MSK sədri beynəlxalq qurumları Azərbaycana çağırdı
Bizi izləyin

Nida.az

MSK sədri beynəlxalq qurumları Azərbaycana çağırdı

“Azərbaycanda noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün beynəlxalq təşkilatlara dəvətlər göndərəcək”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

M.Pənahov bütün beynəlxalq qurumları Azərbaycanda seçki prosesini yaxından izləməyə dəvət edib:

“Gəlib seçkiləri yaxından izləsinlər, hətta biz onların burada rahat fəaliyyət göstərməsi üçün bütün şəraiti yaratmağa hazırıq, onlara otaq da ayıra bilərik. Mən həmin beynəlxalq qurumların hamısına Mərkəzi Seçki Komissiyasında otaq ayırmağa hazıram ki, təki, burada daimi nümayəndələri olsun. Ümumiyyətlə, biz beynəlxalq qurumların nümayəndələrinə bütün proseslərdə iştirak etmək üçün rəsmi dəvətlər göndəririk. Bu il də göndərəcəyik. Ancaq onlar da gəlib burada gördükləri vəziyyəti obyektiv şəkildə qeyd etsinlər”.

MSK-nın hər zaman bu cür standartla fəaliyyət göstərdiyini vurğulayan M.Pənahov qeyd edib ki, MSK hər zaman beynəlxalq təşkilatların və digər rəsmi nümayəndələrin seçki prosesində iştirakına lazımı şəraiti yaradır:

“Media nümayəndələri də sənədlərin, imzaların yoxlanılması ilə bağlı proseslərdə iştirak edirlər. Beynəlxalq qurumların nümayəndələri də bildirsinlər ki, hansı səhvlər, pozuntular var. Yəni, Mərkəzi Seçki Komissiyasının, yaxud Ekspert Qrupunun üzvləri, dəvət olunmuş ekspertlər hansı məsələlərə səthi baxırlar. Qoy beynəlxalq təşkilatların nümayəndələri bu barədə məlumat versinlər. Biz isə buna görə qərarımızı verək. Konstruktiv əməkdaşlıq budur. Təəssüf ki, onlar bu proseslərdə iştirak etmirlər. İştirak etmədiyin prosesdə nə baş verməsi barədə necə danışmaq, münasibət bildirmək olar? Artıq 10 ildir ki, bu mövqedən çıxış edilir. Mən bunu tək KİV qarşısında deməklə kifayətlənmirəm. Eyni zamanda, MSK adından bütün beynəlxalq təşkilatlara rəsmi məktubla müraciətlər, dəvətlər göndərilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm