Azərbaycanlı qızlar makiyajdan əvvəl və sonra – FOTOLAR
Bizi izləyin

Layihə

Azərbaycanlı qızlar makiyajdan əvvəl və sonra – FOTOLAR

El arasında yaxşı bir söz var: insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Odur ki, barənizdəki ilk təəssürat çox önəmlidir. Bunun üçün isə səliqəli yığılan saç düzümü, üz quruluşuna yaraşan makiyaj və düzgün seçilən geyim böyük əhəmiyyət daşıyır.

Təsadüfi deyil ki, hər bir qadın özünü dərk edən gündən gözəlliyinə düşgün olur. Bu, bəlkə o qədər də asan deyil. Ancaq mümkündür. Məsələn, “Hi-Fi” Estetik Mərkəzi hər xanımın bu istəyini gerçəkləşdirmək iqtidarındadır.

Odur ki, Publika.az-ın “9 don” layihəsinin bu həftəki sayında xanımları “Hi-Fi” Estetik Mərkəzinin peşəkar vizajisti Fidan İsmayılova və saç ustası Esmira Xankişiyevanın bir-birindən uğurlu işləri ilə tanış edəcəyik.

Bizim layihədə onlar, onların layihəsində biz...

“9 don” layihəsinin qonağı olan “Hi-Fi” Estetik Mərkəzi layihəmizə özümüzü də cəlb etdi. Belə ki, gözəllik mütəxəssisləri üçün seçilən modellərdən biri “Gündəlik Teleqraf” media holdinqin İT mütəxəssisi Arzu Əmiraslanova oldu. Adətən, kompüter arxasında texnoloji yeniliklərlə maraqlanan mütəxəssisimiz özünü də yeni imicdə sınamağa, eksperimentlərə hazır olduğunu göstərdi. Artıq ailəli olsa da, yenidən gəlin obrazında bəzənməyə razılıq verdi.

Beləliklə, Estetik Mərkəzdəyik.

Məkan rahat, müştəri bol

“Hi-Fi” Estetik Mərkəzi bir gününü bizə ayırsa da, salona daxil olanda xeyli müştəri gördük. Yəqin ki razılaşarsınız, müştərinin çox olması saç və vizaj ustalarının peşəkarlığından və xanımları razı sala bildiyindən xəbər verir. Odur ki, tələsmirsinizsə, mərkəzin yumşaq divanlarında oturub jurnalları vərəqləyə-vərəqləyə çay da içə bilərsiniz.

Qız toyu üçün romantik qadın

Vizajist Fidan xanım əvvəlcə qız toyu üçün gəlin obrazı yaratdı. Onun sözlərinə görə, xanımın gözləri mənalı olduğu üçün bu obrazda, əsasən, onları vurğulayıb:

“Xanımın paltarı da qırmızı olduğu üçün cəlbedicidir. Ancaq qırmızı rəng rəqabətə dözümlü deyil. Gəlinin itələyici görünməməsi üçün pomadanı bu ilin dəbinə uyğun olaraq “M.A.C” -dan açıq qəhvəyi tonlarda seçdim. Almacıq sümüklərini də qəhvəyi tonlarda ənliklə vurğuladım”.

Son dərəcə düzgün, eyni zamanda səliqəli makiyaj xanımın üz quruluşu ilə mütənasiblik təşkil etdi. Saç ustası Esmira xanım isə bir tərəfə yığılmış dalğalı saçların xanımın üz quruluşuna çox yaraşacağını söylədi:

“Bir tərəfli həcmli saç düzümü xanımı olduqca romantik göstərir, həm də qız toyu üçün uyğundur. Gəlinin təbii gözəlliyini vurğulamaq üçünsə, saça qırmızı rəngli gül sancdım”.

Əhəmiyyətinə görə gəlinlikdən sonra saçlardır

Əsasən, “M.A.C.”, “Yves Saint Laurent” kimi kosmetika brendləri ilə işləməyi sevən Vizajist Fidan xanımın növbəti işi oğlan toyu üçün gəlin obrazı oldu. Fidan xanım qızılı göz kölgələrindən istifadə edərək şarmlı gəlin obrazı yaratdı:

“Makiyajda göz qələmi və ya laynerdən, o cümlədən, qara və tünd rənglərdən istifadə mütləqdir. Bu həm baxışlara dərin məna verir, həm də üz xətlərini daha cəlbedici edir. Bu gəlinin makiyajında da tünd rənglərin tonlarından istifadə edərək gözləri mənalı göstərməyə çalışmışam. Gəlinin dodaq quruluşu icazə verdiyi üçün onları açıq qırmızı dodaq boyası ilə vurğuladım”.

Vacibliyinə görə gəlinlikdən sonra saçlar ikinci yerdə dayanır. Esmira xanımın sözlərinə görə, son illərdə gəlin namizədlərin çoxu dağınıq saç modellərinə üstünlük verirlər:

“Çünki bu müasir saç düzümü özünə güvənən xanımlara zərif görkəm verir. Dağınıq saç modeli qadının özündən əmin, azadlığına düşkün olduğunu göstərir. Gəlinin saçına bəzək vermək üçün tac qoymuşuq. Tacları həm duvaqla, həm də duvaqsız taxmaq olar. Birinci variant çox təmtəraqlı olduğundan son zamanlarda öz aktuallığını itirib və nadir hallarda istifadə olunur. İkinci variant praktiki olaraq istənilən saç düzümündə gözəl görünür. Yeri gəlmişkən qeyd edim ki, saç üçün aksessuar seçəndə onların digər əşyalarla uyğunlaşmasına fikir vermək lazımdır. Buna görə də incə sırğa seçməli və onun cəlbedici olmamasına diqqət etmək lazımdır. Bu cür aksessuarlar kifayət qədər sadə toy paltarları ilə xüsusilə gözəl görünürlər”.

“Vəhşi gözəl” ziyafətdə - dumanlı göz, parıltılı yanaq

“Hi-Fi” Estetik Mərkəzinin vizajistinin növbəti işi “vəhşi gözəl” obrazı oldu. Fidan xanımın sözlərinə görə, illərdir dəbdə olan dumanlı gözlər qarşıdan gələn payız və qış mövsümü üçün də aktualdır:

“Vamp” qadın obrazının birinci şərti dumanlı göz makiyajıdır. Gözlərə cazibədarlıq qatmaq üçün effektli makiyaj hiyləsi olan dumanlı göz makiyajı göz rəngindən asılı olmayaraq, hər kəsə yaraşır. Kifayət qədər cəlbedici olan həmin göz makiyajında, əsasən, “Chanel”-in göz kölgələrindən istifadə edirik. Dodaqlarda isə təbii rəngli dodaq boyası daha yaxşı effekt verir”.

Ziyafət obrazının tamamlanması xüsusilə, ölçülüb-biçilib. Məsələn, at quyruğu formasında yığılan saçlar illərdir öz aktuallığını itirməyən klassik saç düzümüdür. Saç ustasının fikrincə, istənilən məkana uyğun gələn həmin universal saç düzümü modelin üz quruluşuna da yaraşır:

“At quyruğu saç düzümü dumanlı göz makiyajı ilə də gözəl uzlaşır”.

Bu qadın məclisin ən cazibədar xanımı olacaq

Ziyafət, parti, ad günləri və v.s bu kimi dəvətlərə bəzənən növbəti model, şübhəsiz ki, məclisin ən cazibədar xanımı olacaq. Vizajist bu obrazda da dumanlı göz makiyajına müraciət edib. Vizaj ustası bildirir ki, gözəl makiyaj gözəl üz tonundan başlayır.

“Əgər üzün tonu düzgün olmasa, gözəl makiyajdan söhbət belə gedə bilməz. Ona görə də makiyajda üzün tonlaşdırılması üzərində xüsusi işləyirəm. Bu obrazda da dumanlı göz makiyajına üstünlük vermişəm. Lakin bu dəfə dəbdəbəli görünməyi sevən xanımın dodaqlarını açıq çəhrayı çalarda dodaq boyası ilə rəngləmişəm. Çəhrayı dodaq boyası xanımın geyimi ilə də uyğunluq təşkil edir. Bu ilin makiyaj dəbində parıltılı ənliklər də dəbdədir. Bunu nəzərə alaraq, “Chanel”-in parıltılı ənlik növlərindən xanımın dəri rənginə uyğun olanını seçib məhz almacıq sümüklərinə çəkmişəm”.

Saç ustası Esmira bu işində hündür yığılan və kip toplanan saç modelinə üstünlük verib. “Hİ-Fi” Estetik Mərkəzin saç ustası əmindir ki, bu cür saç gülərüz xanımlara çox yaraşır:

“Xanımın simasını incə göstərməkdən ötrü kənarda tellər saxlamışam və onları burmuşam. Hündür yığılmış saç düzümü ilə makiyaj bir-birini tamamlayır”.

Dəbdə olan rənglərlə fərqli gəlin obrazı

Gözəlliyin bir nömrəli ünvanı olan “Hi-Fi” Estetik Mərkəzinin vizaj ustasının təqdimatında bu dəfə fərqli gəlin obrazı görürük. Tünd göz kölgələri, üzün tonlaşdırılması, ənlik, açıq çəhrayı dodaq boyası ilə əla uyğunlaşdırılıb. Vizajist gəlinin gözlərinə yaşıl və qəhvəyi göz kölgələri çəkib:

“Bu obrazda tünd göz kölgələrindən istifadə etmişəm. Gəlinin baxışlarını təsirli etmək üçün uzun kirpiklər taxmışam”.

Saç ustası Esmira xanım növbəti işində yenə toppuz yığıb. Onun sözlərinə görə, toppuz şıq görünmək üçün ən ideal saç modellərindən biridir:

“Bir çox gənc qız toy günü saçlarınıtoppuz yığdırmağa üstünlük verir. Çünki toppuz, demək olar ki, hər üz quruluşuna yaraşır. Üstəlik, toppuz saç modeli gec pozulur, gəlinin gün boyu qüsursuz görünməsini təmin edir. Bu modelin digər bir üstünlüyü isə rahat olmasıdır. Tac isə xanıma xüsusi bəzək verir”.

Payız dəbinə uyğun orijinal qadın

Vizajist Fidan xanım növbəti işini orijinal görünmək arzusunda olan xanımlar üçün edib:

“Bu xanımın obrazı klassik gəlin obrazından bir qədər fərqlidir, onu payız dəbinə uyğun bəzəmişəm. Bu ilin makiyaj dəbində tünd yaşıl, qəhvəyi və qızılı rəngin çalarlarına daha çox yer verilib. Odur ki, mən də göz kölgələrini dəbdə olan həmin rənglərlə işləmişəm. Bu cür göz makiyajı gəlini cəlbedici göstərir. Lakin rənglər arasında keçidlərin yumşaq olması üçün göz qapağının üstünə əvvəlcə açıq və parlaq rənglər çəkmişəm. Xanımın dodaqları nazik olduğu üçün tünd bənövşəyi dodaq boyası seçmişəm. Çünki tünd boya dodaqları həcmli göstərmək üçün uğurlu makiyaj hiyləsidir. Dodaq makiyajının qalıcılığını artırmaq üçün dodaqları eyni rəngdə olan dodaq qələmi ilə doldurub üzərinə dodaq boyası çəkmişəm. Nəhayət, makiyajı qəhvəyi rəngin çalarlarında ənliklə tamamlamışam”.

Bu il saçları daş-qaşlı, çiçək və yarpaqlarla bəzəmək çox dəbdədir. Saç ustası Esmira xanım da növbəti işində elə bu dəbi tətbiq edib:

“İndi toyunda möhtəşəm görünmək istəyənlər parıltılı, daş-qaşlı, çiçəkli və ya incili saç aksessuarlarına üstünlük verirlər. Çünki saç aksessuarları gəlinin dəyişməz bəzəklərindən biri olaraq qalır. Aksessuarlar sadə buruqlarla birləşdikdə nəticə daha mükəmməl alınır”.

Özünüzü işinin ustasına həvalə edin

“Hi-Fi” Estetik Mərkəzinin peşəkarları sayəsində siz makiyajınızın pozulması baxımından heç bir narahatlıq keçirmədən özünüzü şahzadə kimi hiss edə bilərsiniz. Peşəkar vizajistlər isə öz işlərini sizin gözəlliyinizlə yanaşı, həm də sağlamlığınızın qayğısına qalaraq həyata keçirirlər.

Layihəmizin reallaşmasında göstərdiyi köməyə görə, “Ajour” qadın geyim mağazasına təşəkkür edirik.

Aytən

FOTOLAR: Elçin Murad

“Hi-Fi Estetik” Mərkəzin ustalarının əl işləri daha ətraflı burada: https://www.facebook.com/estetik.az?fref=ts

Oxumağa davam et
Reklam
Reklam

Gündəm