Nida.az
Əli Həsənov: “Minsk qrupunun fəaliyyəti Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir” - VİDEO/MÜSAHİBƏ
Bu həftə Mir Şahinin qonağı prezidentin ictimai-siyasi
məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Əli müəllim Mingəçevirdə
baş verən hadisələrdən və prosesin hazırkı gedişatından başlayaraq,
cəmiyyəti narahat edən bir çox mühüm məqamlara aydınlıq
gətirib.
- Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə
qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi Azərbaycanda bu
dəfəki seçki qabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş
təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar
arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də Allah
qoysa, bu ilki seçkiləri başa vuracayıq. İnşallah!
- Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə
sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra
olacaq?
- Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki,
cəmiyyətdə bir barış mühiti mövcutdur. Həm siyasi partiyalarla, həm
qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə
daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü
siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik
platformasında da münasibətlər sabit və barış
əhval-ruhiyyəlidir.
- İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə
deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa...?
- Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir,
Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu
xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini,
prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə
sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə
Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş
etdirdiyi mövqeyə sökənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir
ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə - BMT-dən
başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və
beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.
Bizimlə beynəlxalq aləmdə dünya siyasətin formalaşdıran strukturlar
var. Ona gərə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri,
xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki,
beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin.
Biz hansı səviyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz
çatmır, nələrə hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət
etmişik və eləcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq
MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə
dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul
eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini
verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan
xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də
biz imtina etmək fikrindən deyilik.
- Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin
əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan
Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır
deyil.
- Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP)
əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra
bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyat keçirdiyi hər
bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə
sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq
dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının bu dəfəki seçki
siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq
hazırlanıb. Partiyada idarəçilik demokratik normalara sökənir.
Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər,
partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur.
Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar
veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün
cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır.
Həmin siyahı partiyanın idarə heyətində səsə qoyularaq cəmiyyətə
təqdim olunacaq. Hesab etmirəm ki, bunu əsasında narahatlıq və
yaxud da hansısa, panika yarada biləcək bir məqam var.
- Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir,
kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyllər
olur. Etiraf edək ki, Mingəçevridə kütləvi etiraz aksiyası baş
verdi və cənab prezident də bu hadisəni törədən səbəbləri öz
nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu
saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?
- Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun
hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və
asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını
dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun
səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun,
istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun,
istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə,
mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş
cənab prezidntin nəzarəti altındadır. Buna müvafiq qiymət
veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş
insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona
görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu olmamalı
idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir
insan bu tipli hallardan sığortalanamayıb. Odur ki, belə halların
təkrar baş verməməsini müəyyən eləmək bu dövlətin bir nömrəli
vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da
dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın.
Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma
təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq
da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun
qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan
demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insann
narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb
olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid
yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə
zəmin yaratmamlıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir,
qiymətləndirilir. Cənab prezidenti nəzarəti altında Daxili İşlər
Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır,
günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da
bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də
bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik,
yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni
zamanda bu da qalmayacaq.
- Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada
gedən bütün bu proseslər bu və ya digər dərəcədə bizim ölkəmizə,
dövlətimizə, bizim vətəndaşımıza toxunmadan mükün deyil. Neftin
qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin
valyutası ətrafında gedən dinamik proseslər bizim bu həyatımızda bu
və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki
narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə, baş
verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların
qalxacağını düşünür - biri manat, digəri isə dollar dalınca qaçır.
Məsələ əslində kifayət qədər başa düşüləndir. Cəmiyyət öz
gələcəyinə həsas yanaşmağa borcludur. Hətta belə bir söhbətlər də
gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən
mənada seçkilərdən sonraya təxirə salıblar – seçkilərdən sonra
nələrsə olacaq. Amma bütün hallarda nə dərəcədə əsaslıdır belə
narahatlıqlar?
- İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının
qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının
vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil
edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə
prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və
enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən
böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali
Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib
Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan
irəli gələn proseslər – bütün bunlar bəşəriyyətdə yaşayan hər bir
insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə
bilmir. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını,
siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər
məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və
onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir
tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir.
Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış
ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz
pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini
də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan
ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud
vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün
yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən
asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün
davamlı inkişafını təmin eləsin. Özünün maliyyə, iqtisadi, sosial
həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas
eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az
düşünmürük. Prezident Administrasiyası hər bir vətədaşın
narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin
təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və
prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki,
mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir
vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli
proseslər elə-belə, kortəbii baş vermir.
Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan
vətəndaşlarımız nə qədər dövlətdən, Milli Bankdan narazı oldu ki,
dövlət bunu qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də
dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdi.
Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək görərik ki,
Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda
devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan
kimi dövlətləri demirəm. Nələr baş verdi, biz bunu şahidi olduq.
Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda
Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların,
eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin
olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və
bu dövlətin maraqları qorunsun. Hesab edərəm ki, ajiotaja əsas
yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə
Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim
milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun
dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə
biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!
- Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına
başa gəlməməlidir. Çünki Azərbaycanda istehsal olunan malların
qiyməti əsaslandırılmamış şəkildə artmamalıdı. Çünki, Avropa
məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik
və bütün bunlar da öz ziyanını dövlətimizə
vurmamalıdır.
- Bunula tam bir şəkildə razıyam. İqtisadiyyatımız bazar
iqtisadiyyatıdır. Amma dövlət öz vətəndaşının maraqlarını bütün
vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də çalışır ki, bazarı
tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində
əsasən sosial-siyasət cətin qorunma dileması qarşısında qalır.
Dövlət o immunitet artırmaq üçün özünün bazar iqtisadiyyatında
cətin uyğunlaşan sahələrinin maraqlarını təmin eləmək üçün bu işə
müdaxilə etməlidir.
- İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərb
münasibətlərin. Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər
var. Elə bir ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da
qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır yoxsa aydınlıqdır? Bəzən
onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə
təəssürat yaranır ki, deyəsən hər şey düzəldi. Amma bir müddət
keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir
və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan
kəskin məqaləyə cavabdır.
- Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özüvə
rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu
yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətilin
iştirakçıları isə həbs olundular. Cənab prezident bu işə xüsusi
olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə,
hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə presesi zamanı nələr
ortaya çıxacaq, hər şey aydındır. Amma açıq ekranda ictimaiyyəti
gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqal dövləti, dünya
nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər
içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz
dəfələrlə bəyan etmişi ki, Azərbaycan daxil dünyanın heç bir ölkəsi
cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi
indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eliyib cinayətkarlığın
qarşısını yüzdə-yüz ala bilməyib. Bu hər yerdə baş verən prosesdir.
Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət
verməlidir, adekvat yanaşma nümayiş olunmalıdı, çinayətkarın
axtarışı istiqaətində düzgün tədbirlər müəyyən olunmalıdır və
cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət
törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki,
bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür
reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətinin,
prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni
proseslərə göz yumurlar. Hətta, günlərin birində Amerika Birləşmiş
Ştatları Dövlət Departamentinin sözcüsü dedi ki, bu proseslərin
dünyad heç kimə dəxli yoxdur bunlar Amerikanın daxili işidir, yəni
polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirməsi bu
Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki,
bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur. Bir
dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq
aləmə çıxarılır digər dövlətdə olmur. Ona gərə də, biz hər zaman
tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə
də görmüyün. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə
olaraq biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyilə deyil,
gücünün azlığı-çoxluğu ilə deyil, ərazisinin genişliyi-kiçikliyilə
deyil, hər biri beynəlxalq hüququn sübyekti kimi bərabər hüququlu
dəyərləndiriki və istiyirik ki, hər kəsin hüququ BMT yanında
bərabər olsun və hamıya da eyni standartla yanaşsınlar. İkili
standart müasir dünya siyasətinin çox təssüf ki, təhdid edir,
etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa bundan sonra
dünyada nələr baş verəcəkdir. İnsanlıq çox dəhşətli facilərlə
üz-üzə gələ bilər.
- Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta
planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması,
Azərbaycan prezidentinin, Ermənistan prezidentilə, hətta deyilənə
görə, BMT 70 illiyi münasibətilə Nyu-York-da görüş nəzərdə tutulur.
Ünumiyyətlə belə bir söhbətlər nə dərəcədə əsaslıdır?
- Danışıqlar əsasən Minsk qrupu formatı cərcivəsində davam edir.
Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici
işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də digər
nümayəndələrin apardıqları danışıqlar. Bu formata biz daxil hələ də
ümid bəslənilir. Amma təssüflər olsun ki, Minsk qrupunun necə
deyərlər dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə
ikili yanaşması, BMT-nin qətnamələrinə laqeyidliyi Azərbaycanı və
Ermənistanı müharibəyə sürüklüyür. Və indiki halda, yəni bu
danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında bu
Ermənistanın qeyri-konstruktiv mövqeyi davama eləsə və BMT
Təhlükəsizlik Şurasının üzvüləri və bütövlükdə BMT Ermənistana
təziq göstərməsə, müharibə qaçılmazdır. Azərbaycanı, Ermənistanı,
Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki,
Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə
barışmayacaqdı. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq
Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini
tapmalıdı. Bu bizim beynəlxalq hüquq normalarına sökənən milli
haqqımızdı. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə
getməmişik və getmək fikrində də deyilik.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK