Lavrov Bakıya, Sərkisyan Qarabağa: Azərbaycan toyuna hücumun pərdəarxası
Bizi izləyin

Nida.az

Lavrov Bakıya, Sərkisyan Qarabağa: Azərbaycan toyuna hücumun pərdəarxası

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfərə gəlib. İkitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin əsas məqsəd daşıdığı səfər son geosiyasi proseslər fonunda diqqət çəkəndir. Lavrovun səfərində Qarabağ, enerji və Cənubi Qafqazda güc olmaq kimi bir sıra məqamlar ön plana çıxacaq (http://publika.az/p/105884).

Lakin eyni gündə Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi suallar yaratdı. Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sarkisyan Xankəndidə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik bəyannaməsi”nin 24-cü ildönümünə həsr edilən tədbirlərində iştirak edəcək.


“Bu səfərlərin üst-üstə düşməsi siyasi gediş ola bilər”


Sabiq təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, Lavrovla Sarkisyanın səfərinin üst-üstə düşməsinin siyasi gediş olmasını istisna etmir.


“Düşünürəm ki, Lavrovun səfərində əsas məqsəd Rusiyanın regional münaqişələrin həllində, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində rolunun yenidən bərpa edilməsidir. Eyni zamanda, münaqişənin həllində təşəbbüsü son vaxtlar ələ almağa çalışan ABŞ-ın rolunu azaltmaqdır. Bundan başqa, Serj Sarkisyanın Dağlıq Qarabağa səfəri, yəqin ki, sentyabr ayının 13-nə təyin edilən yerli idarəetmə orqanlarına seçki ilə bağlı da ola bilər. Burada da əsas məqsəd Bako Saakyanı, daha doğrusu, onun yürütdüyü siyasəti dəstəkləməkdir. İki səfərin üst-üstə düşməsi bir siyasi gediş ola bilər. Eyni zamanda, danışıqlar zamanı atəşkəsə əməl etməklə Rusiyanın nüfuzunun qaldırılmasına hesablanıb. Çünki hər hansı yüksək səviyyədə sülhdən söhbət gedəndə atəşkəs pozulur”, - deyə ekspert vurğulayıb.


Qarabağda təşəbbüsü ələ almaq uğrunda ölüm-dirim savaşı


Son siyasi proseslər fonunda Lavrov və Sarkisyanın səfərində müəyyən bağların olması istisna deyil. Hazırda münaqişənin həllində təşəbbüsün ələ alınması, daha dəqiq desək, bu üstünlüyün Rusiyanın əlindən alınması istiqamətində Vaşinqtonun ciddi-cəhdləri müşahidə olunur. Son bir neçə ay ərzində Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin fəallığı da buna nümunədir. Bu prosesin nəticəsi olaraq, sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında prezidentlərin görüşünün təşkili məsələsinin gündəmə gəlməsini göstərmək olar. Qeyri-rəsmi məlumatlara görə, həmsədrlər prezidentlərin görüşünü təşkil edə bilməyib. Bunun əvəzində xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Yəni ABŞ hər vəchlə öz sözünü demək və təşəbbüsü ələ almaq istəyir.

Bu kontekstdə Sarkisyanla Lavrovun Azərbaycan torpağına gəlməsi Vaşinqtonun cəhdlərinin alt-üst edilməsinə hesablanmış addım ola bilər. Halbuki, münaqişənin həlli üçün aparılan danışıqlarda kiçik irəliləyişlərin olduğu dönəmlərin Ermənistanın təxribat addımları ilə yadda qalması da təəccüblü deyil. Bu ssenarinin Moskvada hazırlandığı ortaya çıxarsa belə yenə təəccüblənməyə dəyməz. Söhbət konkret olaraq Nyu-Yorkda təşkil olunacaq görüşü – prezidentlər, yaxud xarici işlər nazirlər səviyyəsində əngəlləməkdən gedir. Çünki Rusiya təşəbbüsü ABŞ-a vermək niyyətində deyil.


Lavrov Bakıya, Sarkisyan Qarabağa: erməni hərbçilər Azərbaycan toyuna niyə hücum etdi?


Ermənistanın bu gün Tərtərdə törətdiyi təxribat da ehtimalların doğruluğunu gücləndirir.


Medianın məlumatına görə, bu gün ermənilər Tərtər rayonunun Qapanlı kəndində toy mağarını atəşə tutub. Hadisə nəticəsində kənd sakini olan 2 qadın və 3 yaşlı uşaq ağır yaralanıb. Yaralılar - 1963-cü il təvəllüdlü Tanrıverdiyeva Müslümat və 1967-ci təvəllüdlü Əhmədova Mədinə dərhal xəstəxanaya çatdırılıb. Onlardan biri Tərtər, digəri isə Bərdə rayon xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.


Bu, atəşkəsin pozulması yox, sivil vətəndaşa hücum etməkdir. Üç vətəndaşın ağır yaralanması ilə nəticələnən bu hadisə Ermənistanın təxribatçı xislətini bir daha ortaya qoydu. Lakin bu hücumun Lavrovun Bakıya, Sərkisyanın Qarabağa gəlməsi ilə eyni vaxtda baş verməsi ortada ciddi ssenarinin olması anlamına da gələ bilər.


İlk baxışdan hesab etmək olar ki, İrəvan rejimi Lavrovun Bakıya səfəri vaxtı belə bir təxribatla Moskvaya “biz Qarabağdan əl çəkmərik” mesajını verir. Bu, ABŞ-la müharibədə küncə qısnanan Rusiyanın Cənubi Qafqazı itirməmək üçün Bakıya güzəşt etməsi fikirləri fonunda inandırıcı görünür.


Lakin bir neçə ay öncə Lavrovun Moskvada Elmar Məmmədyarovla görüşü və “münaqişənin həllinin vaxtının yetişməsi” haqda açıqlaması, ardınca Bakıya səfəri və səfər öncəsi ekspertlərin analizi Azərbaycana Qarabağla bağlı hansısa təzyiqin olduğu fikrini ön plana çıxarır.


Misal üçün, Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov “Rusiya Bakının pozitiv qarşılamadığı təklif verib və Lavrov bu təklifi yenidən müzakirə etmək üçün Azərbaycana gəlir” deyə səfəri şərh edib.


Güman ki, ortada rəsmi Bakının isti yanaşmadığı təklif var və Rusiyanın baş diplomatı məsələni yenidən müzakirə etmək üçün gəlir. Belə bir vaxtda Sarkisyan Qarabağa gedir və erməni hərbçiləri Azərbaycan vətəndaşlarına hücum edirlər. Bu təxribat dolayısı ilə rəsmi Bakının irəli sürülən təkliflə razılaşmasına hesablanıb. Təklifin nə olduğunu demək çətindir. Amma prezidentlərin görüşü ərəfəsində bunun baş verməsi ilə Ermənistan bu görüşə razı olmadığı barədə mövqeyini nümayiş etdirdi. Hesab etmək olar ki, Bakıdan da görüşdən imtina edilməsi istənilir. Azərbaycan rəhbərliyinin ölkənin ərazi bütövlüyündə heç bir güzəştə getməməsi artıq sübut olunmuş məsələdir və hansısa qüvvə çətin ki, bu dəfə də nəyəsə nail olsun. Amma ortadakı bütün cəhdlərin Dağlıq Qarabağ münaqişəsində təşəbbüsü ABŞ-a verməmək və regionda təsir gücünü saxlamağa hesablandığı aydındır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm