu idman yarışı da Avropada əsl idman bayramına çevriləcək, ölkəmizə gələnlər qonaqpərvərlikdən məmnun şəkildə öz vətənlərinə qayıdacaqlar.

Yeri gəlmişkən, qeyd edək ki, Mehriban xanım həm də Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyət Fondunun rəhbəridir.

Sevindirici haldır ki, Heydər Əliyev Fondunun və onun Prezidenti Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da böyük rəğbətlə qarşılanır. Mehriban xanım öz çoxşaxəli fəaliyyəti ilə sübut edir ki, o, qlobal düşüncəyə malik incə ruhlu bir siyasi xadimdir. Onun üçün insan amili hər şeydən öndədir. Fondun gördüyü hər bir iş, atdığı hər bir addım insanların rifahına hesablanıb.

Mehriban xanım dəyərlərə sadiqdir. Dəyərlərə sadiqliyin nəticəsidir ki, Gürcüstanda uyuyan Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Ağayev kimi böyük maarifpərvərlərin unudulmuş məzarları məhz Mehriban Əliyevanın təşəbbüsü ilə bərpa edilib, qəbirüstü abidələri yaradılıb. Mirzə Cəlilin, Nəriman Nərimanovun Tiflisdəki ev muzeyləri təmir edilib...

O, YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. İki çağırış Azərbaycan Milli Məclisinin deputatıdır. O, bu mandatı xalqdan alıb! İndiyədək ölkə daxilində və beynəlxalq aləmdə çoxsaylı nüfuzlu mükafatlarla təltif edilib. "Yüz illiyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni, "Qızıl Ürək" Beynəlxalq mükafatı, Krans Montan Forumunun qızıl medalı, Fransanın Fəxri Legion Ordeni, Küveyt dövlətinin Fəxri Diplomu... Bunlardan ən qiymətlisi isə zənnimizcə, Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə layiq görüldüyü Heydər Əliyev Mükafatıdır. Mehriban Əliyeva 2009-cu il mayın 10-da - milli lider Heydər Əliyevin anadan olmasının 86-cı, Heydər Əliyev Fondunun yaradılmasının 5-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə ulu öndərin adını daşıyan mükafata görə Prezidentə təşəkkür edərək demişdi: "Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi, dərin hörmətimi bildirirəm"...

***

Bir yazıya sığmayacaq möhtəşəm fəaliyyət, bir millətin, bir dövlətin qürur mənbəyi olan Möhtəşəm Qadın!

Biz onu belə görür, belə tanıyırıq.

Bunca parlaq fəaliyyətə rəğmən, təmənnasız, həyat yoldaşından önə çıxmaq istəməyən bir Azərbaycan Qadını...

Böyük, amma böyüklüyünü hər vəchlə gizləyən, uğurlarını ömür-gün yoldaşının uğurlarına qatan, özünə pay ummayan fədakarlıq mücəssəməsi olan Qadın...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm