“2 aydır 20000 dolları ala bilmirəm...” - federasiya idmançıya “atıb”
Bizi izləyin

İdman

“2 aydır 20000 dolları ala bilmirəm...” - federasiya idmançıya “atıb”

Orxan Səfərov cüdo üzrə dünya çempionatının bürünc (2013), Avropa Oyunlarnın isə gümüş medalçısıdır. Sözün əsl mənasında onun da çıxışları gələcəyə ümid bəxş edirdi. O, mötəbər turnirdə gümüş medal qazanaraq Azərbaycan Cüdo Federasiyasını biabır olmaqdan az da olsa, xilas etmişdi. Bütün idmançılarının uğursuzluqla çıxış etdiyi zaman o, cüdosevərlərin az da olsa, üzlərini güldürməyi bacarmışdı.

Düzdür, uzun müddətdir federasiyanın uğursuzluqla qarşılaşmasında tək idmançıları günahlandırmaq gülməli olar. Çünki məşqlər bərpa olunsa, şərait yaradılsa, hər bir idmançı uğur qazanmaq istəyər.

Bundan öncə bildirmişdik ki, federasiyada maaş, məşq və rəhbərliklə əlaqə qura bilməmək kimi problemlər var. Bu barədə problemlərin olduğunu hər bir cüdoçu kimi elə Orxan Səfərov da təsdiqləyir.

Gənc idmançı Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı problemlərdən danışdı:

- Sizi federasiyadakı bəzi məsələlərlə bağlı narahat edirəm...

- Hansı məsələlər?

- İdmançılarımızın problemi ilə bağlı...

- Buyurun... (deyəsən, bu məsələ cüdoçumuzun ürəyincə oldu...)

- Aldığımız məlumatlara görə, federasiya bir müddətdir idmançılara maaş vermir. Doğrudur?

- Bu ay gecikir... Bir də ki, mükafatı verməyiblər.

- Deyilənə görə, idmançılar federasiya rəhbəri ilə görüşmək istəyir. Ancaq Füzuli Ələkbərov idmançılarla görüşüb, dərdlərini, problemlərini dinləmək istəmir. Buna şərait yaratmırlar.

- Xeyr, mümkün deyil. Həmçinin federasiyada heç kim yoxdur. Elə siz özünüz indi federasiyaya getsəniz, görəcəksiniz orada bir adam da yoxdur ki, problemini deyəsən.

- Bəs ayrılan mükafat və maaşınızı niyə gecikdirirlər? Buna nə ad verirlər?

- Olacaq deyirlər. Amma nə vaxt, deyilmir. Vəd edilən mükafat artıq 2 aydır verilmir.

- Nə vaxt veriləcəyini soruşmusuz? Bəlkə, federasiya “kasıblayıb”?

- Elə bir insan yoxdur ki, soruşaq, bizə də dəqiq vaxtı deyən olsun.

- Bəs orada baş katib Elnur Camalxanov var, vitse-prezident Elnur Məmmədli var. Bunlar sizin problemlərinizi dinləmir?

- Elnur Camalxanov tətildədir. Elnur Məmmədli də bilmir. Onun da federasiyada rolu bizim kimi maaş almaqdır.

- Füzuli Ələkbərov axırıncı dəfə idmançılarla nə vaxt görüşüb? Və ya siz onu axırıncı dəfə nə vaxt görmüsüz?

- Biz artıq 2 il olar onu görmürük. Gümüş medal qazandıqdan sonra da Elnur Məmmədliyə etirazımı bildirdim, bundan sonra məni təbrik etdi.

- Səhv etmirəmsə, dizinizdən əməliyyat olunmuşduz. Onun xərcini öz cibinizdən ödəmişdiz, ya federasiya qarşılamışdı?

- Elə o məsələ ilə də heç kim maraqlanmırdı. Dərdimi Elnur Məmmədliyə deyəndən sonra məni əməliyyata göndərdilər. Bundan sonra xərci federasiya qarşıladı.

- Başda dediniz mükafat da verilmir. Mükafat nə münasibətlə vəd edilmişdi?

- Avropa çempionatındakı iştiraka görə.

- Sirr deyilsə, bilmək olarmı federasiya tərəfindən nə qədər mükafat vəd edilmişdi?

- Federasiya tərəfindən Avropa çempionatında qazanılan gümüş medal üçün 20000 dollar vəd edilmişdi.

- Məşqlər necə keçir? Hacıağa müəllimin keçdiyi məşqləri sizi qane edirmi? Məşqləriniz harada keçirilir?

- Məşqlərimizi “Neftçibaza”da keçirik. Amma Zaysenbaxerin vaxtındakı kimi effekti olan məşqlər görmürürk.

- Hacıağa müəllim də sizin problemlərinizi dinləmir? Yəni heç olmasa o, idmançıların problemini rəhbərliyə çatdıra bilər...

- Onu dinləyən var ki? Desə də, dinləmirlər...

- Qazaxıstanda uğursuzluqla bitən dünya çempionatında siz yox idiz?

- Xeyr, zədəmə görə çıxış edə bilməmişdim.

- Zədəniz indi necədir?

- İndi bərpa dövründəyəm. 3 həftə sonra komandaya qoşulacam.

Aygün İlqrqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm