Firəngiz Mütəllimova Yaşar Nuri ilə bağlı GİZLİNLƏRİ AÇDI: “Hər gün onunla...” - MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Müsahibə

Firəngiz Mütəllimova Yaşar Nuri ilə bağlı GİZLİNLƏRİ AÇDI: “Hər gün onunla...” - MÜSAHİBƏ/VİDEO

Müsahibələrindən birində səsləndirdiyi maraqlı bir fikri xatırladım:

“Adam onda yaradıcılıqla məşğul olur ki, hər mənada sevilir. Bu yaşda cavan qız sənə baxıb “ay Allah!” deyirsə, sən də fikirləşirsən ki, nə olsun, 60 yaşım var? Yaşamaq istəyirsən. Vay o adamın halına ki, sevir, sevilə bilmir, bax, bədbəxtçilik ondadır. Sevilə bilmir də bədbəxt. Neyçün sevilə bilmir, bilmirəm”.

Amma o, sevilə bilməyən bədbəxtlərdən deyildi, yox. Əksinə, sevgi bolluğunda az qala boğulan xoşbəxtlərdən idi. İndi deyəndə... Elə indi də bizlər üçün yaşayır, nolsun ki, cismən aramızda yoxdur. Var olub, yox sayılanlardan deyildi ki. Yaşar Nuridən danışıram, adını çəkəndə simalara təbəssüm qonduran bir sənətkardan. Elə indi bu sözləri də təbəssümlə yazıram...

Xalq artisti, sevilən sənətkar Yaşar Nurinin bu gün doğum günüdür.

Onu Publika.az-a müsahibə verən xalq artisti Firəngiz Mütəllimova ilə yad edəcəyik.

- Firəngiz xanım, Yaşar Nurinin yoxluğu ilə barışa bilmisinizmi?

- Heç vaxt onun yoxluğu ilə barışmaram. Yaşarın yoxluğunu hər yerdə hiss edirəm. Sağ olsaydı, indi bu qədər əziyyət çəkməzdim, teatrda başımıza bu qədər oyun gətirməzdilər. Çox uzaqgörən insan idi, bir dəfə oturub çay içirdik, teatrın rəhbəri İsrafil İsrafilov bizə salam vermədən yanımızdan keçib getdi. Yaşar qayıtdı ki, görün 3 ildən sonra nələr olacaq? Elə dediyi kimi də oldu, teatrın bütün kollektivi ayağa qalxdı, üsyan etdi. Yaşar sözünü deməyi bacarırdı. Mənim üçün o ölməyib, indi də onun “Alo” səsi qulağımdadır. Çəkildiyi filmlərdən, oynadığı tamaşalardan mənə baxır. Yuxularıma tez-tez girir.

- Yuxuda sizə nə deyir?

- Gülür, danışır. Evimdə Yaşarın şəkillərini hər yerə qoymuşam, hər gün onunla görüşürəm.

- Xaraktercə necə insan idi?

- Qəribə idi. Bəzən uşaq kimi kövrək olurdu, bəzən də sərt. Hətta uşaq kimi adamdan inciyib küsürdü. Qospitalda müalicə olunanda nədənsə inciyibmiş. Həyat yoldaşı Rəhimə mənə zəng elədi ki, Fira, Yaşar üzümə də baxmır, gəl, onun könlünü alaq. Getdim, içəri girən kimi gülümsədi, o saat dəyişdi. Deyirəm də, elə bilirdin 5 yaşlı uşaqdır. Peşəsini çox sevirdi. Yaşar heç vaxt teatrın direktoru olmaq istəməzdi. Həmişə deyirdi ki, tetarda ən böyük vəzifə aktyorluqdur. Deyirdi ki, biz aktyorlar tetarın simasıyıq, biz olmasaq, teatr batar. Aktyora hörmət olunmasını tələb edirdi. Heç vaxt heç kimin haqqına girməzdi və elə insanlara nifrət edirdi.

- Həmişə deyirdi ki, yaradıcı insanların iki ömrü olur…

- Yaşarın hikmətli sözləri çox idi. Həmişə aktyorlara deyirdi ki, 50 yaşına qədər adınıza işləyin. 50-dən sonra adınız sizə işləyəcək.

- Bir vərdişi, hobbisi, xüsusi əyləncəsi vardımı?

- Çox siqaret çəkirdi. Tərgitmək istəsə də, onu da bacarmırdı. Elə hobbisi də, əyləncəsi də, həyatı da sənəti idi. Biz onunla qastrollarda olurduq, o qədər cani-dildən oynayırdı ki, köynəyini sıxanda su tökülürdü.

- Köynəyindən söz düşmüşkən, geyim-kecimə münasibəti necə idi?

- Geyinməyi çox sevirdi və həmişə də brend paltarlar alırdı. Onu Rəhimə geyindirib ortalığa çıxarırdı. Rəhimə onu o qədər çox sevirdi ki, uşaq kimi nazını çəkirdi. Biz qoşa verilişə çəkilən gün eyni rəngdə geyinərdik. Qabaqcadan Rəhimə mənə zəng edirdi ki, Firəngiz, sabah verilişə hansı rəngdə paltar geyinəcəksən, deyirdim ki, çəhrayı, ya göy. O saat Rəhimə həmin rəngdə paltar alırdı.

- Rəhimə xanım sizi həyat yoldaşına heç qısqanmırdı?

- Yox, çünki bilirdi ki, aramızda o danışılan sevgi yoxdur. Biz bir-birimizi dəhşət çox istəyirdik. “Səni axtarıram” tamaşasından sonra hamı bizi bir-birimizə yaraşdırırdı. Hətta bir dəfə filmə çəkilmək üçün Moskvaya gedəndə bir qadın bizi yolda görüb, zənbilini yerə qoydu və əlini qaldırıb dedi: “Ay Allah, sənə şükür, bunlar, axır ki, evləndi”. Yaşar dedi ki, ay arvad, biz evlənməmişik e, bura filmə çəkilməyə gəlmişik. Yaşarla dost idik, amma heç vaxt sevgili olmamışıq. Yaşar Türkiyədə xəstəxanada olanda yanına getmişdim. Gördüm tibb bacıları mənim şəklimi göstərib deyirlər ki, bu aktyor bu qadını sevirmiş, amma qarşılıqsız. Sən demə, Rəhimə onlara belə deyib. Rəhimə yanımızda yox idi. Mən də onların xətrini xoş eləmək üçün dedim ki, o qadın mənəm və bu kişini dəlicəsinə sevmişəm.

- Eşitdiyimizə görə, xanımlar onu çox istəyirdi. Özü necə, onlara qarşılıq verirdi?

- Yox, Yaşarın elə xasiyyəti yox idi. Rəhimə də bilirdi ki, Yaşarın arxasınca 5 milyon arvad sürünürdü, amma onlara fikir vermirdi. O, dostluğa önəm verən insan idi, bazlığı-zadı yox idi.

- Yaxşı şeir deməyi və oxumağı də vardı…

- Hə, məclislərdə ürəyi açılırdı. Əsas o idi ki, özünü rahat hiss etsin. O vaxtlar “Kinoklub” adlı veriliş vardı. Bir gün çəkilişə gedirdim, yolda Yaşarla qarşılaşdım. Mənə dedi ki, nə var e, ora nəyə gedirsən? Dedim ki, niyə getməyim, 80 manat pul da verirlər. Dedi mən 100 manat verirəm, getmə. Dedim ki, çıxar ver. 100 manatı götürdüm və evə getdim. Sən demə, məndən sonra özü həmin çəkilişə gedibmiş. Soruşdum ki, niyə özün getdin, məni qoymadın? Dedi ki, getdim görüm, məni aldadıb, ora gəlməmisən ki? Bax belə qəribəlikləri vardı.

- Həmişə deyirsiniz ki, Yaşar Nuri məktəbi keçmişəm… Onu özünüzə ustad sayırsınız?

- Yaşar doğrudan məktəb idi, mən ondan çox şey öyrənmişəm. Bir xatirə yadıma düşdü. “Səni axtarıram” tamaşasının çəkilişi zamanı mən ağlamalıydım. Orda bir yer var e, Yaşar saçlarımı oxşayıb deyir: “Sən yaxşı qıszan, Gülnar”. Rejissor nə illah elədi, mən ona baxıb ağlaya bilmədim. Bir də onda gördük ki, Yaşarın gözlərindən yaş axır. Gülnarın əvəzinə Elçin ağladı. Çox təbii aktyor idi və obrazla yaşamağı bacarırdı.

- Sizcə, ən böyük arzusu nə idi?

- Nəvə arzusundaydı, amma qismət olmadı. O, dünyasını dəyişəndən sonra nəvəsi oldu, adını Gülnar qoydular. Allah qismət eləsin, oğlan nəvəsi də olsun, adını Elçin qoysunlar. O evdə bir Gülnar böyüsün, bir də Elçin.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm