Azərbaycanda bəzək üçün tikilən hotellər: yüksək qiymət, aşağı xidmət və ofisiant kənd uşaqları…
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda bəzək üçün tikilən hotellər: yüksək qiymət, aşağı xidmət və ofisiant kənd uşaqları…

Bu yaxınlarda maraqlı bir statistika ilə qarşılaşdım. 2015-ci ilin yanvar ayından may ayına qədər Gürcüstana 1 milyon 835 min 545 nəfər səfər edib. Gürcüstana səfər edən əcnəbilər arasında azərbaycanlılar ikinci yerdə gəlir. 2015-ci ilin təkcə iyul ayı ərzində Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 160,285 min nəfər olub ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% artım deməkdir.

Maraqlı, eyni zamanda düşündürücüdür ki, nəyə görə qonşu ölkəyə Azərbaycandan səfər edənlərin sayı ildən-ilə artır? Görünür, bu ölkəyə insanların kütləvi şəkildə axın etməsində əlverişli məqamlar var. İstənilən halda, ya qonşu ölkənin təbiəti bizimkindən daha zəngindir, ya insanların qonaq qəbuletmə mədəniyyəti, ya xidmətin səviyyəsi bizdən yüksəkdir, ya da qiymətlər aşağıdır.

Əvvəlki ikisi elə bizdəki kimidir. Ola bilər ki, biz təbiətimizi o qədər də qorumuruq və meşələrimizin bir hissəsini qırmışıq, amma ümumilikdə təbiət zənginliyi baxımından eyni coğrafi ərazidə yerləşən Azərbaycan və Gürcüstanda, demək olar ki, elə bir fərq yoxdur. Elə xidmətin səviyyəsi və insanların qonaqpərvərliyi haqqında da eyni şeyi demək olar. Qalır üçüncü, yəni qiymət məsələsi… Amma bu barədə əvvəl dediyim sözləri təkrarlaya bilməyəcəm. Yəni qiymətlərdəki fərq ayağını qonşu ölkənin sərhədinə basan andan hiss olunur. Neft ölkəsi olan Azərbaycandan fərqli olaraq, Gürcüstanın gəzməli-görməli yerlərini gürcü pulu olan 5 lari ilə - bizim valyutaya çevirsək, təxminən 2 manat 50 qəpiklə dolaşa bilərsən. Və ya Gürcüstanda - dənizin ortasında, hər tərəfi su ilə əhatə olunmuş restoranda canlı musiqinin əhatəsində 15-20 manata romantik şam yeməyi etmək mümkündür. Azərbaycanda isə cibinə bu qədər pul qoyub xanımla birlikdə evdən bayıra çıxmağı ağlına gətirə bilməzsən. Ən adi kafedə əyləşib bu pulla dönər və ayrandan başqa bir şey almaq mümkün deyil.

Quma basdırılmış qarpz qabığı və ya bulaşıq “pampers”

Yayda Gürcüstana üz tutanların əsas istəyi, təbii ki, Qara dəniz sahillərində dincəlməkdir. İstirahət də çimərliklərdən başlayır. Birincisi, burada dənizdə çimmək üçün heç kəs səndən pul istəmir. Yəni dənizin sahilində hansı otelin, istirahət və ya əyləncə mərkəzinin yerləşməsindən asılı olmayaraq, dəniz hamınındır və ora giriş pulsuzdur. Qara dəniz sahillərində qaralmaq üçün günəş vannası qəbul etmək istəyənlər şezlonqa cəmi 1 lari ödəyirlər. Bu da bizim pulla təxminən 50 qəpikdir. Azərbaycanda isə dənizin sahilində tikilmiş otel və restorandan asılı olaraq, şezlonqda günəşlənmək istəyənlər ən azı 5 manat “tərləməlidirlər”. Fərq 10 dəfəyə yaxındır…

Əslində, Qara dəniz sahillərində dəniz daşlıqdır və Xəzər dənizindən fərqli olaraq orada rahat çimmək mümkün deyil. Amma bununla belə, Azərbaycanda qum və dənizimizin qədrini bilməyərək çimərlik ərazisini asanlıqla zibilliyə döndərə bilirik. Bütün yediklərimizi, boş su şüşələrini ətrafa tullayırıq. Ayağını quma basdırmaq istəyəndə məlum olur ki, səndən qabaq burada kimsə qarpız yeyib və qabıqlarını quma basdırıb. Qumun içərisində həvəslə oynayan uşaqlar birdən sevinə-sevinə xəzinə tapmış kimi çığırışırlar və məlum olur ki, qumun altından çıxan xəzinə deyil, quma basdırılmış bulaşıq “pampers”dir.

Otel və fərdi evlərin qiymətinə gəlincə, heç bunlar da müqayisəyə gəlmir. Götürək, elə Gürcüstanın ən çox inkişaf etmiş turizm şəhəri olan Batumi ilə bizim ən inkişaf etmiş turizm zonası olan Nabranı. Batumidə şəhərin mərkəzində, dənizin sahilində gecələmək üçün 50-60 lariyə 1 və ya 2 otaqlı içərisində hər bir şəraiti olan ev tapmaq mümkündürsə, Nabranda heç bir turizm infrastrukturu olmayan ərazidə bu qiymətə otaq tapmaq mümkün deyil. Tapılsa belə, yaşamaq üçün o qədər də əlverişli olmayacaq.

Son vaxtlar Nabrana gedənlərin sayının tamamilə azalması da buna sübutdur. Ən isti havada belə əvvəllər qaynaşan dəniz sahillərini bomboş görərsən. Belə dənizi, təbiəti, havası olan turizm zonasını bu gündə saxlamağımız isə ürəkağrıdıcıdır.

Azərbaycanda istirahət: yemək və yatmaq…

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda turizmin zəif inkişafı onun mövsümi xarakter daşıması ilə bağlıdır. Onlar daha çox xarici turist cəlb etmək üçün daxili turizmin inkişafında başlıca olaraq iki amilə fikir verilməli olduğunu vurğulayırlar: “qiymət siyasəti və xidmətin səviyyəsi”. Bizim sahibkarlar otelləri mövsümə görə cəmi 2-3 ay işlədə bilirlər. Buna görə də əksər sahibkarlar otelə qoyulan xərcin hamısını 2-3 aya çıxarmaq istəyirlər. Yəni qiymətlərin kəllə-çarxa çıxmasının əsas səbəbi budur.

Digər problem isə rəqabətlə bağlıdır. Xarici ölkələrdə otel və restoran biznesinin inkişafında rəqabət əsaslı rol oynasa da, bizim otellər, demək olar ki, rəqabətə girmirlər. Axı ölkəyə gələn turist təkcə yeməli və yatmalı deyil, əlavə xidmətdən də istifadə etməlidir. Məsələn, Türkiyədə dəniz kənarında dincəlmək üçün getdiyin oteldə turistlərin və otel əməkdaşlarının iştirakı ilə tamaşalar hazırlanır, karaoke, rəqs dərsləri və digər əyləncələr olur. Bundan əlavə, sənə otel tərəfindən vaxtını səmərəli keçirmək üçün turlar da təklif olunur. Məqsəd gələn qonağın oteldən məmnun ayrılmasını təmin etmək və onun gələn mövsümdə də yenidən bu otelə gəlişinə nail olmaqdır.

İstər paytaxt Bakıda, istərsə də regionlarda yeni otellər inşa olunsa da, Azərbaycanda turizmin uduzmasında kadr hazırlığı çox mühüm rol oynayır. Əksər hallarda bölgələrimizdəki otellərdə ucuz işçi qüvvəsi kimi məktəb yaşlı və təhsili olmayan şəxslərdən istifadə edirlər. Məsələn, bu yaxınlarda yeni istifadəyə verilmiş 5 ulduzlu bir oteldə olduq. Elə təzəcə əyləşmişdik ki, əlində kokteyl gətirən ofisiant kokteyllərin bir neçəsini müştərinin üstünə tökdü. Qonağın köynəyi, şalvarı, stolun üstündəki telefonları bulaşdı və sınmış şüşə qırıqları ətrafa səpələndi. Təbii ki, insanların texnika kimi işləmədiyi məlumdur və belə hal istənilən oteldə baş verə bilər. Amma bu halda hadisə ofisiantın xamlığından baş verdi və bu, otelə, onun ulduzuna yaraşmayan hal idi. Maraqlı burasıdır ki, bizdə otel tikintisinə o qədər vəsait qoyulur, qonaqların məmnuniyyəti üçün bəzi şeylər nəzərə alınır, şef aşpaza yerli peşəkar aşpazlara verilən maaşdan 4-5 dəfə artıq pul verilir. Nədənsə, məsələ ofisianta gələndə, qonşu kəndlərdən təcrübəsiz uşaqları gətirməklə kifayətlənirlər.

Mütəxəssislərin fikrincə, Azərbaycana gələn qonaqları milli adət-ənənələrimiz üzrə də qarşılamalıyıq. Əksər hallarda turistlər təşrif buyurduqları ölkənin milli mətbəxi, qədim mədəniyyətindən xəbərsiz olurlar. Qonşu Gürcüstanda və ya Türkiyədə hər addımbaşı milli yeməklər bişirən restoranlara rast gəlmək mümkündür. Məşhur türk smiti və ya gürcü xaçapurisini ölkənin harasına gedirsən get, tapa bilərsən. Bizdə isə xaricdən gələn qonaqları milli mətbəxlə tanış etmək üçün restoran, demək olar ki, yox dərəcəsindədir.

“Böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər”

Turizm sahəsində vəziyyətin acınacaqlı hal alması prezident İlham Əliyevin də reaksiyasına səbəb olub. Dövlət başçısı bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda turizm sahəsində ciddi problemlərin olmasına, otellərin qiymətinin bahalığına, xidmətin səviyyəsinə, ucuz və az ulduzlu otellərin olmamasına diqqət çəkərək bildirib:

“Xüsusilə bölgələrdə yerləşən otellərdə qiymətlər çox bahadır. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Bakıda hotellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Ancaq beşulduzlu olmayan hotellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Bəlkə də, buna çox sadə yanaşırlar ki, qiymətləri bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var, amma hər kəs gedə bilmir”.

Prezident İlham Əliyevin bildirib ki, bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çox olsa da, maddi imkanı aşağı olan ailələrin istifadə edəcəyi üç və ikiulduzlu hotellər yoxdur. Azərbaycanda kifayət qədər görməli yerlər olsa da, insanların çoxu dincələ bilmir:

“Bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, bu, prestijdir. Yəni ölkədə gedən proseslərin təzahürüdür. Əgər dünyanın aparıcı beşulduzlu brendləri Bakıdadırsa, demək, Bakı buna layiqdir və onlar layiqdirlər ki, Bakıda olsunlar. Ancaq üçulduzlu hotellər azdır, ikiulduzlu hotellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, hotellərin qiymətləri və üçulduzlu, ikiulduzlu hotellərin tikintisi”, - deyə İ. Əliyev bildirib.

“Hotellər bəzək üçün tikilməməlidir”

Ekspertlər hesab edirlər ki, prezidentin qiymətlər, xidmət, ümumiyyətlə, turizm sahəsində qaldırdığı problemlərə vaxtında toxunulub. Turizm sahəsində ekspert Çingiz İsmayılovun Publika.az-a bildirdiyinə görə, hotellər bəzək üçün inşa edilməməli, gəlir gətirməlidir:

“Prezidentin bu addımı vətəndaşlar tərəfindən də çox bəyənilir. Gözlənilirdi, çünki belə davam etmək mümkünsüz idi. Ona görə ölkəyə gələn turistlərin də, Azərbaycandan gedənlərin də sayı azdır. Vizaların, hotellərin qiyməti də belədir. Hotellərin qiyməti isə dəhşətdir. Bakıda 20-25 dollara hotel tapa bilməzsiniz. Ancaq Tiflisdə meşənin içində çox qəşəng, balaca hotellər tapa bilərsiniz ki, qiyməti səhər yeməyi ilə birlikdə 20-25 dollardır. Dəhşətli qiymətlər olduğuna görə hotellərimiz bomboşdur, heç kim də qalmır. Eyni vəziyyət turist mərkəzlərində də hökm sürür. Bodrumda 35 dollara istirahət mərkəzi var, amma Bakıda bunu tapmaq olmaz. Qiymətlər od tutub yanır - 80-100-120 dollar... Axı bu otellər bəzək üçün tikilməyib, gəlir gətirməlidir”.

Qeyd edək ki, turizmin inkişafı həm də ölkənin dünyada özünəməxsus layiqli yerini təsdiq etmək üçün lazımdır. Bu qiymət, bu xidmət və bu keyfiyyətlə ancaq indiki yerimizə layiqik.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm