Qarabağa köçən rusiyalı biznesmen aeroportda saxlanıldı
Bizi izləyin

Dünya

Qarabağa köçən rusiyalı biznesmen aeroportda saxlanıldı

Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz şəkildə gedərək orada məskunlaşdığı üçün Azərbaycan tərəfindən İnterpolun axtarışına verilən rusiyalı biznesmen German Sterlinqov Moskvanın Domodedovo aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə biznesmenin vəkili Artur Ayrapetov bildirib.

Onun sözlərinə görə, müştərisi Moskva vaxtı ilə təxminən saat 17:00-də saxlanılıb. Hüquqşünas deyib ki, Sterlinqov İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçdikdən sonra saxlanılıb.

“Ehtimal ki, Sterlinqovun saxlanılması onu dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır. Hazırda onun taleyi haqqında bizə heç nə məlum deyil. Onun xanımı da həmçinin Domodedovo hava limanındadır. Xanımına da onunla görüşməsinə icazə vermirlər və saxlanılmasının səbəbləri barədə məlumat vermirlər”, - vəkil deyib.

O, həminin xatırladıb ki, Sterlinqov daha İnterpolun axtarışında deyil. Vəkilin sözlərinə görə, avqustun 21-də müştərisinin beynəlxalq axtarışı dayandırılıb.

Son məlumata görə, German Sterlinqov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra buraxılıb. Bu barədə onun vəkili məlumat verib.

Qeyd edək ki, biznesmenin Dağlıq Qarabağa köçməsi haqqında informasiya 6 iyulda yayılıb. Rusiyalı biznesmen Azərbaycan tərəfindən iyulun 29-da İnterpolun axtarışına verilib. İyun ayında Dağlıq Qarabağa gedən Sterliqov Azərbaycan sərhədlərini qanunsuz keçmək və dövlət əleyhinə yönələn açıq çağırışlarda ittiham olunur.

Bundan əvvəl isə - iyulun 10-da biznesmen və həyat yoldaşı Azərbaycan tərəfindən "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.

Biznesmen iyulun 13-də Şuşa mətbuat konfransı keçirib. Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini deyən hər şey “Adəmdən Putinə qədər” tarix kitabının nəşrindən sonra dəyişib. O, bu kitabının nəşrindən sonra hakimiyyətdəki dostlarının ona münasibətinin dəyişdiyini, ondan üz döndərdiklərini deyib. Sterlinqov nəhayət etiraf edib ki, Rusiyadan qaçmasına səbəb onun barəsində aparılan cinayət təqibləridir. “Əvvəlcə mənim ünvanıma təhdidlər başladı, uşağımı oğurlamağa cəhd etdilər. Ancaq bunlar xırda hücumlar idi” – biznesmen bildirib.

KİV-in məlumatına görə, Sterlinqov Rusiya ərazisini tərk etməzdən əvvəl, fermer təsərrüfatındakı heyvanları və şəxsi avtoparkı satışa çıxarıb.

Rusiyaya qayıdacağını açıqlayan Sterlinqov təyyarə biletini jurnalistlərə göstərib. O, ədalətdən gizlənmədiyini, Rusiyaya qayıdandan sonra həbs olunmasa, Qarabağa qayıdaraq moda evi və müalicə məntəqəsi açacağını, kənd təsərrüfatı ilə məşğul olacağını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm